Gerçək həyat hekayəsindən bəhs edən bu oçerk şəhid Azad Abbasovun əziz xatirəsinə ithaf olunur
Tarixin yaddaşı çox zaman silahların səsi ilə yox, qəlbin səssiz çağırışı ilə yazılır. Bəzən bir insanın həyat yolu bir xalqın əzmini, bir millətin sevgisini və ağrısını özündə daşıyır. Həqiqi qəhrəmanlar haqqında yazmaq, sadəcə, bioqrafiyanı təqdim etmək deyil, həm də ruhun sözlərdə yaşayan izini qorumaq cəhdidir. Əgər sevgi və Vətən hissi bir qəlbdə birləşibsə, o ömür artıq sıradan sayılmır, bir məbədin daşına çevrilmiş hekayəyə bənzəyir. Uilyam Şekspir demişdi: "Amal sevgi uğrunda ölmək deyil, uğrunda öləcək sevgini tapmaqdır".
Azad Abbasov bu fikrin canlı təcəssümüdür. O, həm yaşamağa, həm də ölməyə dəyəcək sevgini tapmışdı. Hər şey bir ömrün içində yaşanan anların xatirəsi ilə başlayır. Bu gerçək hekayə vasitəsilə sevginin, sədaqətin və Vətənə bağlılığın nə demək olduğunu bir daha xatırlamaq yerinə düşür.
Hamısı adi bir gündə, sadə bir qarşılaşma ilə başladı. Günəşli bir gündə Beyləqan şəhərində üzüm bağlarının arasında iki gəncin - Azad və Nuriyyənin yolları kəsişdi. Nuriyyə üzüm yığımı üçün gəlmişdi, Azad isə Mil üzümçülük sovxozunda zəhmətkeş bir gənc kimi çalışırdı. Təbiət onların sevgisinin şahidi olmuşdu. Ağaclar, torpaq, hava - hamısı pıçıldayırdı: "Bu sevgi fərqlidir…"
Azad adı kimi ruhu da azad olan bir gənc idi. Gözlərində dərin və sakit bir duyğu, səsində isə inam vardı. Nuriyyə isə bahar kimi çiçəklənən, gözlərində günəş parlayan bir qız idi. Onların sevgisi sadə görünə bilərdi, amma bu sevgi taleyin yazısıydı. Qələmi qismət, mürəkkəbi qəlb olan bir yazı…
Azad sovet ordusunda xidmət etmiş, sonra doğma Vətəninə qayıtmışdı. Bu o zaman idi ki, ağır günlərini yaşayan Vətən oğullarını səsləyirdi. Azadın qəlbində bir tərəfdə Nuriyyəyə olan sevgisi, digər tərəfdə isə torpağa olan borcu dayanırdı. Seçim etmədi. Çünki bilirdi ki, Vətən olmayacaqsa, sevgi də yaşaya bilməz. O, könüllü olaraq milli ordu sıralarına qoşuldu. Beyləqan özünümüdafiə batalyonunun tərkibində Əmiralılar, Kuropatkino, Muğanlı kəndlərində döyüş yolu keçdi.
Həm də sevgisini ürəyində daşıdı. Nuriyyə də onu gözləyirdi. Hər səhəri dua ilə açırdı. Azadın sağ-salamat qayıdacağı ümidi ilə. Ta ki, mart ayına qədər… Xəbər gəldi, Azad şəhid olub…
Bəzən bir xəbər bir ömürlük susqunluğa səbəb olar. Nuriyyənin həyatı həmin gündən donub qaldı. Sevdiyini, arzularını, gələcəyini - nəyi vardısa, hamısını itirmişdi. Amma bu acını susaraq yaşadı. Ağlamadı, dünyaya kin bəsləmədi. Sadəcə səssizcə yaşadı, əgər buna yaşamaq demək olardısa… Bu sükutda ömürlük sədaqət vardı.
O, heç vaxt ailə həyatı qurmadı. Heç bir ocağa gəlin olmadı. Bu, qadın sədaqətinin, sevgi fədakarlığının və ruhən yaşamağın gerçək hekayəsi oldu.
Hazırda Nuriyyə 50 yaşındadır. Cəlilabadın Çinar kəndində yaşayır. Onun həyatı bir məzarın başında susaraq danışmaq, bir tarixdə ruhən qovuşmaq və bir sevgini illərlə yaşatmaqdır.
Azad bir tarixdir - bir qızın sevdiyi, bir torpağın yetirdiyi, bir millətin yaşatdığı qəhrəman. Bəzən insanlar ölər, adları unudular. Amma bəzi adlar - sevgi, sədaqət və şəhidliklə yazılan adlar əbədiyyətə çevrilər.
Bu, bir sevginin yox, sevgi ilə Vətənin necə bir-birinə toxunduğunun hekayəsidir. Əgər bir sevgi ruhda yaşayırsa, o sevgi də, o insan da heç vaxt ölmür.
Sevgi nədir? - deyə soruşsanız, cavab buradadır:
Azad bir sevginin, bir Vətənin, bir qadının ömürlük sədaqətinin adıdır.
Nuriyyə isə Azadsız bir həyatda sədaqətli yaşamağın nümunəsi…
Təhminə VERDİYEVA,
"Azərbaycan"