Bakının uğurlu diplomatiyası və praqmatik xarici siyasət kursu ölkəmizin beynəlxalq mövqeyini daha da gücləndirir, qlobal nüfuzunu artırır
Azərbaycanın xarici siyasət kursu praqmatik və çoxvektorlu olması ilə seçilir. Son illər ərzində ölkəmiz təkcə regional sabitliyin və təhlükəsizliyin qarantı kimi deyil, həm də Avropa məkanında siyasi dialoqun, enerji təhlükəsizliyinin və nəqliyyat-logistika bağlantılarının həlledici aktoru kimi çıxış edir. Məqsədyönlü diplomatiya nəticəsində ölkəmizin Avropa İttifaqı və qitənin nüfuzlu dövlətləri ilə münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, qarşılıqlı etimada və bərabərhüquqlu tərəfdaşlığa əsaslanan möhkəm əməkdaşlıq formalaşıb. Bu uğurlu diplomatik xəttin əsas istiqamətlərindən biri də Azərbaycan ilə Baltikyanı regionun mühüm dövləti olan Litva arasında strateji tərəfdaşlıqdır. Noyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin Litva Respublikasının xarici işlər naziri Kestutis Budrisi qəbul etməsi iki ölkə arasındakı siyasi dialoqun intensivliyini bir daha nümayiş etdirdi.
Görüş zamanı dövlətimizin başçısı bir müddət əvvəl Dublində "Avropa Siyasi Birliyi"nin Zirvə Toplantısı çərçivəsində Litva Prezidenti Gitanas Nauseda ilə apardığı müzakirələri, eləcə də Litvanın Baş naziri Mindauqas Sinkeviçyusla baş tutan telefon danışığını məmnunluqla xatırladıb. Eyni zamanda ikitərəfli strateji tərəfdaşlığın enerji təhlükəsizliyi və digər sahələrdə genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.
Öz növbəsində, Litvanın 2027-ci il yanvarın 1-dən Avropa İttifaqı Şurasına sədrlik edəcəyini diqqətə çatdıran nazir Kestutis Budris rəsmi Vilnüsün Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafına, o cümlədən ölkəmizin NATO ilə əməkdaşlığının dərinləşdirilməsinə bundan sonra da qətiyyətli dəstək verəcəyini bəyan edib.
Litva ilə formalaşan bu səmərəli tərəfdaşlıq, əslində, Azərbaycanın Avropa İttifaqı ilə bütövlükdə dərinləşən çoxşaxəli münasibətlərinin tərkib hissəsidir. Bu il ərzində Avropa İttifaqı rəhbərliyinin Bakıya ardıcıl səfərləri və noyabrın 12-də Dublində Prezident İlham Əliyevin Aİ Şurasının prezidenti Antonio Koşta ilə keçirdiyi görüş dialoqun davamlılığından xəbər verir. Həmin görüşdə tərəflər əlaqələrin gələcək inkişaf perspektivlərini müzakirə edərək qarşılıqlı fəaliyyəti daha da gücləndirmək əzmini ifadə ediblər.
Son dövrlər Avropa ölkələrinin Azərbaycana marağının sistemli şəkildə artması təsadüfi deyil. Bu tendensiya təkcə enerji amili ilə məhdudlaşmır, ölkəmizin qlobal proseslərdə artan siyasi çəkisi, regional təşəbbüskarlığı və Prezident İlham Əliyevin beynəlxalq miqyasdakı yüksək nüfuzu Avropanın aparıcı siyasi mərkəzlərini Bakı ilə daha sıx işləməyə sövq edir. Davos, Münhen və digər nüfuzlu beynəlxalq platformalarda Azərbaycan Prezidenti ilə görüşlərin məhz qarşı tərəfin təşəbbüsü ilə təşkil olunması ölkəmizin söz sahibi olan tərəfdaş statusunu təsdiqləyir.
Azərbaycanın Avropa məkanındakı mövqelərinin möhkəmlənməsinin mühüm göstəricilərindən biri də ölkəmizin Avropa İttifaqına üzv olan 10 dövlətlə ikitərəfli strateji tərəfdaşlıq sənədlərinə malik olmasıdır. Avropa İttifaqının üzvlərinin üçdəbirindən çoxu ilə rəsmiləşdirilmiş bu strateji tərəfdaşlıq mexanizmləri Azərbaycanın Brüssellə münasibətlərini dərinləşdirir, ölkəmizin qitə miqyasında etibarlı müttəfiq kimi qəbul edildiyini təsdiqləyir. Xüsusilə Şərqi Avropanın aparıcı dövlətləri - Çexiya, Polşa, Rumıniya və Macarıstanla formalaşmış siyasi, iqtisadi və humanitar əlaqələr ilbəil daha da şaxələnir. Bu ölkələrlə qurulan əməkdaşlıq Avropa İttifaqı daxilində Azərbaycanın mövqeyinin dəstəklənməsində müstəsna əhəmiyyət daşıyır.
Eyni zamanda Cənubi Avropada İtaliya ilə yüksəksəviyyəli tərəfdaşlıq münasibətləri uğurla inkişaf edir. Azərbaycan qazının əsas alıcısı olan İtaliya ilə enerji və sənaye sahələri ilə yanaşı, xammal, süni intellektin iqtisadiyyata tətbiqi, neft emalı və başqa sahələr üzrə yeni layihələr reallaşdırılır.
Avropa qitəsi ilə strateji əlaqələrin coğrafiyası təkcə Aİ çərçivəsində məhdudlaşmır, qitənin digər qlobal güc mərkəzlərini əhatə edir. 2026-cı il noyabrın 12-də imzalanmış Birgə Bəyannamə Azərbaycan ilə Böyük Britaniya arasındakı münasibətləri rəsmən strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdi. Enerji, müdafiə, təhlükəsizlik, nəqliyyat, təhsil, elm və innovasiya kimi həyati sahələri əhatə edən bu tarixi sənəd ikitərəfli səmərəli əməkdaşlığın məntiqi nəticəsidir. Təsadüfi deyil ki, bu gün Böyük Britaniyanın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 39 milyard dolları ötüb. Yeni tərəfdaşlıq formatı bu rəqəmin daha da artmasına, birgə təşəbbüslərin genişlənməsinə güclü təkan verəcək.
Azərbaycan-Avropa tərəfdaşlığının təməlini enerji təhlükəsizliyi təşkil edir. 2022-ci ildə imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu əməkdaşlığı yeni mərhələyə daşıyaraq Azərbaycanı Avropanın enerji xəritəsində əvəzedilməz aktora çevirib. Hazırda Azərbaycan qazı Avropa İttifaqının 10 üzv dövlətinə ixrac olunur və bu coğrafiya mütəmadi olaraq genişlənir. Bununla kifayətlənməyən ölkəmiz Avropanın "yaşıl enerji" təhlükəsizliyində də liderlik missiyasını öz üzərinə götürüb. Xəzər dənizinin zəngin külək enerjisi potensialı, irimiqyaslı günəş enerjisi layihələri, Mərkəzi Asiya ilə "yaşıl enerji" dəhlizlərinin yaradılması və Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi təşəbbüsləri qitənin gələcək enerji balansında mühüm yer tutur.
Bu istiqamətdə atılan növbəti tarixi addım noyabrın 10-da COP31 çərçivəsində Azərbaycan, Bolqarıstan, Gürcüstan və Türkiyə hökumətləri arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında sazişin imzalanması oldu. Bu mühüm sənəd Azərbaycanda bərpaolunan mənbələrdən istehsal edilən elektrik enerjisinin Gürcüstan və Türkiyə ərazisindən keçməklə Türkiyə və Avropa İttifaqı bazarlarına ötürülməsi üçün yeni bir marşrut açır.
Cənubi Qafqazda və Xəzər regionunda bağlantı layihələrinin əsas təşəbbüskarı kimi çıxış edən Azərbaycan Avrasiyanın nəqliyyat-logistika xəritəsini də yenidən formalaşdırır. "Trans-Xəzər" Beynəlxalq Nəqliyyat Marşrutu (Orta dəhliz), eləcə də "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizləri üzrə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri Azərbaycanın Avropa ilə Asiya arasında etibarlı və təhlükəsiz tranzit qovşağı kimi rolunu möhkəmləndirir. Müasir çağırışlar fonunda Avropa ölkələri üçün Azərbaycan üzərindən keçən marşrutlar ən optimal və dayanıqlı alternativ kimi çıxış edir. Bu da ölkəmizin qitənin iqtisadi təhlükəsizliyindəki həlledici mövqeyini daha da gücləndirir.
Əlbəttə, bütün bu sadalanan tarixi nailiyyətlərin, Avropa məkanında qazanılan yüksək etimadın və uğurlu diplomatiyanın mərkəzində lider faktoru dayanır. Prezident İlham Əliyevin uzaqgörən dövlətçilik strategiyası, milli maraqlara söykənən prinsipial xarici siyasət kursu Azərbaycanı regional çərçivələrdən çıxararaq qlobal miqyasda söz sahibi olan güclü dövlətə çevirib. Bu gün Azərbaycan Avropa üçün sülhün, sabitliyin, qarşılıqlı faydalı əməkdaşlığın və strateji tərəfdaşlığın aparıcı mərkəzidir.
İsmayıl QOCAYEV,
"Azərbaycan"