İkinci Qarabağ müharibəsi başlayanda Azərbaycan Ordusunun cəsur zabit və əsgərləri yurdumuzun müdafiəsinə atıldılar, düşmən hücumlarının qarşısını qətiyyətlə aldılar. Ağır itki verən işğalçılar geri çəkilmək məcburiyyətində qaldılar.
Həmin döyüşlərdə vuruşanların sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kiçik çavuş Tural Ağcabəyov da var idi. O, 44 gün davam edən Vətən müharibəsində sonadək vuruşdu. Kəlbəcər, Ağdərə, Ağdam, Zəngilan, Laçın və başqa ərazilərin düşməndən azad olunmasında qəhrəmanlıq göstərdi. Savaşdan sonra doğmalarının yanına qələbə ilə döndü. Həmin günlər Tural Ağcabəyov həyatının ən qürurlu günlərini yaşayırdı. Və bilmirdi ki, hələ onu qarşıda erməni separatçılarına qarşı aparılacaq antiterror əməliyyatları gözləyir.
Yurdumuzun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş Tural Təbriz oğlu Ağcabəyov 14 sentyabr 1987-ci ildə Xaçmazın Manafoba kəndində dünyaya göz açmışdı. Kəndlərində orta təhsilini başa vurduqdan bir müddət sonra əsgəri xidmətə çağırılmışdı. Xidmətdə olduğu müddətdə təlim-məşqlərdə döyüş hazırlığını artırmış, nümunəvi əsgərlərdən biri olmuşdu. Onun fəallığı komandanlığın diqqətindən yayınmadı. Xidmət dövründə təşəkkürnamə və fəxri fərmanlarla mükafatlandırıldı.
Tural Ağcabəyovun ürəyində müstəqilliyimizin ən etibarlı dayağı, müdafiəçisi olan Silahlı Qüvvələrimizə böyük sevgi vardı. Gələcək həyatını orduya bağlamaq istəyirdi. Çox keçmədi ki, bu sevgi Turalı yenidən xidmətə qaytardı. Əyninə hərbi forma geyinib xidmətə başladı. Yeddinci il idi ki, o, kiçik çavuş rütbəsində orduda xidmət edirdi. Üzərinə düşən tapşırıqları bacarıqla yerinə yetirirdi.
Vətən savaşı başlayanda Turalın xidmət etdiyi bölük Kəlbəcər istiqamətində yurdumuza keşik çəkirdi. Tural Ağcabəyovun Vətən müharibəsində şərəfli döyüş yolu da buradan başladı. Sonra o, Ağdərənin, Ağdamın, Kəlbəcərin, Laçının, Zəngilanın erməni qəsbkarlarından azad olunması uğrunda gedən döyüşlərdə iştirak etdi. Çiyin-çiyinə vuruşduğu zabit və əsgərlərlə birlikdə düşmənə ağır zərbələr endirdi.
Vətən müharibəsindən iki il sonra Tural 2022-ci il sentyabr ayının 12-si gecə və 13-ü səhər saatlarında ermənilərin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatların qarşısını alan hərbi qulluqçularımızın sırasında idi. "Qisas" əməliyyatı zamanı o, üzərinə düşən döyüş tapşırığını məharətlə yerinə yetirirdi. Amma uğurla başa çatan əməliyyatın son dəqiqələrində ağır yaralandı. Döyüş yoldaşları vaxt itirmədən onu hərbi hospitala çatdırdılar. Bir müddət burada müalicə olunub sağlamlığını tam bərpa etdikdən sonra Tural xidməti yerinə döndü.
Erməni işğalçıları məğlub olub geri çəkilsələr də, silahı yerə qoyub təslim olmur, Qarabağdan çıxmırdılar. Hələ də havadarlarının onlara kömək edəcəklərinə ümid edirdilər. 1980-ci illərin sonlarından burada kök salmış erməni separatçıları və Ermənistan silahlı qüvvələrinin tör-töküntüləri xalqımıza qarşı insan tələfatı ilə nəticələnən təxribatlar törədirdilər. Bu təxribatların qarşısının birdəfəlik alınması üçün 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusu Qarabağda lokal xarakterli antiterror əməliyyatı keçirdi. 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində düşmən məğlub olaraq ağ bayraq qaldırdı.
Təəssüflər olsun ki, Vətən müharibəsindən, "Qisas" əməliyyatından salamat çıxmış kiçik çavuş Tural bu əməliyyat zamanı Ağdərə ərazisində ağır yaralandı. Hospitala çatdırılsa da, yaraları ağır olduğuna görə həkimlər onun həyatını xilas edə bilmədilər. Tural Ağcabəyov müdafiəsinə qalxdığı torpaq uğrunda şəhid oldu. Dünyadan cəsur bir əsgər kimi köçdü, yaddaşlarda qəhrəman kimi qaldı.
Şəhidin baxışlarından kədər süzülən anası Səmayə Ağcabəyova deyir ki, Tural hər dəfə evə zəng vuranda döyüşlərdə qazanılan uğurlardan həvəslə, sevinə-sevinə söz açırdı, erməniləri torpaqlarımızdan necə cəsarətlə qovduqlarından danışardı: "Vətən müharibəsindən kəndə qayıdanda yaxınları, doğmaları onu bayraqlarla, təntənə ilə, qalib əsgər kimi qarşıladılar. İkinci Qarabağ müharibəsindən sonra da Tural silahını yerə qoymadı, döyüş yolunu davam etdirdi. "Qisas" əməliyyatında qəhrəmanlıq göstərdi, yaralansa da, mövqeyini tərk etmədi, sona qədər cəsarətlə vuruşdu, döyüş yoldaşlarını tək qoymadı. Turalın antiterror əməliyyatında iştirak etdiyini bilirdik. Bir neçə dəfə zəng vurub salamat olduğunu dedi. Sonra ondan zəng gəlmədi, çox nigaran qaldıq. Çox keçmədi ki, qapımızı oğlumun şəhid olması xəbəri döydü. Qürur duyuram ki, erməni işğalçıları üzərində qazanılan qələbədə oğlumun da payı var. Bu, mənim üçün böyük fəxr və təsəllidir".
Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Tural Təbriz oğlu Ağcabəyov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Tural ailəli idi. Özündən sonra üç övladı - Xəlil, Anar və Leyla yadigar qalıblar. Böyük oğlu Xəlil atasının xidmət yolunu davam etdirmək üçün C.Naxçıvanski adına Hərbi Liseyə qəbul olub. Ataları ilə həmişə fəxr edən övladları onun yarımçıq qalmış bütün arzularını həyata keçirəcəklərinə söz veriblər. Söz veriblər ki, Vətənimiz, dövlətimiz və xalqımız üçün gərəkli övladlar olacaqlar.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"