Ermənistan Ədliyyə Nazirliyinin yeni konstitusiya layihəsinin
mətnini açıqlaması ölkədə iqtidar müxalifət qarşıdurmasına yeni vüsət
vermişdir. Belə ki, millətçi revanşist qüvvələr daha da fəallaşmışlar. Onlar
yeni konstitusiyanın Azərbaycanın tələbi ilə hazırlandığını iddia edir və xalqı
layihənin əleyhinə getmək üçün mübarizəyə səsləyirlər.
Verilən bəyanatlar, çağırışlar, səsləndirilən şovinist
fikirlər millətçi ermənilərin ənənəvi mübarizə üsuludur və onlar uzun illər erməni
xalqını bu yolla aldadıb çıxılmaz bəlalara salmışlar. Reallığı qiymətləndirən,
dünyada baş verən hadisələri dərk edən, millətçiləri, Türkiyə və Azərbaycana
qarşı düşmənçilikdən əl çəkməyə səsləyən hər bir ağıllı ermənini şovinistlər
satqın, xalqın düşməni adlandırmağa adət etmişlər və bu ənənə hazırda daha da
sürətləndirilir.
Qeyd edək ki, millətçi ermənilər Nikol Paşinyanı fəaliyyətinin
ilk illərində onu tələyə salmağı bacardılar və "Qarabağ Ermənistandır,
nöqtə" deməyə məcbur etdilər. Azərbaycanın daha geniş ərazilərini işğal
etməyə həvəsləndirdilər. Cıdır düzündə oynatdılar, yedirtdilər-içirtdilər,
ruhlandırdılar. Erməni ordusu yenilməzdir, biz qalibik və qalib gələcəyik kəlmələri
ilə aldatdılar, yolundan çıxartdılar.
Ancaq 44 günlük Vətən müharibəsində qaçıb gizləndilər, qeybə
çəkildilər. Ara sakitləşən kimi isə "Paşinyan və komandasını Ermənistanı
Azərbaycana satdı, təslim etdi" şüarlarını səsləndirməyə başladılar.
Əslində, Paşinyan
yox, bu mənfur millətçilər, uzun illər Azərbaycana düşmən olan qüvvələr öz
çirkin əməlləri, siyasətləri, vəhşilikləri ilə Ermənistanı təslim olmağa məcbur
etmişdilər. Azərbaycan öz haqqını almışdı, torpağını işğaldan azad etmişdi,
suverenliyinə tam qovuşmuşdu. Azərbaycan Ermənistanın bir qarış torpağını belə
zəbt etməmişdi.
Ədalət, haqq, beynəlxalq hüquq normaları Azərbaycanın tərəfində
idi. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev düzgün,
düşünülmüş bir yol tutmuşdu, ordumuz güclənmişdi, inamla döyüşmüşdü, xalqımız
birləşmişdi və qələbə əzmi ilə mübarizəyə atılmışdı. Belə halda Zəfər, qələbə
qaçılmaz idi.
Dövlətimiz və xalqımız istəyinə çatdı. 10 noyabr 2020-ci il
tarixində imzalanan üçtərəfli Bəyanata görə, Nikol Paşinyanı qınayanlar,
ittiham edənlər, ünvanına satqın, təslimçi ifadələr səsləndirənlər konstitusiya
layihəsini də eyni məntiqdən qiymətləndirirlər.
Ancaq onlar bir həqiqəti başa düşüb dərk etmək istəmirlər.
Anlamırlar ki, Paşinyan artıq ayılıb, şovinistlərin niyyətindən tam xəbərdardır,
onların kələklərini bilir, tutduqları yolun erməni xalqını faciələrə apardığını
yaxşı dərk edir. Buna görə də vəziyyətdən çıxış yolu axtarır, mümkün olan vasitələrə
əl atır, Ermənistanın gələcək inkişafını Türkiyə və Azərbaycanla münasibətlərin
yaxşılaşdırılmasında, sülh müqaviləsinin imzalanmasında görür. Bilir ki, bunun
üçün ölkənin əsas qanununda istiqlaliyyət bəyannaməsinə istinad edilməməli,
Türkiyəyə və Azərbaycana qarşı torpaq iddiaları aradan qaldırılmalıdır. Axı
istiqlaliyyət bəyannaməsinə istinad danılmaz ərazi iddiası faktıdır. Bu fakt
beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə ziddir və qəbuledilməzdir.
Paşinyan bunu anladığı üçün referendum keçirməyi,
konstitusiyaya dəyişikliklər etməyi ən düzgün çıxış yolu hesab edir və bu real
yanaşmadır. Ancaq o çətin durumdadır. Çünki yeni konstitusiya layihəsi
referenduma ancaq parlamentin azı 70 deputatının razılığı ilə çıxarıla bilər.
Paşinyanın partiyası isə parlamentdə 64 mandata malikdir. 6 səs çatışmazlığı
baş naziri ciddi düşünməyə vadar edir və o, çıxış yolunu xalqın müdrikliyində,
siyasi partiyaların, parlamentdə olan müxalifət qüvvələrinin ölkənin gələcək
taleyi üçün bir araya gəlməkdə görür.
Baş nazir xalqın yeni konstitusiyanı qəbul etməyəcəyi təqdirdə
istefaya gedəcəyini, əks halda yenidən baş nazir olmayacağını bəyan etməklə
xalqı və müxalifəti ayılmağa, düzgün seçim etməyə istiqamətləndirir. O, yeni
konstitusiyanın Bakının və Ankaranın diktəsi ilə hazırlanması fikrinin əleyhinə
çıxır, Azərbaycanın və Türkiyənin təsiri
altına düşmək kimi bəyanatları müxalifətin xalqı ələ almaq cəhdi kimi qiymətləndirir.
Paşinyan erməni şovinizminin, səsləndirilən bəyanatların
xalqı uçuruma apardığını görür, sülh yaranmasa müharibənin qaçılmaz olduğunu
anlayır və mübarizədə məğlub olacaqları qənaətindədir. Ona görə də məsuliyyəti
erməni xalqının üzərinə qoyur. Konstitusiya qəbul edilmədiyi halda istefaya
getməklə özünü doğru olaraq gələcək bəlalardan, faciələrdən sığortalayır. Digər
tərəfdən bilir ki, konstitusiya qəbul edilərsə, regionda sülh yaranarsa, Azərbaycan
və Türkiyə ilə münasibətlər qaydaya düşərsə, baş nazir kimliyindən asılı
olmayaraq Ermənistanı müəyyən qaydada idarə edə bilər, xalqı təhlükələrdən
qurtarmaq iqtidarına yiyələnər.
Ölkədə referendum keçirmək üçün əlavə 6 deputatı ələ almaq,
mümkün olmadıqda növbədənkənar parlament seçkiləri keçirib parlamentdə 70-dən
çox mandat qazanmaq, xaricdən və daxildən olan təsirləri neytrallaşdırmaq, ölkədə
artmaqda olan siyasi-iqtisadi böhranın qarşısını almaq Ermənistanı çətin durum
qarşısında qoymuşdur.
Nikol Paşinyan sülh ilə müharibə seçimi etmək istəyən bir
xalqın əhatəsindədir. O, sülh tərəfdarı olan xalqın səsinə, seçiminə ümid
bağlayır, müharibənin, qarşıdurmaların əleyhinədir. Ermənistanın gələcək
inkişafını qonşu dövlətlərlə, xüsusilə Azərbaycan və Türkiyə ilə sağlam münasibətlərdə,
qarşılıqlı əməkdaşlıqda görür. Müxalifət, şovinist, millətçi qüvvələr isə
torpaqların geri qaytarılmasına, qarşıdurmalara, böyük Ermənistan yaratmaq
xülyasına üstünlük verir, populist çıxışlarla xalqı çaşdırmağa, yeni müharibəyə
cəlb etməyə səy göstərirlər. Bu psixi xəstəliyə tutulanlar, əlbəttə ki, xalqın
gələcəyini, xoşbəxtliyini, Ermənistanın inkişafını, təhlükəsizliyini düşünmürlər,
onları vəzifə, var-dövlət toplamaq daha çox maraqlandırır. Sarkisyanlar,
Koçaryanlar kimi onlar da millətçi ermənilərə arxalanaraq Ermənistanı uçuruma
sürükləyirlər.
Ermənistanda baş verən hadisələr dövlətin daxili işidir və
biz bu proseslərə qoşulmaq fikrində deyilik, yekun qərarı erməni xalqı verməlidir.
Ancaq hadisələrə münasibət bildirərək
xatırlatmalıyıq ki, bu dövlətə sülh, əmin-amanlıq, təhlükəsizlik
lazımdırsa, Nikol Paşinyanın tutduğu yola önəm verilməlidir, Ermənistanın müstəqil
bir dövlət kimi yaşaması, inkişaf etməsi daimi sülhlə qonşu dövlətlərlə münasibətləri
normallaşdırmaqla bağlıdır. Erməni xalqı bu şansı əldən verməməli, sağlam
düşüncəyə, dövrün reallıqlarına arxalanmalı, taleyinə, övladlarının gələcəyinə
biganə yanaşmamalıdır. Axı onlar şovinizmin, millətçiliyin bəlalarını çox
görüb, ağrılarını çox yaşayıblar və bu gün də həmin ağrı-acıların təsiri
altındadırlar. Düşünmək, bəlalardan, böhrandan qurtulmaq, düzgün yol seçmək
vaxtıdır. Əks halda olanlarını da itirə bilərlər.
Tahir RZAYEV,
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri