27 Noyabr 2026 08:40
124
CƏMİYYƏT
A- A+
Tarix öyrədən müəllim özü tarix yazdı

Tarix öyrədən müəllim özü tarix yazdı


Tarix bəzən insanlara qəhrəmanları tanıdır, bəzən isə elə insanlar yetişdirir ki, onların həyat yolu gələcək nəsillər üçün qəhrəmanlıq dərsinə çevrilir. Zamanın yaddaşına həkk olunan belə ömürlər nə illərin axarında unudulur, nə də sahibinin yoxluğu ilə sona çatır. Vətənə, torpağa, xalqa sədaqətlə yaşanmış ömür ölümün belə sərhədlərini aşaraq əbədiyyət qazanır. 

Təsəvvür edin, bir tarix müəllimi sinif otağında şagirdlərinə Azərbaycanın qəhrəmanlıq salnaməsindən danışır. Onlara Babəkin dönməzliyini, Cavanşirin cəsarətini, Koroğlunun mübarizə ruhunu, torpaqlarımızın müdafiəsi uğrunda canından keçən igidlərin fədakarlığını anladır. Hər dərsində bir həqiqəti şagirdlərinin yaddaşına həkk etməyə çalışır: Vətən bizə əcdadlarımızdan qalan müqəddəs əmanətdir. Bu əmanəti qoruyaraq gələcək nəsillərə bütöv və azad şəkildə ötürmək hər bir vətəndaşın mənəvi borcudur. 

Günlərin birində tarix danışmağın yox, tarix yazmağın vaxtı gəlir. O zaman həmin müəllim şagirdlərinə öyrətdiyi həqiqətlərin qarşısında özü dayanmalı olur. Və o tərəddüd etmir. Çünki öyrətdiklərinə özü inanır, inandığı dəyərlər uğrunda yaşamağı, lazım gələrsə, canından keçməyi bacarır. Famil Əhmədzadənin ömür yolu məhz belə bir mənəvi bütövlüyün, müəllimlik andına və Vətənə sədaqətin parlaq nümunəsidir.

Famil Əhmədzadə 1975-ci il sentyabrın 23-də Bakıda dünyaya göz açıb. İbtidai təhsilinə 1982-ci ildə İsmayıllı şəhərində Milli Qəhrəman Eldar Məmmədov adına 3 nömrəli məktəb-liseydə başlayıb. Hələ məktəb illərindən yüksək intellekti, dərslərinə məsuliyyətli münasibəti və öyrənməyə həvəsi ilə seçilib. 1992-ci ildə orta məktəbi əlaçı məzun kimi başa vurub və elə həmin il Azərbaycanın ilk test üsulu ilə keçirilən qəbul imtahanlarında iştirak edərək Bakı Sosial İdarəetmə və Politologiya İnstitutuna (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) qəbul olub. Tələbəlik illərində də özünü bilik və intizamı ilə doğruldub. 1997-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vuraraq leytenant hərbi rütbəsi alıb. Elə həmin ildən məzunu olduğu İsmayıllı şəhər 3 nömrəli məktəb-liseydə tarix müəllimi kimi fəaliyyətə başlayıb. Beləliklə, həyatının mühüm bir missiyasını seçib - gənc nəslə tariximizi öyrətmək, milli yaddaşımızı yaşatmaq, Vətənə bağlı vətəndaşlar yetişdirmək.

Famil Əhmədzadə üçün müəllimlik, sadəcə, peşə deyildi, eyni zamanda məsuliyyət, nümunə olmaq və gələcək qarşısında mənəvi borc daşımaq idi. Onun dərslərində tarix yalnız keçmişdə baş vermiş hadisələrin xronologiyası deyildi, həm də milli kimlik, yaddaş, mənsubiyyət və gələcək qarşısında məsuliyyət demək idi. Yetirmələrinin yüksək nəticələrlə ali məktəblərə qəbul olunması onun zəhmətinin bəhrəsi idi.

1999-cu ilin əvvəlindən 2000-ci il noyabrın 9-dək Naxçıvanda zabit kimi hərbi xidmət keçən Famil hərbi intizamı, məsuliyyəti və nizamlı həyat tərzini xarakterinin ayrılmaz hissəsinə çevirmişdi. Hərbi xidmət dövründə gündəlik qeydlər aparması da onun həyata və yaşadığı hadisələrə münasibətini göstərirdi. Bu qeydlər əsasında gələcəkdə "Bir hərbçinin manifesti" adlı kitab yazmaq arzusu vardı. O, yaşadıqlarını, müşahidələrini, hərbi xidmətin çətinliklərini və yaddaşında iz qoyan hadisələri gələcək nəsillərə çatdırmaq istəyirdi. 

F.Əhmədzadə 2000-ci il noyabrın 25-də sevib-seçdiyi Vüsalə xanımla ailə həyatı qurdu. Özünə xas xarakteri, dürüstlüyü, etibarı və qayğıkeşliyi ilə sevilən həyat yoldaşı, nümunəvi ailə başçısı oldu. Həyat yoldaşının xatirələrində Famil müəllim ilk növbədə sözü ilə əməli bir olan, ailəsinin güvənc yeri, qərarlarına hörmət edilən, qürurlu və tələbkar bir insan kimi yaşayır. Onun təmizliyə və səliqəyə münasibəti isə ayrıca bir xarakter göstəricisi idi. Bu, yalnız geyimindəki səliqə-sahmanla məhdudlaşmırdı. Famil müəllim təmizliyi insanın düşüncəsində, əqidəsində, münasibətində və mənəviyyatında görmək istəyirdi. Onun həyat fəlsəfəsini bir cümlə ilə ifadə etmək mümkündür - insanın həm zahiri, həm də daxili dünyası təmiz olmalıdır.Yeganə övladı Fəridə münasibəti də onun mənəvi dünyasının ən həssas tərəflərindən idi. Övladını sevgi, anlayış və etimadla böyüdür, səhvlərini başqalarının yanında deyil, onunla təklikdə söhbət edərək izah edirdi. Evdə ata, məktəbdə müəllim, həyatda isə dost olmağı bacarırdı. Həftənin iş günlərini məktəbə, istirahət günlərini ailəsinə ayırması ailə dəyərlərinə bağlılığının göstəricisi idi.

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə qarşı Azərbaycan Ordusunun Vətən müharibəsinə başlaması Famil müəllimin həyatında yeni səhifə açdı. O, müharibənin başlanacağı ehtimalından danışılan günlərdə Vətənin müdafiəsinə getməyə hazır olduğunu bildirərək adını könüllü döyüşmək istəyənlərin sırasına yazdırdı. 2020-ci il sentyabrın 27-də Ali Baş Komandanın xalqa müraciətini dinləyən Famil üçün artıq qərar verilmişdi. O, ehtiyatda olan zabit kimi hərbi xidmətə çağırılmasını gözləmədən Vətən qarşısında borcunu yerinə yetirməyə hazır idi. Həyat yoldaşının xatirələrinə görə, həmin günlərdə evin həyətində səssizcə dolaşması, ocağını, ailəsini seyr etməsi sonradan Vüsalə xanımın yaddaşında unudulmaz vida anları kimi qalıb.

Vüsalə xanım o günü belə xatırlayır: "Famil səfərbərlik elan ediləndə Hərbi Çağırış və Səfərbərlik üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsinə ilk gələnlərdən idi. Narahatlığımızı görüb dedi ki, bu çağırış tarixi çağırışdır, tarix müəllimi evdə oturacaqsa, onun tərbiyə etdiyi uşaqlar döyüşə kimin arxasınca gedəcəklər? Bunu mənə tarix də bağışlamaz, tarix dərsi keçdiyim oğullar da..." Bu sözlərdə bir müəllimin mənəvi məsuliyyəti, bir zabitin hərbi şərəfi, bir vətəndaşın Vətən sevgisi birləşirdi. O, illərlə şagirdlərinə öyrətdiyi vətənpərvərlik dərsini indi öz həyatı ilə təsdiqləməyə gedirdi.

Famil Əhmədzadə baş leytenant kimi döyüşlərə qatılaraq Füzuli, Talış və Suqovuşan istiqamətlərində gedən döyüşlərdə iştirak etdi. Döyüş yoldaşları ilə çiyin-çiyinə qəhrəmanlıq göstərdi. Onun üçün Vətən torpağının müdafiəsi, sadəcə, hərbi vəzifə deyil, illərlə təbliğ etdiyi milli dəyərlərin əməli ifadəsi idi. 

F.Əhmədzadə 2020-ci il oktyabrın 13-dən 14-nə keçən gecə Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı. Nəşi noyabrın 3-də İsmayıllının Şəhidlər xiyabanında torpağa tapşırıldı. Beləliklə, bir zamanlar tarix dərslərində qəhrəmanlardan danışan müəllimin özü Azərbaycanın qəhrəmanlıq tarixinin səhifəsinə çevrildi.

Famil müəllimin yarımçıq qalan arzuları da vardı. O, müharibədən sağ-salamat qayıtmağı, oğlu Fəridi evləndirməyi, azad olunmuş torpaqlara şagirdləri ilə birlikdə səfərlər təşkil etməyi arzulayırdı. İstəyirdi ki, gələcək nəsillər müstəqil Azərbaycanın yeni tarixini həmin torpaqlarda, qəhrəmanlıq salnaməsinin yazıldığı məkanlarda öyrənsinlər. Ən böyük arzularından biri isə hərbi gündəlikləri əsasında "Bir hərbçinin manifesti" kitabını tamamlayıb oxucularına təqdim etmək idi. Təəssüf ki,  həmin arzuların bir qismi yarımçıq qaldı. Lakin onun həyat yoldaşı Vüsalə xanım bu mənəvi missiyanı öz üzərinə götürərək Familin yarımçıq qalmış kitabını tamamlamaq yolunda addım atdı. Bu, həm bir həyat yoldaşının sevgisi, həm də şəhidin xatirəsinə sədaqətin ifadəsidir.

Prezident İlham Əliyevin sərəncamları ilə Famil Əhmədzadə ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Suqovuşanın azad olunmasına görə" medalları və III dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib. İsmayıllı şəhərində küçələrdən birinə onun adı verilib. Bu gün Famil Əhmədzadənin adı çəkiləndə göz önündə yalnız silahı ilə döyüşən zabit deyil, həm də şagirdlərə tarix öyrədən müəllim, ailəcanlı həyat yoldaşı, qayğıkeş ata, nizam-intizamlı insan və Vətən qarşısında borcunu ləyaqətlə yerinə yetirən vətəndaş canlanır.

Əziz Famil müəllim, sən şagirdlərinə tarixdə qəhrəman olmağın yollarını öyrədirdin. Həmin yolun ən çətin məqamında özün də o yolla getdin. Sinif otağında danışdığın qəhrəmanlıq dastanını döyüş meydanında öz ömrünlə tamamladın. Sənin şagirdlərin tarixi təkcə kitablardan deyil, həm də müəllimlərinin həyatından  öyrənəcəklər. Axı, müəllimin ən böyük sərvəti yetişdirdiyi şagirdlər, ən böyük dərsi isə öz həyat nümunəsidir. Sən tarix öyrədən müəllim idin. Zaman səni tarixin özünə çevirdi! Ruhun şad, məkanın cənnət olsun, şəhid müəllim!


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azad - sevginin, Vətənin və sədaqətin adı

08:50
27 Noyabr

Yaddaşlarda qəhrəman kimi qalıb

08:45
27 Noyabr

Tarix öyrədən müəllim özü tarix yazdı

08:40
27 Noyabr

Həştərxanda Azərbaycanın "Şimal-Cənub" dəhlizi üzrə prioritetləri təqdim edilib

08:35
27 Noyabr

Azərbaycan beynəlxalq seçki forumunda təmsil olunub

08:30
27 Noyabr

Azərbaycan və Gürcüstan strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəltmək əzmindədirlər

08:25
27 Noyabr

Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib

08:20
27 Noyabr

Paşinyan Ermənistanın gələcək inkişafını sülh müqaviləsini imzalamaqda görür

08:15
27 Noyabr

Ölkəmizin iqtisadi potensialı Baltik sahillərində də maraq doğurur

08:10
27 Noyabr

Azərbaycanla əlaqələrin dərinləşdirilməsinə maraq böyükdür

08:05
27 Noyabr

İlham Əliyevin təşəbbüsləri Cənubi Qafqazı sülh və əməkdaşlıq məkanına çevirib

08:00
27 Noyabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Xüsusi qayğıya ehtiyacı olan ailələrin uşaqları üçün "Yeni il" şənliyinin təşkili (respublikanın şəhər və rayonları üzrə)" adlı müsabiqə keçirir

00:27
27 Noyabr

Şamaxı-Ağsu sərhədində zəlzələ olub

22:56
26 Noyabr

Azərbaycan metanol ixracından qazancını 16 faizədək artırıb

21:28
26 Noyabr

Ukraynaya 250 həlak olmuş şəxsin meyiti təhvil verilib

21:04
26 Noyabr

Küveytdə strateji obyektə hücum nəticəsində 4 nəfər yaralanıb

20:23
26 Noyabr

SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib

20:09
26 Noyabr

Tramp: Rusiya ilə Ukrayna arasında tezliklə razılaşmanın əldə olunmasının mümkünlüyünə inanıram  

19:32
26 Noyabr

On ayda ixrac edilən xam neft və neft məhsullarının dəyəri 12 faiz artıb

19:11
26 Noyabr

Leyla Əliyevanın təşəbbüsü ilə yaşıllıqların mühafizəsinə dəstək verən “agac.az” mobil tətbiqi istifadəyə verilib  

18:53
26 Noyabr

Azərbaycandan ixrac olunan təbii qazın dəyəri 7 faizədək artıb

18:31
26 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!