27 Noyabr 2026 08:25
168
SİYASƏT
A- A+
Azərbaycan və Gürcüstan strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəltmək əzmindədirlər

Azərbaycan və Gürcüstan strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəltmək əzmindədirlər


Başa çatmaqda olan 2026-cı il Azərbaycan və Gürcüstan münasibətləri tarixində ən dinamik dövrlərdən biri kimi yadda qaldı. Yüksəksəviyyəli təmasların nəzərəçarpacaq dərəcədə intensivləşməsi iki ölkənin təkcə ənənəvi dostluq bağlarını möhkəmləndirmək deyil, həm də regionun dəyişən iqtisadi və geosiyasi arxitekturasında öz yerlərini birgə müəyyənləşdirmək istəyindən xəbər verir. 

Noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə Bakıda keçirdiyi görüş bu tendensiyanın növbəti təsdiqi oldu. Dövlət və hökumət başçılarının, eləcə də aidiyyəti nazirliklərin rəhbərlərinin müntəzəm danışıqları göstərir ki, Azərbaycan və Gürcüstan strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə qaldrmaq əzmindədirlər. Buna həm ortaq iqtisadi maraqlar, həm də Cənubi Qafqazda baş verən ciddi geosiyasi transformasiyalar zəmin yaradır.

İki ölkə arasında qarşılıqlı fəaliyyət il boyu yüksək templə davam edib. Apreldə Prezident İlham Əliyev Gürcüstana dövlət səfəri edib, may ayında İrakli Kobaxidze Bakıda olub, iyunda isə Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli danışıqları baş tutub. Oktyabrda iqtisadi əməkdaşlıq üzrə hökumətlər-arası komissiyanın növbəti iclası keçirilib, noyabrda isə iqtisadiyyat, energetika və xarici siyasət qurumları rəhbərlərinin təmasları daha da sıxlaşıb. Müdafiə sahəsində də tərəfdaşlıq eyni fəallıqla inkişaf edib. Belə ki, iyunda Azərbaycanın müdafiə naziri Zakir Həsənov Tbilisiyə səfər edib, oktyabrda isə Şuşa şəhəri Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşünə evsahibliyi edib. Belə zəngin gündəlik tərəflərin demək olar ki, bütün əsas istiqamətlər üzrə əməkdaşlığı dərinləşdirmək niyyətini ortaya qoyur.

Bu diplomatik fəallığın arxasında konkret iqtisadi və strateji hədəflər dayanır. Son otuz ildə Azərbaycan-Gürcüstan münasibətlərinin təməlini birgə enerji və nəqliyyat layihələri təşkil edib. Bu gün isə iki ölkə qarşısında Cənubi Qafqazın hüdudlarını aşaraq Mərkəzi Asiya və Xəzər hövzəsindən Türkiyəyə, Qara dəniz regionuna və Avropa bazarlarına qədər uzanan daha geniş iqtisadi əməkdaşlıq üfüqləri açılır.

2026-cı ilin mühüm hadisələrindən biri may ayında Bakıda enerji və nəqliyyat sahələrini əhatə edən sazişlər paketinin imzalanması oldu. Bakı və Tbilisi təbii qaz tədarükü üzrə əməkdaşlığı iyirmi il müddətinə uzatmaq, Azərbaycan enerji resurslarının Gürcüstan ərazisindən sonrakı tranzitini təmin etmək, eləcə də elektrik enerjisinin Gürcüstan bazarına çatdırılmasını və Türkiyəyə ixracını davam etdirmək barədə razılığa gəliblər. Bakı-Supsa neft kəmərinin və əlaqədar infrastrukturun istismar şərtlərinin razılaşdırılması isə xüsusi əhəmiyyət daşıyır, çünki bu addım Mərkəzi Asiya neftinin Gürcüstanın Qara dəniz sahilləri vasitəsilə tranzitinin bərpası üçün yeni perspektivlər açır.

Enerji sazişlərinin uzunmüddətli xarakteri beynəlxalq siyasi və iqtisadi konyunkturanın dəyişməsindən asılı olmayaraq, tərəflərin onilliklər boyu sabit əməkdaşlığı təmin etmək istəyini göstərir. Eyni zamanda, enerji tərəfdaşlığı tədricən ənənəvi neft-qaz sektorunun çərçivəsindən kənara çıxır. Noyabrda Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan "yaşıl enerji" sahəsində strateji tərəfdaşlığa dair hökumətlərarası saziş imzalayıblar. Paralel olaraq Rumıniya və Macarıstanın da iştirakı ilə Qara dənizin dibi ilə sualtı elektrik kabelinin çəkilməsi layihəsi üzərində işlər davam etdirilir. Beləliklə, Xəzər regionunu Avropa bazarı ilə birləşdirən iki perspektivli enerji marşrutu formalaşır və hər iki layihədə Azərbaycana və Gürcüstana açar rol ayrılır.

Nəqliyyat sektorunda da diqqətçəkən dəyişikliklər baş verir. Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsinin başa çatması, onun infrastrukturunun birgə idarə edilməsinə keçid, "İpək yolu" adlı ortaq avtomobil buraxılış məntəqəsinin yaradılması və sərnişin dəmir yolu əlaqəsinin bərpası barədə razılaşmalar iki ölkənin nəqliyyat sistemlərinin getdikcə daha sıx inteqrasiya olunduğunu sübut edir.

Azərbaycan, Gürcüstan və Qazaxıstan 2029-cu ilə qədər Orta dəhlizin ötürücülük qabiliyyətini 30 milyon tona çatdırmağı hədəfləyir. Lakin buna nail olmaq üçün təkcə dəmir yollarının və limanların yenilənməsi kifayət deyil. Üç ölkə tranzit tariflərini uyğunlaşdırmalı, gömrük prosedurlarını sadələşdirməli, yükdaşımalarda rəqəmsal texnologiyalar tətbiq etməli və müasir logistika mərkəzləri qurmalıdır. Bu kontekstdə Azərbaycanın Ələt limanı ilə Gürcüstanda inşa edilən Anaklia dərin özüllü limanının qarşılıqlı əlaqəli inkişafı xüsusi maraq doğurur. Gələcəkdə hər iki liman Xəzər və Qara dənizləri arasında vahid nəqliyyat sisteminin əsas halqalarına çevrilərək Çin və Mərkəzi Asiyadan Avropaya və əks istiqamətə daşınan yüklərə xidmət göstərə bilər. Gürcüstanın iqtisadiyyat naziri Mariam Kvrivişvilinin noyabr ayında Azərbaycan rəhbərliyi ilə apardığı danışıqlarda təkcə mövcud nəqliyyat magistrallarının deyil, həm də Anaklia limanının və yeni Vaziani beynəlxalq hava limanının tikintisinin müzakirə edilməsi təsadüfi deyil. Bu layihələrin gündəmə gətirilməsi onu göstərir ki, Bakı və Tbilisi təkcə cari marşrutların inkişafı ilə deyil, ümumilikdə regionun gələcək nəqliyyat arxitekturası ilə maraqlanır.

Bakı ilə Tbilisinin yaxınlaşmasına Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı baş verən proseslər də təsir göstərir. Yeni nəqliyyat kommunikasiyalarının açılması regiona əlavə iqtisadi dividendlər vəd etsə də, mövcud və gələcək tranzit marşrutları arasında rəqabəti gücləndirir. Gürcüstan üçün regional yükdaşımalardakı mövqeyini qorumaq və möhkəmləndirmək vacibdirsə, Azərbaycan nəqliyyat marşrutlarını şaxələndirməkdə, Türkiyə, Qara dəniz hövzəsi və Avropa bazarlarına etibarlı çıxış əldə etməkdə maraqlıdır. İki ölkə rəhbərliyinin yeni regional reallıqlar fonunda uzunmüddətli maraqları uzlaşdırmaq məqsədilə intensivləşən danışıqlarını məhz bu prizmadan dəyərləndirmək lazımdır. Eyni zamanda Tbilisi Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələrin bərpasına töhfə verməyə hazırdır. Azərbaycan neft məhsullarının Ermənistan bazarına çatdırılması üçün Gürcüstanın nəqliyyat infrastrukturundan istifadə edilməsi bunun bariz nümunəsidir.

İlham Əliyevin apreldə Tbilisidə səsləndirdiyi üçüncü ölkələrdə birgə investisiya layihələrinin həyata keçirilməsi imkanlarına dair bəyanatı da diqqətəlayiqdir. Bu təşəbbüs Azərbaycan və Gürcüstan qarşısında yeni imkanlar açır. Artıq söhbət təkcə ikitərəfli iqtisadi bağların genişlənməsindən deyil, xarici bazarlara birgə çıxışdan və beynəlxalq investisiya-infrastruktur layihələrində ortaq iştirakdan gedir.

İki ölkə arasında əməkdaşlığın nə qədər çoxşaxəli xarakter aldığını hökumətlərarası komissiyanın oktyabr ayında keçirilən iclasının gündəliyi də təsdiqləyir. İclasda investisiyalar, gömrük əməkdaşlığı, kənd təsərrüfatı, baytarlıq və fitosanitar nəzarət, Kür çayı hövzəsinin su ehtiyatlarından istifadə, eləcə də dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə işlərin davam etdirilməsi məsələləri müzakirə olunub.

Bununla yanaşı, Azərbaycan və Gürcüstan münasibətləri yalnız siyasət və iqtisadiyyatla məhdudlaşmır. Bu münasibətlərin kökündə iki xalqın çoxəsrlik tarixi bağları dayanır və bu irsin qorunmasında Gürcüstandakı azərbaycanlı icması ilə Azərbaycandakı gürcü icması müstəsna rol oynayır.

2026-cı ilin hadisələri sübut edir ki, Azərbaycan-Gürcüstan tərəfdaşlığı tədricən ayrı-ayrı iri beynəlxalq layihələrin hüdudlarını aşır. Burada söhbət hər hansı iqtisadi ittifaqın yaradılmasından deyil, iki ölkənin uzunmüddətli inkişaf strategiyalarının daha sıx uzlaşdırılmasından və dərin qarşılıqlı fəaliyyətindən gedir. Əvvəlki onilliklərdə Azərbaycan və Gürcüstan beynəlxalq enerji və nəqliyyat tranzitinin təminatçısı kimi mühüm rol oynayırdısa, bu gün onların Cənubi Qafqazı Mərkəzi Asiya, Çin, Türkiyə və Avropanın maraqlarının kəsişdiyi müstəqil iqtisadi mərkəzə çevirmək şansı var. Bakı və Tbilisinin gələcək planlarını nə dərəcədə uğurla koordinasiya edə bilməsindən təkcə iki ölkənin tərəqqisi deyil, bütövlükdə Cənubi Qafqazın dünya iqtisadiyyatındakı çəkisi də əhəmiyyətli dərəcədə asılı olacaq.


Kamran BAYRAMOV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azad - sevginin, Vətənin və sədaqətin adı

08:50
27 Noyabr

Yaddaşlarda qəhrəman kimi qalıb

08:45
27 Noyabr

Tarix öyrədən müəllim özü tarix yazdı

08:40
27 Noyabr

Həştərxanda Azərbaycanın "Şimal-Cənub" dəhlizi üzrə prioritetləri təqdim edilib

08:35
27 Noyabr

Azərbaycan beynəlxalq seçki forumunda təmsil olunub

08:30
27 Noyabr

Azərbaycan və Gürcüstan strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəltmək əzmindədirlər

08:25
27 Noyabr

Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib

08:20
27 Noyabr

Paşinyan Ermənistanın gələcək inkişafını sülh müqaviləsini imzalamaqda görür

08:15
27 Noyabr

Ölkəmizin iqtisadi potensialı Baltik sahillərində də maraq doğurur

08:10
27 Noyabr

Azərbaycanla əlaqələrin dərinləşdirilməsinə maraq böyükdür

08:05
27 Noyabr

İlham Əliyevin təşəbbüsləri Cənubi Qafqazı sülh və əməkdaşlıq məkanına çevirib

08:00
27 Noyabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Xüsusi qayğıya ehtiyacı olan ailələrin uşaqları üçün "Yeni il" şənliyinin təşkili (respublikanın şəhər və rayonları üzrə)" adlı müsabiqə keçirir

00:27
27 Noyabr

Şamaxı-Ağsu sərhədində zəlzələ olub

22:56
26 Noyabr

Azərbaycan metanol ixracından qazancını 16 faizədək artırıb

21:28
26 Noyabr

Ukraynaya 250 həlak olmuş şəxsin meyiti təhvil verilib

21:04
26 Noyabr

Küveytdə strateji obyektə hücum nəticəsində 4 nəfər yaralanıb

20:23
26 Noyabr

SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib

20:09
26 Noyabr

Tramp: Rusiya ilə Ukrayna arasında tezliklə razılaşmanın əldə olunmasının mümkünlüyünə inanıram  

19:32
26 Noyabr

On ayda ixrac edilən xam neft və neft məhsullarının dəyəri 12 faiz artıb

19:11
26 Noyabr

Leyla Əliyevanın təşəbbüsü ilə yaşıllıqların mühafizəsinə dəstək verən “agac.az” mobil tətbiqi istifadəyə verilib  

18:53
26 Noyabr

Azərbaycandan ixrac olunan təbii qazın dəyəri 7 faizədək artıb

18:31
26 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!