- İpoteka Fondundan kirayə mənzil götürmək istəyirəm. Bunun üçün hara müraciət etməliyəm və hansı sənədlər lazımdır?
Aytac SEYİDZADƏ,
Bakı şəhəri
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun "Satmaq öhdəliyi ilə kirayə mənzil" mexanizmi, xüsusilə ipoteka kreditlərinə ilkin ödəniş toplamaqda çətinlik çəkən, lakin rəsmi gəliri olan vətəndaşlarımız (o cümlədən gənc ailələr və mənzil şəraitini yaxşılaşdırmaq istəyənlər) üçün sosial baxımdan çox əhəmiyyətli alternativdir.
Bu mexanizm, sadəcə, klassik kirayə münasibəti deyil, uzunmüddətli (3 ildən 25 ilə qədər) ödənişlərlə mənzil mülkiyyətinə yiyələnmək hüququ verən mülki-hüquqi müqavilədir.
Bütün proses tam rəqəmsallaşdırılıb və müraciətlər mərkəzləşdirilmiş qaydada elektron sistem üzərindən həyata keçirilir. Bunun üçün fiziki olaraq hansısa xidmət mərkəzində növbə gözləməyə ehtiyac yoxdur.
İlk növbədə gücləndirilmiş elektron imzanız ("ASAN İmza", "SİMA İmza", "SİMA Token" (elektron imza), BSXM imza) olmalıdır.
İpoteka və Kredit Zəmanət Fondunun rəsmi internet səhifəsindəki "Elektron İpoteka və Kredit Zəmanət" sistemi vasitəsilə özünüzə elektron kabinet yaradır və həmin kabinetdəki ərizə-anketi doldurursunuz.
Sistemdəki tələblərə uyğunluğunuz təsdiq edildikdən sonra fondun təqdim etdiyi tam təmirli, kommunal xətləri (qaz, su, işıq) qoşulmuş hazır mənzillər siyahısından öz büdcənizə uyğun seçim edə bilərsiniz.
Müraciət prosesi iki mərhələdən ibarətdir: ilkin elektron qeydiyyat və təsdiq mərhələsində fondun səlahiyyətli nümayəndələri ilə görüş zamanı təqdim ediləcək sənədlər.
İlkin elektron mərhələ üçün gücləndirilmiş elektron imza sertifikatı ("ASAN İmza", "SİMA İmza", "SİMA Token" (elektron imza), BSXM imza), "Elektron İpoteka və Kredit Zəmanət" sistemində gücləndirilmiş elektron imza sertifikatları ilə yaradılan elektron kabinet və elektron kabinetdə daxil edilən məlumatlar əsasında tərtib olunan elektron ərizə-anket mütləqdir.
Fondun səlahiyyətli nümayəndələri ilə rəsmi görüş zamanı şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), gəlirləri təsdiq edən sənədlər (rəsmi əməkhaqqı arayışı, fərdi sahibkarlıq fəaliyyəti üzrə gəlir sənədləri və s. - gəlirləriniz ailənin ümumi aylıq ödənişlərini və yaşayış xərclərini qarşılamağa imkan verməlidir), məhkumluq haqqında arayış (vətəndaşın qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlamaq üçün), ailə tərkibini təsdiq edən sənəd və yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri, nikahı və ya nikahın pozulmasını təsdiq edən sənədin (varsa) təqdim olunması zəruridir.
Unutmayın ki, kirayəçi Azərbaycan Respublikasının vətəndaşı olmalı, məhkumluğu olmamalı, müraciət anına vaxtı keçmiş öhdəlikləri olmamalı, müraciət anına fondun vəsaiti hesabına verilmiş aktiv ipoteka krediti üzrə borcalan olmamalı, müraciət anına yaşı 60-dan yuxarı olmamalı, rəsmi gəlirlərə malik olmalı, müraciətin qiymətləndirilməsi anına mənfi kredit tarixçəsi olmamalıdır.
Bir şəxs eyni zamanda fond qarşısında yalnız bir aktiv kirayə müqaviləsi üzrə kirayəçi və bir aktiv kirayə müqaviləsi üzrə gəlirləri nəzərə alınan şəxs qismində çıxış edə bilər. Ailə birliyinə münasibətdə isə ər və ya arvad eyni zamanda fond qarşısında yalnız bir aktiv kirayə müqaviləsi üzrə kirayəçi və hər biri ayrılıqda bir aktiv kirayə müqaviləsi üzrə gəlirləri nəzərə alınan şəxs qismində iştirak edə bilər.
Həmçinin ən çox diqqətçəkən sosial məqamlardan biri budur ki, klassik ipoteka kimi böyük ilkin ödəniş tələb olunmasa da, müqavilə imzalanan zaman seçilmiş mənzilin 12 aylıq (1 illik) kirayə haqqı məbləği qabaqcadan ödənilməlidir.
Sualı cavablandırdı:
Paşa SƏFƏROV,
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü