- Məcburi köçkün üçün dövlət rüsumu ilə bağlı hansı güzəştlər nəzərdə tutulub?
Şahbaba MƏMMƏDOV,
Hacıqabul rayonu
Sualınıza cavab olaraq bildiririk ki, dövlət rüsumu - dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir).
"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə məcburi köçkün statusuna malik şəxslər üçün bir neçə güzəşt nəzərdə tutulmuşdur. Belə ki, sözügedən qanuna görə, məhkəmədə verilən iddialar üzrə (maddə 9.1.20), mənzil və ya ev (evin bir hissəsi) alqı-satqısı və dəyişdirilməsi ilə bağlı notariat hərəkətləri üzrə (maddə 11.1.3), həmçinin Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsinin verilməsinə görə (maddə 15) məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunurlar.
- Mənim rəsmi iş yerim var və 18 yaşım bu ilin sonunda tamam olacaq. Bir ay əvvəl ilk əmək məzuniyyətinə çıxdım və mənə cəmi 21 təqvim günü məzuniyyət hesablandı. Sonradan eşitdim ki, 18 yaşı tamam olmayanlara qanunla 35 gün məzuniyyət düşür. İş yerində isə mənə dedilər ki, sənə nə qədər düşürsə, o qədər də hesablanıb. Bilmək istəyirəm, məzuniyyətə çıxdığım vaxt hələ 18 yaşım olmadığı üçün mənə qanunla neçə gün məzuniyyət verilməli idi?
Teymur BAÜIRZADƏ,
Mingəçevir şəhəri
Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 119-cu maddəsinin 1-ci hissəsinə əsasən, yaşı 16-dan az olan işçilərə 42 təqvim günündən, 16 yaşından 18 yaşınadək olan işçilərə isə 35 təqvim günündən az olmayaraq əmək məzuniyyəti verilməlidir.
Qanunvericiliyin bu tələbinə uyğun olaraq, əmək məzuniyyətinin müddəti işçinin məzuniyyətə çıxdığı tarixdəki yaşına uyğun müəyyən edilməlidir. Belə ki, məzuniyyətə çıxdığınız vaxt 18 yaşınız tamam olmadığına və 16-18 yaş kateqoriyasına aid olduğunuza görə sizə 21 deyil, 35 təqvim günü müddətində əmək məzuniyyəti verilməli idi.
Beləliklə, 14 təqvim günü məzuniyyət hüququnuzun təmin edilmədiyi görünür. Bu məsələ ilə bağlı işəgötürənə müraciət edərək məzuniyyət hüququnuzun bərpasını tələb edə bilərsiniz.
Əgər işəgötürən əmək məzuniyyətinin müddətinin düzgün hesablanmadığını aradan qaldırmazsa, hüquqlarınızın müdafiəsi üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinə və ya məhkəməyə müraciət edə bilərsiniz.
Sualları cavablandırdı:
Paşa SƏFƏROV,
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü