İşə bərpa iddiası ilə məhkəməyə müraciət edərkən əlavə hansı tələblər irəli sürə bilərəm?
Zərinə MƏMMƏDLİ,
Bakı şəhəri
- Sualınıza cavab olaraq bildiririk ki, cavabdeh qismində işəgötürənə qarşı əsas iddia ilə yanaşı, əlavə tələblər də irəli sürmək imkanınız mövcuddur. Belə ki, siz işəgötürənə qarşı əsas tələbdən başqa, əlavə olaraq maddi və mənəvi ziyan tələbi qaldıra, həmçinin Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən ödənc, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə, məcburi işburaxma müddəti üçün əməkhaqqı ödənilməsini tələb edə bilərsiniz.
Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin tələbinə görə, əməkhaqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əməkhaqqının azı 1 faizi məbləğində ödənc verilməlidir.
Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən əmək müqaviləsinə qanunsuz xitam verdikdə məhkəmə işçinin hüquqlarını bərpa edir. Bu hal o zaman baş verir ki, işəgötürən Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrindəki xitam əsaslarını pozsun, 71 və 76-cı maddələrdəki qaydalara əməl etməsin və ya 79-cu maddədəki hallara məhəl qoymasın. Belə olduqda, məhkəmə işin faktik hallarını araşdıraraq məcburi işburaxma müddəti üçün əməkhaqqı ödənilməklə işçinin vəzifəsinə bərpası barədə qətnamə (və ya tərəflərin barışıq sazişinin təsdiqi barədə qərardad) çıxarır. Eyni zamanda məhkəmə qətnamədə işçiyə dəymiş zərərin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Bundan başqa, iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən çəkdiyiniz məhkəmə xərclərinin cavabdehdən (işəgötürəndən) tutularaq sizə ödənilməsini də tələb etmək hüququnuz var.
Sualı cavablandırdı:
Paşa SƏFƏROV,
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü