Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Slovakiyanın Baş prokuroru Maroş Jilinkanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Sahibə Qafarova bu səfərin Azərbaycan və Slovakiya prokurorluq orqanları arasında, ümumilikdə isə ölkələrimizin əlaqələrinin inkişafına öz töhfəsini verəcəyinə inamını bildirib.
Sədr iki ölkə arasında əlaqələrin qurulmasından keçən illər ərzində münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və 2024-cü ildə imzalanan Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin bunun üçün əsaslı zəmin yaratdığını diqqətə çatdırıb.
İkitərəfli əlaqələrin güclənməsində ali və yüksəksəviyyəli qarşılıqlı səfərlərin müstəsna rolundan danışan Sahibə Qafarova Prezident İlham Əliyevin 2025-ci ilin dekabrında Slovakiyaya rəsmi səfərinin Azərbaycan Prezidentinin Slovakiyaya ilk səfəri kimi tarixi əhəmiyyət daşıdığını vurğulayıb. Həmçinin bildirilib ki, Slovakiya Prezidenti Peter Pelleqrininin cari ilin iyul ayında ölkəmizə rəsmi səfəri əlaqələrimizin möhkəmlənməsinə yeni impuls verib.
Söhbət zamanı diqqətə çatdırılıb ki, iki ölkənin parlamentləri arasında da aktiv və məhsuldar əməkdaşlıq mövcuddur. Mütəmadi olaraq parlament sədrləri və nümayəndə heyətləri səviyyəsində qarşılıqlı səfərlər həyata keçirilir. Cari ilin may ayında imzalanan Anlaşma Memorandumu parlamentlərarası əlaqələri yeni səviyyəyə yüksəldib.
Görüşdə ölkələrimiz arasında müqavilə-hüquq bazasının daha da genişləndirilməsi, iqtisadi, humanitar sahələrdə əlaqələrin inkişafı, həmçinin birbaşa aviareyslərin fəaliyyətə başlaması mühüm addımlar kimi dəyərləndirilib. Bildirilib ki, Slovakiyanın Qarabağın bərpasında iştirakı, “Ağıllı kənd” layihəsinin həyata keçirilməsi və Ağdamın Baş Qərvənd kəndində Milan Rastislav Ştefanik adına məktəbin bünövrəsinin qoyulması ölkəmizdə yüksək qiymətləndirilir.
İki ölkənin prokurorluq orqanları arasında əlaqələrin inkişafından söz açan Slovakiyanın Baş prokuroru Maroş Jilinka Azərbaycan Baş Prokurorluğu ilə əməkdaşlığın perspektivlərindən danışıb. O qeyd edib ki, iki ölkənin Baş prokurorluqları arasında imzalanan əməkdaşlıq proqramı bu sahədə əlaqələrin dinamikasını daha da artıracaq.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.