İqtisadiyyatın əsas ağırlıq mərkəzi qneftdənkənar sahəyə yönəlir
Azərbaycanın 2027-ci il dövlət büdcəsinin müzakirələri ölkənin qarşıdakı il üçün iqtisadi prioritetlərini, inkişaf hədəflərini və maliyyə siyasətinin əsas istiqamətlərini bir daha gündəmə gətirib. Noyabrın 27-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında büdcə layihəsi ikinci oxunuşda müzakirə olunub.
İclasda maliyyə nazirinin müavini Himalay Məmişov gələn ilin makroiqtisadi proqnozları və büdcə siyasətinin əsas istiqamətləri barədə məlumat verib. Təqdim olunan rəqəmlər Azərbaycanın iqtisadi inkişaf modelində qeyri-neft sektorunun rolunun daha da artırılmasının nəzərdə tutulduğunu göstərir.
Belə ki, 2027-ci ildə ümumi daxili məhsulun 141 milyard manat olacağı proqnozlaşdırılır. Bunun 109,1 milyard manatının qeyri-neft-qaz sektorunun payına düşəcəyi gözlənilir. Bu göstərici iqtisadiyyatın şaxələndirilməsi və neft-qaz sektorundan asılılığın mərhələli şəkildə azaldılması istiqamətində qarşıya qoyulan hədəflərin miqyasını nümayiş etdirir.
Büdcənin gəlir və xərc proqnozları da kifayət qədər böyük rəqəmlərlə ifadə olunur. Növbəti il icmal büdcənin gəlirlərinin 47,6 milyard manat, xərclərinin isə 50,4 milyard manat olacağı nəzərdə tutulur. Dövlət büdcəsi üzrə gəlirlər 39,3 milyard manat, xərclər isə 42,4 milyard manat səviyyəsində proqnozlaşdırılır.
Nazir müavini büdcə xərclərinin ölkənin sosial-iqtisadi ehtiyaclarına uyğun formalaşdırıldığını, regionların büdcədən asılılığının azaldılması istiqamətində də işlərin davam etdiyini bildirib. İclasda birinci oxunuş zamanı deputatlar tərəfindən səsləndirilən təklif və qeydlər, eləcə də qanun layihəsi üzrə aparılan dəqiqləşdirmələr nəzərdən keçirilib. Müzakirələrin yekununda 2027-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi ikinci oxunuşda baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Büdcənin təqdim etdiyi əsas iqtisadi mesaj isə aydındır: qarşıdakı dövrdə qeyri-neft sektorunun genişləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və regionların iqtisadi fəallığının artırılması ölkənin inkişaf gündəliyində mühüm yer tutacaq.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”