Üç il əvvəl qədim şəhərimizdə Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan Hərbi parad keçirilib
Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış, Xankəndi şəhərində Vətən müharibəsində əldə edilmiş Zəfərin üçüncü ildönümünə həsr olunmuş möhtəşəm Hərbi parad hər birimizin ürəyini qürur hissi ilə doldurdu. 8 noyabr 2023-cü ildə keçirilmiş bu tarixi parad Zəfər ordumuzun qüdrətinin nümayişi olmaqla yanaşı, xalqımızın haqq səsinin, suverenliyimizin tam bərpasının və tarixi ədalətin təntənəsinin təcəssümü idi.
O gün dünya Xankəndidə yaşanan zəfər təntənəsinə şahidlik etdi. Şəhərin mərkəzində ucalan ay-ulduzlu, üçrəngli bayrağımız məğrur-məğrur dalğalandıqca dosta sevinc, düşmənə gözdağı oldu. Xankəndidən ucalan qələbə marşının sədaları altında çiyin-çiyinə addımlayan igid oğullarımız başlarını dik tutaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevi, qalib Azərbaycan xalqını və müqəddəs şəhidlərimizin ruhunu böyük fəxarətlə salamladılar. "Qarabağ Azərbaycandır!" haqq nidasını bir daha dünyaya hayqırdılar.
Düz altı il əvvəl - 2020-ci il noyabrın 8-də Şuşada qazandığımız o misilsiz qələbənin sevincini 2023-cü ilin payızında Xankəndidə bir daha yaşadıq. 44 günlük Vətən müharibəsinin qürurlu nəticəsi idi ki, oktyabrın 15-də Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə, Xocalıda, Ağdərədə, Suqovuşanda və digər doğma yurdlarımızda üçrəngli bayrağımızı ucaltdı.
Azərbaycan xalqı indi yaşadığı bu qələbə coşqulu günlərə addım-addım qətiyyətlə, əzmlə yetişdi.
Xankəndidə keçirilən Hərbi parad xalqımız üçün həm də dərin rəmzi məna daşıyan tarixi hadisə idi. Hələ 1919-cu ildə Cümhuriyyət qurucuları da Xankəndidə Hərbi parad keçirmişdilər. 104 il sonra - 2023-cü ildə Qarabağın bu qədim yurdu özünün qürur tarixini yenidən yaşadı.
Vətən müharibəsinin üçüncü ildönümünə həsr olunmuş Xankəndidəki hərbi paradda Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev iştirak etdilər.
Paradda Silahlı Qüvvələrin heyətlərinin hərbi orkestrin müşayiəti ilə təntənəli keçidi oldu. Parad heyətləri Azərbaycan Dövlət Bayrağı və Şuşa şəhərinə sancılan - Qələbənin rəmzinə çevrilən Zəfər Bayrağı altında tribunaya doğru irəlilədilər. Ardınca Azərbaycan Ordusunun və qoşun növlərinin, lokal xarakterli antiterror tədbirlərində iştirak etmiş hərbi birləşmələrin döyüş bayraqları Xankəndi şəhərinin mərkəzi meydanına gətirildi. Sonra Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin parad heyətinin keçidi oldu. Əlahiddə Ümumqoşun Ordunun heyətləri tribuna önündən mətin addımlarla irəlilədilər...
Parad heyətlərinin keçidindən sonra antiterror tədbirləri zamanı müsadirə olunan hərbi texnikaların kiçik bir qismi qoşqular üzərində Xankəndi şəhərinin mərkəzi meydanına gətirildi. Müsadirə edilmiş hərbi texnikaların və nəqliyyat vasitələrinin nömrə nişanlarından hazırlanan və üzərində "Zəfər" sözü həkk edilən lövhə nümayiş olundu.
Təntənəli paradda çıxış edən qalib lider İlham Əliyev bir daha bəyan etdi: "Bu günü bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan qovmuşdur. Bu, böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmamışdır. Şuşa əməliyyatı, 44 gün ərzində apardığımız bütün digər hərbi əməliyyatlar, hərbçilərimizin şücaəti bir qəhrəmanlıq dastanıdır".
Xankəndidə ucalan zəfər sədaları, suverenliyimizin tam bərpa olunması tarixi ədalətin ən möhtəşəm təsdiqidir. 2023-cü il noyabrın 8-də qəhrəman oğullarımızın Xankəndinin Zəfər meydanından mətin addımlarla keçməsi bir daha göstərdi ki, bu qələbə əbədidir, bu torpaqlar azad və bölünməzdir. Qarabağda əbədi dalğalandırılan bayrağımız milli qürurumuzun, dəmir iradəmizin və sarsılmaz birliyimizin rəmzidir.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"