Psixologiya Elmi-Tədqiqat İnstitutunun Azərbaycan dilinə tərcümə və adaptasiya etdiyi ÜST-5 Rifah İndeksi (WHO-5) Ümumdünya Səhiyyə Təşkilatının rəsmi saytında yerləşdirilib. Azərbaycan versiyası alət səhifəsinin “digər dil versiyaları” bölməsində əlçatandır.
Beləliklə, psixoloji rifahın ölçülməsində geniş istifadə olunan bu alətin ÜST saytındakı dil versiyaları sırasına Azərbaycan dili də əlavə olunub.
ÜST-5 son iki həftə ərzində şəxsin subyektiv psixoloji rifahını ölçür: müsbət əhval, sakitlik, enerji, dincəlmə və gündəlik həyata maraq. Alət 5 sualdan ibarətdir. Elmi tədqiqatlarda, klinik praktikada və əhali sağlamlığının monitorinqində geniş tətbiq olunur.
Adaptasiya tədqiqatını AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev, İnstitutun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov, Yıldız Texniki Universitetinin professoru Seydi Ahmet Satıcı və İnstitutun Şəxsiyyət psixologiyası laboratoriyasının müdiri, elmi tədqiqatlar üzrə koordinator Ülkər Zalova Nuriyeva aparıb.
Azərbaycan versiyası Beaton və həmmüəlliflərinin beynəlxalq adaptasiya təlimatlarına uyğun hazırlanıb. Proses iki müstəqil tərcümə, komitə rəyi, geri tərcümə və psixometrik yoxlama mərhələlərindən keçib.
18–89 yaş aralığında 875 nəfərlik nümunədə alətin birfaktorlu strukturu və yüksək etibarlılığı (α = .83) təsdiqlənib. Nəticələr 2024-cü ildə beynəlxalq hakimli jurnal olan BMC Psychology-də dərc olunub.
“ÜST-5-in Azərbaycan versiyası tədqiqatçılara və mütəxəssislərə psixoloji rifahı ana dilində, elmi yoxlamadan keçmiş alətlə ölçmək imkanı verir. Məqsədimiz bu aləti ölkəmizdə daha geniş elmi və praktik istifadəyə çatdırmaqdır”, – deyə İnstitutun sədri Elnur Rüstəmov bildirib.
Alət tədqiqatçılar, klinik psixoloqlar, psixiatrlar və tələbələr üçün qeyri-kommersiya məqsədilə ödənişsizdir. Azərbaycan versiyasını Ümumdünya Səhiyyə Təşkilatının rəsmi səhifəsindən yükləmək olar: https://www.who.int/publications/m/item/WHO-UCN-MSD-MHE-2024.01
Məqalə: https://doi.org/10.1186/s40359-024-01593-0
Diqqət! qeyd: Yerləşdirmə ÜST-ün təsdiqi və ya dəstəyi kimi təqdim olunmamalıdır. Bu tərcümə ÜST tərəfindən hazırlanmayıb. ÜST onun məzmununa və dəqiqliyinə görə məsuliyyət daşımır; orijinal ingilis nəşri məcburi və mötəbər nəşrdir. Nümunənin 86,2%-i qadın, 85%-i ali təhsillidir, buna görə nəticələr bütün əhalini təmsil edən kimi təqdim olunmamalıdır.
Orijinal alət: ©️ WHO, 2024. Lisenziya: CC BY-NC-SA 3.0 IGO. Azərbaycan tərcüməsi: Psychology Scientific Research Institute, Baku.