Avropa və Avstraliya biotexnoloqları ilk dəfə olaraq qarğıdalının yarpaq hüceyrələrində yüksək effektiv fotosintezi təmin edən beş əsas geni uğurla düyünün genomuna yerləşdiriblər. Bu yenilik düyünün məhsuldarlığını onlarla faiz artırmağa imkan verə bilər. Alimlərin tədqiqatı “Nature Plants” elmi jurnalında dərc olunub.
“Təbiətdəki bitkilərin əksəriyyəti enerjini toplamaq üçün C3 fotosintezindən istifadə edir. Qarğıdalı və bəzi digər ot bitkiləri isə daha səmərəli olan C4 fotosintez mexanizminə malikdir. Gələcəkdə bu mexanizmlə əlaqəli fermentlər zəncirinin düyü hüceyrələrinə köçürülməsi onun məhsuldarlığını 50 faiz və daha çox artırmağa imkan verə bilər”, - deyə tədqiqatda bildirilir.
Tədqiqat müəlliflərinin izahına görə, Almaniyanın Bitki Molekulyar Fiziologiyası İnstitutunun aparıcı elmi əməkdaşı Con Lannın rəhbərlik etdiyi Avstraliya və Avropa alimlərindən ibarət qrup bu istiqamətdə uzun müddətdir araşdırmalar aparır. Yer üzündəki bitkilərin əksəriyyəti milyonlarla ildir günəş işığının enerjisindən istifadə edərək karbon qazını üç karbon atomundan ibarət olan fosfoqliserin turşusuna çevirir. Bu proses C3 fotosintezi adlanır.
Təxminən 30 milyon il əvvəl qarğıdalı, şəkər qamışı və digər ot bitkilərinin əcdadlarında daha səmərəli fotosintez forması - C4 fotosintezi meydana gəlib. Bu mexanizm zamanı karbon qazı dörd karbon atomundan ibarət oksaloasetat turşusuna çevrilir. Alimlər uzun müddətdir bu fotosintez mexanizmini müxtəlif kənd təsərrüfatı bitkilərinə köçürməyə çalışırlar. Lakin əvvəlki tədqiqatlarda fotosintez prosesində iştirak edən əsas fermentlərin yalnız bir hissəsini dəyişdirmək mümkün olmuşdu.
Avropa və Avstraliya biotexnoloqları isə düyünün genomunu modifikasiya etmək üçün yeni yanaşma hazırlayıblar. Bu üsul onlara qarğıdalıda C4 fotosintezinin fəaliyyətini təmin edən beş əsas genetik elementi düyünün DNT-sinə köçürməyə imkan verib. Bunun üçün alimlər genlərdən biri olan ZmNADP-ME-ni ciddi şəkildə modifikasiya edərək eksperimental düyü sortunun genomuna yerləşdiriblər. Daha sonra bu bitkini fotosintezlə əlaqəli digər dörd geni daşıyan düyü nümunəsi ilə çarpazlaşdırıblar. Sonrakı təcrübələr göstərib ki, əldə edilən düyü variantları karbon qazını aktiv şəkildə oksaloasetat turşusuna çevirir. Bu nəticə yeni fotosintez zəncirinin işlək olduğunu təsdiqləyib.
Hələlik düyü hüceyrələrində bu mexanizmin aktivliyi qarğıdalı yarpaqlarındakı səviyyədən bir neçə dəfə aşağıdır. Bununla belə, alimlər gələcək tədqiqatlar nəticəsində bu problemi aradan qaldıracaqlarına və rekord məhsuldarlığa malik yeni düyü sortları yaradacaqlarına ümid edirlər.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”