Kəşmirin qədim zəfəran ənənəsi iqlim dəyişikliyi, inkişaf prosesləri və qida saxtakarlığı səbəbindən təhlükə altındadır.
Son illərdə məhsulun azalması, quru hava və idxal olunan zəfəranın yerli bazarları doldurması ilə bağlı hekayələr getdikcə daha çox yayılır.
Zəfəran hər çiçəyinin içərisində üç ədəd tünd qırmızı rəngli dişicik yetişdirən, bənövşəyi çiçəkli “Crocus sativus” bitkisindən əldə edilir. Keyfiyyətini qorumaq üçün bu nazik tellər günəş çıxmazdan əvvəl əllə toplanır, daha sonra diqqətlə ayrılaraq bir neçə saat ərzində qurudulur. Cəmi bir unsiya (28 qram) zəfəran istehsal etmək üçün təxminən 4000 çiçək tələb olunur. Bitkinin ildə cəmi iki-dörd həftə çiçəkləməsi, onun niyə daim dünyanın ən bahalı ədviyyatları sırasında yer aldığını və tez-tez "qırmızı qızıl" adlandırıldığını izah edir.
Vəhşi təbiətdə artıq rast gəlinməyən zəfəranın becərilməsi min illər əvvələ – indiki İran, Yunanıstan və Mərkəzi Asiya ərazilərinə gedib çıxır. Əsrlər əvvəl fars təsiri və ticarət şəbəkələri vasitəsilə bu bitki Kəşmirə də gəlib çatıb.
Kəşmir zəfəranı xüsusilə tünd qırmızı rəngi, qalın damğaları və güclü ətri ilə şöhrət qazanıb. Onun qiyməti, adətən İran zəfəranının qiymətindən xeyli yüksəkdir və bir qramı üçün 4 dollara və ya daha çox ola bilər.
Son on il ərzində Kəşmir zəfəranının istehsalı kəskin şəkildə azalıb. Hindistan hökumətinin məlumatlarına görə, Kəşmir və ona yaxın Cammu bölgəsində istehsal 2010-11-ci illərdəki səkkiz tondan 2023-24-cü illərdə 2,6 tona düşüb.
Tədqiqatçılar bildirirlər ki, bu azalmaya bir sıra amillər, o cümlədən dəyişən hava şəraiti səbəb olur. Araşdırmalar göstərir ki, avqust və sentyabr aylarındakı yağışlar zəfəranın çiçəklənməsində və onun yeraltı gövdə hissəsi olan soğanağının inkişafında həlledici rol oynayır. Bu aylarda müşahidə olunan quraqlıq məhsuldarlığı kəskin şəkildə azalda bilər.
Kəşmirdə fəaliyyət göstərən müstəqil iqlim tədqiqatçısı və fəal Rabia Xan bildirir ki, zəfəran yetişdirilməsi getdikcə daha qeyri-sabit hala gələn həssas mövsümi tarazlıqdan asılıdır.
Qərbi Himalay dağlarında qar örtüyünün azalması və iqlim dəyişikliyi ilə əlaqədar orta temperaturların yüksəlməsi regiondakı su sistemlərinə, xüsusilə də aşağı axın istiqamətindəki ərazilərə mənfi təsir göstərir.
Dünya zəfəranının təxminən 90%-ni istehsal edən İranda fermerlər artan iqlim və su təzyiqləri, o cümlədən uzunmüddətli quraqlıq şəraiti ilə üzləşirlər. ABŞ-İsrail müharibəsi son zamanlar həm Kəşmir, həm də İran zəfəranının qlobal tədarükünə və qiymətinə mənfi təsir göstərib.
Alimlər rütubətin, temperaturun və işığın diqqətlə tənzimləndiyi nəzarətli becərmə otaqlarında zəfəranın çiçəklənməsini araşdırır. Qapalı məkanlarda zəfəran becərilməsi ilə bağlı ilkin tədqiqatlar nəzarətli ətraf mühit şəraitində çiçəkləmə sabitliyinin və krokinin saxlanmasının ümidverici olduğunu göstərib.
Zəfəranın davamlılığı üzərində işləyən alimlər, həmçinin yeraltı suların idarə olunmasına, soğanaqların qorunmasının yaxşılaşdırılmasına və torpaq nəmliyinin daha yaxşı monitorinqinə diqqət yetirirlər. Bəziləri iddia edirlər ki, qalan zəfəran torpaqlarının qorunması eyni dərəcədə vacib ola bilər.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”