30 Oktyabr 2026 08:00
253
SİYASƏT
A- A+
Biz unutmamışıq və heç zaman da unutmayacağıq!  

Biz unutmamışıq və heç zaman da unutmayacağıq!  


* Zaman təsdiq edir!

* Zaman təkzib edir!

* Zaman öyrədir!

* Zaman unutdura bilir...

* Zaman çıxarılan nəticələrdən  dərs almağı tələb edir!

Zaman "ölçüsü" də fərqli olur!

Bəzən əsrə bərabər gün olur!

Bəzən ilə bərabər gecə!

Otuzillik işğal dövrü bizim üçün otuz əsr qədər  göründü!

44 günlük  Zəfər müharibəsi isə sanki göz qırpımında başa çatdı!

Müharibədən keçən altı ildə Qarabağda görülən bərpa və quruculuq işlərinin həcmi isə bir neçə onilliyə bərabərdir.

Bütün bunları görmüşük, yaşamışıq, yaddaşımıza yazmışıq!

Çünki unutmamışıq!

Həm də heç zaman  unutmayacağıq!

* Unutsaq, tarix bizi cəzalandırar!

* Unutsaq, şəhidlərin müqəddəs ruhu  bizi qınayar!

* Unutsaq, həmin bəlalar yenidən başımıza gələr!

***

* Bizimlə düşmənçiliyi ərazimizdə torpaq verib dövlət qurmalarına şərait  yaratdığımız, qoynumuzda bəsləyərək tikəmizi böldüyümüz ermənilər  ediblər.

* Bizimlə düşmənçiliyi təbii sərvətlərimizdən gen-bol bəhrələnənlər, "böyük qardaş" saydıqlarımız ediblər.

* Bizimlə düşmənçiliyi "din bir, əməl ayrı" qardaşlarımız üzümüzə gülə-gülə ediblər.

* Odur ki, torpaqlarımız işğala məruz qaldı.

* Odur ki, uzun illər boyu məşəqqətli məcburi köçkün həyatı yaşadıq.

* Odur ki, qardaşlarımız, övladlarımız şəhid getdi.

* Odur ki,  yurd-yuvamız dağıdılaraq xarabalıqlara çevrildi.

Amma olanlarla barışmadıq!

Heç  kəsə  boyun əymədik!

Bir an belə  işğal altındakı torpaqları azad etməli olduğumuzu unutmadıq!

Beynəlxalq qurum və təşkilatlara, beynəlxalq hüquqa inamımız itsə də, doğma yurda  qayıdacağımıza olan  ümidimiz heç zaman tükənmədi...

***

Nəhayət, həsrətlə gözlədiyimiz gün gəlib çatdı!

* Torpaqları işğaldan azad etmək;

* Çəkdiyimiz zillətin əvəzini çıxmaq;

* Vətən həsrətinə son qoymaq;

* Otuz il bizə olmazın ağrı-acı yaşadan, doğma  yurdumuzu xarabazara çevirən  düşməndən  qisasımızı almaq üçün hərəkətə başladıq!

Bu, özgə bir müharibə oldu!

Ona qədər  dünya belə bir müharibə görməmişdi.

Cəmi 44 gün çəkdi!

Həmin 44 gündə dövlət, ordu və xalq bir ürək kimi döyündü!

Cavanlarımız, orduya yararlı olanlarımız gecə-gündüz bilmədən  hərbi səfərbərlik  idarələrinin  qabağında növbəyə düzülərək orduya getmək istəklərini bildirdilər!

Ən böyük sevincimiz Prezident İlham Əliyevin televiziya kanalları vasitəsilə xalqa müraciətləri, işğaldan  azad edilən rayon mərkəzlərində dövlət bayrağını  qaldırması, qələbə müjdələri verməsi  ilə bağlı olurdu!

Baş sərkərdəmiz "dəmir yumruğ"u ilə düşmənin başını əzərək qarşısında diz çökdürdü!

Ona kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalatdırdı!

Sözündən dönmək istədikdə isə iki dəfə - 2023-cü il aprelin 23-də və sentyabrın 19-20-də ildırımsürətli  hərbi əməliyyatlar  keçirərək bütün şərtlərə əməl etdirdi!

Azərbaycan tam, qəti və mütləq qələbə qazanaraq otuzillik münaqişəni öz gücü ilə həll etdi!

Azərbaycanda qanunlarımız əsasında yaşamaq istəməyənlər isə ərazimizi dinc şəkildə və xoşluqla tərk  etdilər!

Vətən müharibəsində hər iki tərəfdən itkilər oldu...

Amma bütün bunlar dinc şəkildə, itkisiz və sülh  yolu ilə də ola bilərdi.

Əgər dünya ədalətli, ikili standartsız və  tərəf tutmadan beynəlxalq hüquqa əməl etsəydi...

***

Otuz il  ərzində Azərbaycan xalqı ən çətin, ən ağır və ən əzablı sınağa məruz qaldı.

Torpaqlarını işğal edərək  bir milyondan artıq vətəndaşını qaçqına və məcburi köçkünə çevirdilər.

Beynəlxalq hüququ tapdalayan, ikili standartlarla işləyən dünya bizimlə  məzələnməyə başladı...

* Dünya Dağlıq Qarabağın Azərbaycanın olduğunu qəbul edirdi!

* Dünya  separatçı  rejimin keçirdiyi "prezident  və parlament seçkiləri"nin legitimliyini tanımırdı!

* Dünya  özünü elə aparırdı ki, guya  münaqişəni həll etməyə çalışır və bu yolda  "əməli addımlar"  atır.

Başımıza gətirilənləri unutmamışıq və heç zaman da unutmayacağıq!

İkili standartların ən parlaq təzahürünə baxaq:

Kataloniya İspaniyanın şimal-şərqində yerləşən muxtar  regiondur.

Katalonlar  XIX əsrdən İspaniyadan ayrılmağa çalışırdılar.

2015-ci il noyabrın 9-da bu niyyətlə Kataloniya Parlamenti "Müstəqillik Bəyannaməsi" qəbul etdi.

Dekabrın 2-də İspaniya mərkəzi hökuməti Konstitusiya Məhkəməsinə müraciət edərək sənədin ləğvini istədi.

Sənəd ləğv  edildi.

Buna baxmayaraq, katalonlar 1 oktyabr 2017-ci ildə referendum keçirərək  vilayətin müstəqilliyini bəyan etdilər.

İspaniya hökuməti müstəqilliyi dəstəkləmiş 5 bələdiyyə rəhbərini həbs etdi, səsvermə günü polis  seçki  məntəqələrinə  müdaxilələr  etdi, əhaliyə qarşı  zorakılıqlar törətdi, bir sıra siyasətçiləri türməyə saldı.

Avropa İttifaqı dövlətləri Kataloniya məsələsini İspaniyanın daxili məsələsi olduğunu və  İspaniyanın tərəfində durduqlarını bəyan etdilər.

İnsan hüquqlarının pozulması, zorakılıqlarla bağlı heç bir sənəd-filan qəbul edilmədi.

Kataloniyalıların lideri  Puçdemon  həbsdən qaçaraq  Brüsselə  sığındı.

Ələ  keçəcəyi təqdirdə onu uzunmüddətli cəza gözləyirdi.

"Demokratik qaydalar" əsasında İspaniyadan qopmağa çalışan kataloniyalıların liderini  müdafiə etmək  üçün:

* Nə beynəlxalq  "hüquq-müdafiə" təşkilatları kampaniya aparır;

* Nə ABŞ-nin konqresmenləri qətnamə qəbul edir;

* Nə Fransa  Milli Assambleyasının parlamentariləri yaxa cırır;

* Nə AŞPA bir-birinin ardınca qətnamələr qəbul edir;

* Nə də Avropa İttifaqının parlamenti xalqların öz müqəddəratını təyin etmək hüququnu müdafiə  edirdi.

Avropa özündə olan separatçılığı cəzalandırır, qəbul etmir, özgəsində olanda isə onun  dəstəkçisinə çevrilir.

Bu, Avropanın  bir standartıdır.

İkinci  standartı isə Azərbaycana qarşı  tətbiq edildi!

* Hadisələrin başlanğıcında separatçılar "miatsum" deyə bağıraraq mitinqlər  keçirəndə  bunu  "demokratiyanın  təzahürü" adlandırdılar.

* Haylar "dqr"ni müstəqil respublika elan edəndə bunu "millətlərin öz müqəddəratını  təyin  etməsi hüququ" saydılar.

* BMT-nin qəbul etdiyi dörd qətnamə on illər  boyu icrasız qaldı.

* Avropa qurumları hayların müdafiəçisinə çevrildilər, Azərbaycana qarşı  (separatçılara yox) qərəzli, yalan, əsassız sənədlər qəbuluna  başladılar.

* "Münaqişənin hərbi yolla  həlli yoxdur" dedilər.

Guya məsələnin "sülh danışıqları yolu ilə" həllinə  nail olacaq ATƏT-in Minsk qrupu adlı fərsiz, dişsiz və saxta bir qurum da  yaradaraq bu yolla  işğalı əbədiliyə qədər uzatmaq yolunu tutdular.

Cənab İlham Əliyevin dəqiqliklə söylədiyi kimi:

"Ermənistanın arxasında duran böyük dövlətlər, o cümlədən və ilk növbədə mənfur Minsk qrupunun həmsədr ölkələri bütün bu işləri ört-basdır etmək istəyirdi. Ermənistan işğal edilmiş torpaqlara heç bir xarici müşahidəçi buraxmırdı. Ancaq Qərbdən və digər ölkələrdən olan pulla alınmış bəzi siyasətçiləri, ictimai xadimləri gətirirdilər ora göstərsinlər ki, onlar burada necə yaşayırlar. Amma beynəlxalq təşkilatlar buna səssiz qalıb. Birləşmiş Millətlər Təşkilatı, - hansı ki, Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdi ki, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələri çıxarılmalıdır, - səssiz qalıb, ATƏT səssiz qalıb. Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib. Avropa Parlamenti işğalçı Ermənistana hər zaman dəstək verib və bu gün də bu belədir. Yəni bax bu, bizə olan münasibətin kiçik bir təsviridir. Görün, biz kimlərlə üzbəüz qalmışdıq, yəni Ermənistan təkbaşına deyildi. Ermənistan təkbaşına olsaydı, bu məsələ çoxdan həll olunardı. Yaxud da ki, o vaxt bu işğala, bu vəhşiliyə, bu soyqırımına görə Ermənistana beynəlxalq sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan həll olunardı. Eləmədilər, bilərəkdən, qəsdən. İndi yeri gəldi-gəlmədi, hər yerə sanksiyalar qoyulur. Amma yaxşı, Ermənistan burada başqa dövlətin 20 faiz torpağını zəbt edib, 700 min insanı oradan qovub, 250 min insanı - azərbaycanlıları Ermənistandan qovub, dağıdıb hər şeyi, bütün şəhərləri. Sən niyə ona sanksiya tətbiq etmirsən? Bu, deməli, ikili standartlardır".

İşğal dövründə beynəlxalq təşkilatların ikiüzlülüyünün və riyakarlığının həddi-hüdudu olmayıb.

Cənab İlham Əliyevin qeyd etdiyi  kimi:

"Avropa Şurasında Ermənistana qarşı sanksiya tətbiq edilmədi. Amma biz ki, 2023-cü ilin sentyabrında Qarabağı tam azad etdik, separatçılığın kökünü kəsdik və separatçıları həbs etdik, deməli, ondan dörd ay sonra Avropa Şurası bizə qarşı sanksiya tətbiq etdi. Bax, onların əsl siması budur. Avropa Parlamenti rüşvətxorlar yuvasıdır. Bunu mən tam məsuliyyətlə deyirəm - rüşvətxorlar yuvasıdır Avropa Parlamenti. Onun vitse-prezidentinin evindən çamadanlarla dolu milyonlarla dollar çıxdı, hamısını ört-basdır etdilər. Elə bil olmayıb bu. Onun adı bəllidir, o, Yunanıstandan olan bir xanım deputatdır. Neçə il keçib onun üstündən? Bir ölçü götürülüb ona qarşı? Yox! Məsuliyyətə cəlb edilib? Yox! Sərbəst buraxılıb. Avropa Parlamenti bax, bu islamofoblardan ibarətdir və bu da daim diqqət mərkəzində olmalıdır".

***

Ermənilərin törətdikləri vandallıqları da unutmamışıq və heç zaman  da unutmayacağıq!

Əvvəlcə dinc əhaliyə qarşı vəhşiliklər törətdilər.

Qaradağlı, Xocalı,  Ballıca, Ballı qaya, Bağanıs-Ayrım soyqırımları baş verdi.

Sonra urbisidlər, ekosidlər keçirdilər, dinimizi təhqir etdilər, bizə qarşı əllərindən gələn pislikləri əsirgəmədilər.

İlham Əliyevdən daha bir sitat:

"Biz bu torpaqlara 30 ildən sonra qayıdanda nəyi gördük? Bunu indi bütün dünya görür - viran qoyulmuş şəhərlər, kəndlər, sökülmüş evlər, talanmış milli sərvətlərimiz, dağıdılmış məscidlər. 65 məscid Ermənistan dövləti tərəfindən, - mən xüsusilə bunu qeyd etmək istəyirəm, bu, Ermənistanın dövlət siyasəti idi, - Ermənistan dövləti tərəfindən tam dağıdılmışdır. Bəziləri yarıdağılmış vəziyyətdə idi. Yəqin ki, siz də o fotoları görmüsünüz, Ermənistan məscidlərdə bilərəkdən, qəsdən heyvan saxlayırdı, donuz saxlayırdı, inək saxlayırdı. Yəni bizi təhqir etmək, bizi aşağılamaq üçün, bizim həssaslığımızı dərk edərək, yəni qəsdən xalqımızı daha da incitmək üçün belə vəhşi əməllərdən də çəkinmədi. Əslində, bu, təkcə bizə, xalqımıza yox, bütün islam dünyasına bir təhqir idi. Bax, budur Ermənistan dövlətinin əsl siması. Biz bunu heç vaxt unutmamalıyıq və unutmayacağıq".

***

* Zaman  göstərdi ki, Müzəffər Ali Baş Komandan  İlham Əliyev vaxtında çox  doğru qərar qəbul edərək problemi hərbi  yolla həll etməkdən ötrü möhtəşəm  ordu qurub!

* Zaman  göstərdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev torpaqları işğaldan azad  etmək üçün məqamında hərbi əməliyyatlara başlayıb!

* Zaman göstərdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev müharibəni  vaxtında dayandırıb, ərazi bütövlüyünün bərpası, dövlət suverenliyinin təmini  əməliyyatlarını dəqiq, üstəlik, ən qısa  müddətdə həyata keçirib!

* Zaman göstərdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev Rusiya sülhməramlı kontingentini zamanında və  musiqi təranələri altında ustalıqla yola salıb!

* Zaman göstərdi ki, hər şeyi zamanında həll etmək ən böyük müdriklik, uzaqgörənlik və dahilikdir!

Ermənilər nə qədər hoppanıb-düşsələr də, Zəngəzur dəhlizini də zamanında açacaq, delimitasiya və demarkasiya prosesini də biz istəyən kimi və zamanında başa çatdıracaqlar. 

"Dəmir  yumruğ"u da  həmişə hazır vəziyyətdə saxlayacağıq!

Qulağının dibi  geyişən  istədiyi vaxt yoxlaya bilər.

***

Azərbaycanın sülh çağırışları, Ermənistanı blokadadan çıxararaq dəmir yolu əlaqəsinə başlaması, ticarət münasibətlərinə start verməsi qisasçılıq hissi ilə yaşayan  hayları deyəsən  arxayınlaşdırır.

"Məğlubedilməz orduları"nın silah-sursatı, döyüş  mövqelərini ataraq  qaçmaları,  "məğlubedilməz xalq"ın diz çöküb yalvararaq kapitulyasiya aktını imzalaması, deyəsən, bəzilərinin yadından çıxmağa başlayıb.

Revanşistlər dövlə

tin üzərinə götürdüyü öhdəlikləri - referendum keçirərək konstitusiyalarında müvafiq dəyişikliklər aparılmasını yubatmağa, TRIPP-in  layihələndirilməsini və çəkilişinə başlanılmasını ləngitməyə meyilli görünürlər.

"Ulaq  bir dəfə palçığa  batdığı  yerə ikinci dəfə girməz" - Azərbaycan  atalar sözüdür.

Laçın dəhlizinə birgə nəzarətin həyata keçirilməsini, Ermənistanın hərbi birləşmələrinin və terrorçu qruplarının Azərbaycan ərazisindən çıxarılmasını və Zəngəzur dəhlizinin işə salınmasını uzadan, üçtərəfli bəyanatın müvafiq bəndlərini yerinə  yetirmədiklərinə görə 2023-cü  il aprelin 23-də və sentyabrın 19-20-də başlarına gətirilənləri belə tez unutduqları inandırıcı görünmür.

"Dəmir yumruq" hazır vəziyyətdə  gözləyir və istənilən an erməni yaddaşını təzələyə bilər!

Bunu nə revanşistlər, nə də Paşinyanın komandasının təzə-köhnə üzvləri yaddan çıxarmasınlar!

Biz kimlərlə vuruşduğumuzu çox  yaxşı bilirik!

Təkcə qarşısıalınmaz "dəmir yumruğ"umuz deyil, üstəlik, ehtiyat variantlarımız da var!

Strateji müttəfiqimiz və tərəfdaşlarımız da kifayət qədərdir!

İlham Əliyev dediyini edəndir - bunu da  yaxşı bilirsiniz!

Səbrimizi  sınağa çəkmək fikrinə düşməyin.

İndi ötən əsrin 90-cı illəri deyil.

Azərbaycan da kimsədən kömək  gözləmədən  bütün problemlərini öz gücünə həll  etməyi çox yaxşı bacarır!

Çaşmayın, heç kəsə arxayın olmayın,  xam xəyallara düşməyin!

Sizin dövranınız çoxdan başa çatıb.

İkinci dəfə palçığa girsəniz, bir daha çıxa bilməyəcəksiniz.


Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Google" kibertəhlükəsizlik üçün "Gemini 4 Carbon" süni intellekt modelini təqdim edib

09:00
30 Oktyabr

Azərbaycan və Avstraliya alimləri süni intellekt sahəsində fundamental problemi həll ediblər

08:55
30 Oktyabr

"AzerGold" QSC 20-ci Beynəlxalq "MiningMetals" sərgisində iştirak edib

08:50
30 Oktyabr

Başıbəlalı sözlər

08:45
30 Oktyabr

Ədəbiyyatımızın silinməz imzası

08:40
30 Oktyabr

İcbari Sığorta Bürosu "We Invest in People - Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

08:37
30 Oktyabr

BTQ: Orta dəhlizin ən cəlbedici polad keçidi

08:35
30 Oktyabr

ZƏFƏR gündəliyi

08:30
30 Oktyabr

Ermənistan öhdəliklərini icra etməlidir

08:25
30 Oktyabr

Arzusu Qarabağın işğaldan azad olması idi

08:20
30 Oktyabr

Bütövləşən Vətən, yarımçıq qalan ömür

08:15
30 Oktyabr

Azərbaycanın güc mənbəyi

08:10
30 Oktyabr

Milli mənafelərə söykənən müstəqil siyasət

08:05
30 Oktyabr

Biz unutmamışıq və heç zaman da unutmayacağıq!  

08:00
30 Oktyabr

"Yelo Bank" Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının nəzərinə

00:47
30 Oktyabr

Birinci vitse-prezident Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib

23:49
29 Oktyabr

Rusiya Avropa ilə müharibə istəmir, lakin hadisələrin bu istiqamətdə inkişafına hazırdır  

23:06
29 Oktyabr

Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb

21:39
29 Oktyabr

Azərbaycan nümayəndəsi BMT-də mina təhlükəsindən və itkin düşmüş şəxslərdən danışıb  

21:07
29 Oktyabr

Xalq artisti Zaur Rzayev vəfat edib

19:44
29 Oktyabr

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb  

19:41
29 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!