03 Noyabr 2026 08:00
361
SİYASƏT
A- A+
Türk dünyasının birliyi və gücü artır

Türk dünyasının birliyi və gücü artır


İlham Əliyevin bu prosesdə yeni ideyaları və siyasi təşəbbüsləri TDT-yə üzv dövlətlərin başçıları tərəfindən yüksək dəyərləndirilir


Bu gün Mərkəzi Asiyadan Qafqaza, oradan Avropaya qədər uzanan nəhəng coğrafiyada tarixi dönüş yaşanır. Uzun illər ideoloji arzu kimi baxılan türk birliyi Türk Dövlətləri Təşkilatının (TDT) timsalında artıq qlobal proseslərin gedişatına təsir edən real güc mərkəzinə çevrilib. 

Azərbaycan bu prosesdə həm yeni ideyalar və siyasi təşəbbüslərlə çıxış edir, həm də ortaq layihələrin praktiki olaraq həyata keçirilməsində fəal rol oynayır. Rəsmi Bakının yürütdüyü məqsədyönlü siyasət təşkilata üzv ölkələr arasında əməkdaşlığın konkret iqtisadi, siyasi və təhlükəsizlik addımları ilə möhkəmlənməsini təmin edir.

Azərbaycanın TDT çərçivəsindəki təşəbbüskarlığı və birgə layihələrin həyata keçirilməsindəki fəallığı təşkilata üzv ölkələrin dövlət başçıları tərəfindən də yüksək dəyərləndirilir. 


Münasibətlərin inkişafına töhfə 


Liderlərin çıxışlarında rəsmi Bakının yalnız öz milli maraqlarını deyil, ümumilikdə türk dünyasının strateji həmrəyliyini ön plana çəkdiyi xüsusi vurğulanır.

Ankarada keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşündə səslənən fikirlər bu əməkdaşlığın real miqyasını və qarşılıqlı etimadın səviyyəsini aydın göstərir. Sözügedən Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə və türk xalqları arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın TDT sədrliyi dövrünü yüksək qiymətləndirib. Bildirib ki, rəsmi Bakının sədrliyi dövründə təşkilat daxilində əməkdaşlığın inkişafına və birgə təşəbbüslərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verilib.

Nümunə gətirdiyimiz bu yanaşmalar bir daha təsdiq edir ki, Azərbaycanın TDT daxilindəki fəaliyyəti təşkilatın institusional güclənməsinə və üzv dövlətlər arasında inteqrasiya proseslərinin sürətlənməsinə xidmət edir.

Bu gün Türk Dövlətləri Təşkilatının keçdiyi inkişaf yolu göstərir ki, platforma ilk gündən regional əməkdaşlığı mərhələli şəkildə dərinləşdirmək və beynəlxalq müstəvidə vahid mövqedən çıxış etmək məqsədi daşıyıb. Azərbaycanın bu müddətdə nümayiş etdirdiyi ardıcıl siyasi iradə və ikitərəfli müttəfiqlik münasibətləri qurumun təsir imkanlarını keyfiyyətcə yeni səviyyəyə qaldırıb.

2009-cu ildə imzalanan tarixi Naxçıvan Sazişi türk dünyasının birliyinin institusional qaydada təsdiqi oldu. Naxçıvan Sazişində təşkilatın yaradılmasında əsas məqsədlər kimi tərəflər arasında qarşılıqlı etimad, dostluq və münasibətlərin möhkəmləndirilməsi, regionda və ümumilikdə dünyada sülhün qorunması, təhlükəsizlik və etimadın gücləndirilməsi nəzərdə tutulub. Həmçinin siyasi, ticari-iqtisadi, hüquq-mühafizə, təbiətin mühafizəsi, mədəni, elmi-texniki, hərbi-texniki, təhsil, enerji, nəqliyyat, kredit-maliyyə və ümumi maraq kəsb edən digər sahələrdə səmərəli regional və ikitərəfli əməkdaşlığın təşviqi, türk xalqlarının böyük mədəni-tarixi irsinin təbliği, tanınması və yayılmasında kütləvi informasiya vasitələri arasında qarşılıqlı əlaqənin və tərəflər arasında təmasların təşviqi və sair yer alıb.

Prezident İlham Əliyevin müəllifliyi və təşəbbüsü ilə keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) təsis edildi.

Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın təsisçiliyi ilə başlayan bu təşkilatlanma prosesi qısa müddətdə böyük miqyas aldı. 2019-cu ildə keçirilən Bakı Zirvəsində Özbəkistanın təşkilata tamhüquqlu üzv kimi qoşulması platformanın Mərkəzi Asiyadakı geo-iqtisadi çəkisini ciddi şəkildə artırdı.

Eyni zamanda Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) müşahidəçi statusu qazanması qurumun əhatə dairəsini Avropadan Asiyaya qədər genişləndirdi. 2021-ci il İstanbul Zirvəsində isə qurumun Türk Dövlətləri Təşkilatı (TDT) adlandırılması onun beynəlxalq təşkilat kimi mövqeyini təsbit etdi.


Etnosiyasi coğrafiyanın bərpası


2020-ci ildə Azərbaycanın qazandığı tarixi qələbə regionun geosiyasi mənzərəsini köklü şəkildə dəyişdi. Bu Zəfər təkcə Azərbaycanın ərazi bütövlüyünü bərpa etmədi, həm də türk dünyası ölkələri arasında coğrafi və etnosiyasi bağların yenidən möhkəmlənməsinə şərait yaratdı. Xüsusilə Zəngəzur dəhlizi (TRIPP) kimi strateji nəqliyyat və logistika layihələri türk dünyasının iqtisadi tərəqqisi mənasında mühüm əhəmiyyətə malik oldu. 

2024-cü il iyulun 6-da Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə imzalanan Qarabağ Bəyannaməsi TDT-nin siyasi inteqrasiya səviyyəsini göstərən mühüm sənəd oldu. Bəyannamə ilə üzv dövlətlər "Qarabağ Azərbaycandır!" həqiqətini beynəlxalq ictimaiyyətə bir daha bəyan etməklə yanaşı, regional sülh, təhlükəsizlik və ortaq iqtisadi maraqlar ətrafında vahid mövqedən çıxış etdiklərini hüquqi və siyasi müstəvidə təsbit etdilər.

"Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet  istiqamətidir", - deyə TDT-nin dövlət başçılarının Şuşada qeyri-rəsmi Zirvə görüşü zamanı Prezident İlham Əliyev vurğulamışdı. Dövlətimizin rəhbəri qeyd etmişdi ki, Azərbaycan həmişə türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərib. 

Azərbaycanın Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanla imzaladığı müttəfiqlik bəyannamələri, o cümlədən Qazaxıstan, Özbəkistan və Qırğızıstanla yaradılan birgə investisiya fondları həm də TDT çərçivəsində iqtisadi inteqrasiyanı daha da dərinləşdirir.

Naxçıvandan başlayan tarixi yol göstərir ki, Türk Dövlətləri Təşkilatı artıq regional çərçivələri aşaraq Avrasiyanın geosiyasi və geoiqtisadi mənzərəsini müəyyənləşdirən əsas güc mərkəzlərindən birinə çevrilib. Region liderlərinin də açıq şəkildə bildirdiyi kimi, rəsmi Bakının nümayiş etdirdiyi ardıcıl siyasi iradə və təşəbbüskarlıq bu birliyin institusional bünövrəsini daha da möhkəmləndirir.

Göründüyü kimi, Azərbaycanın strateji liderliyi, uzaqgörən diplomatiyası və qardaşlıq münasibətlərinə verdiyi müstəsna töhfələr türk dünyası birliyinin həm regional sülhün və sabitliyin təminatçısı olmasında, həm də dünya siyasətində mühüm yer tutmasında vacib rol oynayır. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır  

10:25
03 Noyabr

Qızıl və gümüş ucuzlaşıb

10:11
03 Noyabr

Neft bahalaşıb

10:11
03 Noyabr

NYP: Floridada baş vermiş təyyarə qəzasında milyonçu və ailəsi həlak olub  

10:08
03 Noyabr

ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək  

10:03
03 Noyabr

Qubadlıda Bərgüşad çayı üzərində ilk su-elektrik stansiyası tikilir

09:25
03 Noyabr

Yeni tərəfdaşlıqlar, investisiyalar və iqtisadi inkişafın perspektivləri

09:20
03 Noyabr

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

09:15
03 Noyabr

İtmiş xəzinə

09:10
03 Noyabr

Moskvada doğulub orada yaşasa da, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi kimi tanındı

09:05
03 Noyabr

"Mən ağ sular kimi axıb getmərəm..."

09:00
03 Noyabr

9 ayda qeyri-neft sektoru üzrə ixrac 20,5 faiz artıb

08:55
03 Noyabr

Rifah, təhlükəsizlik və investisiya 

08:50
03 Noyabr

Orta dəhliz beynəlxalq logistikanın xilas yoludur

08:45
03 Noyabr

ZƏFƏR gündəliyi    

08:40
03 Noyabr

Bəşəriyyətin qənimi - müharibələr

08:35
03 Noyabr

Şəhid İbrahim Lələyevin xatirəsi anılıb

08:30
03 Noyabr

Kükrəyən qəlblər, susan məzarlar

08:25
03 Noyabr

Azərbaycanın humanitar diplomatiyası

08:20
03 Noyabr

Tarixi irsimiz, müasir inkişafımız və gələcək simamız

08:15
03 Noyabr

Həqiqi tərəfdaşlıq beynəlxalq hüququn hamı üçün eyni meyarlarla tətbiqinə əsaslanmalıdır

08:10
03 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!