06 Noyabr 2026 09:20
192
Elm və texnika
A- A+
Elmdə yeni nəfəs

Elmdə yeni nəfəs


Dünya dəyişir. Bu dəyişiklik şəhərlərin simasında, insanların həyat tərzində, istehsal və idarəetmə üsullarında, eyni zamanda təhlükəsizlik anlayışının özündə baş verir. Vaxtilə dövlətlərin təhlükəsizliyi əsasən sərhədlərin qorunması, hərbi qüdrət və iqtisadi imkanlarla ölçülürdüsə, bu gün həmin anlayışın mühüm istiqamətlərindən biri rəqəmsal məkanın etibarlılığıdır. 

Məlumatın, texnologiyanın və süni intellektin həyatımızın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə kibertəhlükəsizlik təkcə  mütəxəssislərin müzakirə etdiyi texniki məsələ deyil, hər bir insanın, cəmiyyətin və dövlətin təhlükəsizliyinə aid strateji məsələdir. Belə bir mürəkkəb və məsuliyyətli sahədə elmi axtarışlar aparan, biliklərini gənc nəslə ötürən alimlərin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Gənc alim Lamiyə Nəcəfovanın elmi və pedaqoji fəaliyyəti də məhz bu zərurətdən qaynaqlanır.

Lamiyə Nəcəfovanın elmi dünyagörüşünün formalaşmasında riyaziyyata olan erkən marağı mühüm rol oynayıb. Gənc tədqiqatçı 2012-ci ildə Bakı Dövlət Universitetinin riyaziyyat ixtisasına qəbul olub. Sonradan kompüter elmləri üzrə magistratura və doktorantura təhsili alması onun elmi maraqlarını daha geniş müstəviyə çıxarıb. 2018-ci ildə magistraturanı fərqlənmə diplomu ilə başa vurması isə ilk akademik uğurlarından biri olub. Riyaziyyatın məntiqi təfəkkürü ilə kompüter elmlərinin texnoloji imkanlarının qovuşması onun gələcək tədqiqat istiqamətinin əsasını təşkil edib. 

Əmək fəaliyyətinə 2016-cı ildə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda başlayan Lamiyə Nəcəfova hazırda Elm və Təhsil Nazirliyinin Riyaziyyat İnstitutunda kiçik elmi işçi kimi fəaliyyət göstərir. İnstitutun İnformasiya qeyri-müəyyənliyi şəraitində qərarqəbuletmə laboratoriyasında apardığı tədqiqatlar onun elmi maraqlarının mühüm istiqamətini əhatə edir. Gənc alimin fikrincə, müasir texnologiyaların inkişafı informasiya təhlükəsizliyinə yanaşmanın da yenilənməsini tələb edir. Ona görə, bu gün əsas məsələ yalnız informasiyanı qorumaq deyil, həm də  informasiya əsasında işləyən sistemlərin nə dərəcədə etibarlı qərarlar qəbul etdiyini müəyyənləşdirməkdir. Xüsusilə süni intellektin idarəetmə və qərarvermə proseslərinə inteqrasiyası yeni risklər yaradır. Alqoritmlərin yanlış, natamam və ya qərəzli məlumatlar əsasında nəticə çıxarması bəzən ciddi fəsadlara səbəb ola bilər. Buna görə də texnoloji sistemlərin təhlükəsizliyi ilə yanaşı, onların qərarlarına etimadın da elmi əsaslarla təmin edilməsi vacibdir.

Gənc alimin bu yanaşması təsadüfi deyil. Çünki kibertəhlükəsizlik fərdi kompüterlərin və informasiya bazalarının qorunması çərçivəsini çoxdan aşıb. Enerji sistemləri, maliyyə sektoru, nəqliyyat, səhiyyə və dövlət idarəçiliyi rəqəmsal infrastrukturlardan asılı vəziyyətə gəlib. Bu sistemlərdə baş verə biləcək kiberhücumlar təkcə texniki problemlər yaratmır, iqtisadi sabitliyə, ictimai təhlükəsizliyə və dövlətin strateji maraqlarına da təsir göstərə bilər.

Redaksiyamızın qonağı olan Lamiyə xanım dedi ki, gələcəyin kibertəhlükəsizliyində əsas məsələlərdən biri alqoritmik qərarların yoxlanılması, onların hansı məlumatlar əsasında formalaşdığının izlənilməsi və zəruri hallarda insan müdaxiləsinin mümkünlüyüdür. Alimin  qənaətinə görə, "alqoritm belə qərar verdi" ifadəsi heç bir halda yetərli əsaslandırma sayıla bilməz: "Hər bir qərarın arxasında etibarlı məlumat, nəzarət mexanizmi və məsuliyyət prinsipi dayanmalıdır. Bu baxımdan alqoritmik etimad gələcəyin rəqəmsal təhlükəsizliyinin fundamental şərtlərindən birinə çevrilir".

Lamiyə Nəcəfovanın fəaliyyətində elmi tədqiqatla pedaqoji iş bir-birini tamamlayır. O, 2019-cu ildən Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və digər ali təhsil müəssisələrində kompüter elmləri, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi üzrə dərslər aparır. Lamiyə tələbələrə yalnız nəzəri biliklər verməklə kifayətlənmir, onların analitik düşüncə və təhlükəsiz rəqəmsal davranış bacarıqlarının inkişafına da xüsusi önəm verir.

2016-cı ildə hələ tələbə ikən riyaziyyat üzrə ilk test kitabının nəşri onun maarifçilik fəaliyyətinə erkən başladığını göstərir. Sonrakı illər elmi konfranslarda, peşəkar forumlarda və maarifləndirici tədbirlərdə iştirakı, kibertəhlükəsizlik üzrə ekspert və təlimçi kimi fəaliyyəti bu istiqamətdəki ardıcıl mövqeyini təsdiqləyir. 2024-cü ildən Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının eksperti kimi çalışması da onun peşəkar fəaliyyətinin mühüm mərhələsidir.

Gənc alimlərin elmi mühitdə fəallığının artırılması Lamiyə Nəcəfovanın diqqət yetirdiyi məsələlərdəndir. Müxtəlif illərdə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda Gənc Alim və Tədqiqatçılar Şurasının sədr müavini və sədri olub. Hazırda Riyaziyyat İnstitutunun eyniadlı şurasına rəhbərlik edir. 2025-ci ildən Women in Cyber Security Azerbaijan icmasının idarə heyətinin üzvü kimi qadınların və gənc qızların texnologiya sahəsində inkişafına dəstək verir. 2018-ci ildə AMEA-nın "İlin magistri" müsabiqəsinin qalibi seçilməsi onun elmi potensialının erkən qiymətləndirilməsinin göstəricisidir.

Gələcək planlarından danışarkən Lamiyənin elmi və praktiki fəaliyyətin vəhdətinə üstünlük verdiyi aydın görünür. Onun maraq dairəsində süni intellektin təhlükəsiz tətbiqi, informasiya sistemlərinin etibarlılığı, kiberrisklərin azaldılması və rəqəmsal savadlılığın gücləndirilməsi kimi aktual məsələlər dayanır. Əsas məqsəd isə texnologiyaların inkişafını təhlükəsizlik və məsuliyyət prinsipləri ilə uzlaşdırmaqdır.

Lamiyə Nəcəfovanın fəaliyyətində diqqətçəkən əsas məqam əldə etdiyi nəticələr deyil, qarşıya qoyduğu elmi düşüncənin  aktuallığıdır. Rəqəmsal gələcəyin təhlükəsizliyi yeni texnologiyalar yaratmaqla yanaşı, həm də həmin texnologiyalara etibar etməyin elmi əsaslarını formalaşdırmaqdan keçir. Gənc alimin axtarışları da məhz bu böyük məqsədə xidmət edir.


E.QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan neftinin qiyməti 107 dollara çatır

10:13
06 Noyabr

Qızıl və gümüş ucuzlaşır

10:13
06 Noyabr

Neft bahalaşıb

10:12
06 Noyabr

Azərbaycan əsgərinin Şuşaya daxil olması üçün hər gün dua edirdim – Litvalı jurnalist Riçardas Lapaytis 

09:59
06 Noyabr

Sudan sərhədində atışmada iki Misir hərbçisi həlak olub

09:55
06 Noyabr

UEFA Avropa Liqası: “Yuventus” və “Marsel” səfərdə qalib gəlib

09:52
06 Noyabr

Qocalmanı ləngitmək mümkündürmü?

09:35
06 Noyabr

UEFA Konfrans Liqası: “Trabzonspor” öz meydanında məğlub olub, “Kayrat” səfərdə xal qazanıb  

09:32
06 Noyabr

ABŞ Prezidenti: Ukrayna ilə bağlı böyük razılaşma əldə olunacaq

09:31
06 Noyabr

S.Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində ağacəkmə aksiyası keçirilib

09:30
06 Noyabr

Tramp: İranın qalan hissəsini də məhv etmək məcburiyyətində qala bilərəm  

09:29
06 Noyabr

Gözəl nitq də bir zənginlikdir

09:25
06 Noyabr

Xınalıq kəndinə 15 santimetr qar yağıb

09:24
06 Noyabr

Elmdə yeni nəfəs

09:20
06 Noyabr

Sözün qanadında özünə doğru 

09:15
06 Noyabr

Azərbaycan gəncliyi - bu günün gücü, sabahın məsuliyyəti

09:10
06 Noyabr

ZƏFƏR gündəliyi

09:05
06 Noyabr

Bir ömrün əbədiyyətə çevrildiyi gün

09:00
06 Noyabr

Ot kökü üstə bitər  

08:55
06 Noyabr

Zəfər tariximiz - qürur salnaməmiz 

08:50
06 Noyabr

Milli birliyin və qəhrəmanlığın rəmzinə çevrilmiş Zəfər

08:45
06 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!