ADA Universitetinin rektoru Hafiz Paşayevin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 20-29-da İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində İtaliyanın əməkdaşlıq etdiyi dörd aparıcı ali təhsil müəssisəsində - Milan Politexnik Universiteti, Bolonya Universiteti, Turin Politexnik Universiteti və Luis Quido Karli Universitetində olub.
ADA Universitetindən AZƏRTAC-a bildirilib ki, səfərin əsas məqsədi əməkdaşlığın ilk beşillik mərhələsində əldə olunmuş nəticələri və həyata keçirilmiş layihələri tərəfdaşlarla birgə qiymətləndirmək, yeni proqramların müzakirəsi, eləcə də növbəti dövr üçün əməkdaşlıq prioritetlərini müəyyənləşdirmək olub.
Milan Politexnik Universitetində keçirilən görüşlərdə İtaliya-Azərbaycan Universiteti layihəsinin ilkin tədqiqat mərhələsindən Dizayn və memarlıq fakültəsinin yaradılmasına qədər görülmüş işlər və əldə olunmuş nəticələr nəzərdən keçirilib. Universitetin heyətinə əməkdaşlığın cari vəziyyətinə dair hesabat təqdim edilib. Nümayəndə heyəti universitetin yeni dizayn laboratoriyaları ilə tanış olub və burada təhsil alan doktorantlarla görüşüb.
Turin Politexnik Universitetində əməkdaşlığın nəticələrinə və görülmüş işlərə dair hesabat müzakirə olunub, növbəti mərhələ üzrə fəaliyyət istiqamətləri dəyərləndirilib. Nümayəndə heyəti universitetin tədqiqat və laboratoriya infrastrukturu, o cümlədən “Enerji Mərkəzi” ilə tanış olub, mövcud imkanlardan istifadə perspektivlərini müzakirə edib və doktorantlarla görüşüb. Səfər zamanı iki universitet arasında qarşılıqlı tələbə mübadiləsinə dair memorandum imzalanıb.
Bolonya Universitetində keçirilən görüşlərdə əməkdaşlığın növbəti mərhələsi üzrə strateji hədəflər diqqət mərkəzində olub. Nümayəndə heyəti doktorantura səviyyələrində təhsil alan tələbələrlə görüşərək onların tədqiqat planları ilə tanış olub. Həmçinin kənd təsərrüfatı və qida elmləri sahəsində ikili proqram üzrə təhsil alan magistrant və həmin fakültədə bir semestrlik tələbə mübadiləsi proqramı çərçivəsində təhsil alan bakalavr tələbələri ilə görüş keçirilib.
Luis Quido Karli Universitetində əməkdaşlığın nəticələri nəzərdən keçirilib və hüquq ixtisası üzrə ikili diplom proqramına dair sənəd imzalanıb. Nümayəndə heyəti, həmçinin orada təhsil alan Qlobal İdarəetmə və Siyasət (GMAP) üzrə ikili diplom magistratura proqramının tələbələri ilə də görüşüb.
Akademik kadrların hazırlanması ADA Universitetinin strateji fəaliyyət istiqamətlərindən biridir. Bu məqsədlə ADA Universiteti vasitəsilə Dövlət Proqramı çərçivəsində Milan Politexnik Universitetində 15, Bolonya Universitetində 12, Turin Politexnik Universitetində isə 4 tələbə doktorantura təhsili alır.
Səfər çərçivəsində aparılan müzakirələr və əldə olunan razılaşmalar İtaliya-Azərbaycan Universiteti layihəsi üzrə əməkdaşlığın davamlı inkişafına, iki ölkə arasında təhsil və elmi tədqiqat sahələrində strateji tərəfdaşlığın möhkəmləndirilməsinə və yeni birgə təşəbbüslərin həyata keçirilməsinə xidmət edir.