20 Noyabr 2026 14:41
241
Elm və texnika
A- A+
Ngiem Vu Khay: Ümid edirəm ki, gənc azərbaycanlılarla vyetnamlılar arasında da bizim nəslin nümayəndələri arasında olduğu kimi qarşılıqlı anlaşma olacaq – MÜSAHİBƏ

Ngiem Vu Khay: Ümid edirəm ki, gənc azərbaycanlılarla vyetnamlılar arasında da bizim nəslin nümayəndələri arasında olduğu kimi qarşılıqlı anlaşma olacaq – MÜSAHİBƏ

Azərbaycan və Vyetnamı uzun illərə söykənən tarixi dostluq əlaqələri birləşdirir. Bu əlaqələr hazırda strateji tərəfdaşlıq və ikitərəfli əməkdaşlığın genişləndirilməsi sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyur. İki xalqın nümayəndələri arasında humanitar əlaqələr, təhsil mübadiləsi və şəxsi münasibətlər bu dostluğun möhkəmləndirilməsində xüsusi rol oynayır.

Bunu Vyetnamın keçmiş elm və texnologiyalar nazirinin müavini, Milli Assambleyanın keçmiş deputatı, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının təsisçisi və fəxri prezidenti, doktor Ngiem Vu Khay AZƏRTAC-a müsahibəsində deyib. O, həmçinin Bakıda təhsil aldığı illərlə bağlı xatirələrini bölüşüb, iki ölkə arasındakı tarixi əlaqələri dəyərləndirib və gələcək əməkdaşlığın inkişafına dair təkliflərini irəli sürüb.

– Azərbaycanla Vyetnam arasında münasibətlərin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

– Hesab edirəm ki, Vyetnam ilə Azərbaycan arasındakı münasibətlər tarixinin ən perspektivli dövrlərindən birinə qədəm qoyur. Dostluğumuzun dərin tarixi kökləri var və xalqlarımız arasında qarşılıqlı hörmət, həmrəylik və səmimi rəğbət sayəsində daha da möhkəmlənir. 1959-cu ilin iyulunda Prezident Ho Şi Minin Bakıya səfəri mühüm tarixi hadisə olub. Onun Azərbaycan mütəxəssislərinin köməyi ilə Vyetnamda neft sənayesinin inkişaf etdirilməsi ideyası sonradan gerçəkləşərək əlamətdar nəticə verib.

1992-ci ilin sentyabrında rəsmi şəkildə qurulan diplomatik münasibətlər davamlı inkişaf edib. Xüsusilə 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama və 2015-ci ildə isə Prezident Çıonq Tan Şanqın Azərbaycana səfərlərindən sonra bu əlaqələr daha da genişlənib. 2025-ci ilin mayında Baş katib To Lamın Azərbaycana səfəri çərçivəsində strateji tərəfdaşlığın qurulması münasibətlərimizin tarixində dönüş nöqtəsi olub.

Bu gün münasibətlərimiz ənənəvi siyasi dostluq çərçivəsini aşaraq energetika, ticarət, təhsil, elm, texnologiya və mədəni mübadilə sahələrini də əhatə edir. 1970–1976-cı illərdə Bakıda təhsil almış Vyetnam vətəndaşı kimi mən bu münasibətləri sadəcə diplomatik nailiyyət deyil, həm də dərin şəxsi bağlılıq kimi qəbul edirəm.

Səmimi-qəlbdən ümid edirəm ki, Prezident İlham Əliyevin Vyetnama hazırkı səfəri münasibətlərimizə yeni təkan verəcək və uzun illərə söykənən dostluğumuzu getdikcə daha məzmunlu, səmərəli və qarşılıqlı faydalı əməkdaşlığa çevirməyə imkan yaradacaq.

– Ölkələrimiz arasında ənənəvi dostluğun və sıx əlaqələrin daha da möhkəmləndirilməsi üçün hansı imkanları görürsünüz?

– Vyetnam və Azərbaycanın tarixi dostluğu XXI əsrin iqtisadi və texnoloji imkanları ilə birləşdirən yeni əməkdaşlıq modelinin inkişafı üçün böyük perspektivləri var.

Birincisi, energetika sahəsində əməkdaşlıq mühüm baza olaraq qalmalıdır. Azərbaycan neft yataqlarının kəşfiyyatı, neft hasilatı və emalı sahəsində beynəlxalq səviyyədə tanınan təcrübəyə malikdir. Vyetnam isə dənizdəki enerji ehtiyatlarının mənimsənilməsi sahəsində əhəmiyyətli təcrübə qazanıb. Əməkdaşlığı bərpaolunan enerji, enerji səmərəliliyi və yaşıl texnologiyalar sahələrində də genişləndirmək mümkündür.

İkincisi, ölkələrimizin coğrafi mövqeyi mühüm strateji üstünlüklər yaradır. Azərbaycan Vyetnam üçün onu Qafqaz, Xəzər regionu, Mərkəzi Asiya və Avropa ilə birləşdirən qapıya çevrilə bilər. Öz növbəsində, Vyetnam Azərbaycanın Cənub-Şərqi Asiya və daha geniş ASEAN bazarı ilə əlaqələrini möhkəmləndirməsinə kömək edə bilər.

Üçüncüsü, elm, texnologiya, innovasiyalar və rəqəmsal transformasiya, xüsusilə süni intellekt, qabaqcıl mühəndislik, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi kimi sahələrdə yeni perspektivlər açır.

Dördüncüsü, təhsil və mədəniyyət mübadiləsini, o cümlədən təqaüd proqramları, birgə tədqiqatlar, universitetlər arasında tərəfdaşlıq və gənclər proqramlarını da gücləndirmək lazımdır.

Nəhayət, mən qəti əminəm ki, Azərbaycanda təhsil almış minlərlə vyetnamlı mütəxəssis özünəməxsus dostluq və peşəkar əlaqələr şəbəkəsini təmsil edir. Bizim vəzifəmiz bu dəyərli tarixi irsi konkret layihələrə, davamlı tərəfdaşlıq münasibətlərinə və gənc nəsil üçün imkanlara çevirməkdir.

– Azərbaycan və onun xalqı haqqında təəssüratlarınızı bizimlə bölüşməyinizi istərdik.

– Azərbaycan qəlbimdə xüsusi yer tutur. 1970-ci ildə, cəmi 17 yaşım olarkən Bakıya gəlmişəm və Bakı Dövlət Universitetində təhsil alaraq ömrümün unudulmaz altı ilini burada keçirmişəm. Həmin illər Vyetnam üçün son dərəcə çətin dövr idi. Xalqımız milli müstəqillik və ölkənin birləşdirilməsi uğrunda mübarizə aparırdı. Lakin Azərbaycanda biz misilsiz mehribanlıq, dostluq və həmrəylik gördük. Professorlarımız, müəllimlərimiz, kurs yoldaşlarımız və sadə vətəndaşlar bizə səmimiyyət və hörmətlə yanaşırdılar. Onlar bizi azadlıq uğrunda mübarizə aparan cəsur xalqın gənc nümayəndələri kimi görürdülər. İnsanların bizi “Qəhrəman Vyetnam”, “Vyetnam mütləq qalib gələcək”, “Vyetnam – Ho Şi Min” sözləri ilə hərarətlə salamlamasını bu gün də xatırlayıram. Onların dəstəyi bizə güc verir, təhsilimdə daha çalışqan olmağa ruhlandırırdı. 1976-cı ildə universiteti fərqlənmə diplomu ilə bitirdim. Bakıda qazandığım biliklər sonradan Yaponiyada doktorantura tədqiqatlarımı davam etdirməyimə və Vyetnamda elmin inkişafına töhfə verməyimə imkan yaratdı.

Mən Azərbaycanın qədim sivilizasiyasına, zəngin mədəniyyətinə, milli ləyaqətinə, qonaqpərvərliyinə və dözümlülüyünə də dərin heyranlıq duyuram. Azərbaycan mənim üçün əbədi olaraq ikinci vətən olaraq qalacaq.

– Azərbaycan və Vyetnam arasında humanitar mübadilənin, xüsusilə təhsil sahəsində əməkdaşlığın hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

– Təhsil Vyetnam ilə Azərbaycan arasında dostluq bağlarının mühüm və möhkəm təməllərindən birinə çevrilib. Hələ sovet dövründə Azərbaycan universitetləri və texniki təhsil müəssisələri neft mühəndisliyi, geologiya, fundamental elmlər, texnologiya və hərbi ixtisaslar üzrə minlərlə vyetnamlı tələbə və mütəxəssis hazırlayıb. Məzun icmalarında mütəmadi səsləndirilən fikirlərə görə, Vyetnamın təxminən 4500 vətəndaşı Azərbaycanda təhsil alıb və ya peşə hazırlığı keçib. Onların bir çoxu sonradan alim, mühəndis, universitet müəllimi, yüksək vəzifəli dövlət məmuru və Vyetnamın iri müəssisələrinin rəhbəri olub. Bu insanların töhfəsi Vyetnamın müharibədən sonrakı bərpası və ölkənin sonrakı iqtisadi inkişafı dövründə xüsusilə böyük əhəmiyyət daşıyıb.

Mən də bu təhsil əməkdaşlığının imkanlarından yararlanan şəxslərdən biriyəm. Bakı Dövlət Universitetində qazandığım elmi biliklər, peşəkar intizam və intellektual maraq bütün karyerama dərindən təsir göstərib. Xüsusilə sevindirici haldır ki, 2017-ci ildə Vyetnam Azərbaycanın aparıcı təhsil müəssisələrinin xidmətlərini yüksək qiymətləndirərək onları “Dostluq” ordenləri ilə təltif edib.

Mədəni mübadilə də dostluq assosiasiyalarımızın və diplomatik nümayəndəliklərimizin təşkil etdiyi sərgilər, konfranslar, bədii proqramlar və tədbirlər sayəsində genişlənib. Bununla belə, hesab edirəm ki, biz tarixi nailiyyətləri sadəcə yad etməklə kifayətlənməməliyik.

Təhsil sahəsində əməkdaşlığın təqaüd proqramlarını, tələbələrin akademik mobilliyini, birgə tədqiqatları, rəqəmsal təhsili və müəssisələr arasında tərəfdaşlığı əhatə edən yeni mərhələsinə ehtiyacımız var. Keçmişdə təhsil xalqlarımızı bir-birinə yaxınlaşdırıb. Gələcəkdə isə onlar arasında daha dayanıqlı körpüyə çevrilə bilər.

– Azərbaycan ilə Vyetnam arasında münasibətlərin gələcək inkişafı ilə bağlı gözləntiləriniz nədir?

– Xüsusilə 2025-ci ilin mayında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasından sonra Vyetnam ilə Azərbaycan arasındakı əlaqələrin gələcəyinə nikbin baxıram. Ən böyük gözləntim siyasi etimadı və tarixi dostluğu hər iki ölkəyə və onların vətəndaşlarına fayda gətirəcək konkret nailiyyətlərə çevirə bilməyimizdir. Birincisi, strateji razılaşmalarımızın həyata keçirilməsi üçün prioritetləri və məsul qurumları dəqiq müəyyənləşdirən, nəticələrin müntəzəm qiymətləndirilməsini nəzərdə tutan səmərəli mexanizmlər yaradılmalıdır. İkincisi, iqtisadi əməkdaşlıq əhəmiyyətli dərəcədə genişləndirilməlidir. İqtisadiyyatlarımızın bir-birini tamamlayan üstünlüklərinə və hər iki ölkənin əlverişli coğrafi mövqeyinə baxmayaraq, ticarət və investisiya həcmi hələ də mövcud potensiala uyğun deyil. Üçüncüsü, elm, texnologiya, innovasiyalar və təhsil ikitərəfli münasibətlərin yeni hərəkətverici qüvvələrinə çevrilməlidir. Birgə tədqiqat təşəbbüslərini, akademik mübadiləni, süni intellekt, yaşıl texnologiyalar və insan kapitalının inkişafı sahələrində əməkdaşlığa xüsusi önəm verərdim. Dördüncüsü, mədəni diplomatiya və xalqlar arasında dostluq münasibətlərimizin ən mühüm dayaqları olaraq qalmalıdır.

2029-cu ildə Prezident Ho Şi Minin Bakıya tarixi səfərinin 70 illiyi ərəfəsində ümid edirəm ki, hər iki ölkə bu əlamətdar tarixə həsr olunmuş məzmunlu tədbirlər proqramı və gələcəyə yönəlmiş əməkdaşlıq planı hazırlayacaq. Hər şeydən əvvəl, gənc vyetnamlılarla azərbaycanlıların 50 ildən çox əvvəlki nəsilləri birləşdirən qarşılıqlı anlaşma, etimad və rəğbəti inkişaf etdirdiklərini görmək istərdim. Bu, dostluğumuzun ən dəyərli mirası olardı.

– Azərbaycan ilə Vyetnam arasında ədəbi və mədəni əlaqələrin inkişafına mühüm töhfə vermiş bir şəxs kimi bu sahələrdə ikitərəfli münasibətlərin inkişafını necə qiymətləndirirsiniz?

– Hesab edirəm ki, ədəbiyyat və mədəniyyət xalqlarımız arasında ən dərin və möhkəm bağlardan biridir. Vyetnam ilə Azərbaycan arasında coğrafi uzaqlıq olsa da, mədəniyyətlərimizi bir sıra mühüm dəyərlər birləşdirir. Bunlara vətənpərvərlik, milli ləyaqət, ailəyə hörmət, qonaqpərvərlik, mərhəmət və güclü sülh istəyi daxildir. Bakıda təhsil aldığım illərdə Azərbaycanın qədim “Kitabi-Dədə Qorqud” dastanından tutmuş ənənəvi musiqisinə, memarlığına və tarixi abidələrinə qədər zəngin mədəni irsi məndə heyrətamiz hisslər yaratmışdı. Qobustanın qayaüstü rəsmləri və Qız qalası tarixi kökləri olduqca qədimlərə gedib çıxan bir sivilizasiyanı simvolizə edir. Ötən illər ərzində keçirilən mədəni konfranslar, sərgilər, xatirə tədbirləri və dostluq assosiasiyalarının təşəbbüsləri vyetnamlıların Azərbaycanı daha yaxından tanımasına kömək edib. Bununla belə, mövcud potensialı nəzərə alsaq, ədəbi mübadilə hələ də kifayət qədər inkişaf etməyib.

Vyetnamlı oxucular Azərbaycan poeziyası, klassik ədəbiyyatı, müasir nəsr əsərləri və tarixi mövzuda yazılmış əsərlərlə daha geniş tanış olmaq imkanına malik olmalıdırlar. Eyni zamanda, azərbaycanlı oxucular da Vyetnam ədəbiyyatı ilə tanış olmaq üçün daha çox imkan əldə etməlidirlər. Xüsusilə yazıçılar təşkilatları, nəşriyyatlar, universitetlər, tərcüməçilər və mədəniyyət müəssisələri arasında əməkdaşlığın inkişafını arzulayıram. Ədəbiyyat bizə başqa ölkənin yalnız tarixini deyil, həm də ruhunu, arzularını və mənəvi dəyərlərini anlamağa imkan verir. Belə qarşılıqlı anlaşma həqiqi və davamlı dostluğun zəruri təməlidir.

– Vyetnamda Azərbaycan ədəbiyyatının və mədəniyyətinin təbliği istiqamətində fəaliyyətiniz və təşəbbüsləriniz barədə danışa bilərsinizmi?

– Vyetnam və Azərbaycan mədəniyyətləri arasında dostluq və qarşılıqlı anlaşmanın təşviqi həyatımın əsas fəaliyyət istiqamətlərindən birinə çevrilib. 2015-ci ildə Azərbaycanın təhsil müəssisələrində təhsil almış soydaşlarımın, eləcə də müvafiq təşkilatların dəstəyini alaraq Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının təsisçisi və ilk prezidenti oldum. Hazırda həmin qurumun fəxri prezidentiyəm. Assosiasiya vasitəsilə Hanoydakı Azərbaycan səfirliyi və vyetnamlı tərəfdaşlarımızla əməkdaşlıq çərçivəsində Azərbaycanın tarixinə və mədəni irsinə həsr olunmuş konfranslar, mədəni mübadilə tədbirləri, sərgilər, xatirə tədbirləri və ictimai müzakirələr təşkil etmişik və onların keçirilməsinə dəstək vermişik. Çıxışlarımda xalqlarımızı birləşdirən vətənpərvərlik, qonaqpərvərlik, tolerantlıq və milli müstəqilliyə hörmət kimi ümumbəşəri dəyərləri xüsusi vurğulamışam. Həmçinin Azərbaycanda təhsil almış keçmiş vyetnamlı tələbələri öz xatirələrini, peşəkar təcrübələrini və Azərbaycan cəmiyyəti haqqında biliklərini gənc nəsillə bölüşməyə çağırmışam. 2017-ci ildə ikitərəfli dostluğun möhkəmləndirilməsinə verdiyim töhfəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əlindən Azərbaycanın “Tərəqqi” medalını almaq mənim üçün böyük şərəf idi.

Gələcəkdə ədəbi əsərlərin tərcüməsi və nəşri, mədəniyyətə dair nəşrlərin və sənədli layihələrin hazırlanması, eləcə də gənc yazıçılar və alimlər arasında mübadilənin inkişafı istiqamətində daha sistemli fəaliyyətə töhfə vermək istərdim. Mənim əsas qənaətim sadədir: dostluq yalnız rəsmi sənədlərdə deyil, həm də insanların yaddaşında, ədəbiyyatda və qəlbində yaşadıqda həqiqətən möhkəm olur.

– Sizcə, Azərbaycan və Vyetnam arasında elm, ədəbiyyat və təhsil sahələrində əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün hansı konkret addımlar atılmalıdır?

– Hesab edirəm ki, konkret təşəbbüsə əsaslanan bir neçə praktiki və uzunmüddətli fəaliyyət proqramı qəbul etməliyik. Birincisi, universitetlərimiz və elmi-tədqiqat müəssisələrimiz energetika texnologiyaları, geologiya, ekologiya elmləri, süni intellekt, rəqəmsal transformasiya və dayanıqlı inkişaf, o cümlədən, qarşılıqlı maraq doğuran sahələrdə birgə elmi layihələr həyata keçirməlidirlər. İkincisi, tələbələr, doktorantlar və gənc alimlər üçün ikitərəfli təqaüd və akademik mübadilə proqramları yaradılmalıdır. Birgə təhsil proqramları və qısamüddətli elmi tədqiqat təcrübələrinin təşkili də faydalı olardı. Üçüncüsü, Vyetnam-Azərbaycan Elm və Təhsil Forumunun yaradılmasını təklif edirəm. Forum mütəmadi olaraq növbə ilə hər iki ölkədə keçirilməli, universitetləri, elmi-tədqiqat institutlarını, müəssisələri və dövlət orqanlarının nümayəndələrini bir araya gətirməlidir. Dördüncüsü, ədəbiyyat və mədəniyyət sahəsində əsərlərin qarşılıqlı tərcüməsi və nəşri proqramlarına, ədəbi festivallara, film nümayişlərinə, eləcə də ümumi tarixi irsimizin rəqəmsal arxivlərinin yaradılmasına dəstək verilməlidir. Beşincisi, məzun şəbəkələri, xüsusilə Azərbaycanda təhsil almış vyetnamlı mütəxəssislər bu fəaliyyətə fəal cəlb olunmalı, onlardan mentor və institusional əməkdaşlığın inkişafında vasitəçi kimi istifadə edilməlidir. Nəhayət, 2029-cu ildə Prezident Ho Şi Minin Bakıya səfərinin 70 illiyinə həsr olunmuş birgə tədbirlər proqramının hazırlanmasını təklif edirəm.

Belə təşəbbüslər tariximizə ehtiram göstərməklə yanaşı, gənc nəsil üçün yeni imkanlar da yaradacaq. Son məqsədimiz tarixi dostluğumuzu bilik, yaradıcılıq və ümumi rifaha əsaslanan dinamik tərəfdaşlığa çevirmək olmalıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fransada polisə silahdan istifadə imtiyazı verən qanun layihəsinə etiraz edilib  

16:27
20 Noyabr

Qətər Hörmüz boğazı böhranına qarşı beynəlxalq birgə fəaliyyətə çağırıb

16:13
20 Noyabr

Beyin fəaliyyəti ilə bağlı yeni araşdırma aparılıb  

16:03
20 Noyabr

Azərbaycan və Vyetnam arasında çoxşaxəli əlaqələrin bugünü və gələcəyi  

16:01
20 Noyabr

Baş prokuror paytaxtın Binəqədi rayonunda vətəndaşlarla görüşüb  

15:53
20 Noyabr

Azərbaycan əhalisinin sayı açıqlanıb

15:43
20 Noyabr

UEFA Millətlər Liqasında 1/4 final mərhələsinin püşkü atılıb

15:39
20 Noyabr

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Qubadlıdan olan vətəndaşlarla görüşüb  

15:32
20 Noyabr

Birinci vitse-prezident Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüb  

15:27
20 Noyabr

Nikol Paşinyan: Yeni Konstitusiyanın mətni noyabrın 23-də dərc olunacaq  

15:14
20 Noyabr

Milli Məclisin sədri Türkmənistanda MDB PA-nın 61-ci plenar iclasında çıxış edib  

15:01
20 Noyabr

Əkin işləri bitmədən pul hesabda olacaq – Fermerlər üçün yeni dəstək mexanizmi  

14:49
20 Noyabr

Azərbaycanla Vyetnam arasında iqtisadi əlaqələr böyük potensiala malikdir

14:47
20 Noyabr

Ngiem Vu Khay: Ümid edirəm ki, gənc azərbaycanlılarla vyetnamlılar arasında da bizim nəslin nümayəndələri arasında olduğu kimi qarşılıqlı anlaşma olacaq – MÜSAHİBƏ

14:41
20 Noyabr

Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib

14:32
20 Noyabr

Heydər Əliyev ideyaları ilə başlayan böyük siyasi yol

14:24
20 Noyabr

Emin Hüseynov: Ağdam şəhərində 3 mindən çox sakin yaşayır

14:23
20 Noyabr

Güləş millimiz Gürcüstanda çempion olub

14:21
20 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb YENİLƏNƏCƏK

14:15
20 Noyabr

Kiyevə raket hücumu nəticəsində üç nəfər həlak olub, 15 nəfər yaralanıb  

14:01
20 Noyabr

“Instagram” hekayələrini redaktə etmək olacaq  

13:57
20 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!