Həyatını, siyasi fəaliyyətini Azərbaycana həsr edən Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dövrlərində öz xalqının yüksəlişi və rifahı üçün çalışmışdır. Azərbaycan xalqına tarixi nailiyyətimiz olan müstəqillik sevincini yaşadan Heydər Əliyevin siyasi məktəb olan dövlətçilik təcrübəsi, müdriklik konsepsiyası özünün müəyyənləşdirdiyi aspektlər əsasında formalaşmış, sınaqlardan çıxmış siyasi liderlik fəlsəfəsinin zirvəsinə yüksəlmişdir.
Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası
Siyasi partiyaları canlı orqanizm adlandıran, respublikamızda demokratiyanın başlıca şərtləri olan çoxpartiyalılıq sisteminin formalaşmasını, plüralizm və fikir azadlığını sağlam cəmiyyətin, vətəndaş həmrəyliyinin başlıca şərti kimi dəyərləndirən müdrik şəxsiyyət Heydər Əliyev Azərbaycanın əbədi varlığı üçün üzləşdiyi ən çətin sınaqlardan zəkasının qüdrəti ilə çıxmış, “Ümummilli Lider” adını qazanmışdır. Ulu Öndərin tarixi xilaskarlıq missiyası hələ ötən əsrin sonlarına təsadüf edir. Ermənistanın torpaqlarımızı bir-birinin ardınca işğal etdiyi o çətin illərdə ölkəmizdəki daxili başıpozuq qüvvələr arasında güclənən hakimiyyət uğrunda mübarizə, xarici qüvvələrin törətdikləri təxribatlar nəticəsində yaranan sosial-iqtisadi böhranlar, hakimiyyətsizlik, xaos insanların sabaha olan ümidini itirmişdi. Ayrı-ayrı qüvvələrə xidmət edən silahlı dəstələr arasında baş verən qarşıdurmalar insanları narahat edir, onlar üçün həyati təhlükə yaradırdı. Narahatlıq doğuran məqamlardan biri isə cəmiyyətin gündəlik həyatı ilə bağlı problem - çörək növbələrinin artması idi. Belə bir zamanda hakimiyyəti zəbt edən AXC-Müsavat cütlüyünün səriştəsizliyi və səbatsızlığı respublikadakı ictimai-siyasi vəziyyəti daha da gərginləşdirmişdi. Bu cütlüyün idarəetmə strukturlarının mənzərəsi gülünc olmaqla yanaşı, həm də ikrah doğururdu. O vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan Heydər Əliyevə fiziki təzyiq göstərmək üçün muxtar respublikaya desant qrupların göndərilməsi, sözün əsl mənasında, rəzillik idi. Hərtərəfli yarıtmaz əməlləri ilə respublikanı siyasi-iqtisadi böhran həddinə çatdıran dırnaqarası iqtidarın xəyanətləri üzündən baş verən Gəncə hadisələri ölkəmizdə vətəndaş müharibəsi təhlükəsi yaratmışdı.
Xarici dövlətlərin məkrli planları əsasında respublikamızda yaranan separatizm meyilləri genişlənirdi. Çox təəssüf ki, o zamankı iqtidar daxilində də belə xain düşüncədə olanlara niyyətlərini həyata keçirmək üçün geniş imkanlar yaradılırdı. İnsanların Heydər Əliyevə olan tükənməz sevgisi, etimadı, inamı dırnaqarası iqtidar hakimiyyətini qıcıqlandırırdı. Azərbaycanın işıqlı gələcəyini düşünən insanlar isə həmişə olduğu kimi, yenə də düzgün seçim etdilər. Ulu Öndər xatirələrindən birində deyirdi: “Bir gün Litvadan gələn müxbirlərdən birinci onu soruşdum ki, nə üçün bura gəlmisiniz? Dedi, gəldik, bir gün Bakıda olduq, sonra Naxçıvana gəldik. Deyirəm nə üçün bura gəlmisiniz, məndən nə istəyirsiniz, nə olub ki? Cavab verdi ki, bilirsiniz, indi Azərbaycanda ən böyük dəyişikliklər Naxçıvanda gedir. Biz bunu eşitmişik, ona görə də Naxçıvana gəlmişik”. Bu və bu kimi bir çox nümunələr Ümummilli Lider Heydər Əliyevin dünya şöhrətli lider olduğunu təsdiq edən tutarlı faktlardandır.
O illərdə blokadanın yaratdığı çətinliklərlə üz-üzə qalan Naxçıvana Türkiyədən, Amerika Birləşmiş Ştatlarından yardımların göndərilməsi böyük Heydər Əliyevin yüksək nüfuzundan, dünyaca tanınan siyasi lider olmasından irəli gəlirdi. Bu kimi halları həzm edə bilməyən cütlük hakimiyyətinin 1992-ci ildə Naxçıvanda Ümummilli Lider Heydər Əliyevə qarşı törətdikləri təxribatlar siyasi qısqanclıqdan başqa bir şey deyildi. Xalqımız isə inanırdı ki, Azərbaycan üçün həyati əhəmiyyətli problemlər yalnız müdrik dühanın, o dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan böyük şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə aradan qaldırıla bilər.
Zərurətdən yaranan partiya
Ölkəmizin son dərəcə acınacaqlı vəziyyətindən narahat olan Azərbaycan ziyalılarının Naxçıvana ünvanlanan “Azərbaycan sizin sözünüzü gözləyir” adlı müraciətində bir istək dayanırdı: Azərbaycan bütün təhlükələrdən yalnız Heydər Əliyevin zəkası, qüdrəti, müdrikliyi sayəsində qurtula bilər. Adları “91-lər” kimi müstəqillik tariximizə yazılan respublikamızın tanınmış ziyalıları Ulu Öndərə zamanında müraciət etdilər. Hakimiyyətə gəlməzdən əvvəl demokratiyadan danışan siyasətdən xəbərsiz AXC-Müsavat iqtidarının o zaman ölkədə yaratdığı vəziyyətin dözülməzliyindən bəhs edilən müraciətdə qeyd olunurdu: “Azərbaycanı dağılmaq təhlükəsindən qurtara biləcək yeganə şəxsiyyət Heydər Əliyevdir. Buna görə də Azərbaycanın, demək olar ki, bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və bizim təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz”.
“Yeni, müstəqil Azərbaycan uğrunda!” sərlövhəli cavab məktubu ilə ziyalıların müraciətini Azərbaycan naminə göstərilən vətəndaş həmrəyliyi kimi dəyərləndirən və “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur” sözləri ilə bu təşəbbüsü respublikanın mütərəqqi insanlarının xoş niyyəti adlandıran Ulu Öndər Heydər Əliyev əlavə olaraq bildirirdi: “Bu partiya Azərbaycanda dövlətçiliyin möhkəmlənməsində, inkişafında tarixi rol oynaya biləcək. Əgər belə partiya yaradılarsa onun fəaliyyətində iştirak etməyə hazıram”.
Beləliklə, 21 noyabr 1992-ci ildə Naxçıvanda ölkəmizin ayrı-ayrı bölgələrindən cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən 550 nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Bu konfransda xalqımızın böyük oğlu Heydər Əlirza oğlu Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Yeni Azərbaycan Partiyasının qəbul olunmuş Bəyanatında qeyd olunduğu kimi, bu partiyanın başlıca məqsədi dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, sivilizasiyalı, demokratik, hüquqi dövlətin, sosial istiqamətli iqtisadiyyatın yaradılması, ölkədə sabitliyin qorunması, irqindən, milliyyətindən asılı olmayaraq ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması naminə önəmli islahatların keçirilməsidir. “Bizim şüarımız: Müxalifət naminə müxalifət ola bilməz. Bizim prinsipimiz konstruktivlikdir” çağırışları Yeni Azərbaycan Partiyasının sivil mübarizə yolu, fəaliyyət istiqaməti idi. 
Qısa müddətdə iqtidar partiyasına çevrilən, ümumxalq məhəbbəti, ehtiramı qazanan bu böyük siyasi təşkilatda birləşən sağlam əqidəli insanların fədakarlıqlarının nəticəsidir ki, Azərbaycan dünyada qalib, qüdrətli dövlət kimi tanınır, nümunə göstərilir, beynəlxalq təşkilatların hesabatlarında adı ilk sıralarda çəkilir. Müzəffər Ali Baş Komandan, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev “O vaxt 91 vətənpərvər insan bu tarixi missiyanı öz üzərinə götürüb Heydər Əliyevə müraciət göndərmişdi. Onların bu əməyi Azərbaycan tarixində öz layiqli yerini tutmuşdur və partiyamızın yaradılması ölkəmizdə gedən xoşagəlməz proseslərin gələcəkdə qarşısının alınmasında xüsusi rol oynamışdır” sözləri ilə Yeni Azərbaycan Partiyasının yaradılmasında yaxından iştirak etmiş insanların, ziyalıların xidmətlərini yüksək qiymətləndirmiş, dəyərləndirmiş, hər bir vətəndaş kimi partiya qurucularına da yüksək səviyyədə diqqət və qayğının davam etdiriləcəyini qeyd etmişdir.
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
Yeni Azərbaycan Partiyası ötən 34 ildə şərəfli inkişaf yolu keçmiş, böyük siyasi təşkilat kimi nüfuz qazanmışdır. 1993-cü ildə qədirbilən xalqımızın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan, qayıdışı ilə Azərbaycanımızı dünyada doğan günəş kimi tanıdan Ulu Öndər Heydər Əliyev hazırladığı neft strategiyası əsasında müəllifi olduğu “Əsrin müqaviləsi” kimi qlobal enerji sənədinin imzalanması ilə ölkəmizə böyük investisiya axınının təməlini qoydu. Dahi şəxsiyyətin müəyyənləşdirdiyi konsepsiya əsasında inkişaf edən müasir müstəqil Azərbaycanda çox önəmli islahatlar aparıldı, genişmiqyaslı layihələr həyata keçirildi. 1995-ci ildə ümumxalq səsverməsi ilə Ulu Öndərin müəllifi olduğu, xalqımızın qanun kitabı- ilk milli Konstitusiya qəbul olundu. Hələ Naxçıvanda ikən başladığı bazar iqtisadiyyatına keçid üçün düşünülmüş islahatları bütün respublika ərazisində, xüsusilə bölgələrdə davam etdirən müdrik şəxsiyyətin ən çox diqqət yetirdiyi sahə ordu quruculuğu, azərbaycançılıq ideyalarının formalaşması, milli-mənəvi sərvətlərimizin qorunmasının hər bir vətəndaşın vətəndaşlıq borcu olması kimi ideyaları şüurlarda möhkəmləndirmək idi. Bu vəzifələrin yerinə yetirilməsi üçün təbii ki, böyük liderlik cəsarəti, milli dövlətçilik təcrübəsi, xalqına, torpağına bağlılıq tələb olunurdu. Keçmiş münaqişənin həlli üçün müxtəlif ölkələrə rəsmi səfərləri zamanı Ermənistanın işğalçılıq siyasətini faktlarla ifşa edən Ulu Öndər bir həqiqətə tam əmin idi: Müstəqilliyi uğrunda apardığı mübarizədə həmişə qalib olmuş Azərbaycan xalqı doğma Vətən torpaqlarının işğaldan azad edildiyi günün sevincini də mütləq yaşayacaqdır!
2003-cü ilin 15 oktyabrına təyin edilmiş prezident seçkiləri ərəfəsində Azərbaycan xalqına müraciət edən Ümummilli Lider Heydər Əliyev əsasını qoyduğu və xalq tərəfindən dəstəklənən siyasətini davam etdirəcək şəxsiyyətin dəqiq ünvanını göstərmişdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Ölkəmizdə bugünədək keçirilən bütün Prezident seçkilərində, xüsusilə, 2020-ci ildəki böyük Zəfərdən sonrakı Prezident seçkilərdə seçicilərin hər dəfəkindən daha yüksək etimadını qazanaraq ölkəyə rəhbərlik edən cənab İlham Əliyev doğma xalqının etimadını, inamını doğrultmaqla yanaşı, müdrik şəxsiyyət, dahi Lider Heydər Əliyevin düşünülmüş siyasətini zamanın tələbinə uyğun davam etdirir. Bu uğurlu siyasət sayəsində Azərbaycanın, siyasi, iqtisadi, diplomatik uğurları, idmanın inkişafı sahəsində qazandığı nailiyyətlər davamlı xarakter alıb. Ümummilli Liderin müəllifi olduğu enerji və nəqliyyat layihələrini reallaşdırmaqla beynəlxalq səviyyədə dəstəklənən çoxşaxəli əməkdaşlıq formatının müəllifi olan Prezident İlham Əliyev dünyada sabitliyin, əməkdaşlığın möhkəmlənməsinə böyük töhfələr verir.
Azərbaycan təkcə Qoşulmama Hərəkatına, Türk Dövlətləri Təşkilatına sədrlik etməsi ilə deyil, BMT, TürkPA, Avropa Şurası, ATƏT, Avropa İttifaqı kimi bir çox beynəlxalq təşkilatlarda müstəqil və yaradıcı mövqeyi ilə də diqqəti cəlb edir.
2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində qazandığımız Qələbə Azərbaycanı dünyaya siyasi, iqtisadi, müdafiə qüdrətli ölkə kimi yenidən tanıtdı. 44 gün davam edən İkinci Qarabağ müharibəsini böyük Zəfərlə başa çatdıran, düşmənlərə göz dağı olan, torpaqlarımızı işğaldan azad edən qalib Prezident İlham Əliyevin vurğuladığı kimi: “Xalqımız Milli Ordumuzun qüdrəti sayəsində haqqın, ədalətin, beynəlxalq hüququn bərqərar olmasına müvəffəq oldu. Torpaqlarımızın Ermənistanın işğalından azad olunması ilə Ulu Öndərin ən böyük arzusu da yerinə yetirildi”.
Nəyin necə, nə vaxt həll olunacağını müdrikcəsinə müəyyənləşdirən və bəyan edən Prezident İlham Əliyev Azərbaycanın inkişaf modelini, konsepsiyasını hazırlamaqla bu gün öyündüyümüz böyük Zəfərimiz üçün etibarlı baza formalaşdırdı. Ölkə iqtisadiyyatını bütün sahələr üzrə inkişaf etdirən dövlətimizin başçısı Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi müdafiə qüdrətimizin möhkəmlənməsi naminə hərtərəfli islahatlar həyata keçirdi. Ölkə daxilində, siyasi müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində apardığı siyasətlə, informasiya cəbhəsində qazandığı üstünlükləri ilə xalqımızda qələbəyə böyük inam yaratdı. Çıxışlarında torpaqlarımızın işğaldan azad olunması üçün hərb variantının da mümkünlüyünü həmişə diqqətdə saxlayan Prezident İlham Əliyev “Biz hərb istəmirik, amma hərbə hazırıq” kəlamına uyğun müdafiə qüdrətimizi gücləndirdi. 2016-cı ilin Aprel döyüşlərindən nəticə çıxarmayan Ermənistanın təxribatları, sərsəm bəyanatları 2020-ci ildə Vətən müharibəsini qaçılmaz etdi. “Qarabağ Ermənistandır” deməklə aparılan danışıqlara son qoyduğunu, işğal altında qalan torpaqlarımızı özününküləşdirdiyini zənn edən paşinyanlar, əlləri xalqımızın qanına batmış serjiklər, köçəryanlar və onlar kimi qatillər gördü ki, Azərbaycan xalqının səbri sonsuz deyil.
İkinci Qarabağ müharibəsinin başlanması ərəfəsində BMT Baş Assambleyasının kürsüsündən Ermənistanın yeni müharibəyə hazırlaşdığını bəyan edən Prezident cənab İlham Əliyev, əslində, düşmənə və onun havadarlarına son xəbərdarlığını etdi. Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində Ali Baş Komandanın “Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” çağırışına qoşulan qəhrəman Azərbaycan xalqı öz rəhbərinin ətrafında səfərbər oldu. Hərbi əməliyyatların davam etdiyi 44 gündə Azərbaycan əsgəri bir gün də geri çəkilmədi. Böyük Heydər Əliyev ideyaları ilə silahlanmış, Prezident, qalib sərkərdə cənab İlham Əliyevin sayəsində ən müasir hərbi avadanlıq, texnika ilə təchiz olunmuş Azərbaycan Ordusu ən çətin istehkamları qətiyyətlə dəf etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, eyni zamanda, Suqovuşan, Hadrut qəsəbələri, Xocalı rayonunun bir hissəsi, Kəlbəcər rayonunun bir hissəsi, Murovdağ silsiləsi, Laçın rayonunun cənub hissəsi, strateji yüksəkliklər qısa müddətdə düşməndən azad edildi.
“Biz bu qələbəni həm peşəkarlıq, qəhrəmanlıq hesabına, eyni zamanda, milli ruh hesabına qazanmışıq. Biz haqlı idik, haqq-ədalət bizim tərəfimizdə idi. Bizim əsgər və zabitlərimiz hücuma keçəndə bir amalla yaşayırdı ki, öz doğma torpaqlarını işğalçılardan azad etsinlər. Noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb” deyən Prezident cənab İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan xalqı tarixi Zəfərini döyüş meydanında, siyasi, informasiya müstəvisində də qazandı.
Vahid və güclü siyasi qüvvə
Ölkəmizdə keçirilən prezident, parlament, bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasını dəstəkləyən, onun Cənubi Qafqazda ən böyük, Azərbaycanda isə alternativsiz siyasi təşkilat olduğunu göstərən fəal seçicilər əslində, bununla Ulu Öndər Heydər Əliyevin rəhbərliyində yaranmış bir partiyaya sədaqətlərini, Yeni Azərbaycan Partiyasınının Sədri, Prezident İlham Əliyevə olan sonsuz inam və etimad ifadə edirlər. Ölkəmizin uğurlu xarici siyasəti, hər ötən il dünyada Azərbaycana artan maraq ölkəmizin dünya birliyində aparıcı qüvvəyə çevrildiyini, dünya güclərinin bizimlə bir çox məsələlərdə hesablaşmalı olduqlarını və hesablaşdıqlarını təsdiqləyir.
Beynəlxalq səviyyədə əməkdaşlığa böyük önəm verən Yeni Azərbaycan Partiyası bu gün dünyanın bir neçə ölkəsinin hakim partiyaları, tanınmış siyasi təşkilatları ilə, eləcə də qardaş Türkiyə, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (İCAPP) və digər ölkələrin ən böyük siyasi təşkilatları ilə yaxından əməkdaşlıq edir. Partiyanın Avroatlantik məkanda, Avropa və Asiyadakı bir çox nüfuzlu siyasi təşkilatlarla əlaqələri var. Beynəlxalq səviyyəli görüşlərdə Azərbaycana, onun qalib Liderinə göstərilən xüsusi ehtiram Ümummilli Liderin “Azərbaycan dünyaya Günəş kimi doğacaq” sözlərinin həyatda əksi, reallığıdır. Ölkəmizdə fəaliyyət göstərən bir çox siyasi partiyaların zaman-zaman Yeni Azərbaycan Partiyasına birləşməklə bağlı müraciətləri isə partiyamızın yenilməz gücünü bir daha göstərir
2026-cı il oktyabrın 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VIII qurultayı ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra formalaşan yeni siyasi və geosiyasi reallıqlar dövrünə təsadüf etdi.Qurultay bir daha göstərdi ki, hər zaman siyasi proseslərdə xalqımızın önündə olan hakim partiyamız öz rəhbəri, Prezident İlham Əliyevin müzəffər Liderliyi ilə bundan sonra da fəal olacaq, Azərbaycanın inkişafına, yüksəlişinə və beynəlxalq mövqelərinin möhkəmlənməsinə layiqli töhfələr verəcək.
Bəxtiyar ƏSGƏROV,
filologiya üzrə fəlsəfə doktoru