“Noyabrın 21-də Azərbaycanın və Cənubi Qafqaz regionunun ən güclü siyasi təşkilatı - Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 34 ili tamam olur. YAP ötən illər ərzində Azərbaycanın siyasi-ictimai həyatında saysız-hesabsız uğurlara imza atıb. Dövlətçiliyin möhkəmlənməsi. demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində partiyanın rolu əvəzedilməzdir”.
Bu fikirləri Milli Məclisin deputatı, YAP Təftiş Komissiyasının üzvü Samir Vəliyev deyib. Deputat bildirib ki, Yeni Azərbaycan Partiyasının yaranmasının növbəti ildönümünü qeyd edərkən hər birimiz, ilk növbədə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə dərin hörmət və ehtiramımızı ifadə edirik. İllər keçdikcə, Azərbaycan daha da inkişaf etdikcə bu firavanlığı və əmin-amanlığı bizə bəxş etmiş Heydər Əliyevə daha böyük minnətdarlığımızı bildiririk. Birmənalı olaraq hər kəsə aydındır ki, müstəqil Azərbaycan Respublikasının mövcudluğunun qorunub saxlanılması, siyasi və iqtisadi sabitliyinin möhkəmlənməsi və dayanıqlı inkişafı, qabaqcıl dövlətlər sırasında yer alması müasir dövlətimizin memarı, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin adı ilə bağlıdır. Partiyanın yaranma tarixi ilə Azərbaycanın ikinci dəfə əldə etdiyi müstəqillik tarixi arasında qısa bir dövr olsa da, müasir dövlətçiliyin möhkəm sütunları məhz YAP-ın iqtidarda olduğu mərhələdən başlayır. Ötən əsrin 90-cı illərində ikinci dəfə müstəqilliyinə qovuşmuş Azərbaycanın səriştəsiz və təsadüfi adamların rəhbərliyi sayəsində dağılmaq təhlükəsi ilə üz-üzə qaldığı bir çətin şəraitdə respublikanı bu fəlakətdən məhz Heydər Əliyevin xilas edə biləcəyi inamı qətiləşmişdi. Məhz bu reallıqlar şəraitində xalqımızın ziyalılarının bir qrupu Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri vəzifəsində işləyən Ulu Öndərə təkidli müraciətlə ölkənin siyasi müqəddəratının Onun əlində olduğunu bildirdilər və Yeni Azərbaycan Partiyasının yaradılmasına razılıq verməsini xahiş etdilər. Həmin dövrdə hakimiyyətdə olan AXC-Müsavat iqtidarı Yeni Azərbaycan Partiyasının təsis konfransının Bakıda keçirilməsinə imkan vermədiyindən partiyanın təsis konfransı 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində baş tutdu və YAP-ın yaradılması haqqında qərar qəbul edildi. Partiyanın Heydər Əliyev tərəfindən hazırlanmış Proqram və Nizamnaməsi müzakirə olunaraq qəbul edildi. Ulu Öndər yekdilliklə partiyanın Sədri seçildi və təşkilatın rəhbər orqanları formalaşdırıldı. Heydər Əliyev sonralar həmin günü belə xatırlayırdı: “Biz 1992-ci ilin şaxtalı bir günündə, istilik olmayan bir zalda, Naxçıvan Dövlət Dram Teatrının binasında paltoda və çoxları papaqda oturaraq ilk konfransımızı keçirirdik. Üşüyürdük, əlimizi əlimizə sürtürdük. Amma iradəmiz yüksək idi, iradəmiz güclü idi. Gələcəyə çox nikbinliklə baxırdıq”.
Millət vəkilinin sözlərinə görə, YAP-ın yaranması Ulu Öndərin ideyaları, möhtəşəm nüfuzu, zəngin dövlətçilik təcrübəsinə əsaslandığından xalq arasında “Heydər Əliyev Partiyası” adlandırılması da təsadüfi deyildi. Bu səbəbdən partiya qısa müddətdə yüz minlərlə insanı nicat mənbəyi, xalqın sevgisi və dəstəyini qazanaraq siyasi istinadgah ünvanına, ümumxalq partiyasına çevrildi. Yeni Azərbaycan Partiyası yaranmasında cəmi altı ay sonra müxalifət partiyasından iqtidar partiyasına çevrildi. Bununla da respublikamızda güclü siyasi sabitlik və əmin-amanlıq arxitekturası əsasında milli inkişafımızın əsaslı sütunları yaradıldı. Azərbaycan sabit və dayanıqlı inkişaf yolunda irəlilədi. Heydər Əliyevin rəhbərliyi altında ölkəmiz 1993-2003-cü illərdə sürətli tərəqqiyə çataraq dünya birliyində öz layiqli yerini aldı.
Samir Vəliyev qeyd edib ki, Azərbaycan xalqı 2003-cü ilin prezident seçkilərində müdriklik göstərərək, Ulu Öndərin şəxsiyyətinə və əvəzedilməz siyasi kursuna dərin etimadın ifadəsi kimi cənab İlham Əliyevə səs verdi. Heydər Əliyev yolunu uğurla davam etdirən Prezident, YAP Sədri İlham Əliyevin unikal dövlətçilik istedadı və idaretməsi sayəsində ölkəmiz misilsiz uğurlara imza atmağa nail oldu. Prezident İlham Əliyev ölkə qarşısında duran bütün məsələləri, ən müqəddəs missiyanı - 30 il işğal altında olan torpaqlarımızı azad edib. Prezidentimiz partiyamızın yaradıcısı, dövlətçiliyimizin memarı Heydər Əliyevin siyasi vəsiyyətində yer alan ən ümdə və ali vəzifəni- Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenlyini təmin etməklə Qarabağ problemini də həll etdi.
“Öz ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa edən Azərbaycanın siyasi həyatında meydana çıxan yeni çağırışlar və reallıqlar ölkə həyatının bütün sahələrində büsbütün dəyişikliklərin edilməsini, o cümlədən siyasi instututların, demokratik təsisatların da fəaliyyətində bir sıra islahatların aparılmasını qaçılmaz etmişdi. Dövlət başçısının yeni inkişaf kursundan qaynaqlanan sosial-iqtisadi yüksəlişin davamlılığını təmin etmək, habelə beynəlxalq miqyasda nüfuzu və potensial imkanları güclənən Azərbaycanın qlobal mövqeyini daha da gücləndirmək, tarixi Qələbənin nəticələrini möhkəmləndirmək, ictimai-siyasi proseslərdən doğan müasir meyarları uyğun siyasi institutlaşmada təkmilləşdirmələr aparmaq və digər mühüm hədəflər məqsədilə ölkə həyatının ayrılmaz siyasi-iqtisadi qüvvəsinə çevrilmiş Yeni Azərbaycan Partiyasında da islahatların həyata keçirilməsi labüdləşdi. Məhz bu reallıqlar fonunda YAP-ın 2021-ci il martın 5-də VII Qurultayı keçirilməklə partiyanın inkişafında yeni mərhələnin əsası qoyuldu. Qurultayda yeni Nizamnamə qəbul edildi, bir müddət sonra İdarə Heyəti tərəfindən yeni Proqram təsdiqləndi” – deyən, millət vəkili əlavə edib ki, bu il oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII Qurultayının keçirilməsi isə ölkəmizin həyatında mühüm ictimai-siyasi hadisə oldu. Qurultayda Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev dərin məzmunlu çıxış edərək partiyanın yaranma zərurətindən, keçdiyi inkişaf yolundan və qarşıda dayanan vəzifələrdən ətraflı bəhs edib. Dövlət başçısının dediyi kimi, ilk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirildi. Bu fakt nə qədər böyük inkişaf yolu keçdiyimizi, şanlı zəfərlər qazandığımızı təsdiqləyir”. Prezident İlham Əliyev proqram xarakterli nitqində partiya qarşısında duran başlıca vəzifələri və gələcəyə yönəlmiş strateji hədəfləri bəyan etdi.
“Yeni Azərbaycan Partiyası hazırda nəinki Azərbaycanda, həm də bütün regionda ən böyük partiya olmaqla öz sıralarında yüz minlərlə insanı birləşdirərək böyük nüfuzu ilə tanınmaqdadır. Şübhəsiz ki, cənab İlham Əliyevin liderliyi ilə partiyamız bundan sonra da Azərbaycanın daha da inkişafına və güclənməsinə öz layiqli töhfələrini verəcək” – deyə, YAP Təftiş Komissiyasının üzvü vurğulayıb.
“Azərbaycan”