20 Noyabr 2026 10:13
160
SİYASƏT
A- A+
Müasir Azərbaycanın siyasi inkişafında tarixi və institusional amillər  

Müasir Azərbaycanın siyasi inkişafında tarixi və institusional amillər  


Hər bir siyasi partiyanın tarixdəki yeri onun hansı şəraitdə yaranması, hansı ideoloji prinsiplərə əsaslanması və cəmiyyətin inkişafına verdiyi töhfələrlə müəyyən olunur. Yeni Azərbaycan Partiyası bu baxımdan Azərbaycanın müasir siyasi tarixində özünəməxsus mövqeyə malikdir. 1992-ci il noyabrın 21-də yaranan YAP ötən 34 il ərzində ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayaraq, ümumxalq partiyasına, dövlətçilik ənənələrinin qorunmasında və milli maraqların müdafiəsində aparıcı siyasi qüvvəyə çevrilib. Bu gün Yeni Azərbaycan Partiyasının fəaliyyətini yalnız onun keçdiyi tarixi mərhələlər əsasında qiymətləndirmək kifayət deyil. Partiyanın müasir siyasi proseslərdəki mövqeyinə, dəyişən ictimai münasibətlərə uyğunlaşmaq bacarığına, təşkilati strukturuna, strateji hədəflərinə və Azərbaycanın yeni geosiyasi reallıqları şəraitində üzərinə götürdüyü vəzifələrə də diqqət yetirmək lazımdır. Çünki YAP-ın bugünkü fəaliyyəti ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən sonra formalaşmış yeni siyasi və ictimai şəraitlə sıx bağlıdır.

Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycan dövlətçiliyinin taleyinin həll olunduğu mürəkkəb tarixi şəraitə təsadüf edirdi. Ölkənin müxtəlif bölgələrindən olan 550 nümayəndənin iştirakı ilə 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransı müstəqil Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu. Konfransda partiyanın Nizamnaməsi və Proqramı qəbul edildi, Ulu Öndər Heydər Əliyev yekdilliklə sədr seçildi. Partiyanın yaranmasının əsasını təşkil edən “91-lər”in müraciəti xalqın ölkənin gələcəyi ilə bağlı narahatlığının və siyasi dəyişikliklərə olan ehtiyacının ifadəsi idi. Ulu Öndər Heydər Əliyevin siyasi təcrübəsi, dövlət idarəçiliyində qazandığı böyük nüfuz və xalqla sıx bağlılığı həmin dövrdə cəmiyyətin müxtəlif təbəqələrini bir araya gətirən əsas amillərdən idi. Sonrakı hadisələr göstərdi ki, bu tarixi seçim Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsində mühüm rol oynadı. Ulu Öndər Heydər Əliyevin siyasi irsi Yeni Azərbaycan Partiyasının ideoloji və təşkilati əsaslarını müəyyənləşdirən başlıca mənbədir. Onun dövlətçilik fəlsəfəsi müstəqilliyin qorunması, milli birliyin təmin olunması, iqtisadi inkişaf, sosial ədalət, beynəlxalq münasibətlərdə milli maraqların müdafiəsi və Azərbaycanın dünya birliyində layiqli yer tutması kimi fundamental prinsiplərə əsaslanır. Bu prinsiplər müasir dövrdə də ölkənin inkişaf strategiyasının əsas istiqamətlərini təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP-ın fəaliyyətində yeni inkişaf mərhələsi formalaşıb. 2005-ci il martın 26-da keçirilmiş III qurultayda Prezident İlham Əliyevin partiyanın sədri seçilməsi siyasi varisliyin və Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi kursun davamlılığının mühüm göstəricisi idi. Sonrakı illərdə partiyanın təşkilati imkanları genişləndi, ictimai dayaqları möhkəmləndi və müasir siyasi proseslərdə iştirakı daha da fəallaşdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük inkişaf yolu keçib. Ölkənin iqtisadi potensialı artıb, sosial infrastruktur yenilənib, beynəlxalq əlaqələr genişlənib, müdafiə qabiliyyəti gücləndirilib. Azərbaycanın regional və beynəlxalq proseslərdə mövqeləri möhkəmlənib. Bu uğurların əldə edilməsində dövlət siyasətinin ardıcıllığı və siyasi sabitliyin qorunması mühüm amillərdən olub.

Yeni Azərbaycan Partiyasının siyasi xətti də məhz bu ümumi inkişaf strategiyasının ideoloji və təşkilati dayaqlarından biri kimi formalaşıb. Partiya dövlət və cəmiyyət arasında əlaqələrin möhkəmləndirilməsinə, vətəndaşların ictimai-siyasi proseslərdə iştirakının genişləndirilməsinə, milli həmrəyliyin qorunmasına və dövlətçilik maraqlarının müdafiəsinə xüsusi əhəmiyyət verir. YAP-ın təşkilati inkişafında 2021-ci il martın 5-də keçirilmiş VII qurultay mühüm mərhələ oldu. Qurultayda partiyanın yeni Nizamnaməsi qəbul edildi, İdarə Heyətinin 40 nəfərlik, Təftiş Komissiyasının 13 nəfərlik tərkibi təsdiqləndi. Eyni zamanda, 35 nəfərdən ibarət Veteranlar Şurasının yaradılması qərara alındı. Bu dəyişikliklər partiyanın fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması, idarəetmənin təkmilləşdirilməsi və müxtəlif nəsillərin təcrübəsinin bir araya gətirilməsi baxımından əhəmiyyətli idi. Həmin qurultayın mühüm qərarlarından biri də Mehriban xanım Əliyevanın partiya sədrinin birinci müavini təyin edilməsi oldu. Bu təyinat onun uzun illər ərzində həyata keçirdiyi ictimai-siyasi, humanitar və mədəniyyət sahəsindəki fəaliyyətinə, ölkənin inkişafına verdiyi töhfələrə göstərilən yüksək etimadın ifadəsi idi. Mehriban xanım Əliyevanın fəaliyyəti Azərbaycan qadınının ictimai-siyasi həyatda fəal iştirakının, təşəbbüskarlığının və dövlətçilik proseslərinə verdiyi töhfənin nümunəsidir. YAP-ın yeni Proqramı partiyanın müasir inkişaf strategiyasını və qarşıya qoyduğu əsas məqsədləri müəyyənləşdirən mühüm sənəddir. 2021-ci il dekabrın 29-da İdarə Heyətinin iclasında təsdiqlənmiş Proqram beş fəsildən ibarətdir. Sənəddə partiyanın inkişafı və uğurları, siyasi dəyərlər və prinsiplər, partiyadaxili münasibətlərin əsasları, strateji hədəflər və Azərbaycanın gələcək inkişafında partiyanın rolu öz əksini tapıb. Proqramda müəyyən edilən on əsas siyasi dəyər və prinsip YAP-ın ideoloji istiqamətini aydın şəkildə ifadə edir. Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət, demokratik ənənələrin inkişafı bu prinsiplərin əsasını təşkil edir.

Bu dəyərlərin hər biri müasir Azərbaycanın inkişafında xüsusi məna daşıyır. Müstəqillik və dövlətçilik ölkənin suverenliyinin qorunmasını, azərbaycançılıq milli birliyin möhkəmləndirilməsini, qanunun aliliyi hüquqi dövlət quruculuğunu, sosial ədalət və insan amili isə vətəndaşların rifahının yüksəldilməsini nəzərdə tutur. Konstruktiv əməkdaşlıq və siyasi dialoq prinsipləri cəmiyyətdə sağlam münasibətlərin formalaşmasına, demokratik ənənələrin inkişafına xidmət edir. Partiyanın Proqramında müəyyən edilmiş on bir strateji hədəf də ölkənin ümumi inkişaf gündəliyi ilə uzlaşır. Ulu Öndər Heydər Əliyev irsinin təbliği və təşviqi, güclü iqtisadiyyat və davamlı inkişaf, inklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı, şəffaflığın artırılması, vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi, mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması, vətəndaş həmrəyliyinin təminatı, milli maraqlar və xarici siyasət, ordu quruculuğu və işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış bu hədəflərin əsas istiqamətləridir.

Xüsusilə, insan kapitalının inkişafı və inklüziv cəmiyyətin formalaşdırılması müasir dövrün çağırışları baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın gələcək inkişafı yalnız iqtisadi göstəricilərin yüksəlməsi ilə deyil, həm də bilikli, peşəkar, təşəbbüskar və müasir dünyagörüşünə malik insan resurslarının formalaşması ilə bağlıdır. Bu baxımdan təhsilin keyfiyyətinin yüksəldilməsi, elmin inkişafı, gənclərin potensialının reallaşdırılması və innovasiyaların təşviqi ölkənin uzunmüddətli inkişafının əsas şərtlərindəndir. YAP-ın fəaliyyətində partiyadaxili münasibətlərin müasir prinsiplər əsasında qurulması da xüsusi yer tutur. Peşəkarlıq, işgüzar münasibətlər, şəxsi inkişaf, sağlam rəqabət, etik davranış, milli dəyərlər, innovativ yanaşma, elmlilik və müasirlik partiya üzvlərinin fəaliyyətini səciyyələndirən əsas meyarlar kimi müəyyənləşdirilib. Bu prinsiplər siyasi təşkilatın yalnız say göstəriciləri ilə deyil, üzvlərinin bilik və bacarıqları, təşəbbüskarlığı və ictimai məsuliyyəti ilə də güclənməsinin vacibliyini ortaya qoyur. Yeni Azərbaycan Partiyasının geniş ictimai dayaqları onun siyasi proseslərdəki mövqeyinin mühüm göstəricisidir. Təqdim olunan məlumatlara görə, partiyanın üzvlərinin sayı 769 811 nəfərdir. Bu geniş üzvlük bazası YAP-ın ölkənin müxtəlif bölgələrində və ictimai təbəqələrində təmsil olunduğunu göstərir. Bununla yanaşı, üzvlərin sayının çoxluğu təşkilatın qarşısında daha böyük məsuliyyət də yaradır. Hər bir partiya üzvünün dövlətçilik maraqlarına sadiqliyi, ictimai fəallığı, vətəndaşlarla ünsiyyəti və məsuliyyətli mövqeyi partiyanın nüfuzuna birbaşa təsir göstərir.

Yeni siyasi konfiqurasiyanın formalaşması və siyasi dialoqun inkişafı da YAP-ın müasir fəaliyyətinin mühüm istiqamətlərindəndir. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə iqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi, siyasi partiyalar arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi və ümummilli məsələlərdə ortaq mövqenin formalaşdırılması istiqamətində mühüm addımlar atılıb. Dövlət başçısının “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz” mövqeyi milli maraqların siyasi baxışlardan üstün tutulmasının vacibliyini ifadə edir. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, təhlükəsizliyi, milli maraqları və gələcək inkişafı bütün siyasi qüvvələrin ortaq məsuliyyət sahəsidir. Siyasi dialoq və konstruktiv əməkdaşlıq mühitinin genişlənməsi ölkədə siyasi mədəniyyətin inkişafına və ictimai həmrəyliyin güclənməsinə xidmət edir.

Son illərdə keçirilmiş seçkilərin nəticələri də Yeni Azərbaycan Partiyasının ölkənin siyasi həyatındakı mövqeyini nümayiş etdirir. 2024-cü il fevralın 7-də keçirilmiş prezident seçkilərində YAP-ın namizədi İlham Əliyev seçicilərin 92,12 faizinin səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu seçki ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra keçirilən ilk prezident seçkisi kimi xüsusi tarixi əhəmiyyət daşıyırdı. 2024-cü il sentyabrın 1-də keçirilən Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyası parlamentdə 68 deputat mandatı qazandı. 2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində isə partiyanın 5855 nümayəndəsi bələdiyyə üzvü seçildi. Bu nəticələr YAP-ın ölkənin müxtəlif səviyyəli seçkili orqanlarında geniş təmsilçiliyini göstərir. Eyni zamanda, seçkilərdə qazanılan etimadın gündəlik fəaliyyət, ictimai məsuliyyət və vətəndaşların problemlərinə həssas münasibət vasitəsilə doğruldulması mühüm vəzifə olaraq qalır. Yeni Azərbaycan Partiyasının müasir tarixində ən mühüm siyasi hadisələrdən biri də 2026-cı il oktyabrın 2-də keçirilmiş VIII qurultaydır. Bu qurultay Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk YAP qurultayı kimi xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev qurultaydakı proqram xarakterli çıxışında partiyanın əsas fəaliyyət istiqamətiləri, ölkənin yeni inkişaf mərhələsində siyasi təşkilatın rolunu və gələcəyə yönəlmiş strateji hədəfləri müəyyənləşdirib. VIII qurultayda partiyanın Nizamnaməsinə dəyişikliklər təsdiq edilib, İdarə Heyətinin və Təftiş Komissiyasının say tərkibləri müəyyənləşdirilib və üzvləri seçilib. Bu qərarlar YAP-ın təşkilati fəaliyyətinin yeni dövrün tələblərinə uyğunlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin qurultaydakı çıxışının əsas məzmununu Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin qorunması, yeni geosiyasi reallıqların düzgün qiymətləndirilməsi və qarşıdakı dövrün çağırışlarına hazırlıq təşkil edirdi. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Bu tarixi nailiyyət ölkəmizin qarşısında yeni imkanlarla yanaşı, yeni məsuliyyətlər də yaradır.

İşğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış strategiyasının uğurla həyata keçirilməsi bu vəzifələrin əsas istiqamətlərindəndir. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri aparılır, yeni yaşayış məntəqələri salınır, yollar, məktəblər, xəstəxanalar və sənaye obyektləri tikilir. İnsanların doğma torpaqlarına qayıdışı təmin edilir. Bu proses yalnız infrastrukturun bərpası deyil, həm də tarixi ədalətin möhkəmləndirilməsi, milli yaddaşın qorunması və ölkənin iqtisadi potensialının genişləndirilməsidir. YAP-ın strateji hədəfləri sırasında Böyük Qayıdışın ayrıca yer tutması partiyanın bu prosesdə üzərinə düşən məsuliyyəti də göstərir. Azad edilmiş ərazilərdə yeni həyatın qurulması, qayıdan insanların sosial adaptasiyası, məşğulluq imkanlarının genişləndirilməsi və ictimai fəallığın artırılması dövlət və cəmiyyətin birgə səylərini tələb edir.

Müasir mərhələdə partiyanın fəaliyyət istiqamətlərindən biri də gənc nəslin ictimai-siyasi proseslərdə iştirakını genişləndirməkdir. Gənclərin təşəbbüslərinin dəstəklənməsi, onların bilik və bacarıqlarının inkişafı, dövlətçilik ənənələrinə bağlılığının gücləndirilməsi YAP-ın gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, partiyanın təcrübəli üzvlərinin bilik və təcrübəsindən istifadə etməklə nəsillər arasında siyasi və mənəvi varisliyin qorunması vacibdir. Yeni Azərbaycan Partiyasının qarşıdakı dövrdəki fəaliyyətində rəqəmsallaşma, müasir kommunikasiya vasitələrindən istifadə, ictimaiyyətlə açıq əlaqələrin genişləndirilməsi və yeni siyasi yanaşmaların tətbiqi də mühüm rol oynamalıdır. Cəmiyyətin informasiya ehtiyaclarının dəyişməsi siyasi təşkilatların fəaliyyət üsullarının da yenilənməsini zəruri edir. Partiyanın üzvləri yalnız siyasi tədbirlərdə iştirak etməklə kifayətlənməməli, cəmiyyətin gündəlik problemlərinin həllində, ictimai təşəbbüslərin dəstəklənməsində və milli həmrəyliyin möhkəmləndirilməsində fəal mövqe tutmalıdırlar. Yeni Azərbaycan Partiyasının 34 illik tarixi bir daha təsdiqləyir ki, onun siyasi gücü yalnız təşkilati strukturundan və üzvlərinin sayından qaynaqlanmır. Bu güc, ilk növbədə, partiyanın yaranmasına səbəb olan tarixi ideyalara, Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinə, Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən inkişaf strategiyasına və xalqla qurulan siyasi etimada əsaslanır.

21 Noyabr – Yeni Azərbaycan Partiyasının təsis edilməsi günü bu tarixi yolun başlanğıcını və onun davamlılığını xatırladan əlamətdar tarixdir. 1992-ci ildə ölkənin taleyüklü anında atılan addım bu gün müstəqil Azərbaycanın siyasi həyatında böyük əhəmiyyətə malik təşkilatın formalaşmasına gətirib çıxarıb. Yeni Azərbaycan Partiyası dünənin tarixi təcrübəsini, bu günün siyasi məsuliyyətini və gələcəyin inkişaf hədəflərini özündə birləşdirən siyasi qüvvədir. Onun qarşısında duran əsas vəzifə Azərbaycanın müstəqilliyinin, suverenliyinin və milli maraqlarının müdafiəsinə töhfə vermək, dövlətimizin davamlı inkişafını dəstəkləmək və cəmiyyətin birliyinin möhkəmləndirilməsində fəal iştirak etməkdir. Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sədaqət və Prezident İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf xəttinin davam etdirilməsi YAP-ın gələcək fəaliyyətinin əsas ideoloji dayaqlarıdır. Azərbaycanın qarşısında yeni hədəflərin dayandığı indiki mərhələdə partiyanın əsas məsuliyyət istiqaməti bu hədəflərin reallaşmasına öz töhfəsini verməkdir. Məhz bu baxımdan Yeni Azərbaycan Partiyası müasir Azərbaycanın siyasi inkişafının aparıcı qüvvələrindən biri olaraq öz tarixi missiyasını davam etdirir.


Şahin Seyidzadə

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

10:42
20 Noyabr

Nquyen Van Sien: Vyetnamlıların Azərbaycana marağı böyükdür

10:41
20 Noyabr

Qızılın qiymətində son 8 ayın ən kəskin həftəlik azalması qeydə alınıb

10:37
20 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb YENİLƏNƏCƏK

10:36
20 Noyabr

Ağdamda 10 ayda 959 milyon manatlıq sənaye məhsulu istehsal edilib

10:30
20 Noyabr

Qarabağ torpağına bağlılığın rəmzi

10:29
20 Noyabr

Neft bahalaşır

10:27
20 Noyabr

Ağdamda bayram coşqusu: Şəhər Günü Qarabağ atlarının yürüşü ilə başlayıb

10:26
20 Noyabr

Azərbaycan nefti 98 dollara satılır

10:24
20 Noyabr

Müasir Azərbaycanın siyasi inkişafında tarixi və institusional amillər  

10:13
20 Noyabr

Vitali Kliçko: Kiyevdə körpülərə raket zərbələri nəticəsində sağ və sol sahillər arasında nəqliyyat çətinliyi yaranıb  

10:07
20 Noyabr

Ağdam şəhər gününün təsis olunması Zəfərin əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır  

09:59
20 Noyabr

Azərbaycan-Vyetnam münasibətləri: Tarixi varislik və müasir əməkdaşlıq üfüqləri 

09:55
20 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub YENİLƏNƏCƏK  

09:53
20 Noyabr

Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət edib

09:47
20 Noyabr

Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib 

09:47
20 Noyabr

İranla müharibə ABŞ-yə 48 milyard dollardan çox vəsaitə başa gəlib

09:13
20 Noyabr

20 noyabr – Ağdam Şəhəri Günü: dağıntılardan dirçəlişə, zəfərdən böyük qayıdışa doğru  

09:11
20 Noyabr

Qızılın qiyməti ötən ilin sentyabrdan bəri ilk dəfə 3550 dollardan aşağı düşüb  

09:01
20 Noyabr

Paytaxtın daha üç rayonunda qarlı havalara hazırlıqla bağlı müşavirələr keçirilib

08:55
20 Noyabr

Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində

08:50
20 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!