İrəvanda keçirilən beynəlxalq konfransda azərbaycanlı itkinlərin taleləri də müzakirə mövzusu olmalıdır
Müharibələr bitir, silahlar susur, dövlətlər sülhdən, əməkdaşlıqdan, gələcək planlardan danışırlar. Beləcə, həyat öz axarına qayıdır, zaman keçir, nəsillər dəyişir. Ancaq elə insanlar, ailələr var ki, onlar üçün zaman dayanıb. Çünki onların doğması, əzizi müharibənin qaranlığında izsiz yoxa çıxıb.
O gündən bəri hər qapı döyüntüsü, hər telefon zəngi bir ümidə, hər xəbər illərdir axtardıqları həqiqətin işığına çevrilir. Ana oğlunun yolunu gözləyir, övlad atasının nə vaxt qayıdacağını soruşur, həyat yoldaşı bir gün yenidən qovuşacaqları ümidi ilə yaşayır. İllər ötsə də, süfrədə sahibini gözləyən bir yer boş qalır, bir otağın qapısı "bəlkə qayıdar" deyə açıq saxlanılır, bir insanın adı hər gün dualarda çəkilir.
Ən ağırı isə budur ki, bu ailələr nə doğmalarının sağ olduğuna inanmaqdan əl çəkə bilir, nə də onların itkisi ilə barışıb yas tuta bilirlər. İtkinliyin ağrısı ölümün acısından da fərqli - sonu və cavabı bilinməyən bir gözləntidir. Müharibə bitsə də, onların qəlbindəki müharibə bitmir. İtkin düşmüş insanın taleyi aydınlaşmayınca, onu gözləyən ailə üçün nə zaman keçir, nə də sülh tam mənasını tapır. Söhbət təbii ki, Qarabağ savaşı itkinlərindən gedir.
Bu baxımdan noyabrın 19-20-də İrəvanda keçirilən "İtkin düşmüş şəxslərin taleyi: humanitar dialoq və əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans xüsusi diqqət mərkəzində olacaq. Humanitar dialoq, itkin ailələrinin hüquqları və beynəlxalq əməkdaşlıq mühüm məsələlərdir. Ancaq belə bir tədbirin nəticəsi onun mövzusunun nə dərəcədə aktual səslənməsi ilə yox, konkret humanitar problemlərin həllinə nə qədər töhfə verməsi ilə ölçülməlidir. Əsas sual cavabını gözləyir - 30 ildən çoxdur taleyi bilinməyən 4010 azərbaycanlı ilə bağlı suallar cavabsız qaldığı halda İrəvanda keçirilən konfrans hansı real nəticələrə hesablanıb? Azərbaycanlı itkinlərin taleyi barədə məlumatların açıqlanması bu müzakirələrin əsas istiqamətlərindən biri olmayacaqsa, humanitar dialoqun praktik əhəmiyyəti necə təmin ediləcək?
Azərbaycanın Dövlət Komissiyasının 2026-cı il 31 avqust tarixinə olan məlumatına görə, Birinci və İkinci Qarabağ müharibələri zamanı 4010 vətəndaşımız itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Onlardan 4004 nəfəri Birinci, 6 nəfəri isə İkinci Qarabağ müharibələrində itkin düşüb. Birinci müharibə üzrə itkinlərin arasında 782 mülki şəxs, o cümlədən 71 uşaq, 288 qadın və 319 ahıl insan var. Aparılan axtarışlar nəticəsində 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib, 32 kütləvi məzarlıq aşkarlanıb. Qeyd etmək lazımdır ki, 4010 nəfər qeydiyyatda olan itkinlərin ümumi sayıdır, sonrakı identifikasiya işləri nəticəsində 3682 nəfər hələ də itkin hesab olunur.
Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyinin irəlilədiyi indiki mərhələdə bu problemin həlli xüsusi əhəmiyyət daşıyır. Sülh diplomatik sənədlərin imzalanması, sərhədlərin müəyyənləşdirilməsi və iqtisadi əlaqələrin qurulması demək deyil. Əsl sülh münaqişənin doğurduğu humanitar nəticələrin aradan qaldırılmasını, qurbanların taleyinə aydınlıq gətirilməsini və ailələrin fundamental hüquqlarının təmin olunmasını da ehtiva edir. İtkinlərin taleyi bu baxımdan keçmişin mübahisəsi olmaqla yanaşı, həm də bu günün həllini gözləyən humanitar və hüquqi məsələdir.
2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin Birgə Bəyannaməsi imzalanıb, iki ölkə arasında sülh sazişinin razılaşdırılmış mətni paraflanıb. Saziş layihəsinin 9-cu maddəsində silahlı münaqişə zamanı itkin düşmüş şəxslər və məcburi yoxaçıxma halları üzrə əməkdaşlıq öhdəliyi əksini tapıb. Həmin maddəyə əsasən, tərəflər mövcud məlumatların mübadiləsini, itkinlərin taleyinin araşdırılmasını, zərurət olduqda qalıqların axtarılıb qaytarılmasını, eləcə də müvafiq istintaq tədbirlərini nəzərdə tutan əməkdaşlıq həyata keçirməlidirlər. Deməli, bu məsələ həm humanitar çağırış, həm də sülh sənədində öz əksini tapmış konkret əməkdaşlıq istiqamətidir.
Əslində, bu istiqamətdə müəyyən təmaslar da mövcuddur. 2025-ci ilin fevralından Azərbaycan və Ermənistanın itkin düşmüş şəxslər üzrə müvafiq dövlət komissiyaları arasında birbaşa əlaqələr qurulub, görüşlər keçirilib və məlumat mübadiləsi aparılıb. Azərbaycan tərəfi müxtəlif mənbələrə və şahid ifadələrinə əsaslanaraq Birinci Qarabağ müharibəsində əsir və girov götürülmüş, beynəlxalq təşkilatlardan gizli saxlanıldığı bildirilən 834 azərbaycanlının siyahısını, 104 nəfər barədə ətraflı məlumatları qarşı tərəfə təqdim edib. Beynəlxalq Qızıl Xaç Komitəsinin qeydiyyatında olmuş 54 azərbaycanlı ilə bağlı məlumatlar da müzakirəyə çıxarılıb. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Əli Nağıyevin 2026-cı il oktyabrın 7-də açıqladığı məlumatlara görə, həmin 54 nəfərdən 17-sinin nəşi qaytarılıb, 33 nəfərin saxlanma yerlərində öldüyü bildirilsə də, qalıqları təhvil verilməyib, 4 nəfərin taleyi isə hələ də məlum deyil.
Bu faktlar fonunda Ermənistan tərəfinin məlumatların açıqlanması istiqamətində əməli addımlar atması aktuallığını itirmir. Azərbaycan tərəfinin açıqlamalarına görə, iki ölkənin komissiyaları arasında təmaslar zamanı Ermənistan tərəfi 200-dən çox dəfn yerinin, o cümlədən kütləvi məzarlıqların koordinatlarını təqdim edəcəyini bildirib. Lakin bu məlumatların tam şəkildə təqdim edilməməsi axtarışların nəticələrinə mənfi təsir göstərir. Digər tərəfdən, Ermənistanın keçmiş hərbi rəhbərliyində təmsil olunmuş bəzi şəxslərin azərbaycanlı itkinlərin dəfn yerləri barədə məlumatlı olduqlarını bildirmələri də məsələnin araşdırılmasının vacibliyini artırır. Bu məlumatların müvafiq dövlət qurumlarına təqdim edilməsi, şahidlərin ifadələrinin toplanması və arxivlərin açılması zəruridir.
Problemin digər mühüm istiqaməti mümkün müharibə cinayətlərinin araşdırılmasıdır. Azad edilmiş ərazilərdə aşkarlanan 32 kütləvi məzarlıqda aparılan ekspertiza və identifikasiya işləri itkinlərin hansı şəraitdə həyatlarını itirdiklərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Qalıqlar üzərində aparılan məhkəmə-tibbi ekspertizalar ölüm səbəblərinin, zorakılıq və işgəncə əlamətlərinin araşdırılmasına imkan yaradır. Bu baxımdan dəfn yerlərinin koordinatlarının açıqlanması ailələrin doğmalarının məzarını tapması üçün deyil, mümkün cinayətlərin obyektiv araşdırılması və hüquqi qiymət verilməsi üçün də vacibdir.
İtkinlərin axtarışı ilə mina təhlükəsi arasında da birbaşa əlaqə var. Bəzi ehtimal olunan dəfn yerlərinin ətrafında mina və partlamamış hərbi sursatların mövcudluğu axtarış qruplarının fəaliyyətini çətinləşdirir, hətta təhlükəli edir. Ermənistanın dəfn yerləri ilə yanaşı, dəqiq mina xəritələrini də təqdim etməsi axtarışların sürətlənməsinə və mütəxəssislərin təhlükəsizliyinin təmin olunmasına xidmət edə bilər.
Bu məqamda xususi olaraq qeyd edək ki, beynəlxalq humanitar mexanizmlərin fəaliyyəti də diqqətdən kənarda qalmamalı, qiymətləndirilməlidir. Beynəlxalq Qızıl Xaç Komitəsinin uzun illər itkin düşmüş şəxslərin axtarışı və əsirlərin qeydiyyatı istiqamətində fəaliyyəti olsa da, 54 azərbaycanlının taleyi ilə bağlı ortaya çıxan suallar bu sahədə nəticəyönümlü əməkdaşlığın vacibliyini göstərir. Minlərlə ailənin hələ də cavab gözləməsi beynəlxalq təşkilatların imkanlarının, məlumat mübadiləsi mexanizmlərinin və hesabatlılığın təkmilləşdirilməsini zəruri edir.
Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 7-də Bakı Dialoqu Formatında keçirilən IV beynəlxalq konfransın iştirakçılarına müraciətində səsləndirdiyi təşəbbüslər xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı Ermənistanı itkin azərbaycanlıların taleyi, kütləvi və fərdi dəfn yerləri barədə bütün məlumatları təqdim etməyə, müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmağa çağırıb. Eyni zamanda BMT çərçivəsində itkin düşmüş şəxslərlə bağlı xüsusi mexanizmin yaradılmasını təklif edib. Bu təşəbbüs problemin təkcə regional müstəvidə deyil, beynəlxalq humanitar gündəlik çərçivəsində də sistemli həllinə xidmət edə bilər.
Sözsüz ki, itkin ailələrinin səsi də beynəlxalq ictimaiyyətə çatdırılmalıdır. "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin 2025-ci ildə Cenevrədə BMT-nin Avropa qərargahı qarşısında, 2026-cı ilin oktyabrında isə Brüsseldə Avropa Parlamenti və Avropa İttifaqının müvafiq təsisatları qarşısında keçirdiyi aksiyalar bu mübarizənin mühüm tərkib hissəsidir. Ailələrin tələbi siyasi mülahizələrdən asılı olmayaraq, sadə və insani mahiyyət daşıyır - onlar doğmalarının taleyi barədə həqiqəti bilmək istəyirlər.
İrəvandakı konfransda Ermənistanın da öz itkinləri ilə bağlı problemlərinin olduğunu dilə gətirməsi və Azərbaycanla əməkdaşlığı vacib sayması diqqətə alınmalıdır. Ermənistanın baş naziri Nikol Paşinyan dünənki çıxışında ölkəsində təxminən 1000 nəfərin itkin hesab edildiyini, o cümlədən 1990-cı illərin əvvəllərindən bəri 777 nəfərin taleyinin naməlum qaldığını bildirib. Bu, problemin qarşılıqlı humanitar əməkdaşlıq əsasında həllinin mümkünlüyünü bir daha gündəmə gətirir. Lakin əməkdaşlıq qarşılıqlı, konkret və şəffaf olmalıdır. Birmənalı olaraq hər iki tərəfin ailələri eyni - həqiqəti bilmək hüququna malikdirlər. İrəvanda keçirilən beynəlxalq konfransın əhəmiyyəti səsləndirilən bəyanatlarla deyil, onun real nəticələri ilə müəyyənləşəcək. Ermənistan tərəfi azərbaycanlı itkinlərin taleyi barədə məlumatları, dəfn yerlərinin koordinatlarını, arxiv sənədlərini və mina xəritələrini təqdim etməli, şahidlərin dindirilməsi və müstəqil araşdırmalar üçün şərait yaratmalıdır. Beynəlxalq təşkilatlar isə bu prosesin ardıcıl izlənməsinə və konkret nəticələrin əldə edilməsinə töhfə verməlidirlər.
Unutmayaq ki, 4010 rəqəmi, sadəcə, statistika deyil, bu rəqəm minlərlə ailənin cavabsız qalmış sualları, yarımçıq xatirələri və bitməyən gözləntiləridir. Sülhün həqiqi dəyəri gələcəyə dair vədlərlə deyil, keçmişin ağrılı suallarına verilən dürüst cavablarla ölçülür. İtkinlərin taleyi aydınlaşdırılmadan, ailələrə həqiqət çatdırılmadan humanitar dialoqun tam nəticəsindən danışmaq mümkün deyil. İrəvandakı konfransın qarşısında duran əsas vəzifə də məhz bu olmalıdır - itkinlər mövzusunu beynəlxalq müzakirə predmetindən konkret humanitar fəaliyyətə çevirmək.
Elşən QƏNİYEV,
"Azərbaycan"