Uşaqların hərtərəfli inkişafının dəstəklənməsi, onların təhlükəsizliyinin və sosial rifahının təmini dövlət və cəmiyyətin qarşısında duran mühüm vəzifələrdəndir. Bu baxımdan hər bir ölkədə uşaqların hüquq və azadlıqlarının müdafiəsi, ayrı-seçkiliyə yol verilmədən bərabər imkanlardan yararlanması üçün zəruri şəraitin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Beynəlxalq səviyyədə uşaq hüquqlarının müdafiəsinin fundamental hüquqi əsasını 1989-cu il 20 noyabr tarixində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən qəbul edilmiş "Uşaq hüquqları haqqında" Konvensiya (bundan sonra - Konvensiya) təşkil edir. Azərbaycanın da tərəfdar çıxdığı bu beynəlxalq sənəd milli qanunvericiliyin və uşaq hüquqlarının müdafiəsi sisteminin formalaşdırılması üçün mühüm hüquqi baza rolunu oynayır.
Azərbaycanda uşaqların hüquqlarının və qanuni mənafelərinin qorunması dövlət siyasətinin əsas prioritetlərindən biridir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən ardıcıl tədbirlər uşaqların etibarlı müdafiəsinə, onların sosial təminatının gücləndirilməsi və inkişafı üçün əlverişli şəraitin yaradılmasına xidmət edir.
Heydər Əliyev Fondu tərəfindən uşaqların, xüsusilə çətin həyat şəraitində yaşayan uşaqların hüquqlarının qorunması sahəsində həyata keçirilmiş çoxsaylı təşəbbüslər onların müxtəlif xidmətlərdən yararlanmasında mühüm rol oynayır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın hər zaman uşaqlara xüsusi diqqət göstərməsi, uşaq müəssisələrinə müntəzəm şəkildə baş çəkərək onların qayğıları ilə yaxından maraqlanması, həssas qruplardan olan uşaqlar üçün müxtəlif tədbirlərin təşkil olunması və onlara zəruri dəstək göstərilməsi kimi təşəbbüsləri cəmiyyətdə humanizm ideyalarını təşviq etməklə yanaşı, uşaq hüquqlarının təmininə də mühüm töhfə verir.
Son illər ölkəmizdə mütəmadi şəkildə uşaq hüquqları sahəsində hüquqi baza və institusional mexanizmlər müasir çağırışlara uyğun olaraq təkmilləşdirilir. Cari ildə yeni "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun və əlaqəli normativ-hüquqi aktların, habelə uşaqların sosial şəbəkələrdən istifadəsinə dair qanunvericilik aktlarının qəbul edilməsi ictimai münasibətlərin yeni tələblərə uyğun tənzimlənməsinə yönəlmişdir. Qəbul edilmiş qanunvericilik aktları ölkədə uşaqların müdafiə sisteminin təkmilləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Milli insan hüquqları təsisatları uşaqların hüquq və azadlıqlarının müdafiəsi sahəsində mühüm institusional mexanizmlərdən biri kimi çıxış edir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən beynəlxalq standartlar və müasir çağırışlar nəzərə alınmaqla həyata keçirilən çoxşaxəli fəaliyyət uşaqların hüquqlarının səmərəli müdafiəsinə xidmət edir. Milli qanunvericilikdə müəyyən edilmiş səlahiyyətlər ombudsmana uşaqların hüquqlarının təmin olunması vəziyyətinin araşdırılması, pozulmuş hüquq və azadlıqlarının bərpası, bu sahədə preventiv tədbirlərin görülməsi və fəaliyyətin gücləndirilməsi istiqamətində geniş imkanlar yaradır.
Ombudsmanın ünvanına uşaq hüquqlarının pozulması ilə bağlı təsisatda fəaliyyət göstərən "916" Çağrı Mərkəzi və digər vasitələrlə daxil olmuş şikayətlər araşdırılaraq zəruri tədbirlər görülür. Ombudsmana müstəqil monitorinq və milli preventiv mexanizminin funksiyalarının həyata keçirilməsi sahəsində verilmiş səlahiyyətlər çərçivəsində araşdırmalar aparılır, müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması məqsədilə müvafiq qurumlara tövsiyələr verilir, onların icrası vəziyyəti nəzarətdə saxlanılır. Normativ-hüquqi aktların təhlili və qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə aidiyyəti səlahiyyətli orqanlara təkliflərin göndərilməsi Ombudsmanın fəaliyyətinin əsas istiqamətlərindən biridir.
2026-cı il 3 mart tarixində qəbul edilmiş yeni "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununun layihəsinin hazırlanması prosesində Ombudsman tərəfindən erkən evlilik, uşağın azadlıq və şəxsi toxunulmazlıq, şərəf və ləyaqətinin müdafiəsi, fərdiliyinin qorunması və sosial müdafiə hüquqları, uşaq alverinin, pornoqrafiyasının və istismarının qarşısının alınması, əcnəbi və vətəndaşlığı olmayan uşaqların hüquqları, uşağa qarşı zorakılıq anlayışı, uşaqların repatriasiyası, uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət mexanizmləri və digər məsələlərə dair verilmiş bir sıra təkliflər nəzərə alınmışdır.
Ombudsmanın təklifləri nəzərə alınmaqla Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli fərmanı ilə təsdiq edilmiş "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası"na 2026-cı ildə edilmiş dəyişikliklərlə uşaq hüquqlarının müdafiəsi və həyata keçirilməsinə dövlət nəzarəti sahəsində Ombudsmanın, Ədliyyə Nazirliyinin və prokurorluq orqanlarının rol və səlahiyyətləri konkretləşdirilmişdir.
Ombudsmanın əvvəlki illik məruzəsində uşaqların olduğu bütün məkanlarda, o cümlədən uşaq müəssisələrində onlara qarşı zorakılığın qadağan edilməsinin qanunvericilikdə ayrıca təsbit olunmasına dair təklifi də nəzərə alınmış, yeni qanunda qeyd edilən müddəalarla yanaşı, internet informasiya ehtiyatlarında və informasiya-telekommunikasiya şəbəkələrində də uşağa qarşı zorakılığın qadağan olunması nəzərdə tutulmaqla həmin təklif daha geniş məzmunda öz hüquqi ifadəsini tapmışdır.
Bununla yanaşı, İnzibati Xətalar Məcəlləsinə edilmiş yeni dəyişikliyə əsasən, valideynlər (onları əvəz edən şəxslər), uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan şəxslər tərəfindən uşağa qarşı cismani cəzanın tətbiqinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Qanunvericiliyə edilən bu dəyişikliklər BMT-nin Uşaq Hüquqları Komitəsinin Azərbaycan Respublikasının dövri məruzələri üzrə qəbul etdiyi Yekun Müşahidələrdə "Uşaqlara qarşı cismani cəzanın bütün məkanlarda, xüsusilə ailədə, məktəblərdə, günərzi qayğı və alternativ qayğı xidmətlərində açıq şəkildə qadağan edilməsinin qanunvericiliklə təsbit edilməsi"nə dair tövsiyələrinin icrası baxımından da əhəmiyyətlidir.
Rəqəmsal texnologiyaların geniş tətbiqi uşaqların informasiya əldə etmək, ünsiyyət və inkişaf imkanlarını genişləndirməklə yanaşı, onların təhlükəsizliyinin və hüquqlarının qorunması ilə bağlı yeni risklər də yaradır. Ombudsmanın müstəqil monitorinq mexanizmi fəaliyyəti çərçivəsində aparılan araşdırmalar uşaqların geniş istifadə etdikləri interaktiv platformalarda və onlayn oyunlarda yaş məhdudiyyətlərinin tətbiqi, fərdi məlumatların qorunması, zərərli məzmun və təsirlərin qarşısının alınması, habelə uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin formalaşdırılması məsələlərinə diqqətin artırılmasına ehtiyac olduğunu göstərir. Bu məqsədlə ombudsman tərəfindən qanunvericiliyə müvafiq dəyişikliklər edilməsi tövsiyə edilmişdir.
2026-cı il 30 iyun tarixində qəbul edilmiş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununda uşaqların sosial şəbəkə platformalarından istifadəsi üçün məhdudiyyətlər müəyyən edilmişdir ki, bu da ombudsmanın bu sahədə təkliflərinin icrası baxımından önəmlidir.
Ombudsmanın yetkinlik yaşına çatmamış şahidin dindirilməsi, eləcə də mübahisə ilə mənafelərinə toxunulan uşaqların fikrinin öyrənilməsi zamanı psixoloqun iştirakının təmin olunması, habelə cinsi zorakılığın qurbanı olan uşağa aid istintaq materiallarının cinayət prosesinin iştirakçıları tərəfindən yayılmasının qadağan edilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi barədə təklifləri cari ildə Azərbaycan Respublikasının Cinayət-Prosessual və Mülki-Prosessual məcəllələrində edilən müvafiq dəyişikliklərdə nəzərə alınmışdır.
Uşaqlar arasında energetik içkilərdən istifadə hallarının geniş yayılması xüsusi diqqət tələb edən məsələlərdəndir. Ombudsman Aparatı tərəfindən aparılan monitorinqin nəticələri və beynəlxalq təcrübənin təhlili onu deməyə əsas verir ki, Azərbaycan Respublikasında energetik içkilərin uşaqlar tərəfindən istifadəsinin qarşısının alınması üçün qüvvədə olan qanunvericiliyin və bununla bağlı mövcud nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac vardır. Aparılan araşdırma və vəziyyətin təkmilləşdirilməsinə dair hazırlanmış təkliflər aidiyyəti dövlət orqanlarına göndərilmiş və verilmiş cavab məktublarında qeyd edilən məsələlərin qurumların fəaliyyətlərində nəzərə alınacağı bildirilmişdir.
Ombudsmanın müstəqil monitorinq fəaliyyəti çərçivəsində aparılan araşdırmaya əsasən, idman yarışlarında və məşq prosesində xüsusilə yüksək riskli və döyüş idman növlərində idmançıların, o cümlədən uşaqların sağlamlığının və təhlükəsizliyinin daha etibarlı təmini məqsədilə mövcud qanunvericiliyin və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi məqsədəmüvafiqdir. Aparılmış araşdırma və vəziyyətin təkmilləşdirilməsinə dair təkliflər səlahiyyətli dövlət qurumuna göndərilmiş, verilmiş cavab məktubunda idmançıların yarışöncəsi və məşq mərhələsindəki icbari tibbi müayinə protokollarının yenilənməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində praktiki tədbirlərin görülməsinin planlaşdırıldığı qeyd edilmişdir.
Ombudsmanın müstəqil monitorinq fəaliyyəti çərçivəsində elektroskuterlər və digər kiçik elektrik nəqliyyat vasitələrinin istifadəsi zamanı insanların, xüsusilə uşaqların həyat və sağlamlığına təsir edə biləcək risklər və bununla əlaqədar münasibətlərin tənzimlənməsi ilə bağlı təhlil aparılmışdır. Təhlilin nəticəsi olaraq elektroskuterlər və digər kiçik elektrik nəqliyyat vasitələri üzrə hüquqi tənzimləmənin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, təhlükəsizlik dəbilqəsindən istifadənin məcburi norma kimi müəyyən edilməsi, uşaqların qorunmasına yönəlmiş valideyn məsuliyyətinin gücləndirilməsi, dövlət qeydiyyatı və identifikasiya mexanizmlərinin yaradılmasının zəruri olduğu müəyyən edilmişdir. Təhlil əsasında irəli sürülən təkliflər səlahiyyətli dövlət orqanı tərəfindən məqbul hesab edilərək qurumun normayaratma fəaliyyəti prosesində nəzərə alınacağı bildirilmişdir.
Ombudsman və nümayəndələri uşaqlarla, xüsusilə çətin həyat şəraitində yaşayan uşaqlarla görüşərək onların fikirlərini dinləyir, problemlərinin həlli istiqamətində zəruri addımlar atılır. Təsisatın əməkdaşları Suriya Ərəb Respublikasından gətirilmiş repatriantlarla, habelə miqrant uşaqlarla görüşmüş, uşaqların hüquqlarının təmini vəziyyətini öyrənərək, onlara zəruri dəstək göstərilmişdir.
Uşaq hüquqları sahəsində mövcud problemlərin qarşısının alınmasında maarifləndirmə işlərinin əhəmiyyətini nəzərə alaraq, ombudsmanın fəaliyyətində uşaq hüquqlarının təşviqinə xüsusi önəm verilir. Hər il olduğu kimi, cari ildə də konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində, 20 oktyabr - 20 noyabr tarixləri Ombudsman tərəfindən "Uşaq Hüquqları Aylığı" elan edilib. Aylığın əsas məqsədi uşaq hüquqlarının müdafiəsi sahəsində ictimai diqqətin artırılması, uşaqların hüquqları barədə məlumatlılığın genişləndirilməsi, onların hüquq və azadlıqlarının təşviqi, eləcə də bu sahədə dövlət orqanlarının, vətəndaş cəmiyyəti institutlarının və digər aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsinə töhfə verməkdir.
"Uşaq Hüquqları Aylığı" çərçivəsində həyata keçirilən tədbirlər uşaqların hüquqlarının təşviqi və təmin olunması vəziyyətinin qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu tədbirlər yalnız hüquqların təbliği ilə məhdudlaşmamalı, eyni zamanda mövcud problemlərin müəyyən edilməsi, hüquq pozuntularının qarşısının alınması və onların aradan qaldırılması istiqamətində konkret təşəbbüslərlə müşayiət olunmalıdır.
Aylıq çərçivəsində Ombudsmanın Aparatı və Naxçıvan, Şimal, Cənub, Şimal-Qərb, Qərb regional mərkəzləri tərəfindən paytaxtda və regionlarda aidiyyəti qurumların iştirakı ilə uşaq hüquqlarına dair silsilə maarifləndirici tədbirlər və monitorinqlər həyata keçirilmişdir.
Ombudsman tərəfindən insan hüquqları, uşaq hüquqları ilə bağlı elan olunmuş aylıqlarda keçirilən tədbirlərlə yanaşı, il ərzində mütəmadi olaraq müvafiq dövlət orqanları, vətəndaş cəmiyyəti institutları və digər aidiyyəti qurumlarla əməkdaşlıqda uşaqların da iştirakı təmin edilməklə müxtəlif mövzularda tədbirlər təşkil olunur.
Hər bir dövlət və cəmiyyətdə müasir çağırışlar nəzərə alınmaqla mütəmadi olaraq uşaqların hüquqlarının müdafiəsinə diqqətlə yanaşılması, hüquq pozuntularının qarşısının alınması və pozulmuş hüquqlarının bərpasında səylərin birləşdirilməsi bu sahədə mövcud məsələlərin operativ və səmərəli həllində mühüm amil kimi çıxış edir.
Gəlin səylərimizi birləşdirməklə müasir dövrün çağırışlarını nəzərə alaraq, uşaqların hüquqlarının qorunmasına birlikdə töhfə verək!
Səbinə ƏLİYEVA,
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), hüquq üzrə fəlsəfə doktoru