Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Prezident Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Dəyanət Abdullayev, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi İzzət Talıbov, Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Mirsəmid Hüseynov və Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Tofiq Rzayev kənd təsərrüfatının inkişafına dair dövlət proqramı çərçivəsində görülən işlərlə tanış olmaq üçün iri fermer təsərrüfatlarına baş çəkiblər.
Məqsəd zona müşavirəsində irəli sürülmüş təşəbbüslərin icra vəziyyətini yoxlamaq, habelə dövlət proqramı çərçivəsində həyata keçirilən tədbirlərə dair məlumatları dəqiqləşdirmək və mövcud vəziyyətlə yerində tanış olmaq idi. Öncədən qeyd edək ki, ölkədə kənd təsərrüfatının inkişafına dair dövlət proqramlarının icrası çərçivəsində Lənkəranda aqrar sektorun modernləşdirilməsi, idxalın əvəzlənməsi və ixrac potensialının artırılması istiqamətində genişmiqyaslı işlər həyata keçirilib.
Keçirilən baxış çərçivəsində rayonun ənənəvi təsərrüfat sahələri olan çəltikçilik, çayçılıq, sitrusçuluq və heyvandarlıq üzrə ixtisaslaşmış müəssisələrin, eləcə də aqrar məhsulların emalı zavodlarının mövcud vəziyyəti ətraflı təhlil edilib. Son illər Lənkəranda çay plantasiyalarının və sitrus bağlarının sahəsi əhəmiyyətli dərəcədə genişlənmiş, yerli istehsal olan çəltik növlərinin məhsuldarlığının artırılması üçün mütərəqqi suvarma sistemləri tətbiq olunmağa başlamışdır. Bu sahələrin paralel və səmərəli inkişafı rayonda həm yeni iş yerlərinin açılmasına, həm də Lənkəranın aqrar brendlərinin ölkə hüdudlarından kənarda daha geniş tanıdılmasına güclü təkan verir.
Görüş zamanı rayonda kənd təsərrüfatı ilə məşğul olan sahibkar və fermerlərin qarşılaşdıqları problemlər dinlənilib, qaldırılan məsələlərin operativ həlli və fermerlərə lazımi dəstəyin göstərilməsi istiqamətində addımların atılacağı nəzərlərə çatdırılıb.
Göstərilən diqqət və qayğıya görə təşəkkür edən fermer və sahibkarlar yaradılan şəraiti yüksək qiymətləndiriblər. Onlar dövlət proqramının icrasına yaxından dəstək verəcəklərini, nəzərdə tutulan tədbirlərin uğurla reallaşdırılması və aqrar sahənin daha da inkişafı üçün bütün potensiallarını səfərbər edəcəklərini vurğulayıblar.
Seyran CAVADOV,
“Azərbaycan”