Fermerlərin əkin mövsümündə qarşılaşdıqları maliyyə çətinliklərinin azaldılması məqsədilə Azərbaycanda ilk dəfə avans subsidiya mexanizmi tətbiq edilir. Yeni qaydaya əsasən, müəyyən edilmiş meyarlara cavab verən təsərrüfat sahibləri gözlənilən əkin subsidiyasının 30 faizini mövsüm işləri başa çatmadan əldə edə biləcəklər.
Əkin mövsümü hələ toxum torpağa düşməmiş başlayır. Toxum, gübrə, yanacaq və texnika xərclərinin artması isə ilkin mərhələdə onların maliyyə yükünü xeyli artırır. Əvvəlki qaydalara görə, subsidiyaların əkin işlərindən bir neçə ay sonra – məhsulun yetişmə dövrünün ortalarına doğru ödənilməsi fermerlərin aqrotexniki tədbirləri vaxtında həyata keçirməsinə mane olur, bu da nəticədə məhsuldarlığa mənfi təsir göstərirdi.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Göyçay rayon sakini, 30 ilə yaxındır fermer təsərrüfatı ilə məşğul olan Heydər Quliyev də bu çətinliklərlə üzləşən istehsalçılardandır. Onun sözlərinə görə, hazırda hər hektar üzrə çəkilən xərc 600 manata çatıb: “Taxıl əkini oktyabr-noyabr aylarında aparılsa da, subsidiya vəsaiti əsasən fevral-mart aylarında ödənilir. Bu da həmin dövrdə toxum və gübrə təminatında çətinliklər yaradır. Subsidiyanın bir hissəsinin payız aylarında – əvvəlcədən verilməsi fermerlərin işini xeyli asanlaşdıracaq və aqrotexniki qulluğu vaxtında aparmağa imkan verəcək”.
H.Quliyev dövlətin aqrar sahəyə göstərdiyi dəstəyin təsərrüfatların genişlənməsində mühüm rol oynadığını vurğulayaraq, məhz bu imkanlar hesabına əkin sahələrini ildən-ilə artırdığını bildirib.
Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun müdiri Famil Nəbiyev qeyd edib ki, yeni mexanizm fermerlərin əkin mövsümünə daha hazırlıqlı başlamasına və istehsal xərclərini vaxtında qarşılamasına şərait yaradacaq. Onun sözlərinə görə, avans subsidiyası Aqrar Subsidiya Şurası tərəfindən müəyyən edilmiş siyahıya daxil olan yazlıq və payızlıq birillik bitkiləri becərən istehsalçılara, EKTİS-də fermer reytinqi 30 baldan yüksək olan şəxslərə, ümumi əkin sahəsi 5 hektardan 100 hektaradək olan çıxarış alan fermerlərə və torpaq sahəsi üzrə yalnız bir əkin bəyanı təqdim edənlərə şamil olunacaq.
Fermerlər elektron kabinetlərində şum işlərinin aparılıb-aparılmadığı barədə süni zəka ilə yoxlama nəticələrini, əldə etdikləri reytinqin göstəriciləri və inkişaf etdirmə istiqamətləri ilə bağlı məlumatları görmə imkanına sahib olacaqlar. Subsidiya məbləğinin 30 faizi həcmində avans vəsaiti fermerlərin hesabına köçürüləcək.
Qeyd edək ki, avans subsidiya mexanizmi kənd təsərrüfatı istehsalçılarının ilkin maliyyə ehtiyaclarının ödənilməsinə, təsərrüfatların dayanıqlı inkişafına və məhsuldarlığın artırılmasına xidmət edir.