06 Noyabr 2026 09:15
178
Mədəniyyət
A- A+
Sözün qanadında özünə doğru 

Sözün qanadında özünə doğru 


İnsan qəlbi görünməyən bir aləmdir. Onun dərinliklərində heç kəsə açılmayan xatirələr, dilə gəlməyən etiraflar, zamanın susdura bilmədiyi duyğular yaşayır. Poeziya həmin aləmin qapısını açan sehrli açardır. Söz bu qapıdan keçərək hissə çevrilir, misra yaddaşa, şeir isə insan ruhunun aynasına dönür. 

Arzu Əyyarqızının poetik dünyası da insan ruhunun bu incə qatlarına yönələn, yaşantıların duyğuya, duyğuların sözə çevrildiyi bir aləmdir. Cəlilabadın Şatırlı kəndində dünyaya göz açan Arzu Əyyarqızının həyat yolu ilk baxışdan adi bir insan ömrünün mənzərəsini xatırladır. Orta məktəb, tibb təhsili, əmək fəaliyyəti, ailə qayğıları... Bu zahiri mənzərənin arxasında heç vaxt susmayan, daim özünü ifadə etməyə çalışan başqa bir aləm - poeziya dünyası yaşayır. Arzunun sözlə ilk tanışlığı hələ uşaqlıq illərinə təsadüf edir. İlk şeirini 9 yaşında yazan balaca qızın qəlbində o vaxtdan bir söz çırağı yanmağa başlayır. İllər keçir, uşaqlıq duyğuları böyüyür, həyat ona müxtəlif sınaqlar təqdim etsə də, həmin çıraq sönmür, əksinə, yaşantılar, sevinc və kədərlər, itkilər və ümidlər onun poeziyasının yeni rənglərini yaradır.

Arzunun həyatında diqqətçəkən məqamlardan biri də tibb sahəsində çalışmasıdır. Onun həyatında iki fərqli xidmət sahəsi birləşir - birində insanın fiziki ağrılarına məlhəm olmağa çalışır, digərində isə mənəvi duyğularını sözün dili ilə ifadə edir. Bəlkə də buna görə onun yaradıcılığında insan taleyi, mərhəmət, sevgi və həssas duyğular xüsusi yer tutur. 

Şairin yaradıcılığının diqqətçəkən cəhətlərindən biri mövzu rəngarəngliyidir. Vətən, insan, ailə, ata, ana, sevgi, təbiət və milli-mənəvi dəyərlər Arzunun poetik dünyasında özünəməxsus yer tutur. Bu mövzuların hamısını birləşdirən əsas xətt insanın mənəvi aləminə diqqət, duyğuların səmimi ifadəsi və qəlbin özünü anlamaq istəyidir. Arzunun "Bir şeir ağlayım" şeirindən verilən misralar onun poetik dünyasının başqa bir çalarını üzə çıxarır:


Bir şeir ağlayım bir payız günü,

Xəzəl göz yaşlarım tökülsün bir-bir.

Bir şeir ağlayım ömür adında,

Tökülsün ruhumdan sətirbəsətir.


Arzunun poetik düşüncəsində özünü axtarmaq mövzusu mühüm yer tutur. "Axtarın məndə məni, özümü itirmişəm" misrası insanın daxili ziddiyyətlərini, özünə yadlaşmasını və mənəvi axtarışlarını ifadə edən bir çağırış təsiri bağışlayır. Bu, təkcə şairin şəxsi duyğusu deyil, həyatın qayğıları, məsuliyyəti və yaşantıları içərisində özünü axtaran hər kəsin tanıya biləcəyi bir hissdir. İnsan başqalarının arasında yaşasa da, özünə qayıtmaq üçün uzun bir yol keçməli olur.

Sevgi mövzusu isə Arzunun yaradıcılığında yalnız hisslərin təsviri ilə məhdudlaşmır. O, sevgiyə münasibətini bəzən gözlənilməz, hətta riyazi bir obrazla ifadə edir. "Sevgi düsturu" şeirindəki:


Sevginin riyazi düsturu oldu,

Sən üstə Mən gəldi, cəm Biz alındı.


misraları bu baxımdan maraqlıdır. Burada iki ayrı insanın birliyindən yaranan "biz" anlayışı sadə riyazi əməl vasitəsilə poetik məna qazanır. Şair sevginin mahiyyətini birləşməkdə, iki fərqli dünyadan vahid mənəvi bütövlük yaratmaqda görür. Bu yığcam ifadənin yadda qalmasının səbəbi də fikrin sadə, obrazlı və aydın şəkildə təqdim edilməsidir. 

Şairin "Bilmirsən" şeirində isə sevginin daha geniş və çoxqatlı mənzərəsi yaradılır. Şair sevdiyi insanı ana qucağına, qorunub saxlanılan oyuncağa, ata ocağına, nəvazişə ehtiyacı olan körpəyə bənzədir. Bu bənzətmələr sevginin yalnız romantik duyğu olmadığını, onun içində qayğı, güvən, doğmalıq, qorumaq və qorunmaq ehtiyacının da yaşadığını göstərir. 

Arzunun yaradıcılığında milli-mənəvi dəyərlərə münasibət də xüsusi yer tutur. "Ən müqəddəs pay kəlağayı" kitabının adı təsadüfi seçilməyib. Kəlağayı Azərbaycan qadınının zərifliyini, tarixini, ailə yaddaşını və milli kimliyini özündə yaşadan mənəvi rəmzlərdəndir. Bu mövzuya müraciət etməklə şair yalnız milli geyim nümunəsini deyil, nəsillərdən-nəsillərə ötürülən mədəni irsi poetik düşüncəyə gətirir.

"Qəlbimin səsi", "Sözün işığı", "Açılsa dünyanın bəsirət gözü" və "Ən müqəddəs pay kəlağayı" kitabları Arzunun yaradıcılıq yolunun müxtəlif mərhələlərini əks etdirir. Şeirlərinin "Azərbaycan", "Ədəbiyyat", "Ədalət" qəzetlərində, müxtəlif ədəbi jurnallarda, antologiya və almanaxlarda dərc olunması, Türkiyədə, Təbrizdə və Tehranda yayımlanması onun sözünün daha geniş oxucu auditoriyasına  çatmasına imkan yaradıb.

Filologiya elmləri doktoru Vaqif Yusiflinin və ədəbiyyatşünas Vaqif Osmanlının Arzunun yaradıcılığına həsr etdikləri təhlillər də bu poetik yolun ədəbi mühitdə diqqət çəkdiyini göstərir. Onların yazılarında şairin obrazlı təfəkkürü, səmimi duyğuları, milli dəyərlərə bağlılığı və inkişaf imkanları müxtəlif istiqamətlərdən dəyərləndirilir. 

Arzunun fəaliyyəti yalnız şeir yazmaqla bitmir. O, yaşadığı bölgənin ədəbi həyatında iştirak edir, ədəbi poeziya məclislərinin təşkili və qələm sahiblərinin bir araya gəlməsi istiqamətində təşəbbüslər göstərir. "Mizan" və "Həməşəra" poeziya məclisləri ilə bağlı fəaliyyəti onun ədəbiyyatı təkcə fərdi yaradıcılıq deyil, həm də ünsiyyət və mənəvi paylaşım məkanı kimi qəbul etdiyini göstərir. Ədəbiyyat yeni səslərə meydan açdıqca, fikir mübadiləsi və ədəbi müzakirələr genişləndikcə daha canlı və məhsuldar olur. Əlbəttə, gənc şairin qarşısında hələ uzun yaradıcılıq yolu var. Hər yeni kitab əvvəlkindən daha dolğun, hər yeni şeir daha mükəmməl olmalıdır. 

Arzu Əyyarqızının həyatına və yaradıcılığına nəzər salanda bir həqiqət aydın görünür - insanın yaşadığı yer onun düşüncələrinin sərhədi deyil. Cəlilabadın kəndində doğulan, burada çalışan və yazıb-yaradan bir qələm sahibinin misraları müxtəlif şəhərlərdə oxucuya çatırsa, deməli, söz özünə mənəvi yol açmağı bacarıb.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan neftinin qiyməti 107 dollara çatır

10:13
06 Noyabr

Qızıl və gümüş ucuzlaşır

10:13
06 Noyabr

Neft bahalaşıb

10:12
06 Noyabr

Azərbaycan əsgərinin Şuşaya daxil olması üçün hər gün dua edirdim – Litvalı jurnalist Riçardas Lapaytis 

09:59
06 Noyabr

Sudan sərhədində atışmada iki Misir hərbçisi həlak olub

09:55
06 Noyabr

UEFA Avropa Liqası: “Yuventus” və “Marsel” səfərdə qalib gəlib

09:52
06 Noyabr

Qocalmanı ləngitmək mümkündürmü?

09:35
06 Noyabr

UEFA Konfrans Liqası: “Trabzonspor” öz meydanında məğlub olub, “Kayrat” səfərdə xal qazanıb  

09:32
06 Noyabr

ABŞ Prezidenti: Ukrayna ilə bağlı böyük razılaşma əldə olunacaq

09:31
06 Noyabr

S.Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində ağacəkmə aksiyası keçirilib

09:30
06 Noyabr

Tramp: İranın qalan hissəsini də məhv etmək məcburiyyətində qala bilərəm  

09:29
06 Noyabr

Gözəl nitq də bir zənginlikdir

09:25
06 Noyabr

Xınalıq kəndinə 15 santimetr qar yağıb

09:24
06 Noyabr

Elmdə yeni nəfəs

09:20
06 Noyabr

Sözün qanadında özünə doğru 

09:15
06 Noyabr

Azərbaycan gəncliyi - bu günün gücü, sabahın məsuliyyəti

09:10
06 Noyabr

ZƏFƏR gündəliyi

09:05
06 Noyabr

Bir ömrün əbədiyyətə çevrildiyi gün

09:00
06 Noyabr

Ot kökü üstə bitər  

08:55
06 Noyabr

Zəfər tariximiz - qürur salnaməmiz 

08:50
06 Noyabr

Milli birliyin və qəhrəmanlığın rəmzinə çevrilmiş Zəfər

08:45
06 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!