Qədim musiqi alətlərimizi el sənətkarları yaşadır
İllər, əsrlər ötüb keçsə də, xalq yaratdığı sənət nümunələrini, musiqi alətlərini, mahnıları, bir sözlə, mədəni irsini göz bəbəyi kimi qoruyub saxlayaraq gələcək nəsillərə çatdırır. Çatdırır ki, gələcək nəsillər keçmişdən xəbərdar olsun, el sənətini daim yaşatsınlar.
Xalqın yaratdığı başqa sənət nümunələri kimi, musiqi alətləri də zamanları arxada qoyaraq yaşayır. Nə qədər müasir musiqi alətləri yaransa da, qədim alətlərə sevgi heç vaxt tükənmir. Çünki bu musiqi alətləri səsində, avazında ulu keçmişimizi, babalarımızın ruhunu yaşadır. Onlarda ifa olunan musiqiləri dinlədikcə sanki bir anlıq ötən illərə dönürük. Bu alətlərdən qopan səslər könlümüzü oxşayır, bulaq suyu kimi şırıl-şırıl ürəyimizə axır, qəlbimizə hopur.
Ulu keçmişimizdən soraq verən zurna, balaban və başqa alətlərdə milli musiqimizi ifa edən, yaşadan sənətkarlardan biri də Balaxanı sakini Mirağa Murtuzayevdir. Mirağa kiçik yaşlarından musiqinin sehrinə düşərək bu alətlərdə ifa etməyi öyrənib. Sənət yollarında qarşılaşdığı çətinliklər onu qorxutmayıb. Bu gün el şənliklərində iştirak edən Mirağa Murtuzayev xalq mahnılarımızı zurna və balabanda məharətlə ifa edir.
Mirağa Murtuzayev 1964-cü ilin avqustunda anadan olub. Kiçik yaşlarından musiqiyə maraq göstərib, onun vurğunu olub. Həmin günləri xatırlayan Mirağa deyir ki, 10 yaşımda televizorda musiqi verilişini izləyirdim: "Həmin verilişdə qədim el havalarından bəhs olunurdu. Qavaldan çıxan ritmləri sanki ürəyimdə əks-səda verirdi. Mən də bu alətdə ifa etmək istəyirdim. Amma evimizdə qaval yox idi. Bir müddətdən sonra Montinə köçdük. Onda 3-cü sinifdə oxuyurdum. Şəhərə köçəndən bir müddət sonra valideynlərim mənə qaval aldılar. Artıq 13 yaşım var idi. Günlərin birində məktəbimizdə ən yaxşı qaval ifaçısını müəyyənləşdirmək üçün musiqi müsabiqəsi keçirildi. Müsabiqədə iştirak etdim. Gözləmədiyim halda 1-ci yerə çıxdım. İfam musiqi müəlliminin xoşuna gəldi. Məni təbrik edib dedi ki, səni televiziya verilişinə aparacağam. O vaxtlar Ç.İldırım adına İdman Kompleksində "Şən starlar" verilişi çəkilirdi. Verilişdə qarmon ifaçısı ilə gənc müğənnini müşayiət etdik. Çəkilişdən qayıdandan sonra qavalım yararsız vəziyyətə düşdü. Nə qədər valideynlərimə desəm də, kasıbçılıq ucbatından onlar təzə qaval ala bilmədilər".
Sonra o, sözünə davam etdi: "Evdə böyük qardaşımın balabanı var idi. Amma qəmişi olmadığından onda mahnı ifa eləmək mümkün deyildi. Bir gün yol keçəndə qamışlıq gördüm. Tez bir neçə qamış qırıb evə gətirdim, səliqə ilə ora-burasını yondum. Bir az əziyyət çəkəndən sonra balaban üçün qəmiş düzəldə bildim. Sonra onu balabandakı yerinə taxıb nəfəs verəndə gördüm ki, səsi pis çıxmır. Amma mahnı ifa edə bilmirdim. Buna baxmayaraq, məktəbə gələndə balabanı götürdüm. Musiqi müəllimimiz məni görəndə soruşdu "Mirağa, haradasan, niyə gəlib məşq eləmirsən, hanı qavalın?" Dedim ki, qavalım cırılıb, ala bilmirəm, indi balabanım var. Bu gündən sonra balaban çalacağam.
Məktəbdən çıxanda İlham adlı qonşumuzu gördüm. Onlarla bir binada yaşayırdıq. Dedim: "İlham, eşitmişəm atan Əlimuxtar əmi balaban ustasıdır. Tanınmış sənətkarlar Avtandil İsrafilov, Vəli Qədimovla toya gedir. Görəsən, mənə balaban ifa etməyi öyrədərmi? Dedi ki, niyə öyrətmir, nə vaxt həyətdə görsən, yaxınlaş, fikrini de. Elə ertəsi gün dərsdən qayıdanda İlhamın atasını həyətdə gördüm. Yaxınlaşıb salam verəndən sonra dedim ki, Əlimuxtar əmi, olarmı axşam sizə gəlim. Rəhmətlik kişi məni tanıyırdı, dedi ki, qapımız sənin üzünə açıqdır, nə vaxt istəyirsən gəl. Axşam düşər-düşməz sevinə-sevinə evlərinə getdim. Əlimuxtar əmi nə üçün gəldiyimi soruşdu. "Sizdən balaban çalmağın sirlərini öyrənmək istəyirəm", - dedim. Balabana baxanda gördü ki, düzəltdiyim qəmiş yaxşı deyil. Dedi ki, gəl sənə yaxşısını verim. Bir dəfə evlərinə gedəndə Əlimuxtar əmi balabana təzə qamış taxıb bəzi üsulları mənə öyrətdi. Dedi ki, əgər yaxşı sənətkar olmaq istəyirsənsə, özünə təzə balaban al. Bu alətin təzəsi 40 manat idı. Çətin də olsa, valideynlərin mənə təzə balaban aldılar.
Qardaşımgildə qrammafon var idi. Valları qrammafona qoyub məşhur klarnet ifaçıları Əşrəf Əşrəfzadənin, Şəmsi İmanovun mahnılarına qulaq asırdım. Onların ifalarına balabanda dəm verirdim. Beləcə, yavaş-yavaş balabanda həm dəm tutmağı, həm də mahnıları ifa etməyi öyrəndim. Çox keçmədi ki, "Sarı gəlin"i və başqa mahnıları ifa etdim.
Mirağa Murtuzayev ilk dəfə el şənliyinə getdiyini xatırladı: "Günlərin birində ansamblımızın qarmon ifaçısı Rafiq bizə gəldi. Atamdan icazə aldı ki, məni toya aparsın. Beləcə, 13 yaşımda toyda balabanda dəm tutmağa getdim. Heç bir çətinlik də çəkmədim. Evə 80 manatla qayıtdım. Anam puldan 25 manatını mənə qaytarıb verdi ki, get, özünə papaq al. Bu, mənim evə gətirdiyim ilk qazanc idi.
1980-ci il idi. Gəlinimiz dedi ki, sən balabanda, zurnada yaxşı ifa etsən də, mütləq musiqi təhsili almalısan, onda daha yaxşı bacaracaqsan. Səid Rüstəmov adına 13 nömrəli musiqi məktəbində oxumağa başladım. Bu məktəb mənim üçün musiqi dünyasına açılan qapı oldu. Sonra Asəf Zeynallı adına Musiqi Kollecinə qəbul olmaq istəsəm də, uğurlu alınmadı. Bir müddət balabandan çox zurnada ifa etməyə başladım. 1982-ci ildə balaban müəllimim Babaxan Əmirov bir gün mənə dedi ki, Naxçıvanda festival keçirilir, səni orada iştirak etməyə göndəririk. İnanırıq ki, bizi həmin festivalda layiqincə təmsil edəcəksən. Festivala 3 əsərlə getdim. "Sənindir", "Sevgili canan" və "Xəyala dalarkən". Bir də variyasiya ilə. Hamısı da notla. Festivalın münsiflər heyətinin rəhbəri tanınmış bəstəkar Cahangir Cahangirov idi. O bizi sonadək diqqətlə dinlədi. Mənə 2-ci dərəcəli laureat diplomu və 450 manat pul mükafatı verdilər".
Qədim el havalarını qədim musiqi alətlərində ifa edən Mirağa Mustafayev bu gün də fəaliyyətini davam etdirir. Dediyinə görə, son vaxtlar balaban ifasına daha çox üstünlük verir, amma qara zurnanı da unutmur.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"