Baxdığımız elə filmlər var ki, üstündən uzun illər keçsə də, onları heç vaxt unutmur, tez-tez xatırlayır və fürsət düşəndə yenidən seyr edirik. "Şərikli çörək", "Alma almaya bənzər", "Bizi bağışlayın", "Şir evdən getdi", "Var olun, qızlar", "Cırtdan", "Avtomobil, skripka və it", "Unudulmuş əşyalar", "Orada, naməlum cığırlarla…" kimi məşhur ekran əsərləri belə baxımlı, unudulmayan filmlərimizdəndir.
Başqa ekran əsərlərində olduğu kimi, indi də baxılan "Şərikli çörək" filminin də bəzi yaradıcıları kadr arxasında qalıb, necə deyərlər, gözə görsənməyib. Filmdə obrazları sənətkarlıqla canlandıran aktyorları yaxından tanısaq da, onlara bu rolu həvalə edən, qəhrəmanlara çevirən sənətkarların kimlər olduqlarını kifayət qədər bilmirik. Yəqin ki, bu gün də tamaşaçıları heyran edən həmin filmin ssenari müəllifinin Azərbaycan Dövlət Mükafatı laureatı, Əməkdar İncəsənət xadimi Alla Axundovanın olduğundan bəziləri məlumatsızdır. "Şərikli çörək" Alla xanımın ssenarist kimi kinoda ilk addımıdır, həm də uğurlu addım. Filmin uzun illərdən bəri sevilə-sevilə baxılması dediklərimizin həqiqət olduğunu bir daha sübut edir.
Onu da qeyd edək ki, Alla Axundova "Şərikli çörək" filminə görə Dövlət mükafatına layiq görülüb. Alla xanım filmlərə ssenari yazmaqla bərabər, həm folklorumuzun nümunələrini, həm də Azərbaycanın tanınmış şair və yazıçılarının əsərlərini rus dilinə çevirməklə milli mədəni irsimizin təbliğinə böyük töhfələr verib. Azərbaycan ədəbiyyat və incəsənətinin tanınmış simalarından, nüfuzlu insanlarından biri olan Alla Axundova illər uzunu yaşadığı Moskvada xalqımızın mədəniyyətini və mənəvi dəyərlərini layiqincə təmsil edən ziyalılarımızdan olub. O, 15 ekran əsərinin ssenarisini yazmaqla bərabər, həm də 50-yə yaxın tərcümə, 30-dan çox orijinal kitabın müəllifidir.
Bənzərsiz yaradıcılıq yolu keçmiş Alla Axundova 1939-cu il oktyabrın 27-də Moskvada dünyaya göz açıb. 1964-cü ildə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda oxuyub. 1967-ci ildə isə Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsini bitirib. Ədəbiyyata şeirlə gələn Alla xanımın ilk qələm nümunələri 1957-ci ildə "Moskovski komsomolets" qəzetində dərc olunub. Bundan sonra onun imzası mətbuatda tez-tez görünüb, əsərləri oxucular tərəfindən sevilib, ədəbiyyat aləmində tanınmağa başlayıb, şair, nasir, dramaturq, tərcüməçi və ssenarist kimi tanınıb.
Alla Axundovanın "Hələ payız deyil" şeiri məşhur rus şairi Anna Axmatovanın diqqətini çəkib və onun rəğbətini qazanıb. Bu tanışlıq onun yaradıcılığında mühüm rol oynayıb. A.Axundovanın şeirləri yalnız tanınmışların deyil, sadə oxucuların da ürəyinə yatıb, qəlbini oxşayıb. Məhz elə buna görə də Alla xanımın şeirləri sonrakı illərdə dünya xalqlarının, o cümlədən ingilis, fransız, rumın, yapon və başqa dillərə tərcümə olunub. Alla Axundovanın "Ağ işıq", "Bazar günü bağı", "Pillələr", "Mənzərəli açıqcalar", "Şən atlar", "Baltasız odunçu", "Moskva panoraması", "Niyə belə olur?", "Həvvanın sözü", "Quş", "Karnaval" kimi şeir kitabları bu gün də maraqla oxunur.
Moskvada doğulmağına və rus dilində yazıb-yaratmasına baxmayaraq, Alla Axundovanın yaradıcılığının böyük hissəsi doğma vətəni ilə bağlı olub. O, kinomuzun yaddaqalan ekran əsərlərinin ssenaristi olmaqla yanaşı, həm də Azərbaycan ədəbiyyatını rusdilli oxuculara təqdim edən tərcüməçilərdən biri kimi də tanınıb və sevilib. Alla xanım Azərbaycanın görkəmli şairləri Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Abdulla Şaiq, Rəsul Rza, Nigar Rəfibəyli, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Fikrət Qoca və başqalarının əsərlərini böyük sənətkarlıqla rus dilinə çevirib. Bütün bunlarla yanaşı, Alla xanım həmçinin Azərbaycan və ümumtürk ədəbi irsinin ən dəyərli abidələrindən olan "Kitabi-Dədə Qorqud" dastanını rus dilinə tərcümə edib. Həmçinin türk, ərəb, gürcü, özbək, başqırd və digər xalqların ədəbiyyatından dəyərli nümunələri də dilimizə çevirib.
Görkəmli şair, nasir, dramaturq, ssenarist və tərcüməçi Alla Axundovanın mədəniyyətimizin, ədəbiyyatımızın inkişafındakı xidmətləri zaman-zaman layiqincə qiymətləndirilib. O, 1970-ci ildə Respublika Dövlət mükafatı alıb. 1988-ci ildə isə ona Əməkdar İncəsənət xadimi fəxri adı verilib. Alla Axundova həmçinin Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü olub.
Bu il sentyabrın 17-də Moskvadan gələn acı xəbər onu sevənləri, yaradıcılığına pərəstiş edənləri dərindən kədərləndirdi. 86 yaşlı Alla Axundova dünyasını dəyişmişdi. Onun ölümü ədəbiyyatımız və mədəniyyətimiz üçün ağır itki idi. O, Moskvadakı Vaqankovo qəbiristanlığında, qızı Məryəmin və qardaşı Fikrətin məzarlarının yanında dəfn olundu.
Alla Axundova yaradıcılığa başladığı ilk günlərdən ömrünün sonuna qədər sözə, kitaba, tarixə, ədəbiyyatımıza, mədəniyyətimizə və milli yaddaşımıza sadiq qaldı, ona xidmət etdi. Ömrü boyu bir-birindən maraqlı əsərlər yazan, tərcümələr edən Alla xanım özündən sonra zəngin mənəvi irs qoydu. Alla xanım yazdığı əsərlərdə və onu yaxşı tanıyan yaxınlarının, doğmalarının və sənət dostlarının xatirələrində yaşayacaq.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"