Ötən əsrin birinci yarısında Azərbaycan ədəbiyyatının tanınan simalarından biri də şair, dramaturq və tərcüməçi Məmməd Rahim olmuşdur.
Onun "Gördüm" adlı ilk şeiri 1926-cı ildə, ilk şeir kitabı "Arzular" isə 1930-cu ildə çap olunmuşdur. Tələbəlik illərindən başlayaraq, Məmməd Rahim həm də "Azərnəşr"də tərcüməçilik etmişdir. Bu zaman o, dövrün görkəmli şairləri Əhməd Cavad və Hüseyn Cavidin təşəbbüsü ilə Bakıda yaradılmış "Yaşıl yarpaqlar" dərnəyinin üzvü olmuş Mikayıl Müşfiq və Almas İldırımla dostluq etmişdir. Əbəs yerə deyildir ki, hər üç şair yaradıcılığa qədəm qoyduqları ilk vaxtlardan özlərini Əhməd Cavad ədəbi məktəbinin yetirməsi hesab edirdi.
Mən ağ sular kimi axıb getmərəm,
Şimşəyəm, havayı çaxıb getmərəm.
Dünyanı pəncərə sandı babalar,
Mən ondan mənasız baxıb getmərəm.
- deyən Məmməd Rahimin bu misralarını oxuculara xatırladan ustad tənqidçi, akademik Məmməd Arif yazır ki, o, 30 il əvvəl Səməd Vurğun, Süleyman Rüstəm, Mikayıl Müşfiq, Osman Sarıvəlli, Rəsul Rza kimi şairlərlə bir dövrdə ədəbiyyata gəlmiş və o zamandan bu cəbhədə fəal çalışmaqdadır.
1931-ci ildə institutu uğurla başa vuran gənc elə həmin il 1-ci Bakı beşillik sovet məktəbində pedaqoji fəaliyyətə başlamışdır. M.Rahim 1938-1940-cı illərdə Azərbaycan Yazıçılar İttifaqında şeir bölməsinin rəhbəri və təşkilat katibi, 1941-1946-cı illərdə müdafiə bölməsinin rəhbəri, habelə İranda xüsusi ezamiyyətdə olmuşdur. 1946-cı ildən geniş ədəbi yaradıcılıqla məşğul olduğuna görə işləməmişdir. Müəyyən fasilədən sonra - 1947-1950, 1951-1952-ci illərdə yenidən Yazıçılar İttifaqında poeziya bölməsinə rəhbərlik etmişdir. Türkiyə və Aralıq dənizində səfərdə olmuş şair xəstələndiyi vaxtadək yalnız yaradıcılıqla məşğul olmuşdur. 1955-ci ildə "Xaqani" mənzum dramını, 1956-cı ildə "Sayat Nova" , 1962-ci ildə "Natəvan" poemalarını yazmış, Ş.Petefi, Beranje, A.Tvardovski, A.Blok, Şiller, Nekrasov və digərlərindən tərcümələr etmişdir.
1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Məmməd Rahimin əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir sıra xarici dilə tərcümə olunmuşdur. Azərbaycan ədəbiyyatının inkişafında xidmətləri yüksək qiymətləndirilən şair 1940-cı ildə Azərbaycan SSR Əməkdar incəsənət xadimi, 1949-cu ildə Stalin mükafatı laureatı adına layiq görülmüşdür. 1941-1945-ci illəri Məmməd Rahim yaradıcılığının ən məhsuldar dövrü hesab etmək olar. Həmin illərdə M.Rahimin poeziyası sərt və döyüşkən xarakter almışdır. Onun "Üç qardaş", "Müqəddəs kədər", "İkiqat cinayət", "Onu Don qucaqladı", "Aslanım partizandır", "Tək məzar", "Sənsiz" və bir çox başqa şeirləri oxucular tərəfindən rəğbətlə qarşılanmışdır.
Böyük Vətən müharibəsinin qızğın çağlarında Səməd Vurğunun "Məmməd Rahimin yaradıcılığı haqqında" yazdığı məqalənin ilk cümləsi belə başlayır: "Məmməd Rahimin poeziyası xalqımız arasında böyük şöhrət qazanmışdır". Bu, doğrudan da belə idi. Bu şeirlər ilk növbədə, öz lirik səciyyəsi ilə seçilirdi. Ədəbiyyatşünasların fikrincə, şairin lirikası öz həzinliyi, kövrəkliyi ilə diqqəti cəlb edir.
Müharibə mövzusu Məmməd Rahimin yaradıcılığında müharibədən sonra da davam etmişdir. Müharibədən az sonra şair "Leninqrad göylərində" poemasını yazmışdır. Əsərin qəhrəmanı Hüseynbala Əliyevin döyüş yolu və onun qəhrəmanlığı vətənpərvərliyin poeziyada əbədi dəyər qazanması idi. Bu poemanı Məmməd Rahimin ən gözəl və ən dəyərli əsəri hesab etsək, yanılmarıq. Poema qısa müddətdə Azərbaycan poeziyasının uğuruna çevrilmiş, Dövlət mükafatına layiq görülmüşdür.
Məmməd Rahim yaradıcılığından söz açanda onun tərcüməçilik fəaliyyətindən də yan keçmək olmaz. Professor Vaqif Yusifli yazır: "Onun tərcüməçilik fəaliyyəti orijinal yaradıcılığı qədər dəyərlidir. Çünki Rahim tərcümə işinə barmaqarası baxmayıb, poetik istedadının gücü ilə Şərq və Qərb şairlərinin əsərlərini dilimizdə məharətlə səsləndirə bilib". O, dahi Nizami Gəncəvinin "Yeddi gözəl" poemasını farscadan dilimizə çevirmişdir. Hələlik bu əsərin ən yaxşı və uğurlu tərcüməsi Rahimə məxsusdur. Böyük gürcü klassiki Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" əsərinin bir hissəsinin tərcüməsi də Rahimin qələmindən çıxmışdır. Puşkinin "Ruslan və Lyudmila" poeması və bir sıra digər şeirləri, Lermontovun bir çox şeir və poemaları, Blokun "On ikilər" poeması da M.Rahim tərcüməsində Azərbaycan oxucularına çatdırılmışdır. Onların bir çoxu indi də öz poetikliyini saxlayır.
XX əsr Azərbaycan ədəbiyyatının inkişafında xidmətləri yüksək qiymətləndirilən Məmməd Rahim 1964-cü ildə Azərbaycan SSR Xalq şairi fəxri adına layiq görülmüşdür. 1967-ci ildə "Lenin" ordeninə, 1965-ci ildə "Qırmızı Əmək bayrağı", 1977-ci ildə "Oktyabr inqilabı" ordenlərinə və medallara, habelə fəxri fərman və qiymətli hədiyyələrə layiq görülmüş şair 1977-ci il mayın 6-da vəfat etmişdir.
Rəhman SALMANLI,
"Azərbaycan"