Müharibələr təkcə döyüş meydanlarında deyil, həm də tarix səhifələrində, incəsənət əsərlərində yaşayır - Azərbaycan xalqının XX əsrdə üzləşdiyi ən böyük faciələrdən və sınaqlardan biri olan Birinci Qarabağ müharibəsi, xüsusən də Xocalı soyqırımı kimi. Bu ağrını, millətin qan yaddaşını və eyni zamanda sarsılmaz ruhunu ekrana köçürən, zamanın sınağından keçərək şah əsərə çevrilən ekran işlərindən bəhs etdikdə isə ilk yada düşən 1993-cü ildə "Azərbaycanfilm" kinostudiyasında ərsəyə gəlmiş "Fəryad" bədii filmidir.
Bu film sadəcə bir kino deyil, o dövrün reallıqlarını bütün çılpaqlığı ilə əks etdirən, qan qoxulu səngərlərdən, dondurucu soyuqdan və insan iradəsinin yenilməzliyindən doğan bir fəryaddır. Filmin ssenari müəllifi Vaqif Mustafayev, quruluşçu rejissoru və baş rolun ifaçısı isə ömrünü bu sənətə fəda edən mərhum sənətkar Ceyhun Mirzəyevdir. "Fəryad" həm bir xalqın ekranlaşdırılmış faciəsi, həm də onun baş qəhrəmanını canlandıran rejissorun bu dünyaya vida etmədən öncə gedişinə vurduğu son və ən ağrılı möhürdür.
Real faktlar, bədii süjet
Ekran əsəri real hadisələr, konkret olaraq Birinci Qarabağ müharibəsi zamanı iki ay erməni əsirliyində qalmış Azərbaycan hərbçisi M. Hüseynovun xatirələri və şahidi olduğu dəhşətlər əsasında çəkilib. Filmdə batalyon komandiri İsmayılın timsalında Azərbaycan əsgərinin dözümü, vətən sevgisi və düşmən qarşısındakı mənəvi üstünlüyü nümayiş etdirilir.
Rejissor tapıntısı olaraq, buradakı İsmayıl obrazı vaxtilə hamının sevdiyi məşhur "Ögey ana" filmindəki balaca İsmayılın - Ceyhun Mirzəyevın uşaqlıqda canlandırdığı obrazın böyüklüyüdür. Müəllif sanki illər öncənin o sevimli uşağının böyüyüb vətəni qoruyan bir zabitə çevrildiyini və Qarabağda əsir düşdüyünü göstərərək iki film arasında sarsıdıcı bir mənəvi bağ yaradıb.
"Fəryad" filmini sadəcə bir müharibə xronikası olmaqdan çıxarıb onu dünya səviyyəli bədii dram nümunəsinə çevirən ən böyük güc - obrazların mükəmməl psixoloji işlənməsidir. Ssenari müəllifi Vaqif Mustafayev və rejissor Ceyhun Mirzəyev personajları ağ-qara müstəvisində, bəsit və şablon xarakterlər kimi təqdim etməyiblər. Buradakı hər bir obraz iki xalqın mentalitetini, ideologiyasını və müharibəyə baxışını simvolizə edir.
İsmayıl obrazı Azərbaycan kinosunda yaradılmış ən dürüst və ən qoçaq hərbçi obrazlarından biridir. O, ideallaşdırılmış bir qəhrəman deyil, qorxuları, ağrıları, ailə həsrəti olan real insandır. İsmayıl əsir düşdüyü andan etibarən fiziki cəhətdən məğlub duruma düşsə də, mənəvi cəhətdən hər kadrda düşmənindən qat-qat ucada dayanır. Onun gücü silahında deyil, mənəvi haqlılığında, ədalətindədır. İşgəncələr qarşısında İsmayılın susqunluğu və dik baxışları, düşmənin bəsit qəddarlığını daxildən parçalayan ən böyük silaha çevrilir. Ceyhun Mirzəyev bu rolda sözlərdən daha çox baxışları, üz cizgiləri və bədən dili ilə bütöv bir xalqın dözümünü ifadə etməyi bacarmışdır.
Şərin intellektual və qəddar siması, Xalq artisti Məlik Dadaşovun ifasındakı Armen obrazı Azərbaycan kinematoqrafiyasında düşmən obrazının təsvirində qeyri-adi bir inqilab idi. Qəddar, soyuqqanlı və amansız Armen Xaçaturyanı görkəmli aktyorumuz bənzərsiz bir ustalıqla və psixoloji dərinliklə canlandırıb. Məlik Dadaşov bu rola o qədər canlı və nifrət dolu bir ruh vermişdir ki, filmin çəkilişləri zamanı və nümayişindən sonra da tamaşaçılar tərəfindən bəzən real nifrətlə qarşılanırdı. Bu, aktyor məharətinin ən yüksək zirvəsi idi.
Rejissor filmdə düşməni savadsız, aciz və gülünc göstərmək kimi asan yola qaçmayıb. Əksinə, Armen oxumuş, musiqi savadı olan, manipulyasiya etməyi bacaran, lakin daxilən tamamilə eybəcərləşmiş, qəddar bir ideologiyanın qurbanı və icraçısıdır. Armen İsmayılı sadəcə fiziki məhv etmək istəmir, onun məqsədi Azərbaycan əsgərinin ruhunu sındırmaq, onu diz çökdürməkdir. O öz qəddarlığına qondarma "tarixi ədalət" donu geyindirməyə çalışır. Məlik Dadaşov bu rolu o qədər təbii və dərindən oynamışdır ki, onun personajına nifrət etməmək mümkünsüz idi. Bu obraz vasitəsilə film, erməni şovinizminin və faşizminin iç üzünü beynəlxalq auditoriyaya çatdıra bilən intellektual dillə ifşa etmək gücünə malikdir.
Filmdəki digər erməni əsgərlərinin kütləvi qəddarlığı, quduzlaşmış kütlə psixologiyası Xocalıda və Qarabağda törədilən vəhşiliklərin fərdi deyil, kollektiv bir nifrətin nəticəsi olduğunu bədii şəkildə sübut edir.
Murovdağın şaxtası, soyqırımı şahidləri və "Fəryad"ın ağrılarına dözməyən Ceyhun Mirzəyev
"Fəryad"ın çəkilişləri olduqca ağır, dözülməz şəraitdə aparılıb. Filmin operatoru Kənan Məmmədov xatirələrində yazır ki, müharibə dəhşətini yaşıl, çiçəkli təbiətdə çəkmək mümkünsüz idi. Bu səbəbdən çəkiliş qrupu qışın oğlan çağında Goranboy, Murovdağ və Naftalan ərazilərində, dondurucu şaxtada çalışıb. Hətta bəzi kadrların çəkilişində həqiqi döyüş bölgələrindən gələn barıt qoxusu və partlayış səsləri eşidilirdi.
Çəkilişləri 8 ay davam edən filmin bədii yükünü artıran ən mühüm məqamlardan biri odur ki, kütləvi səhnələrdə Xocalı soyqırımından cəmi bir neçə ay əvvəl sağ qurtulmuş real qaçqınlar və zərərçəkmişlər iştirak ediblər. Onların gözlərindəki qorxu, kədər və axan göz yaşları aktyor oyunu deyil, yaşanan real faciənin hələ soyumamış izləri idi. Ceyhun Mirzəyev isə səhnələrin təbii alınması üçün əsirlikdə döyülmə kadrlarında dublyordan qətiyyətlə imtina edərək öz bədəninə həqiqi zərbələr vurulmasına icazə vermişdir.
Cavanşir Quliyevin bəstələdiyi, milli musiqi alətləri ilə simfonik ağırlığın sintezindən doğan və insanın ruhunu sarsıdan musiqilər isə bu vizual ağrını tamamlayan ən böyük qüvvəyə çevrilmişdi. Filmdə Xocalı soyqırımından qaçan qaçqınların, dondurucu şaxtada meşə ilə irəliləyən insanların təsvir olunduğu kütləvi səhnədə səslənən musiqi kinomuzun ən sarsıdıcı şah əsərlərindən biridir. Həmin kadrlarda söz yoxdur, yalnız ekranın dondurucu ağrısı və arxa fonda ucalan, insanın iliyinə işləyən xor sədaları var. Bu musiqi tamaşaçını sanki həmin qarlı meşəyə aparır və dərdi fərdi olmaqdan çıxarıb ümummilli bir matəmə çevirir. İsmayıl əsirlikdə fiziki və mənəvi işgəncələrə məruz qaldıqca, onun baxışlarındakı səssiz müqaviməti müşayiət edən minor tonlu musiqi mövzusu qəhrəmanın daxili azadlığını simvolizə edir. Düşmən onu zəncirləsə də, musiqi onun ruhunun hələ də azad və vətəndə olduğunu pıçıldayır. Bütün bunlar baxımından "Fəryad" filmi sadəcə Azərbaycan kino tarixinə daxil olan bir sənət əsəri deyil, həm də xalqımızın keçdiyi ağrılı-acılı müharibə yollarını, milli kimliyini və azadlıq mübarizəsini gələcək nəsillərə ötürən ən böyük kino sənədidir.
Bu möhtəşəm film Ceyhun Mirzəyevın kino sənətində son işi oldu. O, belə bir filmin ərsəyə gəlməsi üçün canını, sağlamlığını, varlığını qoymuşdu. Müharibənin gətirdiyi mənəvi sıxıntılar, çəkiliş meydançasındakı fiziki gərginlik və millətin dərdi aktyorun səhhətində silinməz izlər buraxdı. Hər kadrda ürəyinin bir parçasını qoyan böyük sənətkar təəssüf ki, filmin çəkilişləri və montajı tam yekunlaşdıqdan sonra onun böyük ekranlardakı premyerasını görə bilmədi. 5 mart 1993-cü ildə cəmi 46 yaşında ikən Ceyhun Mirzəyev qəfil ürək tutmasından dünyasını dəyişdi. Onun ürəyi Qarabağ dərdinə və ekranlaşdırdığı faciənin ağırlığına dözmədi. Ölümündən sonra rejissor bu ekran əsərinə görə respublikanın "Humay" mükafatına layiq görüldü.
30 illik "Fəryad"a son qoyan 44 günlük Zəfər
1993-cü ildə çəkilən "Fəryad" filmi ilə 2020-ci ilin 44 günlük Vətən müharibəsi və tarixi Qələbəmiz arasında Azərbaycan xalqının 30 illik ağrısını, ümidini və nəhayət, böyük zəfərini tamamlayan sarsılmaz bir mənəvi körpü var. Müharibənin ilk illərində yaşanan faciələri və məğlubiyyət acısını ekranlaşdıran bu əsər, 44 günlük müharibədən sonra tamamilə yeni bir fəlsəfi və bədii məna kəsb etdi.
1993-cü ilin "Fəryad"ı Azərbaycan xalqının Qarabağ mövzusundakı ən böyük mənəvi yarası, Xocalının ağrısı və İsmayıl obrazının timsalında çəkilən əsirliyin rəmzi idi. 30 il boyunca bu filmə baxan hər bir azərbaycanlı İsmayılın işgəncələr qarşısındakı baxışlarında həm kədər, həm də daxili bir intiqam və geri qayıtmaq ümidi axtarırdı.
44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə isə ekrandakı o dondurucu ağrıya son qoydu. Azərbaycan Ordusu cəbhədə qazandığı tarixi zəfərlə sanki həm şəhidlərimizin, həm də kinomuzda canını vətən yolunda fəda edib əsir düşən İsmayılın intiqamını aldı. Filmdə Armen Xaçaturyanın (Məlik Dadaşov) İsmayıla xitabən dediyi "Bura sizin deyil" iddiaları 44 günlük müharibədə "Qarabağ Azərbaycandır!" nidası ilə tarixin arxivinə atıldı.
İradə ƏLİYEVA,
"Azərbaycan"