Sənətkar ömrü yaddaşlarda qoyub getdiyi iz qədərdir. Müğənni Hüseynağa Hadıyev kimi. Onun həyat yolu uzun sürməsə də, izi - oxuduğu, lent yazılarına köçürülmüş mahnılar onu bu gün də xatırladır, sevdirir. O, səsi ilə dinləyicinin qəlbinə yol tapır, duyğularını pərvazlandırırdı. Onun ifasında sevgi də vardı, nisgil də, həsrət də, kövrəklik də... Sanki hər mahnı ürəyindən süzülürdü.
Hüseynağa Hadıyev 1946-cı il noyabrın 19-da Bakıda, musiqiyə, ədəbiyyata hörmət, sevgi dolu bir ailədə dünyaya gəlib. Uşaqlıq illəri paytaxtın özünəməxsus ovqatı, küçələri, sakinləri olan "Sovetski" məhəlləsində keçib. Bu məhəllə onun uşaqlıq dünyası, ilk xatirələrinin, ilk musiqi duyğularının ünvanı idi. Anası Törə xanım görkəmli yazıçı, dramaturq Cəfər Cabbarlının qohumu idi. Amma Hüseynağa körpə ikən onu itirib, qayğısını bacısı çəkib.
Musiqiyə marağı uşaqlıqdan başlayıb. Hələ orta məktəbdə oxuduğu illərdə onun özünəməxsus, məlahətli səsi olduğunu biliblər. Hüseynağa məktəbə gedib-gələrkən yolboyu mahnılar zümzümə edib, məhəllədəki yaşıdlarını başına toplayaraq onlar üçün oxuyub. Atasının aldığı qarmon onun ilk musiqi aləti olub. Hüseynağa bu alətdə çalmağı həvəslə öyrənib. Sonralar "Pionerlər evi"ndə qarmon dərnəyinə gedib, musiqi biliklərini və ifa bacarığını inkişaf etdirib.
Hüseynağa Hadıyev məktəb tədbirlərində də çıxış edib. Musiqiyə bağlılığı, oxumaq həvəsi və istedadı ətrafındakıların diqqətini çəkib. Hüseynağanın sənətə marağı zaman keçdikcə daha da güclənib.
Musiqi sahəsində ali təhsil almadan ifaçılığa başlayıb. Sonralar Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) təhsil alıb. İnstitutu bitirdikdən sonra bir müddət həmin təhsil ocağında fəaliyyət göstərib. Ancaq onun əsas sənət yolu müğənniliklə bağlı olub.
Hüseynağa Hadıyevin həyatında mühüm dəyişiklik 1970-ci illərin əvvəllərində baş verib. Əməkdar incəsənət xadimi Gülarə Əliyevanın dəvəti ilə "Dan ulduzu" instrumental ansamblında solist kimi fəaliyyətə başlayıb. "Dan ulduzu" bir çox musiqiçi, müğənni kimi Hüseynağanın da həyatının parlaq işığı olub. Ansamblın kollektivi onun ifaçılıq imkanlarının genişlənməsində, tanınmasında və sənətkar kimi formalaşmasında mühüm rol oynayıb. Hüseynağa Hadıyev ömrünün sonunadək "Dan ulduzu" instrumental ansamblının solisti olub.
Hüseynağa Hadıyev qısa müddətdə dinləyicilərin sevimli müğənnilərindən biri kimi tanınıb. Onun ifasında səslənən "Mənim dünyam", "Gecələr bulaq başı", "Nərgizim", "Bir xumar baxışla", "Bu gecə", "Gəl barışaq", "Unuda bilmirəm", "Xalidə", "Arzular", "Ay köçəri quşlar", "Al məndən gülüşlərini", "Ürək", "Gözəl", "Çiçəklər açmasa", "Nə gözəldir, Azərbaycan", "Cəmilə" və başqa mahnılar dillər əzbəri olub.
Hüseynağa Hadıyev sevmədiyi mahnını heç zaman ifa etməzdi. O, ifa etdiyi əsəri əvvəlcə özü bəyənməli, onun musiqisini və məzmununu qəbul etməli idi. Ona görə də müğənni səsindəki, ifa tərzindəki səmimiliklə, təbiiliklə könüllərə yol tapırdı. Oxuduğu hər mahnıya elə bağlanır, aludə olurdu ki, sanki bütün dünyanı unudurdu.
"Dan ulduzu" ansamblı ilə müxtəlif xarici ölkələrdə qastrol səfərlərində olan müğənni Azərbaycan musiqisini beynəlxalq səhnələrdə təmsil edib. Əlcəzair, Bolqarıstan, Hindistan, İsveç və başqa ölkələrdə keçirilən konsertlərdəki ifaları dinləyicilər tərəfindən də maraqla qarşılanıb.
Hüseynağa Hadıyev təkcə səsi ilə deyil, səhnə görünüşü ilə də fərqlənirdi. Onun özünəməxsus geyim tərzi və saç düzümü var idi. Amma sərt qadağaları ilə tarixdə qalan keçmiş sovet hakimiyyəti illərində televiziya verilişlərinə, konsertlərə və rəsmi tədbirlərə çıxmaq üçün ciddi geyinmək tələb edilirdi. Odur ki, Hüseynağa Hadıyevin bu seçimləri televiziya rəhbərliyi ilə fikir ayrılığına səbəb olurdu. Ondan efirə kostyumda çıxması tələb edilsə də, müğənni heç vaxt bu tələblərlə razılaşmazdı. Səhnədə öz üslubunu qorumağa çalışırdı.
Hüseynağa Hadıyevin həyatında tamaşaçıların bilmədiyi bir məqam da olub. Deyilənlərə görə, o, uşaqlıq illərindən vərəm xəstəliyindən əziyyət çəkib. Ancaq müğənni bu barədə uzun müddət heç kimə danışmayıb. Sənət dostları onun xəstəliyinin ağırlığını yalnız ömrünün son günlərində xəstəxanada həkimlərdən öyrəniblər. Ancaq gec idi. 1992-ci ilin yanvarında müğənninin səhhəti daha da pisləşib və o, yanvarın 12-də xəstəxanada dünyasını dəyişib.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"