04 Noyabr 2026 00:27
189
Fərmanlar
A- A+
Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin ƏSASNAMƏSİ

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin ƏSASNAMƏSİ


Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 3 noyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir


1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi (bundan sonra - Agentlik) dövlət ehtiyatlarının yaradılması və idarə olunması sahəsində (bundan sonra - müvafiq sahə) dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, habelə ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlılığını təmin etmək və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq istiqamətində tədbirlər görən mərkəzi icra hakimiyyəti orqanıdır.

1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və Agentliyin hüquqi aktlarını rəhbər tutur.

1.3. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, habelə digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Agentliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, kargüzarlıq xidmətinin gerbsiz möhürü, müvafiq ştampları və blankları vardır.

1.5. Agentliyin saxlanma xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi, normativ hüquqi aktlarla müəyyən edilmiş hallarda büdcədənkənar vəsait və qanunda nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

1.6. Agentlik Bakı şəhərində yerləşir.


2. Agentliyin fəaliyyət istiqamətləri

2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək;

2.1.2. müvafiq sahədə dövlət tənzimləməsini, dövlət nəzarətini və əlaqələndirməni həyata keçirmək;

2.1.3. müvafiq sahənin inkişafını təmin etmək;

2.1.4. strateji ehtiyatların və mülki müdafiə tədbirləri çərçivəsində fövqəladə ehtiyatların yaradılmasını və idarə edilməsini həyata keçirmək;

2.1.5. ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlılığının təmin edilməsi və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısının alınması istiqamətində tədbirlər görmək;

2.1.6. strateji əhəmiyyətli malların (o cümlədən bazar iştirakçıları tərəfindən təmin edilən malların) monitorinqini aparmaq, habelə proqnozlaşdırmada iştirak etmək;

2.1.7. müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirmək;

2.1.8. bu Əsasnamədə göstərilən və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.


3. Agentliyin vəzifələri

3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Agentliyin vəzifələri aşağıdakılardır:

3.1.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirmək;

3.1.2. müvafiq sahədə dövlət proqramlarının və inkişaf konsepsiyalarının hazırlanmasını və həyata keçirilməsini aidiyyəti dövlət orqanları (qurumları)  ilə birlikdə təmin etmək;

3.1.3. müvafiq sahədə dövlət tənzimləməsi mexanizmlərinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;

3.1.4. "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq sahədə korrupsiya risklərini azaltmaq məqsədilə korrupsiya risklərini və həmin risklərə uyğun olaraq hədəfləri müəyyən etmək, eləcə də həmin risklərin təhlili, qiymətləndirilməsi və qarşısının alınması üzrə tədbirlər görmək;

3.1.5. müvafiq sahə ilə bağlı dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirmək; 

3.1.6. müvafiq sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini təmin etmək;

3.1.7. müvafiq sahədə dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək; 

3.1.8. aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə dövlət ehtiyatlarına tələbatı öyrənmək, strateji əhəmiyyətli malların siyahısı, dövlət ehtiyatlarının və bazar iştirakçıları tərəfindən təmin edilən malların nomenklaturaları ilə bağlı təkliflər vermək;

3.1.9. strateji ehtiyatları və saxlanılmasını həyata keçirdiyi fövqəladə ehtiyatları yaratmaq, habelə onların minimal həcmlərini təmin etmək, bu ehtiyatların idarə edilməsini, yeniləşdirilməsini və əvəzləşdirilməsini həyata keçirmək;

3.1.10. bazar iştirakçıları tərəfindən təmin edilən strateji əhəmiyyətli malların nomenklaturasındakı minimal həcmin azalma ehtimalı yarandıqda və ya həmin malların azalması müşahidə olunduqda, bu halların qarşısının alınması istiqamətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər vermək;

3.1.11. strateji əhəmiyyətli malların qiymətlərinin kəskin dəyişmələri risklərini müəyyən etmək məqsədilə daxili və xarici bazarları mütəmadi təhlil etmək və bununla bağlı təkliflər vermək;

3.1.12. dövlət ehtiyatlarına aid malların uçotunu aparmaq;

3.1.13. ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlılığının təmin edilməsi və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısının alınması məqsədilə tədbirlər görmək;

3.1.14. fövqəladə hadisələr zamanı, habelə humanitar yardım məqsədilə dövlət ehtiyatlarından istifadə edilməsi ilə bağlı təkliflər vermək;

3.1.15. dövlət ehtiyatlarının saxlanılma yerlərinin ölkə ərazisi üzrə optimal bölüşdürülməsinin təmin edilməsi məqsədilə saxlanılma yerlərinin genişləndirilməsi və yenilərinin yaradılması ilə bağlı təkliflər vermək;

3.1.16. "Dövlət ehtiyatları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu ilə bağlı illik hesabatı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək;

3.1.17. müvafiq sahədə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;

3.1.18. müvafiq sahədə dövlət əmlakından səmərəli istifadə olunmasına nəzarət etmək və dövlət maraqlarının qorunmasını təmin etmək;

3.1.19. müvafiq sahədə inzibati xəta və cinayət əlamətləri aşkar etdikdə, müvafiq olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun tədbirlər görmək;

3.1.20. müvafiq sahədə dövlət-özəl tərəfdaşlığının inkişafı üçün tədbirlər görmək;

3.1.21. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək, habelə elmi tədqiqatlar aparılmasını təşkil etmək;

3.1.22. müvafiq sahəyə ayrılan büdcə vəsaiti, fəaliyyət istiqamətləri üzrə əldə edilən büdcədənkənar vəsaitdən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.23. dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

3.1.24. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, rəsmi internet informasiya ehtiyatının yaradılmasını, malik olduğu və siyahısı  "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin internet informasiya ehtiyatında yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.25. müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;

3.1.26. fəaliyyət sahəsində əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlər görmək;

3.1.27. Agentliyin Aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər görmək;

3.1.28. Agentliyin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək;

3.1.29. Agentliyin Aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işini əlaqələndirmək, onların fəaliyyətinə, o cümlədən vəzifələrini yerinə yetirmək üçün ayrılan büdcə vəsaitindən və digər vəsaitdən təyinatı üzrə istifadə olunmasına nəzarəti həyata keçirmək;

3.1.30. Agentliyin strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən fəaliyyət istiqamətləri üzrə daxil olan təklifləri ümumiləşdirmək və tədbirlər görmək;

3.1.31. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə "Vətəndaşların müraciətləri haqqında", "İnzibati icraat haqqında" və "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.32. Agentliyin sistemində yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiqi işini təşkil etmək;

3.1.33. müvafiq sahə üzrə statistik uçot aparılmasını təmin etmək;

3.1.34. Agentlikdə kargüzarlıq, rəqəmsal sənəd dövriyyəsi və arxiv işinin aparılmasını təşkil etmək;

3.1.35. Agentlikdə icra və əmək intizamına riayət olunması üçün tədbirlər görmək;

3.1.36. inzibati icraata dair fəaliyyətini "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş prosedur qaydaları daxilində və prinsiplər əsasında həyata keçirmək;

3.1.37. "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Agentlik yanında İctimai Şura yaradılmasını təmin etmək;

3.1.38. "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik tədbirlərinin həyata keçirilməsində iştirak etmək;

3.1.39. bu Əsasnamədə göstərilən və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.


4. Agentliyin hüquqları

4.1. Bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirmək üçün Agentlik aşağıdakı hüquqlara malikdir:

4.1.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;

4.1.2. müvafiq sahə üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;

4.1.3. beynəlxalq tədbirlərdə, o cümlədən forum, konfrans, sərgi və digər tədbirlərdə iştirak etmək və belə tədbirlərin keçirilməsini təşkil etmək;

4.1.4. fəaliyyət istiqamətlərinə aid məsələlərə dair dövlət orqanlarına (qurumlarına) və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.1.5. fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübəni öyrənmək, verilmiş səlahiyyətlər daxilində beynəlxalq əməkdaşlığı həyata keçirmək;

4.1.6. fəaliyyət istiqamətlərinə uyğun rəy və təkliflər vermək, təhlillər, tədqiqatlar, araşdırmalar, yoxlamalar və ümumiləşdirmələr aparmaq, metodiki və analitik materiallar, habelə tövsiyələr hazırlamaq;

4.1.7. normativ hüquqi aktlarla müəyyən olunmuş qaydada tabeliyində müvafiq qurumlar və ya strukturu daxilində bölmələr (şöbələr, sektorlar) yaratmaq, yenidən təşkil və ləğv etmək, həmçinin strukturuna daxil olmayan tabeliyindəki qurumların yaradılması, yenidən təşkil və ləğv edilməsi üçün təkliflər vermək;

4.1.8. müstəqil ekspertləri və mütəxəssisləri, məsləhətçi və elmi təşkilatları müqavilə əsasında, bu məqsəd üçün nəzərdə tutulmuş vəsait çərçivəsində öz fəaliyyətinə cəlb etmək, işçi qruplar və komissiyalar yaratmaq;

4.1.9. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

4.1.10. istifadəsinə verilmiş dövlət əmlakı üzərində normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqlardan istifadə etmək;

4.1.11. səlahiyyətlərinə aid edilmiş məsələlərlə bağlı məhkəmələrdə müvafiq prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquqları həyata keçirmək; 

4.1.12. "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla satınalmalar təşkil etmək;

4.1.13. bu Əsasnamədə göstərilən və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.


5. Agentliyin fəaliyyətinin təşkili

5.1. Agentliyin Aparatı, onun strukturuna daxil olan qurumlar (regional bölmələr və s.) və strukturuna daxil olmayan tabeliyindəki digər qurumlar (büdcə təşkilatları, hüquqi şəxslər və s.) Agentliyin vahid sistemini təşkil edir. Agentlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.

5.2. Agentliyin işçilərinin ümumi say həddi və strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (büdcə təşkilatlarının, hüquqi şəxslərin və s.) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

5.3. Agentliyin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr rəhbərlik edir. Sədr Agentliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.4. Sədrin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır. Sədrin müavinləri onlara sədrin həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar. 

5.5. Sədr:

5.5.1. Agentliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.5.2. müavinləri arasında vəzifə bölgüsü aparır, habelə Agentliyin digər vəzifəli şəxslərinin səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;

5.5.3. Agentliyin Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumlar istisna olmaqla) və Elmi-Texniki Şurasının əsasnamələrini, strukturuna daxil olmayan tabeliyindəki qurumların (nizamnamələri (əsasnamələri) Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilən qurumlar istisna olmaqla) nizamnamələrini (əsasnamələrini) təsdiq edir;

5.5.4. bu Əsasnamənin 5.11-ci bəndində Agentliyin Kollegiyasının səlahiyyətlərinə aid edilməmiş məsələlər barədə normativ hüquqi aktları qərarlar formasında qəbul edir;

5.5.5. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda Agentliyin strukturuna daxil olan qurumların əsasnamələrini və strukturuna daxil olmayan tabeliyindəki qurumların nizamnamələrini (əsasnamələrini) təsdiq üçün təqdim edir;

5.5.6. dövlət büdcəsindən ayrılmış vəsait və işçilərin müəyyən olunmuş say həddi daxilində Agentliyin Aparatının struktur bölmələrini və Agentliyin strukturuna daxil olan qurumların struktur bölmələrini (müvafiq strukturların Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edildiyi hallar istisna olmaqla) yaradır və ləğv edir;

5.5.7. "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı tədbirlər görür, o cümlədən korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların idarədaxili qaydada verilməsi mexanizmini, həmçinin bu məlumatların qəbul edilməsi və araşdırılması, maraqlar toqquşması və korrupsiyanın qarşısının alınması məsələləri üzrə konfidensial məsləhət verilməsi və korrupsiya risklərinin idarə edilməsi üçün bir və ya bir neçə səlahiyyətli struktur bölməni (şəxsi) müəyyən edir;

5.5.8. Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Agentliyin Aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların strukturunu (bu Əsasnamənin 5.5.6-cı yarımbəndi nəzərə alınmaqla), ştat cədvəlini, ayrılmış büdcə təxsisatı və büdcədənkənar gəlirləri daxilində onların gəlir və xərclər smetasını təsdiq edir;

5.5.9. dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin, habelə tabeliyindəki qurumların göstərdiyi xidmətlərdən (gördüyü işlərdən) əldə olunan gəlirlərin sərəncamçısı olaraq, maliyyə vəsaitini bölüşdürür, ayrılmış vəsaitin həddi və normativ hüquqi aktlarla müəyyən olunmuş tələblər nəzərə alınmaqla, Agentliyin Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım, mükafat və qanunla müəyyən olunmuş digər ödənişlərin verilməsini təmin edir;

5.5.10. Agentliyin səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar vəsaitlərin formalaşdırılması ilə bağlı təkliflər verir;

5.5.11. Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət orqanları (qurumları), hüquqi və fiziki şəxslər ilə, habelə beynəlxalq təşkilatlarla münasibətlərdə Agentliyi təmsil edir, verilmiş səlahiyyətlər daxilində danışıqlar aparır və müvafiq beynəlxalq sənədləri imzalayır;

5.5.12. Apellyasiya Şurasının sədrini, habelə Apellyasiya Şurası sədrinin təqdimatı (təklifi) əsasında Apellyasiya Şurasının digər üzvlərini, Katibliyin rəhbərini və tərkibini təsdiq edir;

5.5.13. Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar və Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şəxslər istisna olmaqla, Agentliyin Aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

5.5.14. Agentliyin Aparatının və onun strukturuna daxil olan qurumların işçilərinə dövlət qulluğunun baş müşaviri və ondan aşağı olan ixtisas dərəcələri verir, müvafiq ixtisas dərəcələrinin verilməsi, həmçinin xüsusi fərqlənmiş işçilərə Azərbaycan Respublikasının fəxri adlarının verilməsi və ya onların dövlət təltifləri ilə təltif olunması üçün Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir;

5.5.15. əmr və sərəncamlar formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və onların, habelə Agentlikdə qəbul edilmiş normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

5.5.16. Agentliyin vəzifəli şəxslərinin normativ hüquqi aktlara zidd olan qərarlarını ləğv edir;

5.5.17. bu Əsasnamədə göstərilən və normativ hüquqi aktlara uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

5.6. Sədr öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti icrasını müavinlərindən birinə həvalə edə bilər.

5.7. Agentliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərləri onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsi üçün birbaşa məsuliyyət daşıyırlar.

5.8. Agentlikdə sədrdən (Kollegiyanın sədri), onun müavinlərindən və Agentliyin digər rəhbər işçilərindən ibarət Kollegiya yaradılır. Agentliyin Kollegiyasının tərkibinə mütəxəssislər və alimlər də daxil edilə bilərlər.

5.9. Agentliyin Kollegiyası üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

5.10. Agentliyin Kollegiyası öz iclaslarında Agentliyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.

5.11. Agentliyin Kollegiyası qərarlar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir:

5.11.1. Agentliklə digər şəxslər (qurumlar) arasında münasibətləri tənzimləyən normativ hüquqi aktlar;

5.11.2. qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Agentliyə tapşırılmış konkret normativ hüquqi aktlar;

5.11.3. bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktlar;

5.11.4. aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılmalı olan normativ hüquqi aktlar;

5.11.5. bu Əsasnamənin 5.11.1-5.11.4-cü yarımbəndlərinə uyğun olaraq Agentliyin Kollegiyasının qəbul etdiyi normativ hüquqi aktların ləğvi və ya onlarda dəyişiklik edilməsi barədə normativ hüquqi aktlar.

5.12. Agentliyin Kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Agentliyin Kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Agentliyin Kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olduqda, Kollegiya sədrinin səsi həlledici hesab edilir.

5.13. Agentliyin Kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda sədr bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək öz qərarını həyata keçirir. Agentliyin Kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.

5.14. Agentliyin Kollegiyasının iclaslarına digər dövlət orqanlarının (qurumlarının) və hüquqi şəxslərin, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilərlər.

5.15. Müvafiq sahədə elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Agentlikdə ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən Elmi-Texniki Şura yaradıla bilər.

5.16. Agentlikdə sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı Agentliyin, onun strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki digər qurumların qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə"nin 1.9-cu bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla) verdikləri şikayətlərə, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin verdikləri şikayətlərə baxan, ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən və kollegial orqan olan Apellyasiya Şurası yaradılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında

00:31
04 Noyabr

S.Ə.Sadıqovun Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilməsi haqqında

00:30
04 Noyabr

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında

00:29
04 Noyabr

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin ƏSASNAMƏSİ

00:27
04 Noyabr

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin STRUKTURU

00:26
04 Noyabr

"Respublika Diaqnostika Mərkəzi" ASC-nin səhmdarlarının nəzərinə

00:24
04 Noyabr

“Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb

23:57
03 Noyabr

Azərbaycan karateçiləri Sofiyada 7 qızıl medal qazanıblar  

22:54
03 Noyabr

Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya

21:27
03 Noyabr

Bilkent və Harvard universitetlərinin məzunu TAU tələbələrinə seminar keçib

21:20
03 Noyabr

Avropada bomba hədələri ilə əlaqədar yeddi təyyarədə axtarış aparılıb  

20:54
03 Noyabr

Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib  

20:23
03 Noyabr

Kansler: Ukraynadakı müharibənin nəticəsi uzun illər Avropanın təhlükəsizlik mühitini müəyyən edəcək  

19:23
03 Noyabr

ADA Universitetinin nümayəndə heyəti İtaliyanın aparıcı ali təhsil müəssisələrində olub

18:41
03 Noyabr

Mərkəzi Bankın nümayəndələri Hacıqabulda vətəndaşların müraciətlərini dinləyiblər

18:31
03 Noyabr

Ukraynanın Zaporojye vilayətində aviazərbələr nəticəsində ölənlərin sayı 31-ə çatıb, 50-yə yaxın insan itkin düşüb

18:29
03 Noyabr

Rusiya “3+3” formatında növbəti görüşün tezliklə keçirilməsinə ümid edir

18:29
03 Noyabr

AHİK-in nümayəndə heyəti Türkmənistanda həmkarlar ittifaqları ilə əlaqələrin inkişafını müzakirə edib

18:25
03 Noyabr

Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu  

18:21
03 Noyabr

Merts: “Almaniyanın gələcək prezidenti qadın olmalıdır”  

18:13
03 Noyabr

İmmuniteti sürətlə aktivləşdirməyin sadə yolu tapılıb  

17:57
03 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!