05 Noyabr 2026 08:50
225
Mədəniyyət
A- A+
Zamanı aşan düşüncə

Zamanı aşan düşüncə


Bəzi insanların ömür yolunu tutduqları vəzifələrin, aldıqları mükafatların, qazandıqları elmi adların ardıcıllığı ilə izah etmək mümkün olmur. Çünki onların fəaliyyəti müəyyən bir peşənin və ya idarəçilik sahəsinin sərhədlərini aşaraq ictimai düşüncəyə, milli yaddaşa, dövlətçilik ənənələrinə və bütövlükdə cəmiyyətin intellektual inkişafına təsir göstərir. Belə insanların bioqrafiyası şəxsi uğurların xronologiyasından daha çox məna daşıyır, onların ömür yolu yaşadıqları dövrün, qarşılaşdıqları problemlərin və həllinə çalışdıqları məsələlərin salnaməsinə çevrilir. Professor Kamran İmanovun 80 illik ömür yolu məhz bu baxımdan diqqətəlayiqdir.

Onun fəaliyyətinə nəzər salanda ilk baxışdan bir-birindən fərqli istiqamətlər görürük: riyaziyyat və iqtisadi modelləşdirmə, ali təhsil və elmi tədqiqat, dövlət idarəçiliyi, müəllif hüquqları, əqli mülkiyyət, tarixi-mədəni irsin qorunması, beynəlxalq təşkilatlarda təmsilçilik, publisistika və maarifçilik. Ancaq bu istiqamətləri birləşdirən ortaq bir məna var: biliyin sistemə, düşüncənin nəticəyə, intellektual əməyin cəmiyyət üçün dəyərə çevrilməsi. Professor Kamran İmanov təkcə alim deyil, həm də elmi bilikləri idarəçilik təcrübəsinə tətbiq edən ali dərəcəli mütəxəssisdir. Yalnız hüquq normalarını müdafiə edən rəhbər deyil, həmin normaların arxasında dayanan mədəni və mənəvi dəyərləri cəmiyyətə anlatmağa çalışan ziyalıdır. O, həmçinin çoxsaylı kitabların müəllifi və kitabı milli yaddaşın qorunması və intellektual mübarizənin vasitəsi kimi dəyərləndirən yorulmaz tədqiqatçıdır. Bu mənada onun 80 illik yubileyi Azərbaycan elminin, dövlət idarəçiliyinin və əqli mülkiyyət mədəniyyətinin inkişafında uzun illər ərzində formalaşmış təcrübəyə yenidən nəzər salmaq üçün bir fürsətdir.

İntellektual əməyin gücü haqqında çox danışılır. Lakin bu gücün həqiqi miqyası yalnız biliklərin həcmi ilə müəyyən olunmur. Əsas məsələ biliyin hansı məqsədə xidmət göstərməsi, hansı problemi həll etməsi və cəmiyyətə hansı dəyərləri aşılamasıdır. Məhz burada alimlə məlumatlı insan, ziyalı ilə yüksək-təhsilli şəxs arasındakı fərq meydana çıxır. Bilik insanın fərdi üstünlüyü olaraq qala bilər, intellektual məsuliyyət isə həmin biliyin ictimai dəyərə çevrilməsidir. Tarixi öyrənmək başqa, tarixi təhriflərdən qorumaq üçün elmi əsaslarla mübarizə aparmaq başqadır. Hüququ bilməklə müəllifin, ixtiraçının və yaradıcı insanın hüququnun qorunması üçün işlək mexanizmlər yaratmaq arasında dağ boyda fərq var. Kitab yazmaq olar, amma kitabın yaratdığı fikri cəmiyyətin yaddaşına çevirmək hər igidin işi deyil. Professor Kamran İmanovun fəaliyyətinin müxtəlif mərhələlərində bu fərqi aydın görmək olar. Xüsusilə Azərbaycan mədəni irsinin mənimsənilməsi cəhdlərinə qarşı apardığı araşdırmalar onun elmi fəaliyyətinin yalnız akademik maraqlarla məhdudlaşmadığını göstərir. Müxtəlif dillərdə yayımlanan əsərləri, qədim mətnlərə və klassik mənbələrə əsaslanan tədqiqatları, yerli və beynəlxalq elmi tədbirlərdəki çıxışları mədəni irsin qorunması məsələsini daha geniş müstəviyə çıxarır. Burada söhbət yalnız ayrı-ayrı folklor nümunələrinin, musiqi əsərlərinin, adət-ənənələrin və ya tarixi faktların mənsubiyyətinin müəyyən edilməsindən getmir. Məsələ bütövlükdə milli mədəniyyətin dünyaya necə təqdim olunması, onun haqqında hansı təsəvvürlərin formalaşması və gələcək nəsillərə hansı elmi həqiqətlərin ötürülməsidir. Çünki mədəni irs yalnız keçmişdən qalan xatirələr toplusu deyil. O, xalqın özünü tanımasının, tarixi varlığını dərk etməsinin və gələcəyini qurmasının mühüm dayaqlarından biridir. Bu baxımdan alimin erməni plagiatçılığına və Azərbaycan mədəni ənənələrinin mənimsənilməsi cəhdlərinə qarşı mübarizəsi ayrıca əhəmiyyət daşıyır. Onun Ermənistanın Azərbaycana qarşı plagiat cəhdlərinin ifşasına həsr olunan əsərləri mədəni irs məsələlərinə emosional münasibətdən daha çox faktların, mənbələrin və müqayisəli təhlilin nümunəsi kimi çıxış edir. Burada mühüm bir prinsipə diqqət yetirmək lazımdır: milli mədəniyyəti müdafiə etməyin ən təsirli, ən tutarlı yolu ona yalnız sevdiyini bəyan etmək deyil, onun tarixi dərinliyini, özünəməxsusluğunu və elmi əsaslarını ortaya qoymaqdır. Tarixi iddianın qarşısına faktla çıxmaq, saxtalaşdırmaya sənədlə cavab vermək, mədəni mənimsəmə cəhdlərini mənbələr əsasında araşdırmaq və həqiqəti üzə çıxarmaq - intellektual mübarizənin mahiyyəti budur. Alimin fəaliyyətində kitabın bir növ intellektual silaha çevrilməsi də bu məqamda dəyər qazanır. Lakin bu silahın gücü emosiyanın sərtliyində deyil, arqumentin gücündə, mənbənin etibarlılığında və nəticənin elmi əsaslandırılmasındadır.

Professor Kamran İmanovun fəaliyyətinin əsas istiqamətini təşkil edən əqli mülkiyyət sahəsi ilk baxışdan dar ixtisaslaşma təsiri bağışlaya bilər. Halbuki müasir dünyada bu sahə iqtisadiyyatın, elmin, texnologiyanın, mədəniyyətin və dövlətlərin rəqabət qabiliyyətinin kəsişdiyi strateji məkanlardan biridir. İnsan düşüncəsinin məhsulu olan hər bir əsər, elmi nəticə, ixtira, texnoloji həll və yaradıcılıq nümunəsi müəyyən mənada intellektual sərvətdir. Bu sərvətin hüquqi müdafiəsi isə təkcə müəllifin maraqlarını qorumaqla məhdudlaşmır. O, yeni ideyaların meydana çıxmasına, yaradıcılığın stimullaşdırılmasına, elmi nailiyyətlərin iqtisadi dövriyyəyə daxil olmasına və innovasiyaların inkişafına şərait yaradır. Müəllifin hüququ qorunmadıqda onun əməyinin başqası tərəfindən mənimsənilməsi riski artır. İxtiraçının hüququ təmin olunmadıqda yeni texnologiyalara sərmayə qoymaq marağı zəifləyir. Mədəni irsin hüquqi müdafiəsi təmin edilmədikdə isə cəmiyyətin ortaq sərvəti kommersiya və mənimsəmə cəhdləri qarşısında müdafiəsiz qalır. Bu mənada əqli mülkiyyət hüququ yalnız qanunvericiliyin ayrıca bir sahəsi deyil. O, cəmiyyətin yaradıcı potensialına münasibətin göstəricisidir. Professor Kamran İmanovun 

30 ildən  çox bu sahədəki fəaliyyətinin əhəmiyyəti məhz belə geniş kontekstdə qiymətləndirilməlidir. Müstəqilliyin ilk illərinə nəzər salsaq görərik ki, o dövrdə mülkiyyət münasibətlərinin, hüquqi institutların və dövlət idarəçiliyi mexanizmlərinin yeni əsaslarla qurulması zərurətə çevrilmişdi. Müəllif hüquqlarının qorunması da bu prosesin mühüm istiqamətlərindən biri idi. Söhbət yalnız mövcud münasibətləri tənzimləyən qanunların qəbulundan getmirdi. Eyni zamanda müəlliflik hüququna, yaradıcılığa və intellektual əməyə münasibətin formalaşdırılması tələb olunurdu. Ulu Öndər Heydər Əliyevin xeyir-duası ilə Kamran İmanovun 1995-ci ildən Müəllif Hüquqları Agentliyinə rəhbərlik etdiyi dövr məhz bu institusional inkişaf prosesi ilə bağlıdır. 2018-ci ildə Prezident İlham Əliyevin qərarı ilə Əqli Mülkiyyət Agentliyinin yaradılması və onun İdarə Heyətinin sədri təyin edilməsi isə bu fəaliyyətin yeni mərhələsini təşkil edir. Bu iki tarixi mərhələ arasında mühüm məntiqi əlaqə var: əvvəlcə müstəqil dövlətin müəllif hüquqlarının qorunması üzrə institusional əsaslarının formalaşdırılması, sonrakı mərhələdə isə əqli mülkiyyətin daha geniş hüquqi, texnoloji və iqtisadi sistem daxilində idarə olunması. Beləliklə, əqli mülkiyyət sahəsinin inkişafı yalnız bir qurumun tarixindən ibarət deyil. Bu, həm də Azərbaycanın intellektual resurslara, yaradıcılığa və innovasiyalara münasibətinin dəyişməsinin göstəricisidir. Kamran İmanovun bu prosesdəki rolunu müəyyənləşdirən cəhətlərdən biri onun əqli mülkiyyəti yalnız inzibati prosedurlar və hüquqi normalar səviyyəsində təqdim etməməsidir. Onun yanaşmasında bu anlayışın arxasında insanın zəkası, zəhməti, istedadı və milli mədəniyyətin qorunması məsələsi dayanır. Başqa sözlə, hüquq burada məqsəd deyil, dəyəri qorumağın vasitəsidir.

Professor Kamran İmanovun bioqrafiyasında diqqətçəkən məqamlardan biri də onun peşəkar fəaliyyətinin müxtəlif sahələr arasında keçidlər etməsidir. O, riyaziyyat təhsili alıb, elmi tədqiqatlarla məşğul olub, ali təhsil müəssisələrində çalışıb, idarəetmə strukturlarına rəhbərlik edib, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri olub və sonradan əqli mülkiyyət kimi spesifik sahənin inkişafında mühüm rol oynayıb. Bu yolun arxasında yalnız karyera yüksəlişini görmək kifayət deyil. Burada fərqli sahələrdə qazanılan biliklərin vahid düşüncə sistemində birləşdirilməsi xüsusiyyəti də var. Riyazi düşüncə sistemlilik, müqayisə, səbəb-nəticə əlaqələrinin müəyyənləşdirilməsi və qərarların əsaslandırılmasını tələb edir. İdarəçilik də, əslində, bu keyfiyyətlərə ehtiyac duyur. Çünki idarəetmənin mahiyyəti mürəkkəb prosesləri anlamaq, mövcud resursları qiymətləndirmək, alternativləri müqayisə etmək və nəticəyə aparan düzgün qərarı seçməkdir. Professor Kamran İmanovun elmi fəaliyyətinin idarəçilik təcrübəsi ilə paralel inkişaf etməsi onun peşəkar portretinin mühüm cizgiləridir. Bu göstərir ki, ixtisaslaşma insanı müəyyən sahədə dərinləşdirir, geniş dünyagörüşü isə həmin biliyin başqa sahələrdə də tətbiqinə imkan yaradır. Müasir dövlət idarəçiliyinin keyfiyyəti məhz bu iki xüsusiyyətin birləşməsindən - peşəkar dərinlikdən və sistemli təfəkkürdən asılıdır.

Hər bir dövlətin beynəlxalq nüfuzu onun siyasi mövqeyi, iqtisadi imkanları və diplomatik əlaqələri ilə yanaşı, müxtəlif sahələrdə yetişdirdiyi peşəkarların bilik və bacarıqları ilə də ölçülür. Professor Kamran İmanovun Ümumdünya Əqli Mülkiyyət Təşkilatının strukturlarında fəaliyyəti bu baxımdan diqqəti çəkir. Onun ədəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyası İttifaqının Assambleyasına rəhbərliyi, müəllif hüquqları ilə bağlı beynəlxalq mexanizmlərdə iştirakı, müxtəlif dillərdə çıxışları və beynəlxalq ekspertlərlə əməkdaşlığı Azərbaycanın əqli mülkiyyət sahəsindəki təcrübəsinin beynəlxalq müstəvidə təqdim olunmasına imkan yaradan amillərdir. Bu uğurlara yalnız fərdi nailiyyət kimi baxmaq düzgün olmazdı. Onların arxasında eyni zamanda dövlətin bu sahədə qurduğu institusional sistem, beynəlxalq əməkdaşlığa verdiyi əhəmiyyət və milli mütəxəssislərin peşəkar hazırlığı dayanır. Digər tərəfdən beynəlxalq nüfuzun davamlı olması üçün şəxsi peşəkarlıqla institusional imkanlar bir-birini tamamlamalıdır. Bu, xüsusilə əqli mülkiyyət kimi sərhədləri aşan sahədə vacibdir. Çünki müəllif hüquqları, rəqəmsal məzmun, texnologiyaların kommersiyalaşdırılması və intellektual resursların qorunması məsələləri artıq yalnız milli qanunvericilik çərçivəsində həll edilə bilmir. Rəqəmsallaşma müəllif hüquqlarının qorunmasını daha da mürəkkəbləşdirir, süni intellekt yeni hüquqi və etik suallar yaradır, elektron ticarət isə intellektual mülkiyyətin iqtisadi dəyərini artırır. Belə şəraitdə beynəlxalq əməkdaşlıq və müasir biliklərə yiyələnmək zərurətə çevrilir. Deməli, əqli mülkiyyət sahəsində beynəlxalq təcrübə yalnız diplomatik təmsilçilik deyil, həm də gələcək çağırışlara hazırlıq məsələsidir. Professor Kamran İmanovun çoxillik fəaliyyəti bu istiqamətdə qazanılmış təcrübənin bir hissəsidir. Onun nümunəsində biz hər zaman fərdi peşəkarlığın ölkənin beynəlxalq intellektual imkanları ilə necə uzlaşdığını görürük.

Professor Kamran İmanovun portretini yalnız alim, rəhbər və beynəlxalq ekspert kimi təqdim etsək, bu portretin mühüm bir tərəfi tamamlanmamış qalar. Onun şəxsiyyətini tamamlayan əsas cəhətlərdən biri kitaba münasibətidir. Kitab bəzi insanlar üçün peşə vasitəsi, bəziləri üçün məlumat mənbəyi, digərləri üçünsə həyat tərzidir. Kitabı həyat tərzinə çevirən insan üçün oxumaq düşünmək, müqayisə etmək, öz mövqeyini yenidən nəzərdən keçirmək və dünyanı daha dərindən anlamaq prosesidir. Alimin elmi və publisistik irsi ilə tanış olduqda bu münasibətin, kitaba bağlılığın onun fəaliyyətinə təsirini görməmək mümkün deyil. Hüquqdan tarixə, mədəniyyətdən texnologiyaya, milli yaddaşdan idarəetmə məsələlərinə uzanan maraq dairəsi müxtəlif bilik sahələrini bir-birinə bağlayır. Belə bir dünyagörüşü təsadüfən formalaşmır. O, illərlə davam edən mütaliənin, araşdırmaların, intellektual zəhmətin bəhrəsidir. Bu baxımdan Kamran müəllimin həyatında kitab həm şəxsi maraq, həm elmi yaradıcılıq, həm də ictimai fəaliyyət vasitəsidir. O, kitab yazır, kitab vasitəsilə araşdırmalarını təqdim edir, müxtəlif auditoriyalarda çıxış edir və intellektual irsin qorunmasına tövfə verir. Burada başqa bir mühüm məqam ondan ibarətdir ki, kitabın dəyəri yalnız müəllifin yaşadığı dövrdəki nüfuzu ilə müəyyən edilmir. Kitabın həqiqi ömrü onun yaratdığı sualların, irəli sürdüyü fikirlərin və gələcək tədqiqatlara açdığı imkanların ömrüdür. Kamran İmanovun 80 illik həyatına bu prizmadan baxanda onun fəaliyyəti ayrı-ayrı kitabların, məqalələrin və vəzifələrin cəmindən daha geniş məna qazanır. Burada elmi axtarışın, dövlətə xidmətin və maarifçilik missiyasının bir-birini tamamladığı uzun bir yol görünür.

Ziyalılıq hər zaman biliklə məsuliyyətin, şəxsi mövqe ilə ictimai marağın, sözlə əməlin bir-birinə uyğunluğunu tələb edir. Ziyalı yaşadığı cəmiyyətin problemlərini görməli, onları anlamalı, bildiklərini bölüşməli və imkanları daxilində həllinə töhfə verməlidir. Kamran müəllimin elmi fəaliyyəti biliyin mənimsənilməsinə, idarəçilik təcrübəsi biliyin praktik nəticəyə çevrilməsinə, əqli mülkiyyət sahəsindəki işi isə intellektual əməyin hüquqi müdafiəsinə xidmət göstərir. Onun mədəni irslə bağlı tədqiqatları bu mənzərəyə milli yaddaşın qorunması istiqamətini əlavə edir. Bu istiqamətlərin bir araya gəlməsi onun fəaliyyətini daha geniş ictimai məna daşıyan bir bütövə, bir tama çevirir. Lakin burada yubiley portretinin hüdudlarını aşan bir sual da meydana çıxır: belə bir ömürdən cəmiyyət nə öyrənə bilər? İlk növbədə intellektual əməyə münasibəti, ikincisi, peşəkarlığın davamlı inkişafını, üçüncüsü isə şəxsi təcrübənin ictimai dəyərə çevrilməsini. İnsan hər yaşında geriyə baxmaq, gördüyü işləri ümumiləşdirmək və qazanılan təcrübənin mənasını müəyyənləşdirmək zərurəti hiss edir. Lakin elm və düşüncə ilə yaşayan insan üçün keçmişin qiymətləndirilməsi gələcəkdən imtina etmək demək deyil. Əksinə, uzun illər ərzində toplanmış təcrübə yeni suallara cavab axtarmaq, bilikləri sistemləşdirmək və sonrakı nəsillərə ötürmək şansı yaradır. Professor Kamran İmanovun yubiley yaşı da belə bir məna kəsb edir. Bu yaşın arxasında elmi axtarışlar, pedaqoji fəaliyyət, dövlət idarəçiliyi, hüquqi institutların formalaşması, beynəlxalq əməkdaşlıq, kitablar və ictimai məsuliyyətlə bağlı zəngin bir təcrübə var. O, bütün həyatı boyu elmi dövlət və cəmiyyət üçün faydalı fəaliyyətə çevirmək, intellektual əməyin hüquqlarını qorumaq, milli mədəni irsin öyrənilməsinə və müdafiəsinə töhfə vermək yolunda yorulmadan xidmət göstərib. Professor Kamran İmanovun portretində alimlə rəhbər, hüquqşünasla tədqiqatçı, kitab müəllifi ilə maarifçi bir-birindən ayrılmır. Bu obrazların biri digərini tamamlayır və bütövlükdə bir ziyalı şəxsiyyətini yaradır. O şəxsiyyət həyatı boyu elmin, kitabın və intellektual əməyin gücünə inanıb. O, heç vaxt zamanla yarışmayıb. Zamanın yaddaşında qalmaq üçün kitablar yazıb, ideyalar irəli sürüb, elmi nəticələr qazanıb və təcrübə toplayıb. 80 yaşın müdrikliyi də bəlkə elə budur: keçmişin təcrübəsini gələcəyin imkanlarına çevirmək…


Firuzə NADİR,

Əməkdar jurnalist

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paytaxtda Zəfər Gününə həsr edilən mini futbol yarışları başa çatıb

09:30
05 Noyabr

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

09:25
05 Noyabr

Şəhid məzarlarını ziyarət

09:20
05 Noyabr

Şəhidin bayraq arzusu

09:15
05 Noyabr

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr edilmiş filmin təqdimatı keçirilib

09:10
05 Noyabr

Polkovnikin döyüş xatirələri

09:05
05 Noyabr

ZƏFƏR gündəliyi

09:00
05 Noyabr

"Tərbiyənin məqsədi öz köklərini tanıyan, müstəqil düşünən, cəmiyyətə fayda verən və dünyaya açıq şəxsiyyət yetişdirmək olmalıdır"

08:55
05 Noyabr

Zamanı aşan düşüncə

08:50
05 Noyabr

Azərbaycanın iqtisadi nailiyyətləri beynəlxalq "Chandler Governance Group" təşkilatının hesabatında

08:45
05 Noyabr

Fransa sosial modelinin növbəti sınağı

08:40
05 Noyabr

Nadir təcrübə

08:35
05 Noyabr

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

08:30
05 Noyabr

Qarabağ Zəfəri Azərbaycanın milli gücünün və strateji hazırlığının nəticəsidir

08:25
05 Noyabr

İş adamları üçün yeni biznes imkanı - "İşğaldan azad edilmiş ərazilər üzrə kredit"

08:20
05 Noyabr

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar  

08:16
05 Noyabr

İkinci Tyanşan Forumunda Azərbaycan fəal iştirak edib

08:15
05 Noyabr

Çempionlar Liqası: "Sabah" səfərdə Norveç klubuna uduzub 

08:14
05 Noyabr

Dövlət büdcəsi layihəsi strateji prioritetlərə uyğun tərtib olunub

08:10
05 Noyabr

BP ilin 9 ayının yekunları barədə məlumat yayıb

08:05
05 Noyabr

Milli qürurumuzun rəmzinə çevrilən Zəfər Günü

08:00
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!