Bir vaxtlar dağıntıların izlərini daşıyan, indi isə yenidən qurulan və dirçələn azad torpaqlarda iqtisadi həyatın canlanması üçün daha bir addım atılır. Qarabağ və Şərqi Zəngəzurda qurulan yeni müəssisələr, açılan iş yerləri, formalaşan istehsal və xidmət sahələri regionun gələcək iqtisadi mənzərəsini dəyişir. Və bu inkişaf yolunda sahibkarlar üçün yeni maliyyə imkanları yaradılır.
İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə biznes fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün yeni kredit məhsulunu təqdim edib. "İşğaldan azad edilmiş ərazilər üzrə kredit" adlanan bu maliyyə mexanizmi sahibkarların daha əlverişli şərtlərlə maliyyə resurslarına çıxışını genişləndirməyi, yeni layihələrin reallaşmasına və mövcud bizneslərin böyüməsinə dəstək verməyi hədəfləyir.
Nazirliyin məlumatına görə, yeni kredit məhsulu çərçivəsində iş adamlarına 10 min manatdan 10 milyon manatadək vəsait ayrılması nəzərdə tutulur. Kreditlər 120 ayadək müddətə, illik maksimum 5 faiz dərəcəsi ilə təqdim ediləcək. Üstəlik də sahibkarlar kredit müddətinin yarısınadək olan dövrdə əsas borcun ödənilməsinə möhlət əldə edə biləcəklər. Bu güzəşt xüsusilə fəaliyyətə yeni başlayan müəssisə və şirkətlər üçün əhəmiyyətlidir. Çünki hər yeni sahibkarlıq subyektinin ilk mərhələdə ən böyük ehtiyaclarından biri istehsalın qurulması, bazara çıxışın təmin edilməsi və maliyyə yükünün idarə olunmasıdır.
Kredit vəsaitləri biznes fəaliyyəti üçün avadanlıq, texnologiya və nəqliyyat vasitələrinin alınmasına sərf edilə bilər. Digər tərəfdən də həmin kredit məbləğinin 50 faizədək hissəsinin tikinti və təmir işlərinə yönəldilməsinə imkan yaradılır. 500 min manatdan artıq kredit götürmək istəyən sahibkarlar isə layihənin ümumi dəyərinin azı 20 faizini öz vəsaitləri hesabına maliyyələşdirməlidirlər.
Maliyyələşdirmə istiqamətlərinin genişliyi də diqqət çəkir. Belə ki, qeyri-neft-qaz sənayesi, "yaşıl taksonomiya"ya uyğun layihələr, strateji kənd təsərrüfatı, logistika və təchizat zənciri infrastrukturu əsas prioritetlər sırasındadır. Bununla yanaşı, balıqçılıq və akvakultura, rəqəmsal inkişaf, informasiya-kommunikasiya texnologiyaları, yükdaşıma və saxlama, ictimai sərnişindaşıma, turizm və yerləşdirmə infrastrukturu, səhiyyə, təhsil və sosial xidmətlər də kredit dəstəyinin əhatə dairəsinə daxildir.
İstehsal və kənd təsərrüfatına xidmət göstərən sahələrin də maliyyələşdirilməsi nəzərdə tutulur. Bu isə yeni kredit imkanlarının yalnız ayrı-ayrı müəssisələrin yaradılmasına deyil, bütöv iqtisadi əlaqələrin formalaşmasına xidmət edə biləcəyini göstərir. Məsələn, kənd təsərrüfatı məhsullarının istehsalı ilə yanaşı, onların emalı, daşınması, saxlanması və bazara çatdırılması üçün biznes imkanlarının genişlənməsi bu qəbildəndir.
İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının reallaşdırılması yalnız infrastrukturun qurulması ilə yekunlaşmır. Bu torpaqlarda davamlı iqtisadi həyatın formalaşması üçün özəl sektorun fəallığı, investisiyaların cəlb edilməsi, istehsal müəssisələrinin yaradılması və məşğulluq imkanlarının genişləndirilməsi də vacibdir. Sahibkarların maliyyəyə çıxışının asanlaşdırılması bu baxımdan çox əhəmiyyət kəsb edir.
ABİF-in təqdim etdiyi yeni kredit məhsulu məhz bu məqsədlərə xidmət edən maliyyə mexanizmlərindəndir. Fond sahibkarlara güzəştli kreditlər, dövlət zəmanəti və faiz subsidiyaları, eləcə də investisiya qoyuluşları vasitəsilə dəstək göstərir. Qurumun fəaliyyətinin əsas istiqamətlərindən biri neftdənkənar sahənin inkişafı, idxalı əvəzləyən və ixracyönümlü istehsalın təşviqi, yerli biznesin rəqabət qabiliyyətinin artırılmasıdır.
İşğaldan azad edilmiş ərazilərdə yaradılan sahibkarlıq subyektlərinin davamlı fəaliyyət göstərməsi, yeni iş yerlərinin açılması və yerli istehsalın genişlənməsi iqtisadi dirçəlişin əsas göstəricisidir. Çünki torpaqların bərpası ilə yanaşı, onların sosial-iqtisadi inkişafının canlandırılması da çox vacibdir.
Yeni kredit imkanları sahibkarlar üçün bu yolda əlavə maliyyə dayağı, bölgənin iqtisadi inkişafı üçün isə yeni perspektivlər yaradır. Hər yeni istehsal müəssisəsi, investisiya layihəsi azad torpaqlarda qurulan iqtisadi gələcəyin daha bir parçasıdır.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"