Azad Şuşada Azərbaycan bayrağını dalğalandırmaq onun ən böyük arzusu idi. Ağır döyüşlərdə bir an belə ayrılmadığı müqəddəs bayrağımız baş leytenant Ruslan Bayramova cəsarət, güc verib qələbəyə səsləyirdi.
O, 1996-cı il oktyabrın 5-də Qubanın Əlibəyqışlaq kəndində dünyaya göz açmışdı. Ailənin üçüncü övladı idi. Ruslan uşaqlıq illərindən hərbçi olmaq istəyirdi. Bu arzu onu 2012-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə gətirdi. Oranı bitirdikdən sonra - 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub təhsilini uğurla başa vurdu.
2019-cu ildə ailə həyatı quran Ruslan Naxçıvan Muxtar Respublikasının "N" saylı hərbi hissəsində xidmət edib. Həmin vaxtlar o, Naxçıvan Xüsusi Təyinatlılarının kursunu da başa vurub.
2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Ruslan Bayramov artıq təcrübəli zabit idi. Ancaq işğalçılara qarşı şiddətli döyüşlərin ilk anlarında bir daha əmin olmuşdu ki, müharibədə zəfər çalmaq üçün bununla yanaşı, qəlbində Vətən sevgisi və mübarizə əzmi güclü olmalıdır.
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin tərkibində Hadrutun və Xocavənd ətrafındakı yüksəkliklərin azad edilməsi uğrunda əməliyyatlarda iştirak edən Ruslan Bayramov böyük şücaət göstərdi. Döyüşlərin birində komandiri yaralananda tağıma rəhbərlik etmək məsuliyyəti onun üzərinə düşmüşdü. O, üzərinə düşən bu vəzifəni layiqincə yerinə yetirdi. Göstərdiyi şücaətə görə ona baş leytenant rütbəsi verildi.
Şiddətli döyüşlərdə ağır sınaqlardan keçən igid kəşfiyyatçı Azərbaycan torpaqlarının Ermənistanın əsarətindən qurtulması naminə aparılan Vətən müharibəsində düşmənin çoxsaylı canlı qüvvəsinin və hərbi texnikasının sıradan çıxarılmasında iştirak edib. Döyüşçü kimi qədəm basdığı Qarabağ və Şərqi Zəngəzur ərazilərini gördükcə düşmənə qarşı hiddəti daha da artıb. Döyüş yoldaşları deyirlər ki, Ruslanın arzusu Şuşaya bayraq sancmaq idi. Döyüşdən-döyüşə atılan baş leytenant Azərbaycan bayrağından ayrılmadı.
Şuşa uğrunda döyüşlər Vətən müharibəsinin ən ağır mərhələlərindən biri idi. Ruslan Bayramov bu döyüşlərdə Azərbaycan tarixinə qəhrəmanlıq salnaməsi yazan igidlərin sırasında oldu. Ancaq o, arzusunda olduğu böyük Zəfəri görə bilmədi. Ruslan Bayramov qızğın döyüşlərin birində snayper gülləsinə tuş gələrək şəhid oldu.
Ruslan Bayramovun Vətən qarşısındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. Qəhrəman baş leytenant ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Şuşanın azad olunması uğrunda", "Xocavəndin azad olunması uğrunda", "Füzulinin azad olunması uğrunda" medalları ilə təltif olunub.
Müharibə Ruslan kimi minlərlə Azərbaycan oğlunun ömrünü, arzularını yarıda qoydu. Şəhid Ruslan Bayramovun da arzuları yarımçıq qaldı. Arzu adını verdiyi qızını ancaq şəkillərdə görmüşdü. Körpə balasını bircə dəfə də bağrına basa bilməmişdi.... Şuşada bayrağımızı dalğalandırmaq arzusuna da çata bilmədi. Ruslanın və onun kimi minlərlə igidimizin həmin arzusu 6 ildir ki, çindir - nəinki Şuşada, bütün Qarabağ və Şərqi Zəngəzurda müqəddəs bayrağımız dalğalanır.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"