"Liam Kollinz və Con Spenserin "Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə" kitabının əsas dəyəri 44 gün davam edən müharibədə qazanılan Zəfərin arxasındakı hazırlığın mahiyyətini faktlarla açaraq təqdim etməsidir. Müəlliflər şəxsi hərbi təcrübə və təhlil qabiliyyətini birləşdirərək "səhra tədqiqatı" və çoxsaylı müsahibələr əsasında bu kitabı yazıblar".
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Rizvan NƏBİYEV deyib.
O qeyd edib ki, amerkalı müxətəxəsislər Azərbaycanın Qələbəsini yalnız pilotsuz uçuş aparatları və müasir silahlarla izah edən yanaşmanın çərçivəsindən çıxaraq daha geniş və çoxölçülü mənzərəni göstəriblər. Dövlətin iqtisadi imkanları, siyasi iradəsi, diplomatik fəaliyyəti və hərbi hazırlığı bir-birini tamamlayıb. Kitabda Qarabağ Zəfərinin Azərbaycanın milli gücünün qələbəsi olduğu açıq şəkildə göstərilib.
"Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin strateji nəticəsi ölkənin artan imkanlarının uzunmüddətli ordu quruculuğuna yönəldilməsi idi. Liam Kollinz və Con Spenserin tədqiqatında vurğulanan milli güc yanaşması da məhz bu əlaqəni anlamağa kömək edir. İqtisadi resurslar, siyasi rəhbərlik, hərbi hazırlıq və Azərbaycan əsgərinin peşəkarlığı birlikdə qələbənin əsasını formalaşdırmışdı. Müharibəyə hazır olmaq ordunun uzunmüddətli ehtiyaclarını qarşılamaq, təchizatı yeniləmək, şəxsi heyəti hazırlamaq və döyüş zamanı təminatın davamlılığını qorumaq deməkdir. Bunların hər biri güclü maliyyə bazası tələb edir. 2020-ci ilə qədər həyata keçirilən enerji və infrastruktur layihələri, artan dövlət gəlirləri Azərbaycanın müdafiə imkanlarını genişləndirdi. Lakin sərvətin mövcudluğu öz-özlüyündə hərbi uğura təminat vermir. Əsas məsələ həmin sərvətdən necə istifadə olunmasıdır. Prezident İlham Əliyevin rəhbərliyi dövründə iqtisadi imkanların ordu quruculuğuna yönəldilməsi ardıcıl dövlət siyasətinə çevrildi. Müasir silahların alınması, hərbi infrastrukturun inkişafı, təlimlərin təşkili və şəxsi heyətin hazırlığı bir-biri ilə bağlı vəzifələr kimi həyata keçirildi. İqtisadi potensial bu yolla real müdafiə qabiliyyətinə çevrilirdi. Strategiyanın siyasi mahiyyəti isə məqsədin aydınlığında və ona çatmaq üçün göstərilən ardıcıllıqda idi. Ərazi bütövlüyünün bərpası illərboyu Prezident İlham Əliyevin strateji rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas prioriteti olaraq qaldı. Dəyişən beynəlxalq şəraitdə bu məqsədi qorumaq, imkanları artırmaq və riskləri qiymətləndirmək siyasi səbir və iradə tələb edirdi. Dövlətimizin başçısının yanaşmasında uzunmüddətli hazırlıqla zəruri anda qətiyyətli qərar qəbul etmək bacarığı birləşirdi. Burada diplomatiyanın rolunu da ayrıca vurğulamaq lazımdır. Azərbaycan münaqişəyə dair mövqeyini beynəlxalq təşkilatlarda müdafiə edir, ikitərəfli əlaqələrini genişləndirir, müxtəlif güc mərkəzləri ilə münasibətlər qururdu. Bu fəaliyyətin əhəmiyyəti yalnız danışıqlar masasında əldə olunan nəticələrlə ölçülmürdü. Ölkənin mövqeyinin tanıdılması, tərəfdaşların maraqlarının nəzərə alınması və beynəlxalq əlaqələrin qorunması da dövlətin fəaliyyət imkanlarını artırırdı", - deyə deputat bildirib.
Rizvan Nəbiyev vurğulayıb ki, kitab Azərbaycanın Zəfərinə geniş çərçivədə baxmağa imkan verir. Qələbənin iqtisadi dayaqları, siyasi məqsədi, diplomatik hazırlığı, hərbi və mənəvi əsasları vardı. Bunlar illər ərzində formalaşaraq 2020-ci ildə bir-birini tamamlayıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyi milli imkanları vahid məqsəd ətrafında səfərbər etdi. Azərbaycan əsgəri və zabiti isə bu hazırlığı öz cəsarəti, fədakarlığı və peşəkarlığı ilə döyüş meydanında Zəfərə çevirdi. Qarabağ qələbəsinin mahiyyətini anlamaq üçün həm onu mümkün edən dövlət siyasətini, həm də həmin siyasətin qarşıya qoyduğu vəzifəni yerinə yetirən hərbçinin əməyini və qəhrəmanlığını birlikdə qiymətləndirmək lazımdır.