2027-ci ilin dövlət büdcəsi Azərbaycanın təhlükəsizliyini, sosial rifahını və uzunmüddətli iqtisadi inkişafını təmin edən strateji sənəddir. Prezident İlham Əliyevin müəyyən etdiyi sosial-iqtisadi inkişaf kursuna uyğun hazırlanan növbəti ilin dövlət büdcəsi ölkəmizin strateji prioritetlərini maliyyə resursları ilə təmin etməyə yönəlib.
Milli Məclisin deputatı Aydın HÜSEYNOV qəzetimizə açıqlamasında dedi ki, qanun layihəsində gəlirlər 39 milyard 254 milyon manat, xərclər isə 42 milyard 400 milyon manat nəzərdə tutulur. 3 milyard 146 milyon manatlıq kəsir isə fiskal planlaşdırma çərçivəsində qiymətləndirilməlidir. "Büdcənin mahiyyəti təkcə rəqəmlərdə deyil, həmin vəsaitin milli təhlükəsizliyə, insan kapitalına və iqtisadi artıma yönəldilməsindədir. Müdafiə və milli təhlükəsizliyə 8,8 milyard manatdan çox vəsait ayrılması dövlətin suverenliyinin və ərazi bütövlüyünün etibarlı qorunmasının dəyişməz prioritet olduğunu göstərir. Mürəkkəb geosiyasi şəraitdə təhlükəsizliyin möhkəmləndirilməsi iqtisadi inkişafın və investisiya mühitinin də əsas təminatıdır", - deyə o əlavə etdi.
Deputat qeyd etdi ki, iqtisadi fəaliyyət üzrə təxminən 8,9 milyard manatın, o cümlədən dövlət əsaslı vəsait qoyuluşuna 5,3 milyard manatın nəzərdə tutulması infrastrukturun modernləşdirilməsi, iqtisadi fəallığın və istehsal potensialının genişləndirilməsi baxımından əhəmiyyətlidir. İşğaldan azad edilmiş ərazilərin bərpası və Böyük qayıdışın davam etdirilməsi isə yalnız quruculuq deyil, yeni iqtisadi məkanların formalaşdırılması, məşğulluğun və regional inkişafın təmin olunması deməkdir.
Büdcənin sosialyönümlülüyünün aydın göründüyünü deyən A.Hüseynov bildirdi ki, təhsilə 5,1 milyard manata yaxın, sosial müdafiə və sosial təminata 4,9 milyard manatdan çox, səhiyyəyə isə 2 milyard manatdan artıq vəsait nəzərdə tutulub: "Bu ayırmalar vətəndaşların sosial müdafiəsinin, təhsilin keyfiyyətinin və səhiyyə xidmətlərinin yüksəldilməsinin dövlət siyasətində mühüm yer tutduğunu təsdiqləyir. Bununla yanaşı, rəqəmsallaşma, süni intellekt, innovasiyalar, qeyri-neft sektorunun inkişafı və "yaşıl iqtisadiyyat" 2027-2030-cu illər üçün müəyyən edilən xərc prioritetləri sırasındadır. Gəlirlərin dayanıqlılığının artırılması, sahibkarlıq mühitinin gücləndirilməsi və büdcə vəsaitlərinin nəticəyönümlü xərclənməsi xüsusi əhəmiyyət daşıyır".
Deputat vurğuladı ki, 2027-ci ilin büdcə layihəsi dövlətin müdafiə qüdrəti ilə sosial məsuliyyətini, cari ehtiyaclarla gələcək inkişaf hədəflərini uzlaşdıran strateji maliyyə sənədidir. Əsas məqsəd ayrılan hər manatın iqtisadi səmərəyə, güclü dövlət institutlarına və vətəndaşların rifahına xidmət etməsidir.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"