06 Noyabr 2026 08:55
187
CƏMİYYƏT
A- A+
Ot kökü üstə bitər  

Ot kökü üstə bitər  


Şəhid Nurlan Zeynalov Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş atasının döyüş yolunu zəfərlə başa vurdu


İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan zabit Nurlan Zeynalovun bir zamanlar yaşadığı ünvana gedirik. Bir az həyəcanlı və kədərli olduğumuz üçün ünvanı tapmaqda çətinlik çəkirik. Şəhid atası Rəfail Zeynalovla telefonla əlaqə saxlayırıq. O, istiqamət verə-verə bizi yolun kənarında qarşılayır. 

Şəhid atası ilə görüşüb, evlərinə tərəf addımladıq. Binalarına çatmağa az qalmış həyətdə "Şəhid bulağı" gördük. Rəfail Zeynalov dedi ki, bulaq Nurlanın xatirəsinə bina sakinlərinin vəsaiti hesabına düzəldilib: "Oğlum çox səmimi və qayğıkeş idi. Hamıya  bacardığı qədər qayğı göstərərdi. Böyüklə böyük, kiçiklə kiçik idi. Şəhid olması onu tanıyanların hamısını kədərləndirdi". 

Şəhid atası sözünü bitirəndən sonra "Şəhid bulağı"ndan su içib mənzillərinə qalxdıq. Dəhlizdə, otaqlarda, hətta evdəki əşyalarda da qəribə bir kövrəklik hiss olunur. Valideynləri otaqların birində Nurlana guşə düzəldiblər. Onlar bununla təskinlik tapırlar. Guşəyə Nurlanın müxtəlif illərdə çəkdirdiyi şəkillər qoyulub. Onlara baxdıqdan sonra Nurlanın ömür və qəhrəmanlıqla dolu döyüş yolu ilə tanış olduq. 

Rəfail  Zeynalov Birinci Qarabağ müharibəsinin iştirakçısı, müharibə veteranıdır. Deməli, Nurlan atasının yarımçıq qalmış döyüş yolunu davam etdirib. Rəfail Zeynalov Qarabağ hadisələrinin ən qaynar vaxtlarında Xankəndidə olub. Həmin günləri xatırlayan şəhid atası dedi ki, 1988-ci il fevralın 24-də erməni separatçıları Xankəndidə mitinq keçirib Qarabağın Ermənistana birləşdirilməsini tələb edəndə bizi hadisələrin qarşısını almağa göndərdilər: "Həmin günlər Qarabağda vəziyyət gərgin idi. Sonradan bu mitinqlər qanlı döyüşlərə gətirib çıxardı. Ağdam, Cəbrayıl və Füzuli rayonlarının müdafiəsində iştirak etdim. Təəssüflər olsun ki, ermənilər bu əraziləri işğal etdilər. Birinci Qarabağ müharibəsindən 28 il sonra torpaqlarımızın azadlığı uğrunda İkinci Qarabağ müharibəsi başladı. Oğlum Nurlan ehtiyatda olan zabit kimi müharibəyə yollandı. Qarabağın erməni işğalçılarından azad olunmasında qəhrəmanlıq göstərdi. 2020-ci il noyabrın 9-da Xocavənd uğrunda gedən döyüşlərdə şəhid oldu. Ertəsi gün isə  döyüşlər dayandırıldı, silahlar susdu".

Nurlan Zeynalov 25 noyabr 1989-cu ildə Sabirabad rayonunda dünyaya göz açıb. Orta məktəbi bitirəndən sonra ali təhsil almaq üçün Bakıya üz tutub. Azərbaycan Memarlıq və İnşaat Universitetinə qəbul olub və 2011-ci ildə ali təhsilini bitirib. Gələcək həyat önündə geniş açılsa da,  qarşıda onu hərbi xidmət gözləyirdi. 2011-ci ilin oktyabrında Nurlan ordu sıralarına yollanıb. Bir müddətdən sonra öz arzusu ilə ehtiyat zabit hazırlıq kursuna göndərilib. O, zabit olmaq, çiyinlərində doğma ordumuzun paqonlarını gəzdirmək istəyirdi. 

2013-cü ildə ordu sıralarından leytenant kimi ehtiyata buraxılan Nurlan 2014-cü ildə Sabirabad regional "ASAN xidmət" mərkəzində işə düzəlib. Elə sevgisi, məhəbbəti də burada qarşısına çıxır. İş yerində Kübra adlı xanımla tanış olur və 2018-ci ildə onunla ailə həyatı qurur. Təcrübəsini nəzərə alaraq Nurlan Zeynalovu 2019-cu ilin iyununda atasının çalışdığı Müdafiə Sənayesi Nazirliyinin (indiki "Azərsilah" Müdafiə Sənayesi Holdinqi) Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutunda kadrlar şöbəsinin rəisi kimi işə götürüblər. 

2020-ci ilin sentyabrında İkinci Qarabağ müharibəsi başlayanda Nurlan şəxsi işlərini kənara qoyaraq ehtiyatda olan zabit kimi cəbhəyə yollanır. Gənc zabitin döyüş yolu Murovdağdan başlayır. Bir müddətdən sonra onları Füzuliyə aparırlar. Həmin günlər bu istiqamətdə gərgin döyüşlər gedirdi. Düşmən geri çəkilmək istəmirdi. Ordu hissələrimiz isə hücumlarına ara vermir, daim irəli can atırdı. Nurlan əsgərlərini ardınca döyüşlərə  aparır, komandanlığın əmr və tapşırıqlarını bacarıqla yerinə yetirirdi. Füzuli erməni işğalçılarından azad olunandan sonra Nurlan Zeynalovun xidmət etdiyi hərbi hissənin şəxsi heyəti Xocavənd istiqamətinə göndərilir. 

Noyabrın 8-də Nurlan Qarabağın tacı olan Şuşanın azad olunduğunu eşidəndə sanki dünyanı ona verirlər. Ertəsi gün yenə də Xocavənd uğrunda döyüşlərə atılır. Amma o,  səhər ertədən başladığı döyüşü sona çatdıra bilmir. Həmin gün həm döyüş, həm də ömür yolu yarımçıq qalır. Erməni nişançının hədəfinə tuş gəlir. 

Nurlan Zeynalov həyatda 31 il ömür sürdü. Amma ləyaqətlə yaşadı, özündən sonra şərəfli bir iz qoydu.

Sabirabadın Şəhidlər xiyabanında torpağa tapşırılan Nurlan ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "İgidliyə görə", "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medallarına layiq görüldü.

Atası Rəfail Zeynalov deyir ki, Nurlan hərəkətlərinə, sözlərinə ciddi fikir verirdi: "Onun dilindən heç vaxt artıq söz çıxmazdı. Sirrini kimsəyə verməzdi, bir az qapalı idi. Həmişə özündən böyüklərlə yoldaşlıq edərdi. Lazım gələndə dost-tanışlarına ağıllı məsləhətlər verərdi. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adı dilindən düşmürdü. Şəhid olduğunu eşidəndə elə bil dünya başıma uçdu. Oğul itirmək çox ağır dərddir. 2019-cu ilin avqustunda qızı dünyaya gəlmişdi. Onun adını özününkünə yaraşdırıb Nuray qoymuşdu. Nuray ondan bizə qalan yadigardır".

Şəhid anası Məleykə xanım oğlu haqqında danışdıqca göz yaşlarının saxlaya bilmir. Deyir ki, Nurlan döyüşlərə yola düşəndən sonra rahat günlərimizə son qoyuldu: "Oğlum arada zəng vurub danışırdı. Bir dəfə zəng edəndə güllə səsləri eşitdim. Soruşdum ki, ay Nurlan, deyirsən döyüşlərdə deyilsən, bəs o güllə səsləri nədir? Yenə də "təlimdəyik", - dedi. Noyabrın 9-da qapımızı oğlumun ölüm xəbəri döydü. Dünya gözümdə qaranlığa büründü. Ölüm xəbərini bizə çatdıranlardan soruşdum ki, Nurlan necə şəhid oldu, axı o, döyüşə getməmişdi, əsgərlərə təlim keçirdi. Məlum oldu ki, oğlum elə cəbhə bölgəsinə gedən gündən döyüşürmüş".

Rəfail Zeynalovun işlədiyi "Azərsilah"da da şəhidlərin xatirəsi əziz tutulur. Vətən müharibəsində bu təşkilatın 3 əməkdaşı şəhid olub. Onların şərəfinə  holdinqin həyətində abidə qoyulub. Bundan əlavə, "Tarix yazan qəhrəmanlar" adlı kitab nəşr olunub. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ətraflı işıqlandırılıb. Nurlanın bir ildən çox çalışdığı Milli Aerokosmik Agentliyinin həyətində onun və Birinci Qarabağ müharibəsi şəhidlərinin şərəfinə bulaq tikilib. 


Vahid MƏHƏRRƏMOV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan əsgərinin Şuşaya daxil olması üçün hər gün dua edirdim – Litvalı jurnalist Riçardas Lapaytis 

09:59
06 Noyabr

Sudan sərhədində atışmada iki Misir hərbçisi həlak olub

09:55
06 Noyabr

UEFA Avropa Liqası: “Yuventus” və “Marsel” səfərdə qalib gəlib

09:52
06 Noyabr

Qocalmanı ləngitmək mümkündürmü?

09:35
06 Noyabr

UEFA Konfrans Liqası: “Trabzonspor” öz meydanında məğlub olub, “Kayrat” səfərdə xal qazanıb  

09:32
06 Noyabr

ABŞ Prezidenti: Ukrayna ilə bağlı böyük razılaşma əldə olunacaq

09:31
06 Noyabr

S.Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində ağacəkmə aksiyası keçirilib

09:30
06 Noyabr

Tramp: İranın qalan hissəsini də məhv etmək məcburiyyətində qala bilərəm  

09:29
06 Noyabr

Gözəl nitq də bir zənginlikdir

09:25
06 Noyabr

Xınalıq kəndinə 15 santimetr qar yağıb

09:24
06 Noyabr

Elmdə yeni nəfəs

09:20
06 Noyabr

Sözün qanadında özünə doğru 

09:15
06 Noyabr

Azərbaycan gəncliyi - bu günün gücü, sabahın məsuliyyəti

09:10
06 Noyabr

ZƏFƏR gündəliyi

09:05
06 Noyabr

Bir ömrün əbədiyyətə çevrildiyi gün

09:00
06 Noyabr

Ot kökü üstə bitər  

08:55
06 Noyabr

Zəfər tariximiz - qürur salnaməmiz 

08:50
06 Noyabr

Milli birliyin və qəhrəmanlığın rəmzinə çevrilmiş Zəfər

08:45
06 Noyabr

Konqresdəki dəyişikliklər ABŞ-nin Cənubi Qafqaz siyasətinə necə təsir edəcək

08:40
06 Noyabr

Cənubi Qafqazda sülh və əməkdaşlıq

08:35
06 Noyabr

11 min günün həsrətinə son qoyan 44 gün

08:30
06 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!