Elə rəqəmlər var ki, onları sadəcə saymırıq, həm də yaşayırıq. Zaman keçdikcə o, öz riyazi mahiyyətini geridə qoyaraq bir xalqın yaddaşına, taleyinə, mənəvi dünyasına köçür. Adi rəqəm olmaqdan çıxıb yaşanmış tarixin, duyğuların və kollektiv yaddaşın simvoluna çevrilir. 44 bizim üçün məhz belə rəqəmdir. Xalqın iradəsinin, birliyinin və Zəfərinin rəmzidir.
44 deyəndə göz önündə sadəcə iki rəqəmdən ibarət bir ədəd canlanmır. Bu rəqəm bir xalqın taleyinə çevrilmiş 44 günlük mübarizəni, milyonlarla insanın eyni anda yaşadığı həyəcanı, intizarı, qorxunu, ümidi, kədəri və sevinci xatırladır. Onun arxasında Vətən sevgisi, ana duası, eləcə də yarımçıq qalmış arzular, göz yaşları və nəhayət, böyük Zəfərin sevinci dayanır.
2020-ci ilin payızında Azərbaycan üçün zaman başqa cür axırdı. Səhərlər xoş xəbərin intizarı ilə açılır, axşamlar dualarla başa çatırdı. Müharibə cəbhədə gedirdi, amma onun nəfəsi hər evdə, hər ailədə duyulur, ağırlığı hər qəlbi sıxırdı. Kiminin oğlu, kiminin qardaşı, kiminin atası, kiminin də həyat yoldaşı Vətənin müdafiəsində idi. Hər kəsin gözü ekranlarda, qulağı səsdə, düşüncəsi isə cəbhədə idi.
O günlərin özünəməxsus bir səssizliyi vardı. Həyat zahirən öz axarı ilə davam etsə də, hər kəsin daxilində başqa bir dünya yaşanırdı. Bir ana telefon zəngində oğlunun səsini eşitmək ümidi ilə yaşayır, bir ata nigaranlığını gizlətməyə çalışır, bir uşaq isə atasının nə vaxt qayıdacağını soruşurdu. "Necəsən?" kəlməsi belə həmin günlərdə tam başqa anlamla yüklənmişdi. Bu üç hecalı müraciətin arxasında nigarançılıq, həsrət, ümidlə yanaşı "sağsanmı, salamatsanmı?" deyə çırpınan ürəklər gizlənirdi.
Bütün bu ağrıların içində xalqın ruhunda sınmaq deyil, birləşmək hissi güclənirdi. Tanımadığımız insanların dərdini öz dərdimiz, sevincini sevincimiz kimi qəbul edirdik. Ölkə 44 gün xalqın ortaq taleyində yaşadı. Bəlkə də Azərbaycan xalqının həmin günlərdə yaşadığı duyğuların ən qeyri-adiliyi elə bunda idi: müharibə başlayanda insanlar qorxu ilə yanaşı, "nəhayət!" deyə bir sevinc də yaşadılar.
Yəqin ki, dünyada azərbaycanlılardan başqa elə bir xalq olmayıb ki, müharibə xəbərinə sevinsin. Bu duyğunu ancaq 30 il ev-eşiyindən didərgin düşmüşlər yaşaya bilər. Bu duyğunu yüz illərlə azadlığa təşnə olmuş bir xalq yaşaya bilər ki, bu da Azərbaycan xalqının taleyinə yazılmış hiss idi. Çünki 2020-ci ilin 27 sentyabrı illərlə ürəklərdə daşınan həsrətin, gözlənilən günün, torpaqların azadlığına qovuşmaq ümidinin başlanğıcı idi. Xalq üç on il gözlədiyi anın gəlişinə "qucaq açmışdı". Bu sevincin içində qürur da vardı, inam da, illərin nisgilindən doğan bir kövrəklik də...
Amma 44 gün boyunca həmin sevincin üzərindən qara xəbərlərin kölgəsi çəkilmədi. Hər qələbə xəbəri ürəklərdə qürur doğurarkən, üçrəngli bayrağa bürünmüş şəhid tabutları həmin qürura dərin bir hüzn, kədər hopdururdu. Bir tərəfdə, azad olunan torpaqların sevinci, digər tərəfdə, övladını itirən anaların fəryadı vardı. Xalq bir anın içində həm sevinməyi, həm ağlamağı öyrənmişdi. Göz yaşları sevincdən və ən ağır itkilərdən axırdı. Və bu iki duyğunu 44 gün ərzində Azərbaycan xalqı bir-birindən ayırmadan yaşadı. Şəhidlik... Bu sözün içində nə qədər böyük qəhrəmanlıq, nə qədər insanın ağrılı taleyi var. Şəhid oğullar Vətənin azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda öz canlarını fəda etdilər. Bu gün yaşadığımız Zəfərin arxasında məhz şəhidlərin qanı, fədakarlığı və yarıda qalan ömürləri dayanır. Onlar bu günləri görməsələr də, tarixi və müqəddəs Zəfərin ən böyük pay sahibləridirlər. Hər azad torpaqda onların izi, hər dalğalanan bayraqda bizə əmanət etdikləri Vətən sevgisi var.
Bu torpağın Zəfər yolu təbii ki, bir gündə, bir müharibədə başlamayıb. Birinci Qarabağ müharibəsində 11 mindən çox hərbçimiz şəhid oldu, onlarla deyil, minlərlə mülki şəxs Vətən uğrunda həyatını itirdi. İllər sonra 44 günlük Vətən müharibəsində isə 2908 hərbi qulluqçumuz şəhidlik zirvəsinə ucaldı, 1000-dən çox əsgər yaralandı, 6 nəfər itkin düşdü. Hər birinin xatirəsi bizim üçün müqəddəsdir. Çünki bu gün sahib olduğumuz azadlığın arxasında onların canı, qanı və yarımçıq qalmış arzuları dayanır. Onlar həyatdan köçdülər, amma Vətən tarixində əbədi yaşamaq haqqı qazandılar. Bizim borcumuz isə əbədiyyətə qovuşan həmin oğulların xatirəsini yaşatmaq, bu Zəfərin qədrini bilmək və gələcək nəsillərə əmanət etdikləri Vətəni qorumaqdır.
İnam, iradə və "dəmir yumruq"
44 günün mənəvi mənzərəsini tamamlayan daha bir məqam vardı: xalqın Ali Baş Komandan İlham Əliyevə olan inamı və güvəni. Müharibə günlərində televiziya ekranları xalqın hər gün xəbər gözlədiyi, ümid və həyəcanla izlədiyi bir "pəncərə" rolunu oynayırdı.
İnsanlar səbirsizliklə Prezidentin xalqa müraciətlərini, cəbhədən gələn növbəti xoş xəbərləri gözləyirdilər. Hər dəfə Ali Baş Komandanın ekran qarşısına çıxması yeni bir ümid, yeni bir həyəcan yaradırdı. Azad olunan şəhər və kəndlərin adlarını şəxsən elan etməsi, qələbə xəbərlərini xalqla bölüşməsi həmin günlərin yaddaşında xüsusi yer tutdu. İlham Əliyevin "dəmir yumruq" ifadəsi isə tədricən adi bir söz birləşməsi olmaqdan çıxaraq birliyin, iradənin və həmrəyliyin rəmzinə çevrildi.
Həmin günlər xalq, ordu və dövlət arasında formalaşan birlik milli həmrəyliyin və sarsılmaz iradənin parlaq nümunəsi idi. Cəbhədə əsgər döyüşür, arxa cəbhədə xalqın duaları və mənəvi dəstəyi yüksəlir, dövlət rəhbəri isə hərbi-siyasi prosesləri vahid strategiya əsasında yönləndirirdi. Hər kəs öz yerində eyni məqsədə xidmət edirdi. Bu birlik Azərbaycan xalqının 44 günlük müharibə yaddaşında özünəməxsus və unudulmaz yer tutdu. Ali Baş Komandan, Prezident İlham Əliyevə olan inam və güvən 44 günün emosional dayaqlarından birinə çevrilmişdi. Bu inamın və siyasi liderliyə münasibətin izləri müharibədən sonrakı illərdə də cəmiyyətin yaddaşında və duyğularında yaşamaqda davam edir.
Əslində, "dəmir yumruğ"un ən böyük mənası ordu-xalq-dövlət birliyində idi. Çünki o "yumruğ"un gücü yalnız bir simvolda deyil, arxasında dayanan milyonlarla insanın ortaq iradəsində, əsgərin döyüş əzmində, xalqın dəstəyində və qələbəyə olan inamında ifadə olunurdu. 44 gün bizə bir daha göstərdi ki, Azərbaycan xalqının birliyi tarixin ən çətin sınaqlarında mühüm mənəvi gücə çevrilə bilər.
Və nəhayət, 8 noyabr 11 min günün həsrətinə son qoydu. Zəfər anı yetişdi! Bu, adi bir sevinc deyildi. İnsanlar həm gülümsəyir, həm ağlayır, həm də bir-birini təbrik edir, bayraqlara sarılırdılar. Küçələrdə, meydanlarda, evlərdə eyni duyğu yaşanırdı. Sanki milyonlarla ürək vahid ritmlə döyünürdü. Buna görə də 8 Noyabr Zəfər Günü yaddaşımızda yalnız qələbə tarixi deyil, həm də qürur, ehtiram və minnətdarlıq günü kimi yaşayır.
44-ün mistikası - rəqəmdən rəmzə
Bəzən düşünürəm: görəsən, rəqəmlərin də taleyi olurmu? Onlar da zamanla özünəməxsus yaddaş, görünməz məna qazana bilirlərmi? Axı elə hadisələr var ki, rəqəmləri sadəcə ölçü vahidi olmaqdan çıxarıb mənəvi simvola çevirir. 44 mənim üçün belə rəqəmdir. İki dördün yanaşı dayanması, eyni rəqəmin təkrarı insanda birlik, ahəng və bütövlük assosiasiyası yaradır. Müxtəlif mədəniyyətlərdə dörd rəqəmi dünyanın dörd tərəfi, ilin dörd fəsli, sabitlik və nizam anlayışları ilə əlaqələndirilir. Bizdə isə daha çox 44 günə sığan bir xalqın mübarizəsini, birliyini, fədakarlığını və Zəfərini xatırladır.
Bəlkə də bu səbəbdən 44-ün quruluşunda mənəvi bir bütövlük obrazı görmək istəyirik. Mən bu rəqəmdə iki ayrı, amma bir-birini tamamlayan xətt görürəm: həsrət, intizar və mübarizə ilə dolu günləri özündə əks etdirən ümid, birlik, qürur və Zəfərə aparan yol. Bu, rəqəmlərin dəyişməz mistik qanunu deyil, yaşanmış tarixə verdiyimiz poetik-fəlsəfi mənasıdır.
Daha bir maraqlı məqam: 44 rəqəmi yazılış baxımından güzgüvari simmetriyaya malikdir. Hansı tərəfdən baxsaq da, eyni rəqəmlə qarşılaşırıq. Məncə, bu da gözəl bir metaforadır: tarixə hansı tərəfdən yanaşsaq, qarşımıza eyni həqiqət çıxır. Bu, ağrı, sevinc, itki və Zəfərdir. Bəlkə də 44-ün ən böyük sirri onun özündə deyil, bir xalqın ona yüklədiyi mənadadır. O, zaman ölçüsündən çıxaraq yaddaş rəmzinə çevrilib. Artıq bu rəqəmi görəndə, səsləndirəndə xalqın o günlərdəki yaşantılarını xatırlayırıq.
Zaman 6 ildi 44 günün yaşantılarını arxada qoyub. Amma Azərbaycan xalqı o günləri heç vaxt yaddaşından silməyəcək. Çünki bəzi tarixlər keçmişə çevrilmir, xalqın mənəvi varlığının bir hissəsi olaraq onunla birlikdə gələcəyə doğru irəliləyir. 44 gün bitdi, amma onun mənəvi mənası bitmədi.
44 bir xalqın taleyinə yazılmış Zəfər dastanının səhifələrinə hopmuş şərəfli və qürurlu rəqəmdi. Zaman onu hər gün bir addım keçmişə aparır, yaddaşımız isə əbədiyyətə... 44 sadəcə günlərin sayı deyil. O, bir xalqın ağrısının, həsrətinin, birliyinin, ümidinin və Zəfərinin tarixə həkk olunmuş salnaməsidir.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"