06 Noyabr 2026 08:25
224
SİYASƏT
A- A+
Güclü lider, qalib dövlət və məğrur xalq

Güclü lider, qalib dövlət və məğrur xalq


44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin ən parlaq, ən qürurverici zirvəsidir. Otuz ilə yaxın davam edən işğala son qoyaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən xalqımız bu gün milli ləyaqətin və tarixi ədalətin bərqərar olunması sevincini yaşayır. Bu qələbə hərbi sahədə qazanılmış uğurla yanaşı, illər boyu addım-addım həyata keçirilən strateji dövlət siyasətinin, güclü iqtisadiyyatın, müasir ordunun və dəmir kimi möhkəm milli həmrəyliyin təntənəsidir. Azərbaycan öz gücü ilə Cənubi Qafqazda yeni siyasi və hərbi reallıqlar diktə etdi, regionda uzunmüddətli sülhün və sabitliyin əsasını qoydu. 

Xalqımızın böyük Zəfərə aparan yolu heç də hamar olmayıb, son dərəcə mürəkkəb və təlatümlü tarixi mərhələlərdən keçib. 1990-cı illərin əvvəllərində Azərbaycan dərin siyasi və iqtisadi böhran, daxili xaos, vətəndaş müharibəsi təhlükəsi və torpaqlarımızın ard-arda işğala məruz qalması kimi ağır sınaqlarla üz-üzə qalmışdı. Məhz belə bir həlledici məqamda - 1993-cü ildə xalqın təkidli istəyi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev müstəqil dövlətçiliyimizi məhv olmaqdan, ölkəmizi isə parçalanmaqdan xilas etdi. Ulu Öndərin həyata keçirdiyi hərtərəfli və uzaqgörən daxili və xarici siyasət sayəsində qısa müddətdə ölkədə cəmiyyəti birləşdirən sabitlik bərqərar olundu, qeyri-nizami silahlı birləşmələr ləğv edilərək müasir, güclü ordu quruculuğunun təməli qoyuldu. 1994-cü ildə əldə olunan atəşkəs rejimi isə dövlətin bütün resurslarını gücləndirməsi və iqtisadi dirçəlişə yönəltməsi üçün zəruri zaman qazandırdı.

Ölkənin gələcək inkişafının və hərbi qüdrətinin iqtisadi müstəqillikdən asılı olduğunu dəqiq bilən Ulu Öndər 1994-cü il sentyabrın 20-də dünyanın aparıcı neft şirkətləri ilə "Əsrin müqaviləsi"nin imzalanmasına nail oldu. Bu tarixi addım Azərbaycanı beynəlxalq iqtisadi xəritənin mərkəzinə çıxarmaqla yanaşı, gələcək böyük Qələbənin maliyyə və strateji bünövrəsini qoydu. Eyni zamanda Ulu Öndər mühüm diplomatiya yürüdərək BMT, ATƏT və digər mötəbər beynəlxalq təşkilatların tribunasından Ermənistanın təcavüzkar siyasətini ifşa etdi, münaqişənin hüquqi bazasını Azərbaycanın ərazi bütövlüyü çərçivəsində möhkəmləndirdi.

Ən ağır və ümidsiz görünən anlarda belə Ümummilli Lider xalqın qəlbindəki qələbə inamını əsla sönməyə qoymadı. Keçmiş məcburi köçkünlərlə hər görüşündə  Böyük qayıdışın vaxtı gələcəyini qətiyyətlə bəyan etdi. Heydər Əliyevin əsasını qoyduğu bu müdrik, uzaqgörən və sarsılmaz dövlətçilik strategiyası gələcək şanlı Zəfərimizin dəyişməz təməl daşına çevrildi.

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursu yeni qlobal dövrün çağırışlarına və geosiyasi reallıqlara uyğun olaraq daha da zirvəyə qaldıran Prezident İlham Əliyev fəaliyyətinin ilk günündən torpaqlarımızın azad olunmasını dövlətin birnömrəli prioriteti elan etdi. İllər ərzində həyata keçirilən dərin iqtisadi islahatlar, neft gəlirlərinin strateji valyuta ehtiyatlarına çevrilməsi və ölkənin maliyyə müstəqilliyinin təmin edilməsi hərbi quruculuğun əsasını qoydu. Dövlət başçısının xüsusi diqqəti və iradəsi ilə Azərbaycan Silahlı Qüvvələri dünyanın ən müasir texnologiyalarına, idarəetmə sistemlərinə və yüksək döyüş qabiliyyətinə malik ordular sırasına yüksəldi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyası ölkənin bütün sahələrində kompleks dəyişikliklərə səbəb oldu. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, infrastrukturun yenilənməsi, enerji və nəqliyyat layihələrinin reallaşdırılması Azərbaycanın həm daxili potensialını, həm də beynəlxalq mövqelərini gücləndirdi. Əldə olunan iqtisadi nailiyyətlər hərbi sahəyə daha böyük həcmdə investisiyaların yönəldilməsinə, ordunun maddi-texniki bazasının müasirləşdirilməsinə və müdafiə sənayesinin inkişafına imkan yaratdı. Bütün bunlar göstərirdi ki, Azərbaycan torpaqlarının azadlığı ilə bağlı zəruri olan bütün imkanları sistemli şəkildə formalaşdırır.

Xarici siyasətdə hər zaman müstəqil və prinsipial xətt yürüdən rəsmi Bakı beynəlxalq hüququn ikili standartlarla üzləşdiyi reallıqları açıq şəkildə ifşa etdi. BMT Təhlükəsizlik Şurasının erməni işğalçılarının ərazilərimizdən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən məşhur 4 qətnaməsinin onilliklər ərzində kağız üzərində qalması, beynəlxalq təşkilatların isə bu ədalətsizliyə göz yumması beynəlxalq hüququn işləmədiyindən xəbər verirdi. Prezident İlham Əliyev beynəlxalq tribunalardan bu qərəzli yanaşmanı kəskin tənqid edərək, Azərbaycanın heç zaman işğalla barışmayacağını dünyaya çatdırırdı.

"Azərbaycan bir qarış torpağını belə heç kimə güzəştə getməyəcək" prinsipi dövlət siyasətinin dəyişməz xəttinə çevrildi. Hərbi sənaye kompleksinin sıfırdan qurulması, yerli istehsalat imkanlarının genişləndirilməsi və ordumuzun ən qabaqcıl texnoloji avadanlıqlarla təchiz edilməsi ölkəmizin ərazi bütövlüyünün təmininə yönəlmiş məqsədyönlü siyasət idi.  Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən, dəmir iradəyə əsaslanan daxili və xarici siyasət qaçılmaz Zəfərin başlanğıcı oldu. 

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatına cavab olaraq başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın hərbi-siyasi gücünü, xalqımızın həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Döyüş meydanında əsgər və zabitlərimizin göstərdiyi misilsiz şücaət, xüsusilə ağır relyef şəraitində sıldırım qayaların yüngül silahlarla, əlbəyaxa döyüşlərlə aşılaraq düşmənə sarsıdıcı zərbələr endirilməsi müasir hərb tarixinə unikal səhifə kimi yazıldı. Müharibə günlərində Müzəffər Ali Baş Komandan İlham Əliyevin elan etdiyi işğaldan azad olunan kəndlərin, qəsəbələrin, şəhərlərin və strateji yüksəkliklərin xəbəri cəmiyyətimizdə böyük ruh yüksəkliyi yaratdı.

Savaş dövründə Prezident İlham Əliyev həm də müstəsna informasiya siyasəti və peşəkar diplomatik liderlik nümayiş etdirdi. Həmin gərgin günlərdə dünyanın aparıcı televiziya kanallarına və media qurumlarına verdiyi 30-dan çox tutarlı və arqumentləşdirilmiş müsahibələrdə dövlət başçısı erməni təbliğatının yalanlarını darmadağın etdi, qlobal auditoriyaya Azərbaycanın haqq işini qətiyyətlə çatdırdı. Prezidentin bu müsahibələrdə səsləndirdiyi fikirlər, xüsusilə də "...Şuşasız bizim işimiz yarımçıq qalar" ifadəsi həm siyasi iradənin, həm də hərbi strategiyanın dəyişməz hədəfini müəyyənləşdirdi. Bu müdrik kəlam cəmiyyətdə və hərbçilərimizin arasında əsas mənəvi şüara, Zəfər hədəfinə çevrildi. 

Noyabrın 8-də qəhrəman Azərbaycan Ordusunun Şuşanı azad etməsi düşmənin müdafiə xəttini tamamilə darmadağın etdi. Bu misilsiz qələbə Ermənistanın hərbi-siyasi rəhbərliyini kapitulyasiya aktına imza atmağa, məğlubiyyəti qəbul edərək diz çökdürməyə məcbur etdi.

44 günlük Vətən müharibəsinin şanlı Qələbə ilə başa çatmasından sonra, 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən möhtəşəm Zəfər paradı Azərbaycanın hərbi gücünü, əsgər və zabitlərimizin rəşadətini bütün dünyaya göstərdi. Paradda Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev qürurla bir daha bəyan etdi ki, bu zəfər tarixi zəfərdir: "Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir "dəmir yumruq" yaradıb düşmənin başını əzdik... ...Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik".

Şuşa Zəfərinin qazanılmasından sonra Azərbaycan dövlətinin qarşısında duran ali və dəyişməz məqsəd ölkənin bütün suveren hüquqlarının bərpası, ərazimizin hər bir qarışında konstitusiya quruluşunun təmin edilməsi idi.

Tarixi ədalətin tam bərqərar olması istiqamətində növbəti həlledici addım 2023-cü ilin sentyabrında atıldı. Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri cəmi 23 saat ərzində Qarabağda kök salmış separatizmin məhv edilməsi ilə nəticələndi. Ölkəmizin qüdrətini və hərbi-taktiki üstünlüyünü bir daha sübut edən bu uğurlu əməliyyat sayəsində Azərbaycanın suverenliyi tam təmin olundu.

Bu əməliyyat Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası istiqamətində uzun illər ərzində həyata keçirilən ardıcıl siyasətin məntiqi nəticəsi idi. Azərbaycan dövləti öz ərazisində qanunun aliliyini və konstitusiya quruluşunu təmin etmək hüququndan istifadə edərək separatizmə son qoydu. Bununla da, ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərində dövlət hakimiyyətinin tam bərqərar olunması üçün tarixi şərait yarandı. 2020-ci ildə qazanılmış hərbi Qələbə 2023-cü ildə suverenliyin tam bərpası ilə tamamlandı.

Suverenliyimizin tam bərpasının rəmzi olaraq 2023-cü il 15 oktyabr tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə - Zəfər meydanında Azərbaycan dövlət bayrağını ucaltdı. Həmin tarixi hadisə və sonrakı dövrdə - 2024-cü il fevralın 7-də ölkəmizdə keçirilən prezident seçkilərində cənab İlham Əliyevin məhz Xankəndidə səs verməsi xüsusi siyasi və rəmzi məna daşıdı. Dövlət başçısının andiçmə mərasimində söylədiyi - "Xankəndidə verdiyim səs, o qutuya atdığım bülleten sadəcə olaraq bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi", fikri erməni separatizminə və onun havadarlarına verilən son və qəti siyasi hökm oldu.

Bu gün Azərbaycan Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və tərəqqinin əsas təminatçısı kimi çıxış edir. İşğaldan azad edilmiş geniş ərazilərdə həyata keçirilən irimiqyaslı bərpa-quruculuq layihələri Böyük qayıdış dövlət proqramının uğurla icra edilməsinə rəvac verib. Artıq 40 mindən çox keçmiş məcburi köçkün soydaşımız doğma yurduna dönüb. 

Qarabağ Zəfərinin doğurduğu bu böyük uğurlar ölkəmizi regional liderlikdən beynəlxalq miqyasda söz sahibi olan qüdrətli dövlət səviyyəsinə yüksəldib.

Müharibədən dərhal sonra məhz Azərbaycanın təşəbbüsü ilə irəli sürülən sülh gündəliyi regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasında dönüş nöqtəsi oldu. Otuzillik işğala və dağıntılara baxmayaraq, rəsmi Bakının nümayiş etdirdiyi dövlətçilik təfəkkürü və beynəlxalq hüquq prinsiplərinə söykənən sülh modeli bütün dünya üçün nümunəvi təcrübəyə çevrildi. Ötən il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə sülh müqaviləsi mətninin paraflanması və tərəflər arasında prinsipial razılaşmaların əldə olunması Azərbaycanın diplomatik masada da qətiyyətli Zəfər qazandığını aydın göstərdi. Bu tarixi addım Cənubi Qafqazda onilliklər boyu davam edən ədavətə son qoyaraq bölgədə uzunmüddətli sülh, sabitlik, iqtisadi inteqrasiya və tərəqqi üçün misilsiz imkanlar açdı.

Azərbaycanın nümayiş etdirdiyi bu müdrik və qətiyyətli möqeyi beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir və qlobal müstəvidə dərin rəğbətlə qarşılanır.

Bu mənada, dövlətimizin başçısının sülhün və humanizmin təşviqi istiqamətindəki xidmətlərinin beynəlxalq miqyasda etiraf olunması təsadüfi deyil. Prezident İlham Əliyevə verilən "Zayed İnsan Qardaşlığı Mükafatı", "Sülh və Barışıq üçün Gernika mükafatı", o cümlədən ölkəmizin Sülh Şurasının təsisçi üzvlərindən biri seçilməsi Azərbaycanın sülh gündəliyinin qlobal səviyyədə tam qəbul olunduğunu və yüksək qiymətləndirildiyini aydın şəkildə nümayiş etdirir.

Bir sözlə, Azərbaycanın beynəlxalq müstəvidəki mövqeyi keyfiyyətcə yeni mərhələyə yüksəlib, ölkəmizi regionun əsas enerji, nəqliyyat-logistika və diplomatiya mərkəzinə çevrilib.

Bu gün Azərbaycan təkcə öz torpaqlarını işğaldan azad edən qalib ölkə kimi deyil, həm də qlobal müstəvidə söz sahibi olan, balanslaşdırılmış və müstəqil xarici siyasət yürüdən nüfuzlu bir dövlət kimi tanınır. BMT-dən sonra dünyanın ikinci ən böyük siyasi platforması olan Qoşulmama Hərəkatına uğurlu sədrliyimiz, COP29 kimi qlobal miqyaslı mötəbər beynəlxalq tədbirə evsahibliyi etməyimiz dövlətimizə olan yüksək etimadın parlaq təzahürdür.

Prezident İlham Əliyevin həyata keçirdiyi çevik və strateji diplomatiya sayəsində Azərbaycan ABŞ, Çin, Avropa İttifaqı kimi siyasi-iqtisadi güclərlə bərabərhüquqlu, qarşılıqlı hörmətə söykənən sarsılmaz əlaqələr qurmağa müvəffəq olub. Avropanın enerji təhlükəsizliyində strateji tərəfdaşa çevrilməyimiz, eləcə də Şərqlə Qərb arasında mühüm nəqliyyat və logistika dəhlizlərinin qovşağı rolu oynamağımız ölkəmizin geostrateji çəkisini dəfələrlə artırıb.

Xüsusilə vurğulanmalıdır ki, qazanılan bütün bu möhtəşəm diplomatik və iqtisadi uğurların, beynəlxalq aləmdə artan misilsiz nüfuzumuzun təməlində məhz 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfər dayanır. Azərbaycan İkinci Qarabağ müharibəsində qazandığı qələbə ilə həm də dünyaya bu tip münaqişələrin necə həll olunması ilə bağlı unikal formul təqdim etdi. Döyüş meydanında bərpa etdiyimiz ərazi bütövlüyü və suverenliyimiz Azərbaycanın beynəlxalq platformalarda daha inamlı, qətiyyətli və diktə edən tərəf kimi çıxış etməsinə imkan yaratdı, ölkəmizi qlobal diplomatiyanın əsas aktorları sırasına yüksəltdi. 

8 Noyabr Zəfəri Azərbaycan dövlətçilik tarixinin ən qürurverici zirvəsidir. Müzəffər Ali Baş Komandanın liderliyi, ordumuzun qüdrəti və xalqımızın dəmir iradəsi ilə bərqərar olan bu yeni gerçəklik təkcə günümüzün zəfər salnaməsi deyil, həm də gələcək nəsillərin sülh, təhlükəsizlik və tərəqqi içində yaşayacağı güclü Azərbaycanın əbədi zəmanətidir.

Bu möhtəşəm Qələbə xalqımızın yaddaşında milli birliyin, dövlətə sədaqətin, Vətən sevgisinin və sarsılmaz iradənin təcəssümü kimi əbədi yaşayacaq. Şəhidlərimizin qanı, qazilərimizin qəhrəmanlığı, əsgər və zabitlərimizin fədakarlığı hesabına yazılan Zəfər salnaməsi gələcək nəsillər üçün həm qürur mənbəyi, həm də dövlətçilik məsuliyyətinin nümunəsidir. Bu gün qarşıda duran başlıca vəzifə qazanılmış tarixi nailiyyətləri qorumaq, Azərbaycanın gücünü və qüdrətini daha da artırmaq, azad edilmiş torpaqlarda yeni həyat qurmaq və ölkəmizin beynəlxalq nüfuzunu davamlı şəkildə yüksəltməkdir. Əminliklə demək olar ki, 8 Noyabr Zəfəri Azərbaycanın gələcək inkişaf yolunu işıqlandıran, milli birliyimizi və müstəqil dövlətçiliyimizi daha da möhkəmləndirən tarixi hadisə kimi əsrlər boyu yaşayacaq. 

Azərbaycan öz gücü ilə Cənubi Qafqazda yeni siyasi və hərbi reallıqlar yaratdı, regionda uzunmüddətli sülhün və sabitliyin əsasını qoydu. Xalqımızın böyük Zəfərə aparan yolu heç də hamar olmayıb, son dərəcə mürəkkəb və təlatümlü tarixi mərhələlərdən keçdi. Bu Zəfər güclü liderin qətiyyətinin, qalib dövlətin qüdrətinin və məğrur xalqın sarsılmaz iradəsinin təntənəsi kimi tarixə düşdü.


Səttar MÖHBALIYEV,

Milli Məclisin deputatı 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

S.Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində ağacəkmə aksiyası keçirilib

09:30
06 Noyabr

Tramp: İranın qalan hissəsini də məhv etmək məcburiyyətində qala bilərəm  

09:29
06 Noyabr

Gözəl nitq də bir zənginlikdir

09:25
06 Noyabr

Xınalıq kəndinə 15 santimetr qar yağıb

09:24
06 Noyabr

Elmdə yeni nəfəs

09:20
06 Noyabr

Sözün qanadında özünə doğru 

09:15
06 Noyabr

Azərbaycan gəncliyi - bu günün gücü, sabahın məsuliyyəti

09:10
06 Noyabr

ZƏFƏR gündəliyi

09:05
06 Noyabr

Bir ömrün əbədiyyətə çevrildiyi gün

09:00
06 Noyabr

Ot kökü üstə bitər  

08:55
06 Noyabr

Zəfər tariximiz - qürur salnaməmiz 

08:50
06 Noyabr

Milli birliyin və qəhrəmanlığın rəmzinə çevrilmiş Zəfər

08:45
06 Noyabr

Konqresdəki dəyişikliklər ABŞ-nin Cənubi Qafqaz siyasətinə necə təsir edəcək

08:40
06 Noyabr

Cənubi Qafqazda sülh və əməkdaşlıq

08:35
06 Noyabr

11 min günün həsrətinə son qoyan 44 gün

08:30
06 Noyabr

Güclü lider, qalib dövlət və məğrur xalq

08:25
06 Noyabr

"Azərenerji" Zəfər Günü ilə bağlı ağacəkmə aksiyası keçirib

08:20
06 Noyabr

Ermənistanla iqtisadi münasibətlərin inkişafı hüquqi öhdəlikləri əvəz edə bilməz

08:15
06 Noyabr

Növbəti il üçün dövlət büdcəsinin prioritet istiqamətləri

08:10
06 Noyabr

Azərbaycan-Gürcüstan: yeni imkanlar, ortaq hədəflər

08:05
06 Noyabr

Vətən müharibəsi - Azərbaycanın qüdrət, birlik və Zəfər salnaməsi

08:00
06 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!