2027-ci ilin dövlət büdcəsi ölkənin növbəti il üzrə sosial-iqtisadi inkişaf prioritetlərini, maliyyə siyasətini və strateji hədəflərini əks etdirən mühüm maliyyə sənədidir. Qanun layihəsi ölkədə makroiqtisadi sabitliyin qorunması, qeyri-neft sektorunun inkişafı, əhalinin sosial rifahının yüksəldilməsi, müdafiə və milli təhlükəsizliyin gücləndirilməsi, eləcə də işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin davam etdirilməsi məqsədlərinə əsaslanır. Belə ki, növbəti ilin dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat məbləğində proqnozlaşdırılıb.
Milli Məclisin deputatı Vüqar BAYRAMOV qəzetimizə açıqlamasında dedi ki, növbəti ilin dövlət büdcəsi də sosialyönümlü olacaq. Belə ki, 2027-ci il dövlət büdcəsindən sosial istiqamətə 18,7 milyard manat və ya büdcə xərclərinin 44 faizi həcmində vəsait yönəldiləcək. Bu, növbəti ildə yeni sosial paketin icra olunacağı anlamına gəlir. "Ölkə Prezidentinin tapşırığına uyğun olaraq reallaşacaq sosial paket həm daha çox vətəndaşımızı əhatə edəcək, həm də bu, nəticə etibarilə daha yüksək artım faizləri ilə ifadə olunacaq. Bu baxımdan gələn il sosial istiqamətə ayrılan vəsaitlərin həcminin artması birmənalı şəkildə dövlət büdcəsinin əsas istiqaməti olaraq müəyyənləşib. "Bu kontekstdə, sözsüz ki, növbəti il sosial istiqamətə ayrılan vəsaitlərin həcmində artımlar müşahidə olunacaq. Sosial istiqamətlə yanaşı, Azərbaycan üçün prioritet olan milli təhlükəsizliyiin, eləcə də müdafiə qabiliyyətinin daha da gücləndirilməsi istiqamətinə ayrılan vəsaitlər də büdcədə xüsusi paya malikdir", - deyə o əlavə etdi.
Deputat qeyd etdi ki, Qarabağ və Şərqi Zəngəzurda quruculuq işlərinə 3,5 milyard manat yönəldiləcək. İşğaldan azad olunmuş ərazilərimizin bərpası istiqamətinə ayrılacaq vəsaitin həcmi məhz bu istiqamətin də 2027-ci ildə prioritet olaraq qalacağından xəbər verir. Təbii ki, təhsil, elm, səhiyyə xərcləri də öz prioritetliyini qoruyub saxlayır. Bu sahələrə də ayrılan vəsaitin həcmində artımlar nəzərdə tutulub. Nəzərə alsaq ki, növbəti ilin dövlət büdcəsindən 42.4 milyard manat vəsaitin xərclənməsi nəzərdə tutulur, bu da fiskal istiqamətə daha çox vəsaitin ayrılması anlamına gəlir.
V.Bayramov vurğuladı ki, 2027-ci ilin dövlət büdcəsi həm vətəndaşlarımızın sosial təminatının daha da yaxşılaşmasına, həm Qarabağ və Şərqi Zəngəzurda bərpa-yenidənqurma işlərinin sürətlənməsinə, həm də Azərbaycanın müdafiə qabiliyyətinin, eləcə də milli təhlükəsizliyinin daha da gücləndirilməsinə xidmət edəcək.
"Azərbaycan"