Azərbaycan xalqının tarixində elə günlər var ki, onların mənası təqvimdəki bir tarixdən, hər hansı tarixi hadisənin xatırlanmasından qat-qat böyükdür. 8 Noyabr - Zəfər Günü də məhz belə günlərdəndir. Bu tarix 30 ilə yaxın davam edən torpaq həsrətinin sona çatdığı, milli qürurumuzun, sarsılmaz iradəmizin və dövlətçilik əzmimizin bütün dünyaya nümayiş olunduğu unudulmaz Qələbənin rəmzidir. Zəfər bizim üçün azad edilmiş torpaqlardan, yüksəldilən bayraqlardan və qazanılmış hərbi üstünlükdən daha böyük məna daşıyır. Bu, bir xalqın öz tarixinə, yaddaşına, köklərinə və gələcəyinə sahib çıxmasının təntənəsidir.
1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayan Qarabağ münaqişəsi xalqımız üçün ağır faciələrə yol açdı. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal edildi, şəhər və kəndlərimiz dağıdıldı, tarixi-mədəni irsimizə misli görünməmiş ziyan vuruldu. 1 milyondan artıq soydaşımız doğma yurdlarından didərgin düşərək qaçqın və məcburi köçkün həyatının ağrı-acısını yaşamağa məcbur oldu. Minlərlə ailənin taleyinə ayrılıq, itki və həsrət yazıldı. Dağıdılmış evlər, viran qoyulmuş şəhərlər, susmuş ocaqlar və ata-baba yurduna qayıtmaq ümidi ilə yaşayan insanlar bu münaqişənin yaddaşımızda buraxdığı ağır izlər idi.
İşğal dövründə Azərbaycanın əsas strateji hədəfi ərazi bütövlüyünün bərpası oldu. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət məhz bu milli məqsədə xidmət edirdi. Dövlət başçısının sonradan qeyd etdiyi kimi, 2003-cü ildən etibarən atılan addımların hər biri Azərbaycanın gücləndirilməsinə, torpaqlarımızın azad edilməsinə və düşmənin doğma yurdumuzdan qovulmasına hesablanmışdı. Bu böyük hədəfə çatmaq üçün siyasi iradə ilə yanaşı, iqtisadi güc, diplomatik imkanlar və hərbi qüdrət formalaşdırılmalı idi. Azərbaycan bir tərəfdən beynəlxalq hüquqa əsaslanan mövqeyini müdafiə edir, danışıqlar prosesində prinsipiallıq nümayiş etdirir, digər tərəfdən isə güclü dövlət və müasir ordu quruculuğunu davam etdirirdi. Ordunun döyüş qabiliyyətinin artırılması, hərbi qulluqçuların peşəkarlığının yüksəldilməsi, müasir silah və texnika ilə təchizat, hərbi sənaye kompleksinin yaradılması dövlət siyasətinin mühüm istiqamətlərinə çevrildi. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən transmilli enerji və nəqliyyat layihələri regionun geosiyasi və geoiqtisadi mənzərəsini dəyişdirdi. Ölkəmiz beynəlxalq əməkdaşlığın etibarlı tərəfdaşına, mühüm enerji və nəqliyyat qovşağına çevrildi. Bütün bunlar Azərbaycanın diplomatik imkanlarını genişləndirdi, milli maraqlarımızın beynəlxalq müstəvidə müdafiəsi üçün əlavə imkanlar yaratdı.
Azərbaycanın iqtisadi, hərbi və diplomatik gücünün sistemli şəkildə artırılması təsadüfi addımların deyil, uzaqgörən dövlət strategiyasının nəticəsi idi. Zəfərə aparan yol məhz bu ardıcıl siyasətin üzərində qurulmuşdu. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatları və mövqelərimizə hücumu qarşısında Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı.
Əsgər və zabitlərimiz hər qarış torpağımız uğrunda misilsiz qəhrəmanlıq göstərdilər. Onlar ölümün gözünə dik baxaraq Vətən qarşısında borclarını yerinə yetirdilər. Yaralanan hərbçilərimizin müalicələri başa çatan kimi yenidən döyüş meydanına qayıtmaq istəmələri, ön cəbhədəki əzmkarlıq, arxa cəbhədəki fədakarlıq xalqımızın Vətən sevgisinin nə qədər böyük olduğunu göstərdi. Azərbaycan cəmiyyətinin bütün təbəqələri, müxtəlif siyasi baxışlara, etnik və dini mənsubiyyətlərə malik vətəndaşlarımız vahid amal ətrafında birləşdilər. Xarici ölkələrdə yaşayan soydaşlarımız da Azərbaycanın haqq səsinin dünyaya çatdırılması üçün səfərbər oldular. Siyasi partiyaların milli məsələlərdə birgə mövqe nümayiş etdirməsi, vətəndaşların könüllü olaraq orduya yazılması və çətin günlərdə öz doğma yurdlarını tərk etməməsi bu həmrəyliyin unudulmaz təzahürü idi.
Müharibə meydanında qazanılan uğurlar informasiya və diplomatiya cəbhəsində də ardıcıl mübarizə ilə müşayiət olunurdu. Prezident İlham Əliyev müharibə dövründə dünyanın aparıcı media qurumlarına 30-dan çox müsahibə verərək Azərbaycanın mövqeyini, münaqişənin tarixi və hüquqi mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırdı. Dövlət başçısının qətiyyətli, arqumentlərə əsaslanan və prinsipial mövqeyi informasiya mübarizəsində mühüm rol oynadı. Ermənistanın saxta təbliğat kampaniyalarına qarşı tarixi faktlar, beynəlxalq hüququn müddəaları və real vəziyyət əsaslı şəkildə ortaya qoyuldu.
Vətən müharibəsinin gedişində arxa cəbhədə göstərilən mənəvi dəstək, xalqımızın həmrəyliyi, şəhid ailələrinə və yaralı hərbçilərimizə diqqət də Qələbəmizin əsas dayaqlarından idi. Bu ağır və məsuliyyətli günlərdə dövlətimizin bütün imkanları səfərbər olundu, cəmiyyətin hər bir üzvü öz əməli və mövqeyi ilə Vətən qarşısında borcunu yerinə yetirməyə çalışdı. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müharibə dövründəki müraciətləri və xalqımıza ünvanladığı çağırışlar bu mənəvi səfərbərliyin mühüm tərkib hissəsi idi. Onun çıxış və paylaşımlarında Azərbaycan Ordusuna inam, şəhidlərimizin xatirəsinə ehtiram, hərbçilərimizin ailələrinə həssas münasibət, mülki əhalinin müdafiəsi və informasiya mübarizəsində hər bir vətəndaşın məsuliyyəti ön plana çəkilirdi.
2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi Vətən müharibəsinin həlledici məqamlarından biri oldu. Qarabağın tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın azadlığı xalqımızın mənəvi Qələbəsini daha da ucaltdı. 44 günlük Vətən müharibəsindən sonra əldə edilmiş nailiyyətlərin möhkəmləndirilməsi, ölkəmizin suverenliyinin bütün ərazilərdə təmin olunması və Qarabağda separatizmin kökünün kəsilməsi növbəti strateji hədəflər idi.
2023-cü il aprelin 23-də Laçın rayonu ərazisində, Həkəri çayı üzərində sərhəd-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın öz suveren hüquqlarını həyata keçirmək istiqamətində atdığı mühüm addımlardan biri oldu. Dövlət sərhədinə nəzarətin təmin edilməsi Azərbaycanın ərazi bütövlüyünün və təhlükəsizliyinin qorunması baxımından xüsusi əhəmiyyət daşıyırdı.
2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin birləşmələrinin genişmiqyaslı hərbi təxribatlarının qarşısının alınması, qanunsuz silahlı birləşmələrin tərk-silah edilməsi, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi və konstitusiya quruluşumuzun bərpası məqsədilə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Sentyabrın 20-də əldə olunan razılaşma ilə əməliyyat dayandırıldı. Bununla Azərbaycan öz dövlət suverenliyini bütün ərazisində tam bərpa etdi. 2023-cü il oktyabrın 15-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndidə Azərbaycan bayrağını ucaltması dövlətçilik tariximizin ən yaddaqalan anlarından biri oldu. Bu mənzərə Azərbaycanın müstəqil dövlət kimi öz ərazisində tam hakimiyyətə malik olduğunu bütün dünyaya nümayiş etdirdi. Beləliklə, 2020-ci ildə ərazi bütövlüyümüzün bərpası ilə başlanan tarixi proses 2023-cü ildə dövlət suverenliyimizin tam təmin olunması ilə yeni mərhələyə yüksəldi.
2020-ci il dekabrın 3-də Azərbaycan Prezidentinin imzaladığı sərəncamla noyabrın 8-i Zəfər Günü elan edildi. Həmin il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən Zəfər paradı isə Azərbaycan dövlətinin və ordusunun qüdrətini nümayiş etdirən möhtəşəm tarixi hadisə oldu. Paradda üç min Azərbaycan hərbçisinin iştirakı, nümayiş etdirilən hərbi texnika və qənimətlər xalqımızın qürurunu daha da artırdı. 2021-ci il aprelin 12-də Hərbi Qənimətlər Parkının açılması Vətən müharibəsinin tarixini əks etdirən mühüm məkanlardan birinin yaradılması ilə nəticələndi.
Zəfər tarixinin yaddaşlarda yaşadılması istiqamətində daha bir mühüm addım Bakıda Zəfər parkının və Zəfər muzeyinin yaradılması oldu. 2024-cü il noyabrın 8-də Zəfər parkının açılışı keçirildi. 2025-ci il noyabrın 8-də Zəfər muzeyinin açılışı ilə bu istiqamətdə mühüm tarixi addım atıldı.
Azərbaycanın hərbi və siyasi müstəvidə əldə etdiyi tarixi nəticələr regionda yeni münasibətlər sisteminin formalaşmasına da zəmin yaratdı. Ölkəmiz müharibədən sonra da milli maraqlarını qətiyyətlə müdafiə edərək dayanıqlı sülhün və əməkdaşlığın təmin olunması istiqamətində fəaliyyətini davam etdirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diplomatik siyasətin mühüm nəticələrindən biri 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüşün nəticəsində Birgə Bəyannamə imzalandı. Həmin görüş çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri iki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş layihəsini parafladılar. ATƏT-in Minsk prosesi və onunla əlaqəli strukturlarının bağlanması ilə bağlı birgə müraciətin imzalanması da mühüm siyasi nəticələrdən biri oldu.
Vaşinqtonda əldə edilən razılaşmalar Azərbaycanın uzun müddətdir irəli sürdüyü sülh gündəliyinin beynəlxalq səviyyədə təsdiqi baxımından mühüm əhəmiyyət daşıyır. Bununla belə, sülh sazişinin imzalanması və ratifikasiyası üçün nəzərdə tutulan əlavə şərtlərin yerinə yetirilməsi, Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması istiqamətində zəruri dəyişikliklərin edilməsi vacib olaraq qalır. Birgə Bəyannamədə regionda nəqliyyat kommunikasiyalarının açılması, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi də mühüm yer tutur. Ermənistan ərazisində həyata keçirilməsi nəzərdə tutulan "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" təşəbbüsü regionun nəqliyyat və iqtisadi əlaqələri üçün yeni imkanlar vəd edir.
Müharibədən sonra Azərbaycanın qarşısında dayanan əsas vəzifələrdən biri dağıdılmış ərazilərin bərpası, müasir infrastrukturun qurulması və keçmiş məcburi köçkünlərin təhlükəsiz, ləyaqətli yaşayışının təmin edilməsi idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanıldı. 2022-ci il noyabrın 16-da "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" təsdiq edildi. Böyük qayıdış Azərbaycanın 2030-cu ilədək müəyyən edilmiş beş Milli Prioritetindən biri kimi müəyyənləşdirildi. Bu proqramın əsas məqsədi doğma torpaqlarına qayıdan vətəndaşlarımız üçün müasir yaşayış şəraiti yaratmaq, iqtisadi fəallığı bərpa etmək, məşğulluğu təmin etmək və Qarabağla Şərqi Zəngəzuru ölkənin ümumi iqtisadi inkişafına inteqrasiya etməkdir.
Bu gün azad edilmiş ərazilərdə aparılan işlərə nəzər saldıqda, qarşıya qoyulmuş vəzifələrin ardıcıl şəkildə həyata keçirildiyini görürük. Yeni yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, mədəniyyət obyektləri, məscidlər, yollar, dəmir yolları, tunellər və beynəlxalq hava limanları regionun simasını dəyişir. Tarixi abidələrimizin bərpası, şəhər və kəndlərimizin yenidən qurulması Qarabağın zəngin mədəni irsinin yaşadılması baxımından da böyük əhəmiyyət daşıyır.
Qarabağın gələcəyi təkcə yaşayış evlərinin tikilməsi ilə məhdudlaşmır. Burada iqtisadi həyatın canlandırılması, yeni iş yerlərinin açılması, təhsil və səhiyyə xidmətlərinin əlçatan olması da mühüm əhəmiyyət daşıyır.
Bütün bu işlər Azərbaycanın qarşıdakı illər üçün müəyyən etdiyi inkişaf strategiyasının tərkib hissəsidir. 2020-ci ildən 2026-cı il də daxil olmaqla, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üçün dövlət büdcəsindən 25 milyard manatdan artıq vəsait ayrılıb. 2027-ci ildə isə bu məqsədlə 3,4 milyard manat vəsait nəzərdə tutulur. Böyük qayıdışın davamlılığını təmin etmək üçün Prezident İlham Əliyevin 2025-ci il 30 may tarixli sərəncamı ilə II Dövlət Proqramının hazırlanması tapşırılıb.
8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış milli qürur səhifəsidir. Bu tarix bir daha göstərdi ki, güclü dövlət, qətiyyətli siyasi rəhbərlik, qüdrətli ordu və milli birlik bir araya gəldikdə ən mürəkkəb tarixi vəzifələrin öhdəsindən də gəlmək mümkündür. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm müharibə meydanında, həm diplomatik müstəvidə, həm də müharibədən sonrakı quruculuq prosesində öz gücünü nümayiş etdirdi. Bu möhtəşəm tarixi Qələbəyə görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Otuz ilə yaxın davam edən işğalın sona çatdırılması, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası, milli maraqlarımızın beynəlxalq müstəvidə qətiyyətlə müdafiəsi və bu gün Qarabağda aparılan genişmiqyaslı quruculuq işləri güclü siyasi iradənin, uzaqgörən rəhbərliyin və ardıcıl dövlət siyasətinin nəticəsidir.
Bu gün qarşımızda duran vəzifə əldə edilmiş tarixi nailiyyətləri qorumaq, dövlətimizin qüdrətini daha da artırmaq, azad edilmiş torpaqları inkişafın, rifahın və sülhün məkanına çevirməkdir. Qarabağda tikilən hər bir məktəb, açılan hər bir müəssisə, salınan hər bir yol, doğma yurduna qayıdan hər bir ailə Zəfərin davam edən tarixidir.
8 Noyabrın mənası həm də gələcək nəsillərə ötürülən böyük bir dərsdir: Vətənə bağlılıq, milli birlik, dövlətə sədaqət və müstəqilliyin qorunması hər birimizin məsuliyyətidir. Şəhidlərimizin bizə əmanət etdiyi bu torpaqlarda sülh, əmin-amanlıq və firavan həyatın təmin olunması ən böyük vəzifələrimizdəndir.
Hicran HÜSEYNOVA,
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri