Azərbaycan xalqının çoxəsrlik tarixində elə hadisələr var ki, onlar yalnız bir dövrün deyil, bütöv bir millətin taleyini dəyişir, onun gələcək inkişaf istiqamətini müəyyənləşdirir. 2020-ci il noyabrın 8-də qədim Şuşa şəhərinin işğaldan azad edilməsi məhz belə tarixi hadisələrdəndir. Həmin gün Azərbaycan xalqının ədalət uğrunda apardığı uzunmüddətli mübarizə özünün ən möhtəşəm zirvəsinə yüksəldi. Şuşanın azadlığı təkcə hərbi qələbə deyil, milli ləyaqətimizin, tarixi yaddaşımızın və dövlətçilik iradəmizin təntənəsi oldu.
Bu gün Şuşanın azad edilməsindən altı il ötür. Ötən müddət ərzində Azərbaycanın mədəniyyət paytaxtı yalnız işğaldan azad edilmiş tarixi şəhər kimi deyil, həm də müasir Azərbaycanın qüdrətini, quruculuq əzmini və gələcəyə inamını nümayiş etdirən mühüm mərkəz kimi yeni inkişaf mərhələsinə qədəm qoyub.
Güclü dövlətin və milli birliyin tarixi nəticəsi
Şuşanın azad edilməsinə aparan yol təsadüfi deyildi. Bu yolun siyasi və ideoloji təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl dövlət siyasəti nəticəsində Azərbaycanın iqtisadi, siyasi və hərbi qüdrəti əhəmiyyətli dərəcədə gücləndirilmişdir.
Müzəffər Ali Baş Komandan İlham Əliyev uzun illər ərzində ölkəmizin müdafiə qabiliyyətinin artırılmasını, güclü ordunun formalaşdırılmasını, beynəlxalq müstəvidə Azərbaycanın haqlı mövqeyinin müdafiəsini dövlət siyasətinin əsas prioritetlərindən birinə çevirdi.
2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsi göstərdi ki, Azərbaycan xalqının öz torpaqlarını azad etmək iradəsi sarsılmazdır. 44 gün davam edən hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu yüksək peşəkarlıq, qəhrəmanlıq və döyüş qabiliyyəti nümayiş etdirdi.
Şuşa əməliyyatı isə dünya hərb tarixində özünəməxsus yer tutan nadir əməliyyatlardan biri oldu. Azərbaycan əsgərləri mürəkkəb dağlıq relyefdə, sıldırım qayaları və keçilməz hesab edilən mövqeləri aşaraq şəhəri azad etdilər. Bu əməliyyat ordumuzun yalnız texniki və hərbi üstünlüyünü deyil, Azərbaycan əsgərinin mənəvi gücünü, vətənpərvərliyini və fədakarlığını da bütün dünyaya nümayiş etdirdi.
Prezident İlham Əliyevin 2020-ci il noyabrın 8-də Şəhidlər xiyabanından xalqa müraciəti zamanı səsləndirdiyi tarixi sözlər xalqımızın yaddaşına əbədi həkk olundu: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!"
Bu sözlərdə həm böyük Zəfərin sevinci, həm də gələcək quruculuğun siyasi və mənəvi proqramı ifadə olunurdu. Şuşanın azad edilməsi ilə Azərbaycan xalqı yalnız tarixi torpağına qayıtmadı, həm də öz gücünə, birliyinə və gələcəyinə olan inamını daha da möhkəmləndirdi.
Azərbaycanın dövlətçilik iradəsinin və suverenliyinin rəmzi
Şuşa Zəfərinin tarixi əhəmiyyəti yalnız 2020-ci ilin noyabr hadisələri ilə məhdudlaşmır. Bu qələbə həm də regionda yeni siyasi və geostrateji reallıqların yaranmasının əsasını qoydu. 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazisində suverenliyinin bərpa olunması 2020-ci ildə qazanılmış tarixi Zəfərin məntiqi davamı oldu.
Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə beynəlxalq hüququn əsas prinsiplərinə söykənən dövlətçilik mövqeyini əməli şəkildə təsdiqlədi. Bu prosesin mühüm siyasi nəticələrindən biri də odur ki, Azərbaycan artıq regionda yalnız öz milli maraqlarını müdafiə edən deyil, həm də yeni əməkdaşlıq və inkişaf imkanlarının formalaşmasına təsir göstərən güclü dövlətdir.
Şuşa isə bu yeni mərhələnin mənəvi və siyasi simvollarından birinə çevrilmişdir.
Tarixi yaddaşdan müasir quruculuğa
Şuşa Azərbaycan xalqının mədəniyyət tarixində müstəsna yerə malikdir. Pənahəli xanın əsasını qoyduğu bu şəhər əsrlər boyu Qarabağın siyasi, ictimai və mədəni həyatının mühüm mərkəzi olmuşdur. Xurşidbanu Natəvanın, Molla Pənah Vaqifin, Üzeyir bəy Hacıbəylinin, Bülbülün, Sadıqcanın və digər görkəmli şəxsiyyətlərin adı Şuşanın zəngin mədəni irsi ilə ayrılmaz şəkildə bağlıdır.
Şuşanın işğalı dövründə şəhərin tarixi-memarlıq abidələrinə, dini və mədəni irsinə böyük ziyan vurulmuşdur. Lakin şəhərin azadlığından sonra Prezident İlham Əliyevin birbaşa nəzarəti altında başlanan genişmiqyaslı bərpa-quruculuq işləri qədim Şuşaya yeni həyat bəxş etmişdir. Tarixi məscidlərin, muzeylərin, mədəniyyət ocaqlarının, yaşayış binalarının və ictimai məkanların bərpası dövlətimizin milli-mənəvi irsə münasibətinin bariz nümunəsidir. Şuşada Natəvanın, Üzeyir bəy Hacıbəylinin və Bülbülün vaxtilə gülləbaran edilmiş büstlərinin əvvəlki yerlərinə qaytarılması isə yalnız mədəniyyət abidələrinin bərpası deyil, tarixi ədalətin və milli yaddaşın bərpası kimi xüsusi rəmzi məna daşıyır.
2021-ci il mayın 7-də Prezident İlham Əliyevin sərəncamı ilə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, həmin il "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" qanunun qəbul olunması şəhərin qorunması və inkişafı üçün mühüm hüquqi əsas yaratmışdır.
2023-cü il iyulun 31-də imzalanmış sərəncamla isə 8 Noyabr - Şuşa Şəhəri Günü təsis edilmişdir. Bu qərar tarixi Zəfərin əbədiləşdirilməsi və azad edilmiş şəhərlərimizin milli yaddaşımızdakı yerinin daha da möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Şuşanın yeni həyatı
Şuşanın dirçəlişinin ən mühüm göstəricisi şəhərə həyatın qayıtması, doğma sakinlərinin yenidən öz yurdlarında məskunlaşmasıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən "Böyük qayıdış" proqramı çərçivəsində şəhərdə müasir yaşayış kompleksləri, yollar, sosial və kommunal infrastruktur yaradılır, təhsil və səhiyyə müəssisələri fəaliyyətə başlayır. 2026-cı il oktyabrın 23-nə olan məlumata əsasən, Şuşa şəhərində və onun Böyük Qaladərəsi, Kiçik Qaladərəsi kəndlərində ümumilikdə 420 ailə - 1579 nəfər məskunlaşıb. Bu rəqəmlər yalnız statistik göstərici deyil. Hər bir ailənin doğma yurduna qayıdışı Azərbaycanın həyata keçirdiyi bərpa və məskunlaşma siyasətinin insan talelərindəki real nəticəsidir.
Şuşada yeni yaşayış komplekslərinin inşası, təhsil və səhiyyə xidmətlərinin təşkili, nəqliyyat infrastrukturunun genişləndirilməsi şəhərin dayanıqlı inkişafını təmin edən əsas istiqamətlərdir. Xüsusilə Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin istifadəyə verilməsi, müasir təhsil və xidmət obyektlərinin yaradılması mühüm sosial əhəmiyyət daşıyır. Çünki azad edilmiş ərazilərə qayıdış yalnız yaşayış binalarının tikintisi ilə məhdudlaşmamalı, insanların keyfiyyətli təhsil, səhiyyə və sosial xidmətlərə çıxışı ilə müşayiət olunmalıdır. Bu baxımdan, Şuşada aparılan quruculuq işləri müasir şəhərsalmanın, sosial rifahın və milli-mədəni irsin qorunmasının bir-birini tamamladığı inkişaf modelini nümayiş etdirir.
Şəhərin 2040-cı ilədək inkişafına dair Baş planında tarixi memarlıq mühitinin qorunması, müasir infrastrukturun yaradılması, ekoloji tarazlığın saxlanılması və sosial xidmətlərin əlçatanlığı kimi prinsiplərin əsas götürülməsi də bu yanaşmanın davamlı xarakter daşıdığını göstərir.
Beynəlxalq tədbirlər mərkəzi
Son altı ildə Şuşanın beynəlxalq nüfuzunun artması Azərbaycanın xarici siyasətinin və mədəni diplomatiyasının mühüm uğurlarından biridir. Şəhərin 2023-cü ildə türk dünyasının, 2024-cü ildə islam dünyasının mədəniyyət paytaxtı seçilməsi Şuşanın tarixi-mədəni əhəmiyyətinin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.
2026-cı il üçün Şuşaya İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı statusunun verilməsi isə şəhərin regional turizm, mədəni mübadilə və iqtisadi əməkdaşlıq baxımından potensialını daha da ön plana çıxarır.
Şuşada keçirilən "Xarıbülbül" beynəlxalq musiqi festivalları, Vaqif Poeziya Günləri, beynəlxalq konfranslar, Qlobal Media forumları və yüksəksəviyyəli siyasi görüşlər şəhərin dünya ictimaiyyətinə təqdimatında xüsusi rol oynayır.
2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanması şəhərin siyasi və diplomatik əhəmiyyətini daha da artırdı.
2024-cü ildə Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün Şuşada keçirilməsi, 2026-cı ildə beynəlxalq tədbirlərin davam etdirilməsi, xarici dövlət rəhbərlərinin şəhərə səfərləri Azərbaycanın mədəniyyət paytaxtının artıq mühüm beynəlxalq dialoq məkanına çevrildiyini nümayiş etdirir.
Şuşa bu gün yalnız keçmişin zəngin mədəni irsini yaşadan şəhər deyil, həm də gələcəyin əməkdaşlıq imkanlarını formalaşdıran mühüm mərkəzdir.
Zəfərin əbədi yaşaması gələcək nəsillər qarşısında məsuliyyətimizdir
8 Noyabr - Şuşa Şəhəri Gününün qeyd olunması həm də gələcək nəsillər qarşısında mühüm mənəvi məsuliyyət yaradır. Bu tarixi günün mahiyyətini gənclərə düzgün çatdırmaq, Şuşanın Azərbaycan tarixindəki yerini, onun uğrunda aparılmış mübarizəni, şəhidlərimizin qəhrəmanlığını və dövlətimizin həyata keçirdiyi quruculuq siyasətini sistemli şəkildə təbliğ etmək vacibdir. Xüsusilə gənc nəslin milli yaddaş, vətənpərvərlik və dövlətçilik dəyərləri əsasında yetişdirilməsi baxımından Şuşa Zəfəri əvəzsiz mənəvi qaynaqdır.
Unutmamalıyıq ki, Şuşanın azadlığı minlərlə şəhidimizin qanı, qazilərimizin fədakarlığı, Azərbaycan əsgərinin qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi hesabına qazanılmışdır.
Bu gün azad Şuşada ucalan üçrəngli bayrağımız həmin fədakarlığın, mübarizənin və milli iradənin ən böyük təcəssümüdür. Əgər 2020-ci ilin noyabrın 8-i Şuşanın azadlıq tarixi kimi yaddaşımıza həkk olunubsa, sonrakı illər onun dirçəliş və inkişaf salnaməsi kimi tarixə yazılır. Prezident İlham Əliyevin altı il əvvəl səsləndirdiyi "Biz səni dirçəldəcəyik!" vədi bu gün Şuşanın küçələrində, bərpa edilmiş tarixi abidələrində, yeni yaşayış məhəllələrində, məktəblərində və doğma yurduna qayıdan insanların həyatında öz real ifadəsini tapır.
Şuşanın azad edilməsi Azərbaycanın hərbi qüdrətinin, onun dirçəldilməsi isə dövlətimizin iqtisadi gücünün, siyasi iradəsinin və milli-mənəvi dəyərlərə sədaqətinin təntənəsidir. Bu gün Şuşa həm keçmişimizin qüruru, həm bu günümüzün iftixarı, həm də gələcəyimizin ümididir. Əminliklə söyləyə bilərik ki, Şuşanın inkişafı, onun beynəlxalq mədəniyyət və turizm mərkəzinə çevrilməsi, doğma sakinlərinin şəhərə qayıdışı Azərbaycanın Zəfərdən sonrakı yeni inkişaf mərhələsinin ən parlaq nümunələrindən biri olaraq qalacaq.
Müşfiq MƏMMƏDLİ,
Milli Məclisin deputatı