07 Noyabr 2026 08:40
81
SİYASƏT
A- A+
Zəfər Günü Azərbaycan xalqının birliyinin, dövlətimizin gücünün və milli iradəmizin rəmzidir

Zəfər Günü Azərbaycan xalqının birliyinin, dövlətimizin gücünün və milli iradəmizin rəmzidir


Azərbaycan xalqının çoxəsrlik tarixində elə hadisələr var ki, onlar yalnız bir dövrün deyil, bütöv bir xalqın taleyini dəyişir. Qarabağın işğaldan azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası məhz belə tarixi hadisələrdəndir. 2020-ci ildə qazanılmış 44 günlük Vətən müharibəsi və 2023-cü ildə suverenliyin ölkənin bütün ərazisində bərpası Azərbaycan tarixinin ən mühüm səhifələrindən biri kimi yadda qalmışdır.

Bu tarixi nailiyyətlərin əldə olunmasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin siyasi iradəsi, qətiyyətli rəhbərliyi, strateji düşüncəsi və diplomatik fəaliyyəti mühüm rol oynayıb.

Qarabağ münaqişəsinin həlli Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən biri idi. 1990-cı illərin əvvəllərində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının bir hissəsi işğal edilib, yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin düşüb. İlham Əliyev 2003-cü ildə Prezident seçildikdən sonra Qarabağ məsələsini dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirdi. Onun rəhbərliyi ilə Azərbaycan həm diplomatik müstəvidə, həm də müdafiə sahəsində ardıcıl fəaliyyət göstərdi. Bu siyasətin mühüm istiqamətlərindən biri beynəlxalq hüququn imkanlarından istifadə etmək idi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələri Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən, işğal olunmuş ərazilərdən qüvvələrin çıxarılmasını tələb edən mühüm sənədlər idi.

Prezident İlham Əliyev beynəlxalq tribunalarda dəfələrlə Azərbaycanın ərazi bütövlüyünün bərpasının vacibliyini vurğulayır, münaqişənin beynəlxalq hüquq normaları əsasında həll edilməsini tələb edirdi. Onun siyasi mövqeyinin əsasını Azərbaycanın ərazi bütövlüyünün heç bir halda müzakirə mövzusu ola bilməyəcəyi prinsipi təşkil edirdi.

Tarixi Zəfərin əldə edilməsində mühüm amillərdən biri də güclü və müasir ordunun formalaşdırılması idi. Prezident İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirildi. Ordunun müasir silah və texnika ilə təchizatı, hərbi təhsil sisteminin inkişafı, peşəkar kadr hazırlığı və beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Bu hazırlığın nəticələri 2020-ci il Vətən müharibəsində aydın şəkildə özünü göstərdi. Beləliklə, Qarabağ Zəfəri yalnız döyüş meydanında əldə edilmiş hərbi uğur deyil, həm də uzun illər ərzində həyata keçirilmiş ordu quruculuğu siyasətinin nəticəsi idi.

27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi hücumundan sonra Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı və müasir tariximizə tarixə 44 günlük Vətən müharibəsi kimi daxil olan müharibə başlandı. Müharibə dövründə Prezident İlham Əliyevin fəaliyyəti bir neçə istiqamətdə xüsusi əhəmiyyət daşıyırdı. Ali Baş Komandan İlham Əliyev hərbi əməliyyatların ümumi strateji idarə olunması və dövlətin müdafiə siyasətinin əlaqələndirir, xalqa müraciətləri ilə cəmiyyətdə ruh yüksəkliyinin və milli həmrəyliyi gücləndirir, xarici media qurumlarına müsahibələr vasitəsilə Azərbaycanın mövqeyini dünya ictimaiyyətinə çatdırırdı. 44 gün ərzində Azərbaycan Ordusu Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri də daxil olmaqla çoxsaylı yaşayış məntəqələrini və strateji yüksəklikləri azad etdi. Nəhayət, 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi müharibənin taleyini müəyyən edən ən mühüm hadisələrdən biri oldu. Bu həm hərbi, həm də mənəvi-siyasi baxımdan müstəsna əhəmiyyət daşıyırdı. Azərbaycan xalqının mədəniyyət paytaxtı hesab etdiyi bu şəhərin geri qaytarılması Zəfərin əsas rəmzlərindən birinə çevrildi. Şuşanın azad edilməsindən iki gün sonra, 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli Bəyanatı imzalandı. Sənəd əsasında hərbi əməliyyatlar dayandırıldı və Ağdam, Kəlbəcər, Laçın rayonlarının Azərbaycana qaytarılması razılaşdırıldı.

Bəyanatın şərtlərinə əsasən Ağdam rayonu 20 noyabr 2020-ci ilədək, Kəlbəcər rayonu 25 noyabra, Laçın rayonu 1 dekabradək Azərbaycana təhvil verilməli idi və verildi. Bu sənədin imzalanmasında Prezident İlham Əliyevin siyasi və diplomatik fəaliyyəti mühüm rol oynadı. Müharibə meydanında qazanılmış üstünlüyün siyasi nəticəyə çevrilməsi Azərbaycanın əsas diplomatik uğuru idi.

2020-ci il Zəfərindən sonra Qarabağın bir hissəsində müvəqqəti Rusiya sülhməramlı kontingenti yerləşdirildi. Bu səbəbdən Azərbaycanın suverenliyinin ölkənin bütün ərazisində tam bərpası məsələsi gündəmdə qalmaqda davam edirdi. 19 sentyabr 2023-cü ildə Azərbaycan Qarabağda lokal xarakterli hərbi əməliyyata başladı. 20 sentyabrda əldə edilmiş razılaşmadan sonra separatçı silahlı birləşmələrin tərk-silah edilməsi və fəaliyyətlərinə xitam verilməsi nəzərdə tutuldu. Nəticədə Azərbaycan dövlətinin suverenliyi Qarabağın bütün ərazisində bərpa edildi. Bu hadisə 2020-ci ildə qazanılmış Zəfərin davamı və dövlət müstəqilliyinin ərazi baxımından bütövləşməsi kimi qiymətləndirilə bilər.

Bu Zəfər Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlığı, şəhidlərimizin fədakarlığı, qazilərimizin iradəsi, xalqımızın birliyi və dövlətin uzunmüddətli siyasətinin birgə nəticəsi idi.

Qarabağın azad edilməsi Azərbaycan xalqının milli iradəsinin, dövlətçiliyinin və müstəqilliyinin təntənəsidir. 44 günlük Vətən müharibəsində qazanılan Qələbə və 2023-cü ildə suverenliyin tam bərpası uzun illər davam edən mübarizənin mühüm nəticələridir.

Bu gün azad Qarabağda aparılan bərpa və quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı Zəfərin yeni mərhələsini təşkil edir.   8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının birliyinin, dövlətimizin gücünün və milli iradəmizin rəmzidir. Qarabağın azad edilməsi Azərbaycan tarixində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş ən mühüm tarixi nailiyyətlərdən biri kimi qalacaqdır.


AZƏRTAC

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ZƏFƏR gündəliyi

08:45
07 Noyabr

Zəfər Günü Azərbaycan xalqının birliyinin, dövlətimizin gücünün və milli iradəmizin rəmzidir

08:40
07 Noyabr

Zəfərin Xankəndi imzası

08:35
07 Noyabr

Böyük Zəfərin əbədi təntənəsi

08:30
07 Noyabr

Qürur məbədi

08:25
07 Noyabr

Üçtərəfli Bəyanat Azərbaycan Ordusunun və diplomatiyasının parlaq qələbəsi idi

08:20
07 Noyabr

Tarixi ədalətin təntənəsi

08:15
07 Noyabr

Milli qürurumuzun ünvanı

08:10
07 Noyabr

Şuşa - Şanlı Zəfərimizin rəmzi 

08:05
07 Noyabr

OTUZ İLLİK İŞĞALIN 44 GÜNLÜK ZƏFƏR YEKUNU

08:00
07 Noyabr

“Dövlət qurumlarının informasiya təhlükəsizliyi mühitinin diaqnostikasının həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

04:00
07 Noyabr

“Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 dekabr tarixli 572 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

03:58
07 Noyabr

“BAKIENERÆİTİKİNTİ” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının nəzərinə!

03:50
07 Noyabr

Tramp Ağ Evin aparat rəhbərini dəyişir

23:10
06 Noyabr

SOCAR və “Honeywell Technologies” arasında Qlobal Çərçivə Sazişi imzalanıb

22:48
06 Noyabr

Tramp: İranın qarşısını almasaydım, İsrail və Yaxın Şərq mövcud olmazdı

22:39
06 Noyabr

“Neftçi” “Kəpəz”ə qalib gəlib

22:21
06 Noyabr

ÜST-5 Rifah İndeksinin Azərbaycan versiyası Ümumdünya Səhiyyə Təşkilatının saytında yerləşdirilib

22:01
06 Noyabr

Gənclər və idman naziri Şuşada məskunlaşan sakinlərin müraciətlərini dinləyib  

21:23
06 Noyabr

Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan  

21:09
06 Noyabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti İtaliya Prezidenti Sercio Mattarella ilə görüşüb  

20:59
06 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!