Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan xalqı müstəqilliyini bərpa etdi. Amma həmin illərdə Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti nəticəsində ölkəmizin ərazi bütövlüyü pozuldu, torpaqlarımızın bir hissəsi düşmən əlinə keçdi. Vətənpərvər oğullarımız silahlanaraq qəsbkarlara qarşı vuruşsalar da, ərazilərimizin işğalı qaçılmaz oldu. Qarabağın və ətraf rayonların erməni qəsbkarları tərəfindən ələ keçirilməsi nəticəsində bir milyona yaxın vətəndaşımız məcburi köçkün həyatı yaşadı.
Ermənistan 30 ilə yaxın həm Azərbaycanın, həm də beynəlxalq təşkilatların sülh təşəbbüslərinə, qərarlarına məhəl qoymayaraq işğalçılıq siyasətini davam etdirdi. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 mühüm qətnaməni icra etmədi. İşğalçı Ermənistan silahlı qüvvələrini Azərbaycanın tarixi ərazilərindən çıxarmadı. Hələ bütün bunlar azmış kimi, ölkəmizin yeni ərazilərini işğal etmək niyyətində olduğunu dilə gətirdi.
Artıq işğalçını yerində oturtmağın, torpaqlarımızı erməni vandallarından azad etməyin vaxtı çatmışdı. Bunun üçün lazımi tədbirlər görülmüşdü. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən siyasət nəticəsində ölkəmizin iqtisadiyyatı güclənmiş, dövlət quruculuğu sahəsində uğurlara hesablanmış islahatlar aparılmışdı. Bütün sahələrdə qazanılan uğurlar və atılan məqsədyönlü addımlar nəticəsində modernləşmiş, torpağını erməni işğalçılarından qorumağa, azad etməyə qadir və hazır olan güclü ordu yaradılmışdı.
Şanlı Azərbaycan Ordusu üçün uğurla başa çatan 2016-cı ilin Aprel və 2020-ci ilin Tovuz döyüşlərində xalqımız mərd oğullarının gücünü, vətənpərvərliyini görmüşdü. Ordumuzun qazandığı zəfərlərə sevinmişdi. Amma ötən əsrin 90-cı illərinin ab-havası ilə nəfəs alan Ermənistan Azərbaycanın gücünü, qüdrətini, xalqımızın qəhrəmanlığını, vətənpərvərliyini layiqincə qiymətləndirməyərək yeni ərazilərimizi işğal etmək kimi xam xəyallarla yaşayırdı. Bu çirkin və qan qoxulu məqsədinə çatacağını zənn edirdi. Ermənistan səhv yolda olduğunu İkinci Qarabağ müharibəsində məğlub olanda anladı. Onda da gec idi. Çünki artıq zaman haqqın, ədalətin tərəfində olan Azərbaycanın xeyrinə işləyirdi.
27 sentyabr 2020-ci ildə ökəmizin ərazi bütövlüyü uğrunda İkinci Qarabağ müharibəsi başlayan ilk gündən şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında erməni işğalçılarının hücumlarının qarşısını alıb qısa müddətdə onların geri çəkilməsinə nail oldu. Düşmən rəşadətli ordumuzun sıralarında xidmət edən vətənpərvər oğullarımızın qəhrəmanlığı, igidliyi qarşısında dayana bilməyərək ağır itkilər verdi. Noyabrın 8-də Şuşa erməni işğalından azad olundu. 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycanın gözlənilən tarixi Zəfəri ilə başa çatdı. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Qarabağ müharibəsi zamanı işğal altında olan 300-ə yaxın yaşayış məntəqəsi azadlığına qovuşdu. Məğlubiyyət acıları yaşayan Ermənistanın hərbi-siyasi rəhbərliyi illər əvvəl işğal etdiyi Ağdam, Kəlbəcər və Laçın rayonlarını hərbi əməliyyatlar aparılmadan azad etmək məcburiyyətində qaldı.
Beynəlxalq təşkilatların uzun illərdən bəri bacarmadıqlarının öhdəsindən rəsmi Bakı qısa müddət ərzində özü gəldi. Düşmən üzərində qazanılan tarixi Zəfər ordumuzun hərbi qüdrətini bir daha dünyaya göstərdi. Sarsılmaz xalq, dövlət və ordu birliyi, həmçinin Vətəni canından da çox sevən hərbi qulluqçularımızın döyüşlərdə göstərdiyi igidlik və qəhrəmanlıq qələbəni daha da sürətləndirdi. Əldə olunan Zəfər yalnız ərazi bütövlüyümüzü deyil, həm də illərdən bəri pozulmuş tarixi ədaləti öz yerinə qoydu.
2020-ci il noyabrın 10-da düşmən üzərində şanlı qələbəmizi təsdiq edən üçtərəfli Bəyanat imzalandı. Bəyanatın imzalanması xəbərini xalqımıza çatdıran Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır. "30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik…Mən müharibədən əvvəl deyəndə ki, mən bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm ki, xalqımızın mütləq əksəriyyəti başa düşürdü mən nəyi nəzərdə tuturam və səbirlə bu günü gözləyirdi, mənə inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi inanırdı, gözləyirdi və bu gün gəldi".
2020-ci il 10 noyabrda imzalanan üçtərəfli Bəyanatdan sonra Azərbaycan erməni işğalından azad etdiyi ərazilərində quruculuq və bərpa işlərinə başladı. Amma Xankəndidə, Xocalıda, Ağdərədə və başqa ərazilərdə qalmış Ermənistan silahlı qüvvələrinin tör-töküntüləri, həmçinin erməni separatçıları Qarabağda yenidənqurma və bərpa işlərinin aparılmasına ciddi təhlükə yaradır, ölümlə nəticələnən təxribatlar törədirdi. Gizli şəkildə, dağların, dərələrin ətəyindən keçən çöl yollarla müharibə ocağını yenidən alovlandırmaq üçün bölgəyə silah-sursat və hərbi texnika daşıyırdı. Təbiidir ki, bütün bu təxribat xarakterli addımlar Qarabağda sabitliyin bərpa olunmasına ciddi maneələr yaradır, gərginliyi artırırdı.
İkinci Qarabağ müharibəsində biabırcasına məğlub olmuş Ermənistan hələ də "bəlkə də qaytardılar" xəyalları ilə yaşayırdı. 2023-cü il sentyabrın 2-də Ermənistanın baş naziri Nikol Paşinyan qondarma "Dağlıq Qarabağın müstəqillik bəyannaməsi"nin ildönümü ilə əlaqədar təbrik müraciəti ünvanladı. Sentyabrın 9-da Azərbaycanın Qarabağ bölgəsində qondarma "prezident seçkiləri" keçirildi. Bütün bu addımlar Ermənistanın Azərbaycana qarşı böyük hərbi təxribatlara hazırlaşdığından xəbər verirdi. Bunun qarşısı qətiyyətlə alınmalıydı, Qarabağdakı separatçı qüvvələr tərk-silah edilməliydi.
Sentyabrın 19-da ölkəmizin dövlət qurumlarına məxsus iki nəqliyyat vasitəsinin qeyri-qanuni erməni silahlı dəstələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda əvvəlcədən quraşdırılmış minalara düşərək partlaması nəticəsində polis əməkdaşları, mülki vətəndaşlarımız və hərbi qulluqçularımız həlak oldu, yaralandı. Üçtərəfli Bəyanatın imzalandığı vaxtdan 2023-cü ilin sentyabrınadək Ermənistan tərəfindən törədilən bu və ya digər təxribatlar Qarabağda antiterror əməliyyatının keçirilməsini zəruri etdi. Çünki işğalçıların yeni təxribatlar törətməsi gözlənilən idi.
Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması məqsədilə Qarabağda baş verəcək təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin bölmələrinin, həmçinin erməni separatçılarının tərk-silah edilərək ərazilərimizdən uzaqlaşdırılması, onların hərbi infrastrukturlarının sıradan çıxarılması, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhalinin, habelə bərpa və quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin, yurdumuzu qoruyan hərbi qulluqçularımızın təhlükəsizliyini təmin etmək üçün şanlı Azərbaycan Ordusu 19-20 sentyabr 2023-cü ildə Qarabağda lokal xarakterli antiterror əməliyyatı həyata keçirdi. Vətənpərvər oğullarımız silaha sarılaraq illərdən bəri Qarabağda məskunlaşmış erməni separtaçılarına qarşı qəhrəmancasına döyüşdülər.
23 saat 44 dəqiqə ərzində uğurla həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan uzun illərdən bəri Qarabağda məskunlaşmış və kifayət qədər möhkəmlənmiş erməni separatizminə son qoydu. Əməliyyat zamanı Ermənistan silahlı qüvvələrinin birləşmələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin mövqeləri darmadağın olundu. Erməni separatçıları yurdunu, torpağını sevən vətənpərvər oğullarımızın hücumları qarşısında çox duruş gətirə bilmədilər. Ağ bayraq qaldıraraq təslim oldular, silahlarını yerə qoyub, suları süzülə-süzülə Qarabağı tərk etdilər. Uğurla başa çatan bu əməliyyat nəticəsində bölgədəki mülki əhaliyə və obyektlərə ziyan vurulmadı.
Erməni saparatizmi üzərində qəti qələbənin qazanıldığı gün - 2023-cü il sentyabrın 20-si Azərbaycan tarixinə yeni mərhələnin başlanğıcı kimi yazıldı. Uzun illərdən bəri Qarabağda gurlayan silahlar susduruldu. İnsanlara ağrı-acılar yaşadan, qan qoxulu müharibə Azərbaycanın qətiyyətli qələbəsi ilə başa çatdı. 19 sentyabr 2024-cü ildə Prezident İlham Əliyevin imzaladığı Sərəncamla sentyabrın 20-si Dövlət Suverenliyi Günü elan edildi. Sərəncamda xüsusi olaraq vurğulandı ki, 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyi təmin edilmiş və dövlət suverenliyi bərpa olunmuşdur. Buna görə də sentyabrın 20-si təqvimimizdə mühüm dövlətçilik günü kimi təsbit edilmişdir.
Xalqımız 44 günlük Vətən müharibəsində, eləcə də ondan sonra Qarabağda və Şərqi Zəngəzurda erməni işğalçılarına qarşı uğurla həyata keçirilən antiterror əməliyyatlarında zabit və əsgərlərimizin göstərdiyi qəhrəmanlığı heç vaxt unutmayacaq. Onların igidliyi şərəfinə dastanlar yazacaq, hərbi vətənpərvərlik mahnıları qoşacaq, abidələr ucaldacaq.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"