20 Oktyabr 2026 09:00
199
SİYASƏT
A- A+
Dirçəlişin və qayıdışın ünvanı

Dirçəlişin və qayıdışın ünvanı


Oktyabrın 20-si Azərbaycan tarixində milli qürur, qəhrəmanlıq və Zəfər ruhunu təcəssüm etdirən əlamətdar tarixlərdən biridir. Altı il əvvəl məhz bu gündə Azərbaycan Ordusu Zəngilan şəhərini işğaldan azad edərək xalqımıza növbəti böyük qələbənin sevincini yaşatdı. Bir vaxtlar düşmən vandalizminin izlərini daşıyan, yaşayış məntəqələri viran qoyulan, tarixi və mədəni irsi dağıdılan bu qədim Azərbaycan torpağı hazırda genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığı müasir yaşayış məkanına çevrilir. Zəngilanın azadlığı yalnız ərazi bütövlüyümüzün bərpası baxımından deyil, həm də bölgənin iqtisadi, sosial və strateji imkanlarının yenidən Azərbaycanın inkişafına xidmət etməsi nəzərindən mühüm tarixi hadisədir.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis olunması Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əbədiləşdirilməsinə xidmət edir. Həmin sərəncama əsasən, oktyabrın 20-si  Zəngilan Şəhəri Günü kimi tarixə düşüb. Bu əlamətdar gün hər il xalqımızın qəhrəmanlıq salnaməsini, doğma torpağa bağlılığını və milli birliyini bir daha nümayiş etdirir. Zəngilan Şəhəri Günü həm də işğal illərinin ağrı-acısını, şəhidlərimizin fədakarlığını və azad edilmiş torpaqlarda həyata keçirilən möhtəşəm quruculuq işlərinin əhəmiyyətini bir daha göz önünə  sərir.

Azərbaycanın cənub-qərbində yerləşən Zəngilan rayonu əlverişli coğrafi mövqeyi, zəngin təbii sərvətləri, münbit torpaqları və iqtisadi potensialı ilə seçilən bölgələrimizdəndir. Dağətəyi ərazidə yerləşən rayonun təbii ehtiyatları sırasında tikinti daşı, qızıl, qara mərmər, əhəng xammalı və soda istehsalında istifadə oluna bilən əhəngdaşı yataqları xüsusi yer tutur. Rayonun ərazisindən keçən çaylar, zəngin bitki örtüyü, meşə massivləri və kənd təsərrüfatı üçün əlverişli torpaqlar burada müxtəlif təsərrüfat sahələrinin inkişafına imkan yaradır. Zəngilanın təbii-coğrafi xüsusiyyətləri onu həm sənaye, həm aqrar sektor, həm də turizm baxımından perspektivli bölgəyə çevirir.

İşğaldan əvvəl rayonun iqtisadiyyatında kənd təsərrüfatı mühüm yer tuturdu. Rayonda 29 kolxoz və sovxoz, bir arıçılıq təsərrüfatı, dörd kooperativ və üç kəndli-fermer təsərrüfatı fəaliyyət göstərirdi. Əhali əsasən əkinçilik, heyvandarlıq, üzümçülük və digər kənd təsərrüfatı sahələri ilə məşğul olurdu. Zəngilanın nəqliyyat infrastrukturu da iqtisadi həyatında əhəmiyyətli rol oynayırdı. Rayon ərazisində dəmir yolu müəssisələrinin və  dəmir yolu vağzalının fəaliyyət göstərməsi bölgənin mühüm nəqliyyat əlaqələrinə malik olduğunu göstərirdi. Bu imkanlar Zəngilanın təkcə yerli deyil, ümumrespublika iqtisadiyyatında da müəyyən mövqeyə sahib olmasını təmin edirdi.

1993-cü ildə Füzuli və Cəbrayıl rayonlarının işğalından sonra Zəngilan faktiki olaraq mühasirə vəziyyətinə düşdü. Rayon sakinləri 67 gün ərzində son dərəcə ağır şəraitdə düşmənə müqavimət göstərdilər. Bu müqavimət Azərbaycan xalqının vətənpərvərliyinin, torpağa sədaqətinin və sarsılmaz iradəsinin nümunələrindən biri kimi tarixə yazıldı.

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlanan Vətən müharibəsi Zəngilanın taleyində həlledici dönüş yaratdı. Azərbaycan Silahlı Qüvvələrinin ilk günlərdən əldə etdiyi uğurlar, xüsusilə Cəbrayıl istiqamətində düşmən qüvvələrinə vurulan sarsıdıcı zərbələr cəbhədə döyüşçülərimizin strateji üstünlüyünün təmin olunmasına şərait yaratdı. Cəbrayıl rayonunun 30-dan çox yaşayış məntəqəsinin azad edilməsi ordumuzun Zəngilanın inzibati hüdudlarına irəliləməsinə imkan verdi. Oktyabrın 18-də Zəngilanın azadlığı uğrunda hərbi əməliyyatlara başlanıldı. Qəhrəman hərbçilərimiz düşmənin müqavimətini qıraraq mühüm mövqeləri nəzarətə götürdülər və növbəti tarixi Qələbəyə doğru irəlilədilər.

Oktyabrın 20-də Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Zəngilan şəhərinin, eləcə də Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan və Birinci Muğanlı kəndlərinin işğaldan azad olunduğunu elan etdi. Zəngilan istiqamətində aparılan hərbi əməliyyatlar nəticəsində şəhərlə yanaşı, rayonun 4 qəsəbəsi və 49 kəndi də azad edildi. Bu qələbə Vətən müharibəsində mühüm strateji əhəmiyyət daşımaqla yanaşı, 132 kilometrlik dövlət sərhədinin bərpasına və Azərbaycanın suverenliyinin möhkəmləndirilməsinə töhfə verdi.

Zəngilanın işğaldan azad edilməsindən sonra qarşıda duran əsas vəzifələrdən biri dağıdılmış yaşayış məntəqələrinin yenidən qurulması, müasir infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışının təmin edilməsi idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən "Böyük qayıdış" proqramının icrası çərçivəsində Zəngilanda genişmiqyaslı tikinti və bərpa işlərinə başlanıldı. Yeni avtomobil yolları, yaşayış kompleksləri, sosial obyektlər, enerji və kommunikasiya xətləri inşa olunur, müasir şəhərsalma prinsipləri tətbiq edilir. Görülən işlərin əsas məqsədi təkcə dağıdılmış infrastrukturu bərpa etmək deyil, həm də Zəngilanı yüksək həyat standartlarına malik, iqtisadi baxımdan dayanıqlı və müasir yaşayış məkanına çevirməkdir.

Böyük qayıdışın ilk ünvanlarından biri məhz Zəngilan rayonunun Ağalı kəndi oldu. Burada həyata keçirilən "ağıllı kənd" layihəsi işğaldan azad edilmiş ərazilərin bərpasında innovativ yanaşmanın nümunəsinə çevrildi. Müasir texnologiyaların tətbiqi, enerji səmərəliliyi, rahat yaşayış şəraiti və kənd təsərrüfatının inkişafı üçün yaradılan imkanlar Ağalını yeni dövrün kənd modeli kimi tanıtdı. Qayıdış prosesi sonrakı mərhələlərdə Zəngilan şəhərini və Məmmədbəyli kəndini də əhatə etdi. Bu gün artıq Zəngilan şəhərinin 339, Ağalı kəndinin 1017, Məmmədbəyli kəndinin isə 903 sakini var.

Zəngilanın inkişafında nəqliyyat infrastrukturunun yenidən qurulması xüsusi əhəmiyyət daşıyır. Mühüm beynəlxalq nəqliyyat marşrutlarının üzərində yerləşən bu rayon ölkəmizin regional iqtisadi əlaqələrinin genişlənməsi baxımından böyük perspektivlərə malikdir. Zəngilan Beynəlxalq Hava Limanının inşası bu istiqamətdə həyata keçirilən ən mühüm layihələrdən biridir. Hava limanı bölgənin nəqliyyat əlçatanlığını artırmaqla yanaşı, gələcəkdə turizmin, ticarətin, logistikanın və digər iqtisadi fəaliyyət sahələrinin inkişafına da əlavə imkanlar yaradır. Yeni avtomobil və dəmir yolu layihələri ilə birlikdə bu infrastruktur Zəngilanın regionun mühüm nəqliyyat və iqtisadi mərkəzlərindən birinə çevrilməsi üçün möhkəm zəmin formalaşdırır.

Rayonda aparılan bərpa işləri tarixi-mədəni irsin qorunmasını da əhatə edir. Bunun bariz nümunələrindən biri Zəngilan şəhər məscididir. XIX əsrdə inşa edilmiş və memarlıq abidəsi kimi qeydə alınmış bu dini ibadətgah işğal dövründə ağır dağıntılara məruz qalmışdı. Həmin vaxt bu məsciddən tövlə kimi istifadə olunması Ermənistanın dini və mədəni dəyərlərə münasibətinin acı nümunələrindən biri idi. Tarixi tikili ilkin görkəminin təxminən 70 faizini itirmişdi. Zəngilanın azadlığından sonra Heydər Əliyev Fondunun dəstəyi ilə məscidin bərpası istiqamətində mühüm işlər görüldü. Tarixi abidə konservasiya edildi, yaxınlığında yeni məscid inşa olundu. Bu layihə dini-mənəvi dəyərlərin yaşadılması ilə yanaşı, xalqımızın tarixi yaddaşına və mədəni irsinə göstərilən ehtiramın ifadəsidir.

Zəngilanın gələcək inkişaf istiqamətlərindən biri də turizmdir. Rayonun füsunkar təbiəti, dağ və meşə landşaftları, çayları, tarixi abidələri, eləcə də müasir nəqliyyat imkanları turizm sektorunun formalaşması üçün əlverişli şərait yaradır. Ekoturizm, kənd turizmi, mədəni və tarixi turizm istiqamətlərində layihələrin həyata keçirilməsi bölgədə yeni iş yerlərinin açılmasına, yerli sahibkarlığın genişlənməsinə və əhalinin rifahının yüksəlməsinə xidmət edir. Eyni zamanda kənd təsərrüfatının dirçəldilməsi, təbii ehtiyatlardan səmərəli istifadə və müasir istehsal müəssisələrinin yaradılması Zəngilanın iqtisadi həyatına yeni dinamika qazandıracaq. Bütün bu proseslər rayonun yalnız keçmiş potensialını bərpa etməyə deyil, həm də yeni inkişaf imkanlarını reallaşdırmağa yönəlib.

Prezident İlham Əliyev bu il mayın 10-da Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşü zamanı həyata keçirilən quruculuq işlərinin mahiyyətini belə ifadə edib: "Cəmi beş il keçib, təkcə Zəngilan yox, görün, hər yerdə quruculuq işləri aparılır - yollar, körpülər, elektrik stansiyaları, su anbarları, köçkünlər üçün evlər, məktəblər tikilir. Bax, sahiblər belə edər. Talançı, işğalçı isə gələr sökər, dağıdar. Amma nə qədər söksələr də, yenə də bizim iradəmizi qıra bilmədilər. Biz qayıtmalı idik və qayıtmışıq bu torpaqların sahibləri kimi". Dövlət başçısının bu sözləri işğaldan azad edilmiş bütün ərazilərdə, o cümlədən Zəngilanda aparılan bərpa və quruculuq prosesinin əsas qayəsini əks etdirir. Azərbaycan öz torpaqlarına yalnız qalib dövlət kimi deyil, həm də onları yenidən dirçəldən, gələcək nəsillər üçün abad və firavan yaşayış məkanına çevirən əsl sahib kimi qayıdıb. İşğal illərində dağıdılan hər bir yaşayış məntəqəsinin bərpası, tikilən hər bir məktəb, salınan hər bir yol, doğma yurduna dönən hər bir ailə bu iradənin təntənəsidir.

Bu gün Zəngilanın siması sürətlə dəyişir. Altı il əvvəl qazanılmış Qələbə indi iqtisadi dirçəliş, sosial inkişaf və genişmiqyaslı quruculuqla möhkəmləndirilir. 20 Oktyabr - Zəngilan Şəhəri Günü bu baxımdan yalnız azadlıq tarixinin qeyd olunması deyil, həm də Böyük qayıdışın, milli iradənin və gələcəyə inamın bayramıdır. Şəhidlərimizin qanı və qəhrəman hərbçilərimizin rəşadəti hesabına azadlığına qovuşan Zəngilan bu gün özünün yeni intibah dövrünü yaşayır. Doğma yurdun dirçəlişi isə bir daha sübut edir ki, Azərbaycan xalqının torpağına bağlılığını, qurub-yaratmaq əzmini və gələcəyə inamını heç bir qüvvə sarsıda bilməz.

 

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bir neftçi ömrünün nəğməsi

10:00
20 Oktyabr

Azərbaycanın sağlamlıq turizmi "Kurort" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Özbəkistanda təbliğ edilib

09:50
20 Oktyabr

Fərdi hiss və ictimai məsuliyyət

09:40
20 Oktyabr

Uzaq Səmərqənddə doğma Gəncə nəfəsi - Əbülqasım əl-Gəncinin maarifçilik missiyası

09:20
20 Oktyabr

ZƏFƏR gündəliyi 

09:10
20 Oktyabr

Dirçəlişin və qayıdışın ünvanı

09:00
20 Oktyabr

Forumlar, yeni layihələr və beynəlxalq tədbirlər

08:50
20 Oktyabr

Azərbaycanın bərpa olunmuş dövlət suverenliyinə fəlsəfi-hüquqi baxış

08:40
20 Oktyabr

Müstəqil və çoxvektorlu xarici siyasət: Azərbaycanın geosiyasi manevr imkanları

08:30
20 Oktyabr

“TÜLKÜ HƏCCƏ GEDİR”

08:20
20 Oktyabr

Müasir Azərbaycanın enerji siyasəti: milli enerji təhlükəsizliyindən qlobal enerji tərəfdaşlığına

08:10
20 Oktyabr

İlham Əliyevdən qlobal çağırış

08:00
20 Oktyabr

V.F.Ələsgərovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında

02:21
20 Oktyabr

“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:20
20 Oktyabr

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyasının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında

02:19
20 Oktyabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Əlilliyi olan uşaqların valideynlərinin bacarıqlarının artırılması üçün Video Dərs Platformasının yaradılması", "Diqqət əskikliyi və hiperaktivlik sindromu olan uşaqların valideynlərinin bacarıqlarının artırılması üçün innovativ təşəbbüslərin həyata keçirilməsi", "Əlilliyi olan uşaqların koqnitiv bacarıqlarının inkişafına dəstək məqsədilə innovativ təşəbbüslərin həyata keçirilməsi", "Əlilliyi olan uşaqların özünəxidmət və özünəqulluq bacarıqlarının artırılmasında rəqəmsal təşəbbüslərin həyata keçirilməsi", "Əlilliyin erkən aşkarlanması və erkən müdaxilə istiqamətində valideynlərin bacarıqlarının artırılması üçün innovativ təşəbbüslərin həyata keçirilməsi" və "Uşaq sosial xidmət müəssisələrinin institusional bacarıqlarının artırılması" adlı müsabiqələr keçirir

02:06
20 Oktyabr

Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib  

22:56
19 Oktyabr

Fransada iğtişaşlardan sonra komendant saatı: Parisin bəzi ərazilərində hərəkət məhdudlaşdırılır  

22:49
19 Oktyabr

Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub  

22:39
19 Oktyabr

Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb  

22:09
19 Oktyabr

Prezident İlham Əliyevin sosial media hesablarında yeni videoçarx paylaşılıb VİDEO  

21:34
19 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!