20 Oktyabr 2026 08:10
230
SİYASƏT
A- A+
Müasir Azərbaycanın enerji siyasəti: milli enerji təhlükəsizliyindən qlobal enerji tərəfdaşlığına

Müasir Azərbaycanın enerji siyasəti: milli enerji təhlükəsizliyindən qlobal enerji tərəfdaşlığına


Biz elektrik enerjisinin mühüm təchizatçılarından birinə çevrilmək istəyirik. Neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları və gübrə ilə yanaşı, - ixrac etdiyimiz məhsulları nəzərdə tuturam, - ölkəmiz regionda bütün bu məhsulları ixrac edən azsaylı ölkələrdən biridir. Elektrik enerjisinin xüsusilə də Avropanın premium enerji bazarlarına ixracı isə enerji təhlükəsizliyini, bağlantıları və qarşılıqlı asılılığı daha da gücləndirəcək.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Qlobal energetika sektoru geosiyasi gərginliklər, enerji bazarlarındakı qeyri-müəyyənliklər, artan tələbat və iqlim çağırışları fonunda sürətlə dəyişir. Bu transformasiyanın əsas istiqamətlərindən biri iqtisadiyyatın genişmiqyaslı elektrikləşdirilməsidir. Sənaye, nəqliyyat, tikinti və digər sahələrdə elektrik enerjisindən istifadənin genişlənməsi, xüsusilə süni intellekt texnologiyalarının və məlumat mərkəzlərinin inkişafı elektrik enerjisinə tələbatı artırır. Enerji keçidini sürətləndirməklə yanaşı, enerji təhlükəsizliyinin gücləndirilməsinə də xidmət edən elektrikləşmə artan tələbatın etibarlı və dayanıqlı şəkildə qarşılanmasını, bərpaolunan enerji mənbələrinin və enerji bağlantılarının inkişafını, elektrik şəbəkələrinin modernləşdirilməsini və rəqəmsallaşmanı əsas prioritetlərə çevirir.

Elektrikləşmənin yeni dalğası fonunda Azərbaycanın elektroenergetika sahəsində keçdiyi yolun tarixi əhəmiyyəti daha aydın görünür. 1981-ci il oktyabrın 20-də Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində “Azərbaycan” İstilik-Elektrik Stansiyasının ilk enerji blokunun istifadəyə verilməsi bu sahənin inkişafında yeni mərhələnin əsasını qoydu. Bu gün “Energetiklər Günü” kimi qeyd olunan həmin tarixdə atılan strateji əhəmiyyətli addım və davamlı olaraq yaradılan enerji infrastrukturu Azərbaycanın özünü elektrik enerjisi ilə etibarlı təmin edən ölkə kimi formalaşmasında mühüm rol oynadı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti isə ölkənin ənənəvi enerji ixracatçısı mövqeyini qorumaqla  yanaşı, bərpaolunan enerji potensialını strateji üstünlüyə çevirmək və Azərbaycanın regional “yaşıl enerji” bazarında mövqeyini gücləndirməyə yönəlib. Bu strategiya çərçivəsində ölkənin enerji potensialı yeni istehsal gücləri və bərpaolunan enerji layihələri hesabına genişlənir. Cari ildə 240 MVt gücündə “Xızı-Abşeron” Külək-Elektrik Stansiyasının və 100 MVt gücündə “Qobustan” Günəş-Elektrik Stansiyasının istifadəyə verilməsi ilə ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 10 072,5 MVt-a çatıb. Elektroenergetika sistemində hazırda ümumi gücü 7 903 MVt olan 24 istilik elektrik stansiyası, 1 443,4 MVt-lıq 65 su-elektrik stansiyası, 381,9 MVt gücündə  10 günəş elektrik-stansiyası, 306,5 MVt gücündə 6 külək-elektrik stansiyası və 37,7 MVt gücündə bərk məişət tullantıları elektrik stansiyası fəaliyyət göstərir. Su-elektrik stansiyaları da daxil olmaqla bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 2 169,6 MVt-dır ki, bu da ümumi gücün təqribən 21,5 faizini təşkil edir. Ötən bir il ərzində generasiya ilə yanaşı, elektrik şəbəkəsinin gücü də 1 540 MVA artaraq 31 429,9 MVA-ya çatıb.

Diqqətçəkən məqam ondan ibarətdir ki, elektrik enerjisi istehsalının strukturunda bərpaolunan enerji mənbələrinin payı nəzərəçarpacaq dərəcədə artır. Ötən il ölkədə istehsal olunan 28,7 milyard kVt-saat elektrik enerjisinin 13,4 faizi bərpaolunan mənbələrin payına düşdüyü halda, bu ilin 9 ayında istehsal edilmiş 21,2 milyard kVt-saat elektrik enerjisində bu göstərici 20 faizə yüksəlib. Bu sahədə mühüm nəticələrdən biri də Naxçıvan Muxtar Respublikasında əldə olunub. Cari il aprelin 21-dən iyulun 2-dək Naxçıvanın elektrik enerjisinə olan tələbatı tam şəkildə bərpaolunan enerji mənbələri hesabına ödənilib. Ümumilikdə isə ilin ilk doqquz ayında bütün növ bərpaolunan mənbələrdən elektrik enerjisi istehsalı hesabına 840 milyon kubmetr təbii qaza qənaət edilib.

Bu nəticələr Azərbaycanda “yaşıl enerji” sahəsində görülən işlərin artıq öz bəhrəsini verdiyini göstərir. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) də vurğuladığı kimi, ölkələrin enerji keçidində uğuru artıq yeni hədəflərin elan edilməsi ilə deyil, müəyyənləşdirilmiş hədəflərin nə dərəcədə həyata keçirilməsi ilə ölçülür. Bu baxımdan Azərbaycanda günəş və külək-elektrik stansiyalarının planlaşdırılmış qrafikə uyğun istifadəyə verilməsi 2027-ci ilə qədər bərpaolunan enerji mənbələrinin ümumi qoyuluş gücündə payını 33,3 faizə çatdırmaq hədəfinə doğru ardıcıl irəliləyişi nümayiş etdirir.

İrəliləyiş həyata keçirilən layihələrin miqyasında da aydın görünür. Ölkədə “yaşıl enerji”nin inkişafının birinci mərhələsi çərçivəsində nəzərdə tutulan ümumi gücü 2 QVt olan 11 günəş və külək-elektrik stansiyasından 3-ü - ümumilikdə 570 MVt gücündə olan stansiyalar artıq fəaliyyət göstərir. 2026-cı ilin sonunadək 445 MVt gücündə “Biləsuvar” və 25 MVt gücündə “Şəms 1” günəş-elektrik stansiyalarının istismara verilməsi planlaşdırılır. Eyni zamanda “Masdar” şirkəti tərəfindən 200 MVt gücündə külək-elektrik stansiyası layihəsinin icrası davam etdirilir. 2027-ci ildə isə 315 MVt gücündə “Neftçala”, 240 MVt gücündə “Şəfəq”, hər biri 50 MVt gücündə olan “Şəms” və “Üfüq”, eləcə də 25 MVt gücündə “Qərbi Üfüq” günəş-elektrik stansiyaları istifadəyə hazır olacaq. Bu stansiyalarda illik 5 milyard kVt-saat elektrik enerjisinin istehsalı hesabına 1,1 milyard kubmetrdən çox təbii qaza qənaət edilməsi və karbon emissiyalarının 2,4 milyon tonadək azaldılması gözlənilir. 

Azərbaycanda “yaşıl enerji” kursu yalnız yeni günəş və külək-elektrik stansiyalarının tikintisini deyil, həm də istehsal olunan enerjinin elektrik sisteminə etibarlı inteqrasiyasını ehtiva edir. Bu baxımdan ötürücü şəbəkələrin gücləndirilməsi, enerji saxlama sistemlərinin yaradılması və müasir idarəetmə texnologiyalarının tətbiqi əsas prioritetlər sırasındadır. Həmin istiqamətdə 2027-ci ilə qədər bərpaolunan enerji layihələrinə və elektrik şəbəkələrinin inkişafına təxminən 2,6 milyard dollar investisiya yatırılması planlaşdırılır ki, onun da 600 milyon dolları birbaşa şəbəkə infrastrukturunun gücləndirilməsinə yönəldiləcək. Artıq bu çərçivədə bir sıra mühüm infrastruktur layihələri həyata keçirilir – 500/330/10 kV-luq “Nəvai” yarımstansiyasının tikintisi davam edir. Cəbrayılda 560 MVA gücündə 330 kV-luq “Şəfəq” yarımstansiyası, eləcə də “Şəfəq” GES-də istehsal olunacaq enerjinin “Virtual Enerji Ötürülməsi Mexanizmi” vasitəsilə “Səngəçal” terminalına çatdırılmasını təmin etmək məqsədilə 750 MVA gücündə 220/110/10 kV-luq “Yeni Səngəçal” yarımstansiyası isə artıq istismara verilib. Bundan əlavə, Cəbrayılda 200 MVA gücündə 33/110 kV-luq “Üfüq-Şəms” yarımstansiyasının tikintisi başa çatdırılıb, enerjinin sistemə inteqrasiyası üçün 12 kilometr uzunluğunda 110 kV-luq ikidövrəli “Cəbrayıl YS - Nobel GES” hava elektrik verilişi xətti çəkilib. Naxçıvanda isə 110 kV-luq “Qərbi Üfüq - Şəms” yarımstansiyalarının tikintisi davam edir.

Şəbəkə infrastrukturunun modernləşdirilməsi ilə yanaşı, enerji sisteminin çevikliyinin artırılması istiqamətində də addımlar atılır. Bu il Azərbaycanda ilk dəfə olaraq ümumi gücü 250, saxlama tutumu isə 500 MVt-saat olan batareya enerji saxlama sistemləri quraşdırılıb. Eyni zamanda 2028-ci ildən sonrakı dövrdə elektrik şəbəkəsinin əlavə bərpaolunan enerji güclərini qəbul etmək imkanlarının qiymətləndirilməsi məqsədilə Çin Xalq Respublikasının Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) ilə birgə tədqiqat aparılıb. Dəyişkən bərpaolunan enerji (VRE) və batareya enerji saxlama sistemlərinin (BESS) müxtəlif güc kombinasiyalarını əhatə edən ssenarilər üzrə hesablamalar həyata keçirilib. Bu tədqiqatlar növbəti mərhələdə elektrik şəbəkəsinə əhəmiyyətli həcmdə “yaşıl enerji” gücünün əlavə edilməsinin mümkünlüyünü təsdiqləməklə yanaşı, beynəlxalq enerji şirkətləri ilə imzalanmış müqavilələr üzrə layihələrin icrasını da sürətləndirməyə kömək edəcək. Bu isə 2030-cu ilə qədər bərpaolunan enerjinin ümumi qoyuluş gücündə payını 38,7 faizə çatdırmaq hədəfinin reallaşmasına yeni təkan verəcək. 

Təhlillər göstərir ki, enerji sektorunda rəqabət üstünlüyü təkcə daha çox günəş və külək stansiyası tikən ölkələrdə deyil, yeni istehsal güclərini elektrik şəbəkəsi, saxlama texnologiyaları, sənaye siyasəti və investisiyalarla əlaqələndirən ölkələrdə formalaşacaq. Bərpaolunan enerji güclərinin dünyada rekord sürətlə artmasına baxmayaraq, elektrik şəbəkələrinin inkişafı bu templə ayaqlaşmır. IRENA-nın “World Energy Transitions Outlook 2026” hesabatına əsasən, 2025-ci ildə dünyada bərpaolunan enerji mənbələrinin quraşdırılmış elektrik enerjisi 15,5 faiz artaraq 5155 QVt-a çatıb. Bu, indiyədək qeydə alınmış ən yüksək illik artımdır. Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatında isə qeyd olunur ki, dünyada ümumi gücü 2500 QVt-dan çox olan enerji və iri istehlak layihələri şəbəkəyə qoşulmaq üçün növbə gözləyir. Onların təxminən 1680 QVt-ı bərpaolunan enerji layihələrinin payına düşür. Bu isə göstərir ki, qlobal enerji keçidinin qarşısında duran əsas çağırışlardan biri yeni istehsal güclərinin elektrik şəbəkəsinə vaxtında inteqrasiyasının təmin edilməsidir. Bu baxımdan regional elektrik enerjisi bağlantılarının strateji əhəmiyyəti getdikcə artır. Bağlantılar elektrik enerjisi artıqlığı olan ölkələrlə tələbatın yüksək olduğu bazarları birləşdirir, enerji təhlükəsizliyini gücləndirir, günəş və külək enerjisinin dəyişkən istehsalının balanslaşdırılmasına şərait yaradır. 

Azərbaycanın “yaşıl enerji” siyasətinin uzunmüddətli əhəmiyyəti də yeni istehsal güclərinin elektrik enerjisi ixracına və iqtisadiyyatın şaxələndirilməsinə yönəldilməsindədir. Bu baxımdan 2032-ci ilədək yaradılması planlaşdırılan 8 QVt günəş və külək enerjisi gücündən daxili tələbatın, o cümlədən məlumat mərkəzlərinin artan enerji ehtiyaclarının qarşılanması və ixracın genişləndirilməsi üçün istifadə olunması əsas prioritetlərdəndir. Həmin hədəflərin reallaşdırılmasında regional enerji bağlantılarının inkişafı xüsusi yer tutur. Prezident İlham Əliyevin regional təhlükəsizlik, iqtisadi inkişaf və enerji siyasətini strateji bağlantılar üzərində birləşdirən, Cənubi Qafqazla Mərkəzi Asiyanı vahid geosiyasi və geoiqtisadi məkanda yaxınlaşdıran, tarixi İpək yoluna yeni məzmun qazandıran strateji baxışı Orta dəhlizin gücləndirilməsi ilə yanaşı, onun mühüm enerji dəhlizinə çevrilməsi üçün də yeni perspektivlər açır. Bu müstəvidə Azərbaycan, Mərkəzi Asiya, Türkiyə və Avropanı əhatə edən “yaşıl enerji” dəhlizlərinin inkişafı, eləcə də onların “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) vasitəsilə əlaqələndirilməsi qarşımızda duran əsas vəzifələrdir. 

Bu istiqamətdə strateji əhəmiyyət daşıyan əsas layihələrdən biri “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”dir. Xəzər regionunun zəngin bərpaolunan enerji potensialını Avropa bazarlarına çıxarmağı hədəfləyən bu layihə Azərbaycanın regional elektrik enerjisi ticarətində rolunu genişləndirməklə yanaşı, Avropanın enerji təchizatının şaxələndirilməsinə və “yaşıl enerji” keçidinə töhfə verəcək. Dəhlizin texniki-iqtisadi əsaslandırmasının nəticələri də onun həyata keçirilməsinin iqtisadi baxımdan cəlbedici olduğunu təsdiqləyir. 2032-ci ildən mərhələli şəkildə istismara verilməsi planlaşdırılan dəhliz Azərbaycan və Gürcüstanı Qara dənizin dibi ilə Rumıniya, Macarıstan və digər Avropa enerji bazarları ilə birləşdirəcək. Təxminən 3 min kilometr uzunluğunda olacaq dəhlizin ötürmə gücünün mərhələli şəkildə 4 QVt-a çatdırılması nəzərdə tutulur. Layihə regionda ən azı 8 QVt bərpaolunan enerji gücünün yaradılmasına şərait yaratmaqla 2040-cı ildən etibarən Avropaya ildə təxminən 20 milyard kVt-saat elektrik enerjisinin ötürülməsini təmin edə bilər. Bununla yanaşı, karbon emissiyalarının ildə 3,6 milyon tonadək azaldılması gözlənilir.

Layihənin əhəmiyyətini artıran mühüm amillərdən biri onun Avropa İttifaqının enerji təhlükəsizliyi, təchizatın şaxələndirilməsi və “yaşıl keçid” prioritetləri ilə uzlaşmasıdır. Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin Bakıya səfəri zamanı bu istiqamətdə siyasi dəstək bir daha ifadə olunub, “Aİ-Azərbaycan Bağlantılar Tərəfdaşlığı” təşəbbüsü irəli sürülüb. Eyni zamanda “Qlobal Qapılar” investisiya proqramı çərçivəsində Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal bağlantıların inkişafına 200 milyon avroyadək qrant ayrılması və bunun əsasında 2 milyard avroyadək dövlət və özəl investisiyanın səfərbər edilməsi potensialı açıqlanıb. Bu təşəbbüs regional infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün əlavə imkanlar açır.

“Yaşıl enerji” dəhlizinin Aİ-nin 2026-cı il üzrə Onillik Şəbəkə İnkişaf Planının (TYNDP 2026) layihəsinə daxil edilməsi də onun Avropanın gələcək enerji infrastrukturu ilə əlaqələndirilməsi baxımından mühüm addımdır. Hazırda layihəyə Aİ-nin Qarşılıqlı Maraq Doğuran Layihə (PMI) statusunun verilməsi üçün müraciət prosesi yekunlaşmaq üzrədir. Bu statusun əldə olunması layihənin Avropa enerji siyasətində mövqeyinin gücləndirilməsi və investisiya imkanlarının genişləndirilməsi baxımından vacibdir. 

Dəhlizin coğrafiyasının genişləndirilməsi istiqamətində də işlər aparılır. Türkiyənin layihəyə qoşulması nəzərdən keçirilir. Türkiyənin iştirakı Xəzər regionundan Avropaya “yaşıl enerji” ixracı üçün əlavə marşrutların formalaşdırılmasına və regional elektrik sistemlərinin daha sıx əlaqələndirilməsinə imkan yarada bilər.

Hazırda layihə üzrə əsas diqqət texniki-iqtisadi əsaslandırmanın nəticələrinin konkret investisiya qərarlarına çevrilməsinə yönəlib. Yekun investisiya qərarının 2029-cu ildə qəbul edilməsi planlaşdırılır. 

Paralel olaraq, Mərkəzi Asiyanın “yaşıl enerji” potensialının Azərbaycan üzərindən Türkiyə və Avropa bazarlarına çatdırılması istiqamətində də işlər davam edir. “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırması Asiya İnkişaf Bankı (ADB) və Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) dəstəyi ilə İtaliyanın “CESI S.p.A.” şirkəti tərəfindən hazırlanır. 2027-ci ilin mayında tamamlanması gözlənilən tədqiqatın birinci mərhələsinə 2 milyon ABŞ dolları ayrılıb. Layihə Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin ilk dəfə birbaşa əlaqələndirilməsinə, “yaşıl enerji” ixracının genişlənməsinə və regional enerji əməkdaşlığının inkişafına töhfə verəcək.

Bu istiqamətdə Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında da əməkdaşlıq genişlənir. Dörd ölkə arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsinə dair Hökumətlərarası Sazişin, həmçinin Birgə Müəssisənin yaradılması üzrə Səhmdarlar Müqaviləsinin tezliklə imzalanması nəzərdə tutulur.

Regional enerji bağlantılarının inkişafında Naxçıvan üzərindən “Azərbaycan-Türkiyə-Avropa Enerji Dəhlizi” də xüsusi yer tutur. İlkin mərhələdə Naxçıvandan Türkiyəyə 1 QVt gücündə elektrik enerjisinin ötürülməsi planlaşdırılır. Bunun üçün 330 kV-luq “Cəbrayıl” yarımstansiyası tikilərək ölkənin enerji sisteminə qoşulub. Növbəti mərhələdə Naxçıvanda yeni 330 kV-luq yarımstansiyanın tikilməsi və onun Cəbrayılla 1000 MVt ötürmə qabiliyyətinə malik xətlərlə birləşdirilməsi nəzərdə tutulur. Artıq Cəbrayıl-Ağbənd xəttində işlər yekunlaşmaq üzrədir, Ermənistan sərhədindən Naxçıvana qədər olan hissədə tikinti davam edir. Naxçıvandakı yarımstansiyanın təməli də qoyulub. Son mərhələdə isə 400 kV-luq çevirici yarımstansiyanın və elektrik ötürücü xətlərin tikilməsi planlaşdırılır. Bu bağlantının TRIPP marşrutu vasitəsilə tamamlanması Xəzərin hər iki sahilində yerləşən türk dövlətlərinin enerji sistemlərini birləşdirən “Mərkəzi Asiya-Azərbaycan-Türkiyə” enerji körpüsünün formalaşmasını təmin edə bilər. Dövlətimizin başçısının da vurğuladığı kimi, bizim yürütdüyümüz enerji siyasəti enerji şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərinin də hüdudlarını aşır. Çünki bu, ölkələr arasında yeni bağlantılar yaradır və əlaqələrin inkişafına kömək edir, bu prosesə cəlb olunmuş bütün ölkələr arasında qarşılıqlı etimad səviyyəsinin artırılmasına kömək edir.

Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regional enerji dəhlizlərinin mühüm qovşaqları və enerji mənbələri olmaqla yanaşı, həm də “yaşıl enerji zonaları” kimi strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurun müasir quruculuq prinsipləri və xalis sıfır emissiya hədəfinə əsaslanan “yaşıl enerji” zonası kimi inkişafına dair strateji qərarı artıq konkret nəticələr verir. Ötən il ümumi gücü 307 MVt olan 38 su-elektrik stansiyasında 750 milyon kVt-saat “yaşıl enerji” istehsal edilib, bunun hesabına 160 milyon kubmetr təbii qaza qənaət olunub və 280 min ton istixana qazı emissiyasının qarşısı alınıb. Hazırda Qarabağ və Şərqi Zəngəzurun elektrik enerjisinə tələbatı tamamilə bərpaolunan mənbələr hesabına ödənilir, artıq istehsal olunan enerji isə ölkənin vahid enerji sisteminə ötürülür.

Bu ərazilərdə “yaşıl enerji” konsepsiyası yalnız elektrik istehsalı və istehlakını deyil, enerji səmərəliliyini və müasir texnologiyaların tətbiqini də əhatə edir. Azad edilmiş ərazilərdə 3 mindən çox fərdi yaşayış evində, ictimai və sosial binalarda ümumi gücü 9 MVt-dan artıq günəş panelləri, 8500-dən çox LED işıqlandırma qurğusu quraşdırılıb. İşıqlandırma sistemlərinin təxminən 3 500-ü günəş enerjisi ilə işləyən hibrid qurğulardır. Eyni zamanda enerji səmərəli binalar, “ağıllı idarəetmə sistemləri”, günəş enerjisi ilə işləyən dayanacaqlar və elektrik nəqliyyatı üçün enerji doldurma infrastrukturu inkişaf etdirilir. Bütün bunlar Qarabağ və Şərqi Zəngəzurun enerji səmərəliliyi və “yaşıl texnologiyalar”ın tətbiqi baxımından nümunəvi bölgəyə çevrilməsinə xidmət edir.

Naxçıvanda da “yaşıl enerji” zonasının formalaşdırılması istiqamətində ardıcıl iş aparılır. Bərpaolunan enerjinin texniki potensialı 21-29 QVt, iqtisadi potensialı isə 6-7 QVt qiymətləndirilən muxtar respublika üçün “Yaşıl Enerji Zonası” Konsepsiyası və Tədbirlər Planı hazırlanıb. Əsas hədəflər enerji müstəqilliyinin gücləndirilməsi, müasir şəbəkə infrastrukturunun yaradılması, ixrac imkanlarının genişləndirilməsi, enerji səmərəliliyinin artırılması və karbon emissiyalarının azaldılmasıdır. Hazırda Naxçıvanda bərpaolunan enerji üzrə qoyuluş gücü 108 MVt təşkil edir, ötən il elektrik enerjisi istehsalında “yaşıl enerji”nin payı isə 36,4 faizə çatıb. Cari ildə 25 MVt gücündə “Şəms 1”, 2027-ci ildə eyni gücdə “Qərbi Üfüq” günəş elektrik stansiyalarının, sonrakı mərhələdə isə ümumi gücü 51,6 MVt olan “Tivi” və Ordubad su-elektrik stansiyalarının istifadəyə verilməsi ilə bu göstəricilərin daha da yüksəlməsi gözlənilir. Vyetnamın “ROX Group” SC şirkəti ilə 200 MVt gücündə günəş enerjisi layihələrinə dair imzalanmış Anlaşma Memorandumu və digər beynəlxalq enerji şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi Naxçıvanın “yaşıl enerji” zonasına çevrilməsi prosesini daha da sürətləndirəcək.

Külək enerjisi üzrə 157 QVt texniki potensiala malik Xəzər dənizinin də geostrateji əhəmiyyəti “yaşıl enerji” istehsalı və regional enerji dəhlizlərinin inkişafı ilə yeni məzmun qazanır. Xəzər artıq yalnız ənənəvi enerji resurslarının hasilatı və nəqli baxımından deyil, həm də böyük həcmdə “yaşıl enerji”nin istehsalı və beynəlxalq bazarlara ötürülməsi baxımından strateji əhəmiyyət daşıyır. Bu çərçivədə mühüm addımlardan biri Xəzər dənizinin Azərbaycana mənsub hissəsində 711,4 kvadratkilometr su sahəsinin bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsidir. Yaradılan hüquqi baza dənizdə külək enerjisi layihələrinin həyata keçirilməsi üçün yeni imkanlar açır. Artıq Energetika Nazirliyi ilə “Clean Energy Capital” MMC arasında imzalanmış İcra Müqaviləsi çərçivəsində ilkin mərhələdə 200 MVt olmaqla ümumilikdə 600 MVt gücündə dəniz külək enerjisi layihəsinin reallaşdırılması planlaşdırılır. Hazırda layihə üzrə külək, dalğa və dəniz axınlarının öyrənilməsi məqsədilə müasir ölçmə avadanlıqları vasitəsilə tədqiqatlar aparılır.

Dəniz külək enerjisinin inkişafı ilə paralel olaraq, zəruri sahil və logistika infrastrukturunun yaradılması da diqqət mərkəzindədir. Bu məqsədlə Asiya İnfrastruktur İnvestisiya Bankı və Asiya İnkişaf Bankının dəstəyi ilə sahil infrastrukturu konsepsiyasının hazırlanmasına ümumilikdə 200 min ABŞ dolları maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur. Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində isə külək turbinlərinin bəzi komponentlərinin Azərbaycanda istehsalı, eləcə də dəniz neft-qaz sektorunda formalaşmış mühəndislik təcrübəsinin yeni sahəyə tətbiqi imkanları qiymətləndirilir.

Beləliklə, Xəzərin külək potensialının istifadəyə cəlb edilməsi yalnız enerji istehsalının artırılması deyil, həm də yerli sənaye, liman, gəmiçilik, logistika və texniki xidmət sahələrinin inkişafı üçün imkanlar yaradır. Gələcəkdə bu layihələrin “yaşıl enerji” dəhlizləri ilə əlaqələndirilməsi isə Xəzərin bərpaolunan enerji potensialının ixrac resursuna çevrilməsinə və Azərbaycanın regional enerji qovşağı kimi rolunun güclənməsinə xidmət edəcək.

“Yaşıl enerji” keçidində əsas məsələ həm də mövcud enerjidən mümkün qədər səmərəli istifadə etməkdir. Enerji səmərəliliyinin “birinci yanacaq” adlandırılması da bu yanaşmadan irəli gəlir. Çünki qənaət edilən enerji yeni istehsal güclərinə və infrastruktura tələbatı azaldır, enerji təhlükəsizliyini möhkəmləndirir, iqtisadi xərcləri və emissiyaları aşağı salır. Azərbaycanda bərpaolunan enerjinin inkişafı və enerji səmərəliliyinin artırılması “Təmiz ətraf mühit və yaşıl artım” milli prioritetinin həyata keçirilməsində bir-birini tamamlayan iki mühüm istiqamətdir. Günəş və külək enerjisi hesabına istehsal imkanları genişləndikcə, sənayedə, binalarda və kommunal təsərrüfatda enerji itkilərinin azaldılması, qənaətcil texnologiyaların və rəqəmsal idarəetmənin tətbiqi də xüsusi əhəmiyyət qazanır. Bu sahədə son illərdə aparılan hüquqi və institusional islahatlar artıq praktiki nəticələrlə müşayiət olunur. Enerji idarəçilərinin sayı artıq 115-ə yüksəlib. Enerji auditi üzrə 12 ixtisas attestatı verilib. Binaların enerji göstəricilərinin qiymətləndirilməsi və istehlakın daha səmərəli idarə olunması üçün 2027-ci il yanvarın 1-dən rəqəmsal enerji pasportlaşdırılmasının tətbiqinə hazırlıq görülür. Enerji Effektivliyi İnformasiya Sistemi isə istehlak məlumatlarını, audit və hesabatlılıq proseslərini vahid rəqəmsal mühitdə birləşdirərək bu sahədə daha dəqiq təhlil və nəzarət imkanları yaradır.

Enerji səmərəliliyinin gündəlik həyata və iqtisadi fəaliyyətə daha geniş tətbiqi üçün də konkret addımlar atılır. Məişət avadanlıqlarından sənaye qurğularına qədər müxtəlif məhsulları əhatə edən ekodizayn və enerji etiketlənməsi üzrə 17 texniki reqlament layihəsi hazırlanıb. Bu tələblərin tətbiqi istehlakçılara məhsulları yalnız alış qiymətinə görə deyil, gələcək enerji xərclərini də nəzərə almaqla seçmək imkanı verəcək.

Digər mühüm istiqamət enerji səmərəliliyinə investisiyaların təşviqidir. Enerji Effektivliyi Fondunun maliyyələşdirmə mexanizmləri təkmilləşdirilib, güzəştli kreditlərin verilməsi üçün 14 kredit təşkilatı ilə əməkdaşlıq müqaviləsi imzalanıb. Artıq aktiv istehlakçılar tərəfindən günəş panellərinin quraşdırılması məqsədilə 210 min manat güzəştli kredit vəsaiti ayrılıb. Bununla yanaşı, enerji səmərəliliyinə yatırılan investisiyaların əldə edilən qənaət hesabına geri qaytarılmasını nəzərdə tutan ESCO modelinin tətbiqi imkanları araşdırılır. 

Azərbaycanın “yaşıl enerji” strategiyasında hidrogen və geotermal enerji kimi perspektivli istiqamətlərə də diqqət yetirilir. “Hidrogen üzrə Milli Strateji Baxış Sənədi”nin Tətbiqi Planı hazırlanır, dayanıqlı aviasiya yanacağı (SAF), yaşıl metanol və yaşıl gübrə istehsalı üzrə üç mümkün pilot layihə araşdırılır. Eyni zamanda geotermal enerjidən istifadə imkanları qiymətləndirilir və 2027-2030-cu illər üzrə sosial-iqtisadi inkişaf strategiyasında bu sahədə pilot layihələrin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması nəzərdə tutulur. 

Energetika sektorunda aparılan islahatlar çərçivəsində son illər 6 əsas qanunun qəbulu ilə sahənin müasir hüquqi bazası formalaşdırılıb. Hazırda bu islahatların davamı olaraq qanunların praktiki tətbiqini təmin edən normativ mexanizmlər təkmilləşdirilir. Xüsusilə son bir ildə qaz və istilik təchizatı sahələrində mühüm addımlar atılıb. “Qaz təchizatı haqqında” yeni qanunun tətbiqi çərçivəsində qazdan istifadə, qaz təchizatı sisteminin fəaliyyətinin tənzimlənməsi, texniki təhlükəsizlik və dövlət nəzarəti,  “İstilik təchizatı haqqında” qanun əsasında isə istilik enerjisindən istifadə, çoxmənzilli yaşayış binalarında mərkəzləşdirilmiş istilik təchizatı, fərdi istilik sistemlərinin tətbiqi şərtləri, şəbəkələrin mühafizəsi və qurğuların təhlükəsiz istismarı üzrə qaydalar təsdiqlənib. Bu yeniliklər enerji təchizatının etibarlılığının artırılmasına, istehlakçı hüquqlarının qorunmasına və sektorda müasir idarəetmə prinsiplərinin tətbiqinə xidmət edir.

Bütün bunlar Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə yüksələn Azərbaycan energetikasının qazandığı nailiyyətlərin yalnız bir hissəsidir. Bu gün ölkəmizin enerji qüdrətini daha da artıran, zəngin potensialını “yaşıl inkişaf”  və beynəlxalq əməkdaşlıq imkanlarına çevirən Azərbaycan energetikləri bu şərəfli missiyanı bundan sonra da əzmlə davam etdirərək müstəqil və qüdrətli Azərbaycanın işıqlı gələcəyinə öz fədakar əməkləri ilə töhfə verəcəklər.


Pərviz ŞAHBAZOV,

Azərbaycan Respublikasının energetika naziri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ZƏFƏR gündəliyi 

09:10
20 Oktyabr

Dirçəlişin və qayıdışın ünvanı

09:00
20 Oktyabr

Forumlar, yeni layihələr və beynəlxalq tədbirlər

08:50
20 Oktyabr

Azərbaycanın bərpa olunmuş dövlət suverenliyinə fəlsəfi-hüquqi baxış

08:40
20 Oktyabr

Müstəqil və çoxvektorlu xarici siyasət: Azərbaycanın geosiyasi manevr imkanları

08:30
20 Oktyabr

“TÜLKÜ HƏCCƏ GEDİR”

08:20
20 Oktyabr

Müasir Azərbaycanın enerji siyasəti: milli enerji təhlükəsizliyindən qlobal enerji tərəfdaşlığına

08:10
20 Oktyabr

İlham Əliyevdən qlobal çağırış

08:00
20 Oktyabr

V.F.Ələsgərovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında

02:21
20 Oktyabr

“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:20
20 Oktyabr

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyasının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında

02:19
20 Oktyabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Əlilliyi olan uşaqların valideynlərinin bacarıqlarının artırılması üçün Video Dərs Platformasının yaradılması", "Diqqət əskikliyi və hiperaktivlik sindromu olan uşaqların valideynlərinin bacarıqlarının artırılması üçün innovativ təşəbbüslərin həyata keçirilməsi", "Əlilliyi olan uşaqların koqnitiv bacarıqlarının inkişafına dəstək məqsədilə innovativ təşəbbüslərin həyata keçirilməsi", "Əlilliyi olan uşaqların özünəxidmət və özünəqulluq bacarıqlarının artırılmasında rəqəmsal təşəbbüslərin həyata keçirilməsi", "Əlilliyin erkən aşkarlanması və erkən müdaxilə istiqamətində valideynlərin bacarıqlarının artırılması üçün innovativ təşəbbüslərin həyata keçirilməsi" və "Uşaq sosial xidmət müəssisələrinin institusional bacarıqlarının artırılması" adlı müsabiqələr keçirir

02:06
20 Oktyabr

Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib  

22:56
19 Oktyabr

Fransada iğtişaşlardan sonra komendant saatı: Parisin bəzi ərazilərində hərəkət məhdudlaşdırılır  

22:49
19 Oktyabr

Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub  

22:39
19 Oktyabr

Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb  

22:09
19 Oktyabr

Prezident İlham Əliyevin sosial media hesablarında yeni videoçarx paylaşılıb VİDEO  

21:34
19 Oktyabr

Ukraynada parka endirilən zərbə nəticəsində 3 nəfər həlak olub  

21:18
19 Oktyabr

Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Hərbi Hava qüvvələrinin komandanları görüşüblər  

19:25
19 Oktyabr

Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb  

18:30
19 Oktyabr

Azərbaycan-Yaponiya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub  

18:26
19 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!