20 Oktyabr 2026 08:40
1277
SİYASƏT
A- A+
Azərbaycanın bərpa olunmuş dövlət suverenliyinə fəlsəfi-hüquqi baxış

Azərbaycanın bərpa olunmuş dövlət suverenliyinə fəlsəfi-hüquqi baxış


Müasir dövrdə dövlət suverenliyi anlayışı əvvəlki dövrlərlə müqayisədə daha geniş məzmun kəsb edir. Klassik siyasi-fəlsəfi yanaşmada suverenlik hakimiyyətin aliliyi, müstəqilliyi və dövlətin öz ərazisində hakimiyyət həyata keçirmək hüququ ilə əlaqələndirilirdi. Lakin qloballaşma, informasiya texnologiyalarının sürətli inkişafı, rəqəmsallaşma, kiberməkanın genişlənməsi və süni intellektin ictimai həyatın müxtəlif sahələrinə daxil olması suverenlik anlayışına yeni ölçülər əlavə etmişdir.

Suverenlik daha çox hüquqi termin kimi qarşıya çıxsa da, onun fəlsəfi mənası daha dərin köklərə söykənir. Fəlsəfi baxımdan suverenlik yalnız dövlətin sərhədləri daxilindəki ali hakimiyyət deyil, həm də insan iradəsinin, kollektiv mənliyin və azadlığın təzahürüdür. Suverenlik konstitusiya və beynəlxalq hüququn dövlət hakimiyyəti ilə bağlı əsas anlayışlarından birini təmsil edir. Müasir dövrdə suverenlik yalnız dövlətin ərazi bütövlüyünün və siyasi müstəqilliyinin təmin edilməsi ilə məhdudlaşmır. Qeyd etdiyim kimi, qloballaşma, informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı, rəqəmsal informasiya məkanının genişlənməsi, süni intellektin ictimai münasibətlərə nüfuz etməsi, hibrid təhdidlərin artması və informasiya müharibələrinin yeni formalarının meydana çıxması suverenlik anlayışının məzmununa yeni elementlər gətirmişdir.

Ənənəvi yanaşmada suverenlik dövlətin öz ərazisində ali hakimiyyətə malik olması və xarici münasibətlərdə müstəqil fəaliyyət göstərməsi kimi izah edilirdi. Lakin XXI əsrdə dövlətin sərhədlərinin fiziki baxımdan qorunması ilə yanaşı, cəmiyyətin informasiya və ideoloji məkanının təhlükəsizliyinin təmin edilməsi də suverenliyin mühüm şərtlərindən birinə çevrilmişdir. Bu baxımdan Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin 

2 oktyabr 2026-cı ildə YAP-ın VIII Qurultayında etdiyi çıxış xüsusi elmi və siyasi əhəmiyyət daşıyır. Prezident çıxışında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonrakı yeni tarixi mərhələni səciyyələndirmiş, dövlət müstəqilliyi, iqtisadi müstəqillik, hərbi potensial, informasiya mühiti, təhsil, vətənpərvərlik və ideoloji təhlükəsizlik məsələlərini vahid strateji yanaşmada təqdim etmişdir.

Dövlət başçısının çıxışında xüsusilə diqqətçəkən müddəalardan biri ideoloji təhlükəsizliyin fiziki təhlükəsizliklə müqayisədə əhəmiyyətinin vurğulanmasıdır. Belə ki, ideoloji risklərin dövlət sərhədlərini tanımadığı, onların internet, kiberməkan və süni intellekt mühitində yayıla bildiyi qeyd edilmişdir. Bu yanaşma göstərir ki, müasir dövlətin təhlükəsizlik konsepsiyası yalnız hərbi və fiziki təhlükələrin qarşısının alınmasına deyil, həm də cəmiyyətin ideoloji dayanıqlılığının formalaşdırılmasına əsaslanmalıdır. 

Azərbaycan Konstitusiyasının preambulasında xalqın suveren hüququndan istifadə etməklə dövlət müstəqilliyinin, suverenliyin və ərazi bütövlüyünün qorunması, demokratik quruluşun, vətəndaş cəmiyyətinin və hüquqi dövlətin təmin edilməsi əsas məqsədlər sırasında müəyyən edilmişdir. Konstitusiyanın 1-ci maddəsinə əsasən, dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. 

2-ci maddə isə xalqın sərbəst və müstəqil şəkildə öz müqəddəratını həll etmək və idarəetmə formasını müəyyən etmək hüququnu onun suveren hüququ kimi təsbit edir.

Tarixə ekskursiya etsək görərik ki, insanlar daim həyat fəaliyyətlərini davam etdirmək üçün dövlət hakimiyyətini, onun sahibini müəyyən etməyə çalışmışlar. Hazırda suverenliyin hakimiyyətin xarakterik xüsusiyyəti olması da bununla əlaqəlidir. Bu, anlayış olaraq yaransa da, konseptual bazaya sahibdir. Konsepsiya olaraq Jan Boden tərəfindən işlənib hazırlanmışdır. Klassik suverenlik nəzəriyyəsi suverenliyin konseptual bazasını təşkil edir. Müasir dövrdə isə suverenlik anlayışı köklü dəyişmə prosesindədir. Bu transformasiyanın səbəbi XX əsrə dayanır. Çünki keçən əsrdə dünyamız konseptual bazaya təsir edən dəyişikliklərlə üzləşmişdir.

Suverenlik anlayışını hüquqi baxımdan təhlil etdikdə o, beynəlxalq hüquqda dövlətlərin bərabərliyini təmin etsə də, müasir dövrdə məhdudlaşdırılır. Qanunvericilik və icraedici səlahiyyətlər, eləcə də məhkəmə hakimiyyətini özündə ehtiva edən konstitusiyanın hüquqları baxımından suverenlik dövlətin konstitusiyasına əsasən həyata keçirilən ali hakimiyyətin atributudur. Ümumi mənada isə suverenlik anlayışına iki mövqedən yanaşılmalıdır: xalqın suverenliyi və dövlət suverenliyi. Xalqın suverenliyi prinsipi Azərbaycan Konstitusiyasının 2-ci maddəsində açıqlanır. Dövlət suverenliyi dövlət hakimiyyətinin vahidliyində və aliliyində, habelə onun orqanlarının hüquqi aktlarının bütün hüquqi və fiziki şəxslər üçün məcburi xarakter daşımasında ifadə olunur. Suverenlik dövlətin daxili və xarici işlərində heç bir xarici qüvvənin müdaxiləsi olmadan müstəqil şəkildə qərarlar qəbul etməsi hüququdur. Suverenlik dövlətlərə valyuta buraxmaq, vergi toplamaq və dövlət xidmətləri göstərmək kimi bir sıra imkanları da verir. Eləcə də dövlət bu statusu qazanaraq öz hüquq sistemini saxlaya bilir. Beynəlxalq müqavilələr imzalanan zaman isə suveren dövlətin məcburi deyil, könüllü iştirakı təmin olunur. 

Azərbaycan Respublikasının suverenliyi xalqın öz müqəddəratını müəyyənetmə hüququnun və milli birliyinin simvoludur. Azərbaycan Respublikasının suverenliyi tarixi, hüquqi və siyasi müstəvidə uzun və mürəkkəb bir inkişaf yolu keçmişdir. Hüquqi baxımdan izah etsək, dövlətin hüquq sistemini müəyyən edən əsas qanun kimi qəbul edilən Azərbaycan Respublikası Konstitusiyasının 1-ci maddəsində qeyd edildiyi kimi, ölkəmizdə "Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır" ifadəsi ilə xalq suverenliyi prinsipi təsbit olunmuşdur.

Suverenliyin Azərbaycan Respublikasında əldə olunması müstəqilliyin və ərazi bütövlüyünün təminatı prosesi ilə sıx bağlıdır. Bu prosesə fəlsəfi və hüquqi yanaşma fərqli pəncərələrdən baxmağı zəruri edir. Bu istiqamətdə Qarabağ münaqişəsinin həll yolunun tapılması milli identikliyin təcəssümü kimi dəyərləndirilə bilər.

Suverenliyin dövlətçilik ənənələrinin, müstəqilliyin və beynəlxalq nüfuzun təməlini təşkil etdiyini nəzərə alaraq, Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu inkişaf strategiyası uğurla davam etdirilir və suverenliyimiz qətiyyətlə qorunur. Bu irs xalqımızın müstəqillik yolunda ən böyük təminatıdır. Nəzərə alsaq ki, müstəqil və suveren ölkə olmaq hər xalqa nəsib olmamışdır. Lakin Azərbaycan Respublikası tarix boyu işğallara məruz qalmasına baxmayaraq, suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü qoruyub saxlamağa müvəffəq olmuşdur. Dövlət suverenliyimiz, müstəqilliyimiz və ərazi bütövlüyümüz müxtəlif tarixi mərhələlərdə təhdidlərə məruz qalmışdır. Vətən müharibəsində və antiterror tədbirlərində tarixi qələbələr sayəsində isə bütün ərazilərimizdə suverenliyimiz bərpa olundu. Bu, Azərbaycan Konstitusiyasının 11-ci maddəsində yer alan dövlətin ərazi bütövlüyünün toxunulmazlığı prinsipinin praktiki reallığıdır. 44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlar azad edildi. Bu, dövlətin suverenliyinin və ərazi bütövlüyünün bərpasında dönüş nöqtəsi oldu. Bu dönüş nöqtəsinin hüquqi bazasını XXI əsrin ilk kapitulyasiya aktı hesab edilən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat təşkil edir. Ermənistan bu aktla kapitulasiya şərtlərini qəbul edən ölkə kimi tarixə düşdü.

Bununla da Azərbaycan xalqı Ulu Öndərin müqəddəs vəsiyyətinə əməl etdi və öz torpaqlarını işğaldan azad edərək Heydər Əliyev ideyalarının təntənəsini bütün dünyaya nümayiş etdirdi. 

Xalqımız ötən əsrin 90-cı illərinin əvvəlində Ulu Öndərin qətiyyəti və dərin zəkası ilə siyasi böhrandan necə xilas olmuşdusa, bu əsrin əvvəllərində də məhz Ümummilli Liderimizin siyasi kursunu və inkişaf strategiyasını inamla davam etdirən Prezident İlham Əliyevin gərgin səyləri və yenilməz iradəsi sayəsində 30 illik erməni işğalına son qoydu. Bu tarixi hadisə bir daha göstərdi ki, Heydər Əliyevin dövlətçilik məktəbi hər zaman olduğu kimi, bu gün də aktuallığını qoruyub saxlayır və ölkəmizin daha da qüdrətlənməsi işinə öz misilsiz töhfələrini verməkdə davam edir. 

Müstəqil milli dövlətçiliyimizin memarı, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, siyasi irsi Azərbaycanın ən yeni tarixinin mühüm və şərəfli səhifələrini təşkil edir. Çünki xalqımız öz dövlətçiliyinin dünyəvi, demokratik, hüquqi əsaslar üzərində bərqərar edilməsinə Ulu Öndər Heydər Əliyevin qətiyyəti nəticəsində nail olmuşdur. Dünya təcrübəsi göstərir ki, dövlətin davamlı inkişafı üçün möhkəm hüquqi bazanın yaradılması, məhkəmə-hüquq və qanunvericilik sisteminin formalaşdırılması vacib şərtdir. Məhz bu səbəbdən də hələ Azərbaycana birinci rəhbərliyi dövründə artıq müstəqil dövlətimizin möhkəm bünövrəsini qoyan Ulu Öndər respublikanın məhkəmə-hüquq və qanunvericilik sistemində də mühüm islahatlar həyata keçirmişdir. 

1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonrakı dövr Azərbaycan konstitusionalizminin inkişafında əsaslı dönüş mərhələsi kimi xarakterizə olunur. Ulu Öndərin gərgin səyləri nəticəsində ölkədə qısa bir müddət ərzində dayanıqlı ictimai-siyasi sabitlik bərqərar olunduqdan sonra onun müəllifi olduğu, demokratik dəyərlərə uyğun hazırlanmış yeni Konstitusiya 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edildi. Məhz bu Konstitusiya əsasında Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməli qoyuldu, hüquq islahatlarının aparılmasına başlanıldı. Ulu Öndər həmin dövrdə yeni yaradılmış Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürərək qısa müddət ərzində hüquq sisteminin əsasını təşkil edən mühüm qanun və məcəllələrin qəbul edilməsinə nail oldu. 

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilmişdir. Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq 2025-ci ili Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" elan etmişdir. Bu addım suverenliyimizin tam bərpa edilməsinin ölkə səviyyəsində tarixi il kimi kollektiv yaddaşda saxlanılmasına yönələn tədbirlərin keçirilməsinə şərait yaratmışdır.

2 oktyabr 2026-cı ildə keçirilmiş YAP-ın VIII Qurultayı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonrakı yeni siyasi mərhələdə keçirilən mühüm ictimai-siyasi hadisə oldu. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, qurultay Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilir. Bu müddəa suverenliyin Azərbaycan dövlətçiliyi üçün artıq yalnız strateji məqsəd deyil, yeni siyasi reallığın əsası kimi nəzərdən keçirildiyini göstərir. Prezident İlham Əliyevin çıxışında 2020-ci il İkinci Qarabağ müharibəsində əldə edilmiş Zəfər və 2023-cü ilin sentyabr hadisələri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası kontekstində qiymətləndirilir.

Burada elmi baxımdan diqqət yetirilməli əsas məsələ ondan ibarətdir ki, ərazi bütövlüyünün bərpası suverenliyin yalnız hüquqi-ərazi tərəfini təşkil edir. Suverenliyin davamlı olması üçün dövlətin siyasi, iqtisadi, informasiya, mədəni və ideoloji dayanıqlılığı da təmin edilməlidir. Dövlət başçısının çıxışında məhz bu yanaşmanın izlərini görmək mümkündür. Çıxışda Azərbaycanın iqtisadi müstəqilliyi, hərbi potensialı, xarici siyasətdə müstəqil mövqeyi və informasiya məkanının qorunması bir-biri ilə əlaqəli məsələlər kimi təqdim olunur. Bu yanaşma müasir suverenlik anlayışının kompleks xarakter daşıdığını göstərir.

Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin çıxışı Azərbaycanın suverenliyinin tam bərpasından sonrakı yeni tarixi mərhələnin mühüm siyasi-strateji istiqamətlərini müəyyənləşdirən proqramdır. Çıxışın fəlsəfi və sosioloji təhlili göstərir ki, müasir şəraitdə suverenlik yalnız ərazi bütövlüyü və siyasi müstəqilliklə məhdudlaşmır.

Suverenlik fəlsəfi baxımdan insan iradəsinin və kollektiv kimliyin təzahürü olaraq hüquqi və siyasi strukturların əsasını təşkil edir. Tarixi inkişaf boyu mütəfəkkirlər tərəfindən müxtəlif formalarda izah edilmiş bu anlayış müasir dövrdə insan hüquqları və elmi-texnoloji inkişaf kimi çağırışlarla qarşı-qarşıyadır. Azərbaycan kontekstində isə suverenlik milli iradənin və ərazi bütövlüyünün bərpası ilə özünün fəlsəfi əhəmiyyətini bir daha göstərmişdir. Hazırda Azərbaycan Respublikası Cənubi Qafqazın strateji və siyasi baxımdan mühüm dövlətlərindən biri kimi suverenliyini bərpa etmiş və onu beynəlxalq aləmdə tanıtmışdır. İstər xalq suverenliyi, istərsə də dövlət suverenliyi hüquqa əsaslanan münasibətlər çərçivəsində demokratik cəmiyyətin təşəkkülünə və inkişafına xidmət etməlidir. Bu iki suverenliyin harmonik sintezi xalqı hakimiyyətə, hakimiyyəti isə xalqa yaxınlaşdırmalı, xalqın siyasi iradəsi ilə dövlətin siyasi iradəsini ümumi məqsədlər ətrafında uzlaşdırmalıdır. Azərbaycan Respublikası bu harmonik sintezə ən yüksek səviyyədə nail olmuş güclü bir dövlətdir. Azərbaycanın suverenliyi Konstitusiya ilə təsbit olunub, qanunların aliliyi və milli maraqların qorunması ilə təmin edilib. 

Beləliklə, müasir Azərbaycan üçün suverenliyin qorunmasının yeni mərhələsi suveren dövlət quruculuğunun sosial, ideoloji, informasiya və intellektual əsaslarının daha da möhkəmləndirilməsini tələb edir. Bu prosesdə elm, təhsil və fəlsəfi-sosioloji tədqiqatlar xüsusi rol oynayır.

Məhz buna görə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun "Suverenlik və ideoloji təhlükəsizliyin təminatında fəlsəfənin və sosiologiyanın vəzifələri" mövzusunda elmi-nəzəri konfrans keçirməsi müasir Azərbaycanın dövlətçilik və ictimai inkişaf gündəliyi baxımından mühüm elmi əhəmiyyət daşıyır. Suverenliyi qorumaq yalnız dövlət sərhədlərini qorumaq deyil; suverenliyi qorumaq həm də milli şüuru, milli yaddaşı, hüquqi dövlət prinsiplərini, insanın düşüncə azadlığını və cəmiyyətin intellektual dayanıqlılığını qorumaqdır.


Habil QURBANOV,

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Fəlsəfi-hüquqi təlimlər və suverenlik şöbəsinin müdiri, hüquq üzrə elmlər doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsi üçün Tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 610 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:38
14 Noyabr

“Dövlət icra məmurları haqqında”, “İcra haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 21 aprel tarixli 389-VIIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

00:37
14 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 may tarixli 92 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında

00:36
14 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

00:34
14 Noyabr

“Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyun tarixli 257 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:29
14 Noyabr

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

22:27
13 Noyabr

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

22:17
13 Noyabr

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb

22:01
13 Noyabr

Maliyyə Nazirliyinin kollegiyasında dövlət müəssisələri ilə işin təşkili nəzərdən keçirilib

21:53
13 Noyabr

Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib

21:31
13 Noyabr

“Sky”: Britaniyada “Microsoft” servislərində problemlər parlamentin və təcili xidmətlərin işinə təsir edib

20:43
13 Noyabr

Azərbaycanla Vyetnam arasında qarşılıqlı investisiyaların təşviqi imkanları nəzərdən keçirilib

20:27
13 Noyabr

Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib

20:19
13 Noyabr

Dublin sammiti: Prezident İlham Əliyevin diplomatiyası ölkənin mövqeyini gücləndirir

20:05
13 Noyabr

KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı

19:41
13 Noyabr

Gələn ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

19:17
13 Noyabr

İpoteka və Kredit Zəmanət Fondu, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və “AzInTelecom” birgə məlumat yayıb

19:11
13 Noyabr

Azərbaycan səfiri FAO yanında daimi nümayəndə kimi etimadnaməsini təqdim edib

19:03
13 Noyabr

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

18:27
13 Noyabr

BMT: Yəməndə avqustdan bəri 333 mindən çox insan didərgin düşüb

18:14
13 Noyabr

COP31 çərçivəsində “Tullantısız dayanıqlı həyat” layihəsinin təqdimatı olub

18:13
13 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!